Məhkəmə qərarları › İş №2(103)-10795/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10795/2021

15.12.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10795/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh və onun nümayəndəsi (vəkili) X1 iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: Qaradağ rayonu Ələt Bələdiyyəsi 08.06.2020-ci il tarixdə Cavabdeh qarşı «qanunsuz zəbt edilmiş ərazinin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən, hər hansı bir sənədləşmə işi aparmadan ona aidiyyəti olmayan ərazidə əkilmiş ağacların çıxarılaraq öz həyətyanı sahəsinə köçürülməsi və Cavabdeh tərəfindən qeyri-qanuni hasarlanmış 400 kv.m ərazinin sökülməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. 28 sentyabr 2020-ci il tarixli məhkəmə iclasında iddiaçının əsl İddiaçı ilə əvəz edilməsi qərara alınmışdır. Daha sonra əsl İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin boşaldılması, ümumi gediş-gəliş yolunda onun darvazasının qarşısında əkdiyi ağacların başqa yerə köçürülməsi, tökülmüş çınqılların təmizlənərək, yolun əvvəlki vəziyyətə qaytarılması, ona, ailəsinə vurduğu maddi və mənəvi ziyana görə 5000 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Əhmədova, iş № 2(002)-95/2021) iddia təmin olunmamışdır. Hazırda iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2016-cı ilin may ayında yaşamaq üçün torpaq sərəncamından, tikililələrə aid heç bir sənədi, qeydiyyatı olmadan ona qarşı iddialar irəli sürmüş, iki qonşuya qarşı məhkəmədə iddia qaldırmışdır. 2017-ci ildə ümumi gediş-gəliş yolunu 6 metr eninə 40 metr uzununa 180 kv m. sahəni heç bir icazə olmadan qanunsuz olaraq zəbt etmişdir. Onun darvazasının qarşısını tamamilə bağladığına görə o, məcbur olub məhkəməyə mürcaiət etmişdir. Cavabdeh əraziyə baxış keçiriləndən sonra həmin ərazidə sahəni zəbt edərək, ağaclar əkmişdir. Qeyd edilən halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iddia tələbinə etiraz etmiş və etirazını onunla əsalandırmışdır ki, onun özünə məxsus torpaq sahəsi və yaşayış evi vardır və buna dair sənədləri məhkəməyə təqdim etmişdir. Onun həmin plana-sxemə zidd heç bir hərəkət etmədiyi, habelə cavabdehin onunla ümumi giriş-çıxış yolunun olmadığı, cavabdehin həyətinin onun həyəti olan istiqamətə giriş-çıxış qapısının olmaması kimi hallar ekspert rəyi ilə də təsdiq olunmuşdur. Belə olan halda hansı maneədən söhbət gedə bilər. Cavabdeh iddiaçının evinin giriş-çıxış qapısının tamamilə fərqli istiqamətdə olduğunu, həmin sahənin isə ona aidiyyəti olmadığını, onun iddiaçıya məxsus heç bir torpaq sahəsini zəbt etmədiyini, iddiaçının evinin giriş-çıxış qapısının qarşısında heç bir ağac əkmədiyini, heç bir çınqıl tökmədiyini, bu halların da ekspert rəyində ətraflı əks olunduğunu bildirərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə məhkəmə ekspertizası keçirilsə də, ekspertin qarşısında qoyulan suallar işin əsl mahiyyətinə ziddir və uyğun deyil, nəticə etibarı ilə işin əsl həqiqətin aşkara çıxarılması üçün ümumiyyətlə xidmət etməmişdir. Nəticə etibarı ilə qətnamə qəbul olunarkən, iddianın tamamilə təmin olunmamasında ona istinad olunmuşdur. Halbuki, ekspert rəyi məhkəmə üçün əsas deyil və iş üzrə qətnamə çıxarılarkən bütün sübutlar, faktlar nəzərə alınmalıdır. Ekspertin qarşısında qoyulan sualların hamısına cavab verilməmişdir. Rəydə ümumiyyətlə ağacların bilavasitə onların evlərinin giriş hissəsində əkildiyi təsdiq edilmişdir. Qətnamənin tamamilə ləğv edilərək iddianın tam həcmdə təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh və onun nümayəndəsi (vəkili) isə apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin iş üzrə 09 avqust 2021-ci il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, tərəflər qonşudurlar. Onların arasında əvvəllər də oxşar məhkəmə mübahisəsi olmuşdur. İddiaçı Qaradağ rayonu, Ələt qəsəbəsi, Əzizbəyov küçəsi ev 17-də, cavabdeh isə Ələt qəsəbəsi, Dəmiryolçu küçəsi ev 25-də yaşayır. İddiaçının yaşadığı ev onun atası X2 mülkiyyətindədir. Atamoğlan Məmmədov 21.10.1994-cü ildə vəfat etmişdir. Cavabdehin yaşadığı ev (sahə) isə onun özünün mülkiyyətindədir və onun həmin ev və evin yerləşdiyi 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ 25.11.2020ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır (i.v.90-96). İddiaçının tələbi cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsinin boşaldılması, ümumi gediş-gəliş yolunda onun darvazasının qarşısında əkdiyi ağacların başqa yerə köçürülməsi, tökülmüş çınqılların təmizlənərək, yolun əvvəlki vəziyyətə qaytarılması, ona, ailəsinə vurduğu maddi və mənəvi ziyana görə 5000 manat məbləğində pul vəsaitinin ödənilməsi barədədir. İddiaçı qeyd edir ki, cavabdeh 2017-ci ildə ümumi gediş-gəliş yolunu 6 metr eninə 40 metr uzununa olmaqla cəmi 180 kv m. sahəni heç bir icazə olmadan qanunsuz olaraq zəbt etmiş, onun darvazasının qarşısını tamamilə bağlamış, zəbt etdiyi ərazidə ağaclar əkmişdir. Cavabdeh iddianı qəbul etməmiş və etiraz verərək göstərmişdir ki, iddiaçının evinin giriş-çıxış qapısı tamamilə fərqli istiqamətdədir və həmin sahənin ona heç bir aidiyyəti yoxdur. O, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmiş, iddiaçının evinin giriş-çıxış qapısının qarşısında heç bir ağac əkməmiş, heç bir çınqıl tökməmişdir. Birinci instansiya məhkəməsi xüsusi bilik tələb edən sualların izah olunması zərurəti yarandığından iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Alınmış 10/729 nömrəli 21 iyun 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Qaradağ rayonu, Ələt qəsəbəsi, Əzizbəyov küçəsindəki 17 saylı fərdi yaşayış evinin sahəsinə faktiki olaraq Əzizbəyov küçəsindən bir giriş-çıxış qapısı, Dəmiryolçu küçəsindən isə üç girişçıxış qapısı mövcuddur. Mübahisəli giriş-çıxış qapısı Dəmiryolçu küçəsinə tərəf quraşdırılmaqla cavabdehin hasarına perpendikulyar olaraq yerləşir. Həmin qapının önündə qapıdan 1,7 metr aralıda ağaclar əkilmişdir və yerə çınqıl tökülərək düzləşdirilmişdir. İş materiallarına iddiaçıya məxsus torpaq sahəsinə dair texniki pasport sənədi əlavə edilmədiyindən həmin qapıların texniki pasportda qeyd olunub-olunmadığını müəyyən etmək mümkün olmadı. Ekspert rəyində daha sonra göstərilmişdir ki, ünvan 1 ünvanında cavabdehə məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüləri, konfiqurasiyası və yerləşmə vəziyyəti iş materiallarında olan texniki pasport sənədinə uyğundur. Həmin torpaq sahəsinin Əzizbəyov küçəsinə giriş qapısı mövcud deyil. Cavabdehə məxsus giriş-çıxış qapısı Dəmiryolçu küçəsinə tərəf olmaqla texniki pasportda qeyd olunan yerdə quraşdırılmışdır. İddiaçıya məxsus mübahisəli giriş qapısının önündə olan ağacların və yerə sərilmiş çınqılın iddiaçının giriş-çıxışına hər hansı maneə yaradıb-yaratmamasının müəyyən olunması hüquqi xarakterli məsələ olmaqla tikinti-texniki ekspertizanın predmetinə aid deyil. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, hazırki mülki iş üzrə iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olmaqla, sübutetmə yükü də məhz iddiaçı tərəfin üzərinə düşür. Belə ki, məhz iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni cavabdeh tərəfindən ona məxsus torpaq sahəsinin zəbt edilməsi, ona məxsus darvazanın qarşısında ümumi yola giriş-çıxışa mane olan ağacların əkilməsi, çınqılın tökülməsi, bunun nəticəsində ona mənəvi ziyan vurulması kimi halları sübut etmək öhdəliyi daşıyır. Zəbt edilmiş torpaq sahəsinin boşaldılması hissəsində iddia tələbinin qanuni əsası kimi istinad edilən Mülki Məcəllənin 157.2-ci maddəsində nəzərədə tutulmuş normanın dispozitiv şərtlərinin mövcudluğunun müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, iddiaçı ona məxsus torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olması halına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə əsassız olmaqla, təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ümumi yola gediş-gəliş üçün mane olan ağacların başqa yerə köçürülməsi və tökülmüş çınqılın təmizlənməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddia tələbinin əsası kimi qeyd edilən halların müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı məhz cavabdeh tərəfindən əkilmiş ağacların və tökülmüş çınqılın iddiaçının ümumi yola giriş-çıxışına mane olmasına əsas verən hər hansı halın müəyyən edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə hesab etmişdir ki iddia tələbi bu hissədə də əsassız olmaqla, təmin edilməməlidir. Həmçinin, məhkəmə iddia tələbinin 5000 manat məbləğində maddi və mənəvi ziyanın vurulması hissəsi ilə bağlı hesab etmişdir ki, mötəbər sübutlar təqdim olunmadığından iddia tələbi bu hissədə də əsassız olmaqla təmin edilməməlidir. Məhkəmə mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 157.2, 157.4, 170.2, 174.1, 175.1, 238, 1096, 1097-ci və s. maddələri ilə əsaslandırmışdır. İddiaçı məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir. Şikayətin əsas dəlilləri məhkəmənin sübutları, o cümlədən ekspert rəyini düzgün qiymətləndirməməsi, ekspert rəyinin natamam olması barədədir. Belə ki, onun evinin Dəmiryolçu küçəsi tərəfə açılan darvazasının qarşısında cavabdeh tərəfindən əkilən ağaclar və tökülən çınqıl onların giriş-çıxışına birbaşa maneə törətsə də, ekspert bu suala cavab verə bilməmişdir. Ekspert həmin suala cavab verə bilməsə də, ağacların evin giriş hissəsində əkildiyini təsdiq etmiş, lakin məhkəmə buna düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq qeyd edir ki, iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilən hallar barədə heç bir mötəbər sübut təqdim edilməmişdir. İddiaçının ekspert rəyi ilə razılaşmaması həmin rəyin əsassızlığına dəlalət etmir, həmçinin iddiaçı rəylə razılaşmasa da, bunun əksini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert tərəfindən iddiaçının evinin darvazası qarşısında əkilmiş ağacların və tökülmüş çınqılın giriş-çıxışa maneə yaradıb-yaratmaması barədə suala cavab verilməməsinin əsas səbəbi iddiaçı tərəfindən mülkiyyətində olan torpaq sahəsinin texniki pasportunu təqdim etməməsi olmuşdur. Belə ki, ekspertin müəyyən etdiyi kimi, iddiaçıya məxsus Əzizbəyov küçəsindəki 17 saylı fərdi yaşayış evinin sahəsinə faktiki olaraq Əzizbəyov küçəsindən br giriş-çıxış qapısı, Dəmiryolçu küçəsindən isə üç giriş-çıxış qapısı mövcuddur. Mübahisəli giriş-çıxış qapısı Dəmiryolçu küçəsinə tərəf quraşdırılmaqla cavabdehin hasarına perpendikulyar olaraq yerləşir. Lakin bu darvazaların, daha dəqiq desək mübahisələndirilən ərazidə yerləşən darvazanın torpaq sahəsinin texniki pasportunda nəzərdə tutulub-tutulmadığını həmin sənədlər ekspertə və məhkəməyə təqdim olunmadığından müəyyən etmək mümkün olmamışdır. Həmin darvazanın texniki pasportda nəzərdə tutulduğunu sübut etmək isə iddiaçının vəzifəsidir. Belə ki, onun evinin sadəcə bir deyil, tam 4 darvazası vardır və onlardan hansının qanuniliyi, texniki sənədlərdə nəzərdə tutulması işdən aydın deyil. Apellyasiya baxışı zamanı torpaq sahəsinin texniki pasportunun təqdim olunması iddiaçıya təklif edilsə də, nəticəsi olmamışdır. Bu səbəbdən də apellyasiya baxışı zamanı əlavə məhkəmə tikinti-texniki ekspertizasının təyin olunması mümkün olmadı Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə toplanmış sübutlar, o cümlədən ekspert rəyi məhkəmə tərəfindən qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin iş üzrə 09 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar