Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10756/2021 09.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 Gəray oğlunun iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh3, X2 qarşı “Yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi və həmin yaşayış sahəsinin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 may 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 Gəray oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və X3 qarşı yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməsi və həmin yaşayış sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05.09.2018-ci il tarixli, 2(008)-161/2018 saylı icra vərəqəsinə uyğun olaraq Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov (X1) küçəsi, ev 10 ünvanda yerləşən “Ç” tikilisi "xxxx"-nin hərracın nəticələri haqqında 09.04.2020-ci il tarixli, Y-50/3 saylı protokolu və eyni tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı ASC-yə satılmışdır. Alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı ASCyə keçmiş və bu hüquq 27.08.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmışdır. Qanundan da göründüyü kimi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov (X1) küçəsi, ev 10 ünvanda yerləşən “Ç” tikilisində qeydiyyatda olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 yaşayış sahəsini bir ay ərzində boşaltmalı olduqları halda, bu günədək vəzifələrini icra etməmişlər. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov (X1) küçəsi, ev 10 ünvanda yerləşən “Ç” tikilisindən istifadə hüquqlarına xitam verilməsi, onların həmin yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması və yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil veriməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(008)-4164/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, uliyeva Ayidə Cavid qızının Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov (X1) küçəsi, ev 10 ünvanında yerləşən “Ç” tikilisinə istifadə hüquqlarına xitam verilsin, Cavabdeh1, X4, Cavabdeh3 və Cavabdeh4 həmin yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılsınlar və yaşayış sahəsi boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən evin dəyəri 33.788 manat deyil, qat-qat bahadır. Onun xəbəri olmadan evin aşağı qiymətləndirilməsi, hərraca çıxarılması və hazırki iş üzrə cavabdeh İddiaçı ASC tərəfindən alınması qanun pozuntusu olmuşdur və yekun protokolun etibarsız hesab edilməsinə dair qaldırdığı iddia tələbi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatındadır. Həmin işə baxılması yekunlaşmadığı bir vaxtda edən çıxarılmağı barədə iddia tələbinə baxılması və yekun qətnamə qəbul edilməsi qanunsuz və əsssızdır. Hesab edir ki, mənzilin alqı-satqısı barədə müqavilə qanunsuz hesab edilməli və ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.Aydınbəyov küç, “C” tikintisində yerləşən 10 nömrəli evin aşağı qiymətlə hərracda satışa çıxarılması və gizli şəkildə İddiaçı ASC tərəfindən alınması qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Belə ki, "xxxx" MMC tərəfindən sözügedən icra vərəqəsi üzrə Bakı şəhər Sabunçu rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında evin hərracda satılması üçün qanunun tələblərinə riayət edilməmişdir. Bildirir ki, bu günədək hazırki iş üzrə cavabdehlər tərəfindən bizim yaşadığımız ünvana nə evin qiymətləndirilməsi barədə, nə də hərraca çıxarılması barədə, eləcə də evin kim tərəfindən alınması barədə hər-hansı bildiriş daxil olmamış və o, bu barədə lazımi qaydada məlumatlandırılmamışdır. Sözügedən evin alınmasında üstünlük hüququ ona məxsus olsa da, Bakı şəhər Sabunçu rayon İcra və Probasiya Şöbəsi qanunsuz olaraq həmin evin İddiaçı ASC-nin adına keçməsinə nail olmuşdur. Onun tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətinə baxılmamış, 08.04.2020-ci il tarixdə ona məxsus ev hərracda satılmadığından tələbkar Banka təklif edilmiş və Bank 09.04.2020-ci il tarixdə evi öz balansına keçirmişdir. Hansı ki, təqdim etdiyi Ali Məhkəmənin qərarından görünür ki, mübahisə bi ilin aprel ayında bitmişdir. Belə olan halda, Ali Məhkəmənin son qərarından sonra evi hərracda satışa çıxarıla bilərdi. Ancaq Sabunçu Rayon İcra və Probasiya Şöbəsi tez-tələsik iş yekun qərarın qüvvəyə minməsini gözləmədən yeganə yaşayış evini hərracda satışa çıxarmışdır. Hesab edir ki, evinin hərracda satılması qanunsuz və əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Göründüyü kimi, cavabdeh "xxxx" MMC tərəfindən sözügedən evin ilkin satış qiyməti ona bildirilsə idi, evin real bazar qiymətindən dəfələrlə aşağı qiymətləndirilməsinə etiraz edərdi, eləcə də, 50.000- 60.000 manat olan evin 33.788 manata alınmasına imkan verməzdi, özü digər bir şəxsə satardı. Şərh olunanlara əsasən hesab edir ki, işə baxan məhkəmə yuxarıda sadalananlara əhəmiyyət verməmiş və hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Sadalanan xüsusatlara əsasən hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq və təsvir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmaması ilə qəbul edilmiş və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini tam müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər X5 iştirak etməmiş və səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti yalnız Cavabdeh1 tərəfindən verildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı verilmiş apellyasiya şikayəti əsasında yalnız Cavabdeh1 münasibətdə yoxlanılır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-161/2018 saylı, 25 may 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 Gəray oğlu ilə İddiaçı ASC arasında bağlanmış 03 mart 2007-ci il tarixli, 0703-0528/7798 saylı kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh1 Gəray oğlundan 22067.77 manat məbləğində əsas kredit borcu, 585.22 manat məbləğində kreditdən istifadəyə görə faiz borcu, 18.78 manat məbləğində cərimə olmaqla, cəmi 22671.77 manat pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğ borc öhdəliyinin təminatı kimi Cavabdeh1 Garay oğluna məxsus olan İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinin, 58.9 kv.m köməkçi, 39.7 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı “Ç” tikilisinə yönəldilməsi, mənzilin açıq hərrac yolu ilə realizə edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinin,58.9 kv.m köməkçi , 39.7 kv.m yaşayış sahəsindən ibarət, 4 otaqlı “Ç” tikilisinin ilkin satış qiyməti 53.000 manat müəyyən edilməsi qət edilmişdir. - 09 aprel 2020-ci il tarixli, 50/3 nömrəli “Əmlakın İxtisaslaşdırılmış Hərrac Mərkəzi” Hərracın nəticələri haqqında Protokolun surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin sifarişi əsasında hərrac keçirilmişdir və Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinin “Ç” tikilisi 33788 manat məbləğində pul müqabilində alıcı İddiaçı ASC-yə satılmışdır. - 09 aprel 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən də görünür ki, "xxxx" MMC-nin direktoru Z.H.Bədəlov və İddiaçı ASC-nin etibarnamə əsasında nümayəndəsi P.Abbasov arasında Cavabdeh1 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinin, 58.9 kv.m köməkçi, 39.7 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı “Ç” tikilisi barədə alqı-satqı müqaviləsi bağlanmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanənda Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 27.08.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov (X1) küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinin, 58.9 kv.m köməkçi, 39.7 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı “Ç” tikilisi İddiaçı ASC-nin mülkiyyətindədir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və tərəflərin mübahisələndirmədiyi halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi sonuncuya məxsus olan və onun tərəfindən bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov (X1) küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinin 58.9 kv.m köməkçi, 39.7 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı “Ç” tikilisi həmin kredit müqaviləsi üzrə borclu tərəfindən öhdəliklərinin icra edilməməsi səbəbi ilə məhkəmə qətnaməsi əsasında ilkin satış qiyməti 53.000 manat müəyyən edilməklə açıq hərraca çıxarılmış və 09 aprel 2020-ci il tarixli hərracın nəticələrinə dair yekun protokolun və həmin tarixli alqı-satqı müqaviləsinin əsasında İddiaçı ASC-nin mülkiyyətinə keçmiş və bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydiyyat aparılmışdır. Cavabdehlər evin mülkiyyətçisi və onun ailə üzvləri olmaqla, bu evdən istifadəhüququna malik olmuşlar. Həmin ev 2007-ci ildə ipoteka ilə yüklü edilən zaman Cavabdeh2 notarial qaydada ərizə verərək qeyd edilən evin ipotekaya qoyulmasına etiraz etmədiyini bildirmişdir. Digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 isə 2007-ci ildə ipoteka müqaviləsi bağlanan zaman yetkinlik yaşına çatmamışlar və onların qanuni maraqlarının qorunması valideynləri tərəfindən həyata keçirilmişdir. Fərdi yaşayış evi bankın mülkiyyətinə keçməsinə baxmayaraq, həmin evin keçmiş mülkiyyətçisi olan Cavabdeh1, habelə onunla bilrlikdə həmin evdə yaşayan və qeydiyyatda olan ailə üzvləri – Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 oranı tərk etməmişlər və evdə yaşamaqda davam edirlər. İddiaçı ASC evin mülkiyyətçisi olaraq cavabdehlərin həmin evdə qalmaları və oradan istifadə etmələri nəticəsində onun mülkiyyətçi kimi hüquqlarının pozulmasını bildirmiş, cavabdeh isə həmin evin hərracdan satılmasının qanun pozuntuları ilə həyata keçirildiyini, bu səbəbdən də onun hüquqlarının pozulduğunu bildirmişdir. Məhkəmə kollegiyası işin hallarını və tərəflərin izahatlarını, habelə apellyasiya şikayətinin dəlillərini müzakirə edərək birinc iinstansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. İşin hallarına və qanunvericiliyin yuxarıda sadalanan müddəalarına əsasən bu nəticəyə gəlmək olur ki, Cavabdeh1 mülkiyyət hüququ ilə məxsus olmuş fərdi yaşayış evi rəsmi alqı-satqı yolu ilə İddiaçı ASC-nin mülkiyyətinə keçdikdən sonra onun həmin evdə qalmaqla evi boşaltmaması mülkiyyətçi kimi Bankın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər hazırkı iş üzrə çıxarılmış məhkəmə qətnaməsi ilə həll olunmuş məsələyə birbaşa aidiyyatı olmayan dəlillərdir və onun ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz. Artıq qeyd edildiyi kimi, reyestrin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyasına əsasən əksi sübut edilməyənə qədər İddiaçı ASC mübahisəli evin mülkiyyətçisi hesab edilir və onun mülkiyyət hüquqları qanunla qorunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin qanuniliyini və əsaslılığını şübhə altına almır və həmin qətnamənin ləğvi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ : Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(008)-4164/2021 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-10756/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10756/2021
09.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver