Məhkəmə qərarları › İş №2(103)-10740/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10740/2021

26.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10740/2021 26.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi eyni zamanda vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız borcun silinməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-3611/2021 saylı iş üzrə qəbul etdiyi 05 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız borcun silinməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus İmişli rayonu, İmişli-Bəhramtəpə şosse yolunun kənarı, Sarxanlı döngəsində yerləşən qeyriyaşayış sahəsinə aid **********01061 saylı abunə kodunda Bakı Elektrik Şəbəkə tərəfindən 2015-ci ilədək yazılmış 7121,08 manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əvvəllər X3 məxsus olmuş, daha sonra vərəsəlik şəhadətnaməsi ilə X4 mülkiyyətinə keçmiş, İmişli rayonu, İmişli- Bəhramtəpə şosse yolunun kənarı, Sarxanlı döngəsində yerləşən qeyri-yaşayış sahəsini alqı-satqı müqaviləsi əsasında 2016-cı ildə X1 almış və həmin qeyriyaşayış sahəsinə mülkiyyət hüququnu AR ƏMDK yanında DƏDRX-də 27 dekabr 2016-cı ildə qeydiyyata aldırmışdır. İddiaçının mülkiyyətində olan İmişli-Bəhramtəpə şosse yolunun kənarı, Sarxanlı döngəsində yerləşən qeyri-yaşayış sahəsinə əvvəlki mülkiyyətçisi X2 dövründə elektrik enerjisindən istifadəyə dair texniki şərt və onun əsasında abunə kodu- **********01061 verilmişdir. İmişli-Bəhramtəpə şosse yolunun kənarı, Sarxanlı döngəsində yerləşən qeyri-yaşayış sahəsinə iddiaçı mülkiyyət hüququ əldə etdiyi 2016-cı ildən sonra 2020-ci ilin ortalarınadək həmin qeyri-yaşayış sahəsindən istifadə etməmişdir. 2020-ci ildə mülkiyyətində olan sözügedən qeyri-yaşayış sahəsiniicrayə vermək istəmiş və bunun üçün 3-cü şəxslərlə icarə müqaviləsi də bağlamışdır. Lakin icarəçi müqavilə bağlandıqdan bir gün sonra obyektdə elektrik enerjisinin olmadığını bildirdikdə iddiaçı bununla əlaqədar olaraq ASC-nin X11 Təchizatı və Satış İdarəsinə müraciət etmişdir. ASC-nin X11 Təchizatı və Satış İdarəsi tərəfindən iddiaçıya **********01061 saylı abunə kodunda Bakı Elektrik Şəbəkə tərəfindən 2015-ci ilədək yazılmış 7121,08 manat məbləğində borcun olduğu bildirilmiş və bu səbəbdən də obyektə elektrik enerjisinin verilişinin dayandırıldığı qeyd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-3611/2021 saylı iş üzrə qəbul etdiyi 05 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edillməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası NK-nin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş "Elektrik - enerjisindən istifadə Qaydaları"nın 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) "Elektroenergetika haqqında", "Təbii inhisarlar haqqında" Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Həmin qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Lakin abonent tərəfindən istehlak etmiş olduğu elektrik enerjisinin dəyərinin ödənilməsini təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, əlavə olaraq bildirdi ki, iddiaçı hazırda ona aid olmayan borcun silinməsini tələb edir. Belə ki, borc iddiaçıdan əvvəlki mülkiyyətçiyə aid olmuşdur. Bu səbəbdən də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək hüququ olmamışdır. Bundan başqa hər obyektə bir abunə kodu və bir texniki şərt verilir, bu baxımdan iddiaçıya yeni abunə kodu və texniki şərtin verilməsi mümkün olmamışdır. İddiaçı hazırki iddia tələbi əvəzinə cavabdehə “borcun ondan tələb edilməməsi” ilə bağlı rəsmi müraciət etməli idi, imtina cavabı aldıqdan sonra inzibati qaydada məhkəməyə müraciət edə bilərdi. Hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi eyni zamanda vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən yeni abunə kodu və texniki şərt verilmədiyindən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edilməli olmuşdur. Belə olan halda hesab edir ki, iddiaçıdan əvvəl yaranmış borc silinməlidir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əsassız borcun silinməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus İmişli rayonu, İmişli-Bəhramtəpə şosse yolunun kənarı, Sarxanlı döngəsində yerləşən qeyriyaşayış sahəsinə aid **********01061 saylı abunə kodunda Bakı Elektrik Şəbəkə tərəfindən 2015-ci ilədək yazılmış 7121,08 manat məbləğində borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş abunə haqqında çıxarışdan görünür ki, 7121,08 manat enerji haqqı üzrə olan borc abunə kodu olan **********01061 qeyd edilmişdir. Çıxarışda abonentin adı və soyadı X5 göstərilmişdir. Bundan başqa həmin borc 01.10.2015 - 27.08.2016-cı il tarixlərində həmin sayğac əsasında yaranmışdır. Bununla belə iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən İmişli rayonu, İmişli-Bəhramtəpə şosse yolunun kənarı, Sərxanlı döngəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 61 nömrəli vərəqində qeydiyyata alınmışdır, qeydiyyat tarixi 27 dekabr 2016-cı ildir. Göründüyü kimi İmişli rayonu, İmişli-Bəhramtəpə şosse yolunun kənarı, Sarxanlı döngəsində yerləşən qeyri-yaşayış sahəsinə aid sayğaca 01.10.2015-ci il tarixə borc yaranmışdır. Həmin qeyri-yaşayış sahəsi isə 27.12.2016-cı il tarixdə iddiaçının mülkiyyətinə keçmişdir. Məhkəmə kollegiyası ilk olaraq cavabdehin apellyasiya baxışı zamanı istinad etdiyi dəlillərə münasibətdə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmuşdur. Belə ki, Mülki Məcəllənin 526-cı maddəsinə əsasən əgər kimsə müqaviləyə əsasən başqa şəxsin əmlakını qəbul edirsə, həmin şəxsin kreditorları əvvəlki borclunun məsuliyyətinin davam etməsinə baxmayaraq, müqavilənin bağlandığı andan özlərinin həmin vaxtadək mövcud olmuş pretenziyalarını əmlakı qəbul edənə qarşı irəli sürə bilərlər. Əmlakı qəbul edənin məsuliyyəti alınmış əmlakın tərkibi və müqavilə üzrə ona mənsub olan tələblər ilə məhdudlaşır. Əmlakı qəbul edənin məsuliyyəti onunla əvvəlki borclu arasındakı razılaşmaya əsasən istisna edilə və ya məhdudlaşdırıla bilməz. Belə olan halda müəyyən edilir ki, iddiaçı qeyd olunan qeyri-yaşayış sahəsini əldə edərkən, əvvəlki borcluya dair yaranmış tələbləri də qəbul etməklə özünün məsuliyyəti yaranmışdır. Göründüyü kimi iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən subyektiv hüquqları olmuşdur və iddia tələbi də mahiyyəti üzrə əsaslıdır. Belə ki, Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Hazırki iş üzrə tələb edilən borc da məhz vaxtaşırı ödənişlər olsa da iddiaçı tərəfindən borc 01.10.2015-ci il tarixədək dövrü əhatə etmişdir. Belə olan halda da qeyd olunan tarixlərə hesablanmış borca münasibətdə normanın tələbləri baxımından beş il müddət tətbiq edilməklə qüvvəsini itirmişdir. Birinci instansiya məhkəməsi isə iddia tələbini təmin etsə də maddi hüquq normasının tətbiqində səhvə yol verməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydaları”na istinad etmişdir, halbuki işin hallarından göründüyü kimi iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə 01.10.2015-ci il tarixədək borc hesablanmış, iddiaçı məhkəməyə 21.04.2021-ci il tarixdə müraciət etmiş və Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən də kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Azərbacan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə hüququn tətbiq edilməsində yalnışlığa yol verdiyindən-bilavasitə tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq etdiyindən qəbul edilmiş qətnamə qanuni hesab edilə bilməz. Beləliklə də, apellyasiyanın nəticəsi ilə müəyyən edilir ki, iddiaçının cavabdehdən silinməsini tələb etdiyi borc Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən 5 illik müddət keçdiyindən qüvvəsini itirmiş və həmin borcun silinməsi barədə iddia tələbi əsaslıdır. Azərbacan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbacan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olsa da qətnamənin ləğvinə yönəldiyindən qismən təmin edilməli, mübahisəli qətnamə ləğv edilməli, iş üzrə yeni qətnnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir. Azərbacan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu baxımdan apellyasiya şikayəti verilməsi cavabdehin cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏT E T D İ: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Мəhkəməsinin 2(006)-3611/2021 saylı iş üzrə qəbul etdiyi 05 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İmişli rayonu, İmişli-Bəhramtəpə şosse yolunun kənarı, Sarxanlı döngəsində yerləşən qeyri-yaşayış sahəsinə aid **********01061 saylı abunə kodunda göstərilən 7121,08 manat borc məbləği silinsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar