Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10791/2021 09.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh1 Firmasının vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh1 Firmasına və həmin firamın təsisçisi Cavabdeh2 qarşı “podrat müqavilələrindən imtina edilməsi və bu müqavilələrin icrası ilə bağı ödənilmiş pulun geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 Firmasına və həmin firamın təsisçisi Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə arasında bağlanmış 01 noyabr 2008-ci il tarixli 16-1-9 saylı, 16-1-23 saylı və 16-1-38 saylı müqavilələrdən imtina edilməklə, bu müqavilələrin icrası ilə bağlı ödədiyi 33 000 manat puldan qaytarılmamış 16 500 manat hissəsinin cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2008-ci ildə Binə Ticarət Mərkəzində iş qurmaq, biznes fəaliyyəti ilə məşğul olmaq üçün Cavabdeh1 firması və firmanın təsisçisi Cavabdeh2 ilə Firmanın “Yeni bazar” Ticarət kompleksində anbar, mağaza və iaşə obyektləri tikilməsinə dair 01 noyabr 2008-ci il tarixli 16-1-9, 16-1-23 və 16-1-38 nömrəli müqavilələr bağlamış, cavabdehlərə 3 ədəd mağaza binası tikməyi sifariş vermiş, cavabdehlər hər biri 40 kv.m olmaqla 3 ədəd mağaza binasını inşa edib ona təhvil verməyi, o da nəzərdə tutulmuş işi icra etmək üçün cavabdehlərə muzd ödəməyi öhdələrinə götürmüş, müqavilələr Cavabdeh1 firmasının təsisçisi Cavabdeh2 tərəfindən imza və Firmaya məxsus möhürlə təsdiq edilmiş, aralarındakı şifahi razılaşmaya əsasən razılaşdırılmış müzd olaraq hər mağaza üçün 11 000 manat olmaqla ümumilikdə 33 000 manatı hələ mağazaların tikintisinə başlanmazdan əvvəl - 01.11.2008-ci il tarixdə - Firmanın həmtəsisçisi Cavabdeh2 ödəmişdir. Tərəflər arasında həmin vaxt qarşılıqlı inam və etibar olduğundan cavabdeh aldığı pullara dair ona müvafiq kassa mədaxil qəbzi verməmiş, o da gələcəkdə tikiləcək Ticarət Mərkəzində öz mülkiyyəti olan əmlak əldə etmək məqsədilə aralarında olan inam və etibara, əməkdaşlıq münasibətlərinə xələl gəlməsin deyə, o cümlədən podratın yalnız muzd müqabilində yerinə yetirilməsi nəzərdə tutulduğundan cavabdehdən kassa mədaxil qəbzini israrla tələb etməmişdir. Cavabdeh ondan və digər şəxslərdən əvvəlcədən aldığı pul vəsaiti hesabına Firmaya məxsus Yeni Ticarət Mərkəzini tikmiş, tikinti başa çatdıqdan sonra isə onun qarşısında götürdüyü öhdəliyi yerinə yetirməmiş, mağazaları onun mülkiyyətinə verməmiş, o cümlədən ondan aldığı 33 000 manat pulu da qaytarmamışdır. Yəni onun vəsaiti hesabına cavabdeh tikinti işlərini görsə də, mağazalar mülkiyyət hüquqları qeydə alınmaqla ona təhvil verilməmiş, bununla ona külli miqdarda maddi zərər vurulmuşdur. Cavabdehdən yerinə yetirilməmiş işin haqqını, ona dəymiş zərərin əvəzini tələb etdiyi zaman cavabdeh 2015-ci ildə ilkin mərhələdə bir il ərzində 16 500 manat ödəməyə söz vermiş, 01.01.2021-ci il tarixə kimi, yəni 6 il ərzində bu puldan hissə-hissə 16 500 manat qaytarmış, qalan 16 500 manat iş haqqı və zərərin əvəzini ödəməyərək müqavilə şərtlərini pozmaqla yol verdiyi qüsuru aradan qaldırmamışdır. Tərəflər arasında bağlanmış müqavilələr “İcarə müqaviləsi” adlandırılsa da, əslində faktiki olaraq onun tam mənası podrat müqaviləsi olmuşdur. Müqavilələrinin ilkin bəndlərində (müqaviləlin 2.2-ci bəndi) şərtləşdirilmişdir ki, cavabdeh tərəf ticarətlə məşğul olmaq məqsədi ilə anbar, mağaza və iaşə obyekti inşa edib ona təhvil verməyi öhdəsinə götürmüşdür – hansı ki, tikilinin inşa edilməsi və təhvil verilməsi kimi işlər, cavabdehin bununla bağlı üzərinə götürdüyü öhdəliklər icarə müqaviləsinin predmeti deyil, podrat müqaviləsinin predmetidir. Cavabdeh tərəfindən aldadılaraq uydurma icarə müqaviləsi bağlanmaqla məruz qaldığı külli müqdarda zərəri və işin haqqını cavabdehdən ala bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla birinci instansiya məhkəməsinin əsassız qətnamə çıxardığını, sübutlara düzgün hüquqi qiymət vermədiyini, cavabdehlər tərəfindən ona 16 500 manatın qaytarılmış olmasının iddiasının əsaslılığına dəlalət etdiyini nəzərə almadığını, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu irəli sürmüşdür. Məhkəmə iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Cavabdeh1 Firmasının vəkili Faiq Ələkbərzadə şikayətin əsassız olduğunu, iddiaçı ilə Firma arasında hər hansı podrat müqaviləsi bağlanmadığını, icarəyə götürmüş olduğu yerlər iddiaçını qane etmədiyindən belə bir iddia qaldırdığını, onunla Firma arasında iddiaçıya əlavə 16 500 manat ödənilməli olması barədə heç bir razılaşma olmadığını bildirmiş, digər cavabdeh isə məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddiaçının irəli sürdüyü faktiki hallar ondan ibarətdir ki, o, 01 noyabr 2008-ci il tarixdə Cavabdeh1 firması və firmanın təsisçisi Cavabdeh2 ilə Firmanın “Yeni bazar” Ticarət kompleksində anbar, mağaza və iaşə obyektləri tikilməsinə dair podrat müqavilələri bağlamış, cavabdehlərə 3 ədəd mağaza binası tikməyi sifariş vermiş, cavabdehlər hər biri 40 kv.m olmaqla 3 ədəd mağaza binasını inşa edib ona təhvil verməyi öhdələrinə götürmüş, hər mağaza üçün 11 000 manat olmaqla ümumilikdə 33 000 manatı Firmanın həmtəsisçisi Cavabdeh2 ödəmiş, lakin cavabdehlər öhdəliklərini yerinə yetirməyərək mağazaları onun mülkiyyətinə verməmiş, ödədiyi 33 000 manatdan 16 500 manatını qaytarsalar da, qalan pulu qaytarmamışlar. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının tələblərinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 759.2-ci maddəsinə əsasən, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun; 762.1-ci maddəsinə görə, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 765-ci maddəsinə görə isə, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Bununla yanaşı nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. İddiaçı, məhkəməyə sübut qismində “İcarə müqaviləsi” adlandırılan və məzmunlarında icarə hüquq münasibətləri barədə müddəalar əks olunan 3 ədəd müqavilə kserosurəti təqdim etmiş, onların əsillərinin olmadığını bildirmişdir. Hansı ki, Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır; həmin Məcəllənin 89.3-cü maddəsinə görə isə, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Başqa sözlə, iddiaçının təqdim etdiyi həmin kserosurətlər ümumiyyətlə mötəbər sübut qismində qəbul edilə bilməz. Cavabdeh(lər)lə podrat müqavilələri bağlamış olduğuna dair isə iddiaçının hər hansı sübutu mövcud deyildir və tərəflər arasında podrat münasibətlərinin yaranmış olduğunu, iddiaçı tərəfindən mağaza (anbar) tikintisinin cavabdehlərə sifariş verildiyini, buna görə pul vəsaiti ödədiyini, cavabdehlərin həmin sifarişin icra edilməsi öhdəliyini yerinə yetirmədiklərini müəyyənləşdirmək mümkün olmamışdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Cavabdeh(lər) tərəfindən ona 16 500 manatın qaytarılmış olmasının iddiasının əsaslılığına dəlalət etdiyi barədə iddiaçının bildirdiklərinə münasibətdə kollegiya qeyd edir ki, birincisi, həmin hal, yəni iddiaçıya pul ödənildiyi Cavabdeh1 Firmasının apellyasiya baxışında iştirak edən vəkili tərəfindən təsdiq olunmamışdır; digər tərəfdən, hətta iddiaçıya sözügedən məbləğ verilmişdirsə də belə, bu onun cavabdeh(lər)ə məhz 33 000 manat ödəmiş olduğu və cavabdeh(lər)in ona 16 500 manat daha qaytarmalı olduqları qənaətinə gəlməyə əsas vermir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanları və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2324/2021 saylı iş üzrə 17 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün apellyatorun ödədiyi rüsum məbləği onun özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-10791/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10791/2021
09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver