Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-108/2023 19.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1, Cavabdeh2, 53 saylı notariat ofisinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri 1 saylı Ərazi İdarəsinə qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: miras əmlak, mirasın qəbul olunması, vərəsəlik şəhadətnaməsi, hüquqi müəyyənlik, preyudisiya) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X3 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh2, 53 saylı notariat ofisinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri 1 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, vərəsə kimi tanınma, vərəsəlik şəhadətnaməsinin verilməsi və mənzildən çıxarılma” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur.
2. İddiaçı anası X9 xx.xx.2002-ci il tarixdə X10 ilə rəsmi nikaha daxil olmuş, xx.xx.2002-ci il tarixdə X4 Əliyevi övladlığa götürmüşdür.
3. xx.xx.2002-ci il tarixdə X10 və X9 arasında bağlanmış nikah pozulmuşdur.
4. Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, İ.Qutqaşınlı küçəsi ev 1, 56 nömrəli mənzil X6 xüsusi mülkiyyətində olmuş, Elman Əliyev xx.xx.2016-cı il tarixdə ölmüşdür. X10 ölən günə kimi həmin mənzildə qeydiyyatda olmuş və yaşamış, mənzildə qeydiyyatda başqa heç kim olmamışdır.
5. X1 qardaşı Cavabdeh1 xx.xx.2017-ci il tarixdə, bacısı Cavabdeh2 Əliverdi qızı isə xx.xx.2017-ci il tarixdə qanun üzrə vərəsə kimi tanınmaları üçün Bakı şəhəri 53 saylı notariat kontoruna müraciət etmiş, notarius tərəfindən miras qoyanın birinci növbəli vərəsəsi - xx.xx.1985-ci il təvəllüdlü İddiaçı Elman oğlunun olması müəyyən edilmiş, onun yaşayış yerinin müəyyən olunması üçün sorğu verilmiş, Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsi xx.xx.2017-ci il tarixli arayışda xx.xx.1985-ci il təvəllüdlü İddiaçı daimi qeydiyyat ünvanı barədə məlumat olmadığını bildirmişdir.
6. ünvan 1rbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsinə ünvanladığı xx.xx.2018-ci il tarixli məktubda göstərilmişdir ki, xx.xx.2016ci il tarixdə vəfat etmiş X1 vərəsələri sırasından olan qardaşı Cavabdeh1 və bacısı Cavabdeh2 yazılı müraciətinə əsasən xx.xx.2017-ci il tarixdə vərəsəlik işi açılmışdır. Toplanmış sənədlərə əsasən, həmin vaxtadək X6 vərəsəlik işi ilə əlaqədar müraciət etmiş vərəsələr Cavabdeh1 və Cavabdeh2 müəyyən edilmişdir.
7. Bakı şəhəri 53 saylı notariat ofisinin notariusunun Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2017-ci il tarixli məktubda göstərilmişdir ki, onların qanun üzrə vərəsəliyin qəbulu barədə ərizələrinə baxılmış, təqdim edilmiş sənədlər əsasında xx.xx.2017 il tarixində 8-V-11\2017 saylı vərəsəlik nömrəsi ilə xx.xx.2016 il tarixində vəfat etmiş X6 adına vərəsəlik işi açılmışdır. Açılmış vərəsəlik işi üzrə X1 ailə vəziyyətinin yoxlanılması nəticəsində, xx.xx.1944-cü il təvəllüdlü X11 ilə nikahının pozulması, valideynləri İddiaçı və S.Əliyeva olan 04.1985-ci ildə doğulmuş İddiaçı olması aşkar edilmişdir. Qanun üzrə vərəsəlik zamanı 1-ci növbəli vərəsənin olduğunu nəzərə alaraq, 2-ci növbənin vərəsəliyi istisna edildiyindən, qanun üzrə vərəsələrin siyahısına saınmaları mümkün olmamışdır.
8. Bundan sonra Cavabdeh2 mərhum X5 qalmış mirasın qəbul olunması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ərizə təmin olunaraq onun, xx.xx.2016-cı il tarixdə vəfat etmiş qardaşı X5 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 1 saylı evin 56 saylı mənzilini faktiki qəbul etməsi faktı müəyyən edilmişdir.
9. Bakı şəhəri 53 saylı notariat ofisinin Cavabdeh2 ünvanladığı xx.xx.2019-cu il tarixli məktubda göstərilmişdir ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X1 adına xx.xx.2017ci il tarixində 8V/11 saylı vərəsəlik işi açılmışdır. Mərhumun ikinci dərəcəli vərəsələri sırasında qardaşı Cavabdeh1 vərəsəliyin qəbulu üçün müraciət ərizəsi nəzərə alınaraq, Cavabdeh2 yeganə vərəsə kimi vərəsəlik hüququ haqqqında şəhadətnamənin verilməsi qeyri-mümkündür.
10. xx.xx.2019-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə görə, xx.xx.2016-cı il tarixdə ölmüş X6 vərəsəsi Cavabdeh1dur və o, miras əmlakdan 1/2 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2017 tarixdə X7 venlmiş dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 42.3 kv/m olan mənzildən ibarətdir. Miras əmlakın ½ hissəsinə olan pay hüququna xx.xx.2019-cu il tarixdə Cavabdeh2 Əliverdi qızına 2V-34 reyestrli vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
11. Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020ci il tarixli məktubda, onun xx.xx.2016-cı il tarixdə vəfat etmiş X5 qalmış miras əmlakın qəbuluna dair notariat ofisinə təqdim etdiyi xx.xx.2020-ci il tarixli yazılı ərizəyə cavab olaraq bildirilmişdir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldıqdan altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəməyə müraciət etmək hüququ var.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, qətnamə ləğv olunaraq mülki işin başlanmasına əsas olmuş ərizə baxılmamış saxlanılmışdır.
13. İddiaçı Bakı şəhəri 53 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X5 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, İ.Qutqaşınlı küçəsi ev 1, 56 nömrəli mənzilə dair mirasın qəbul edilməsi üçün müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Cavabdeh1 və Cavabdeh2 həmin iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 fevral 2022ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır.
14. Həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 11 may 2022-ci il tarixli qətnaməsi ilə təmin olunmamış, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi isə Ali Məhkəmənin 20 sentyabr 2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
15. İddiaçı Cavabdeh1, Cavabdeh2, 53 saylı notariat ofisinə və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər 1 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, xx.xx.2019-cu il tarixdə Cavabdeh2 verilmiş 2V-34 reyestrli və xx.xx.2019-cu il tarixdə Cavabdeh1 verilmiş 2V-58 reyestrli vərəsəlik şəhadətnamələrinin etibarsız hesab olunması, onların adına verilmiş çıxarışın ləğv edilməsi, özünün yeganə vərəsə kimi tanınması, adına Bakı şəhəri, Yasamal rayonu, 500cü məhəllə, İ.Qutqaşınlı küçəsi ev 1, 56 saylı mənzilə dair vərəsəlik şəhadətnaməsinin verilməsi, Cavabdeh2, Cavabdeh1 və digər şəxslərin həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, X2 Səriyyə Nəcəf qızı ilə xx.xx.2002-ci il tarixdə rəsmi nikaha daxil olmuş, xx.xx.2002-ci il tarixdə nikahları pozulmuş, xx.xx.2002-ci il tarixdə X10 onu övladlığa götürmüş, bununla bağlı Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsində 1264 saylı akt qeydi edilərək doğum haqqında şəhadətnamə verilmişdir. Valideynləri boşansalar da, 2015-ci ilə kimi həmişə münasibətləri olmuş, lakin mərhum X10 içki aludəçisi olduğundan və tüfeyli həyat sürdüyündən münasibətlər uzun müddətli olmamışdır. Sonuncu dəfə 2015-ci ildə mərhum onun anasıgildə ad günündə olmuş, orada bildirmişdir ki, xəstəliyi var. Bundan sonra anası X9 ara-sıra telefonla onunla əlaqə saxlamış, lakin mərhum onu daha axtarmamalarını demişdir. Anası 2020-ci ilin təqribən avqust ayında mərhumun yaşadığı evə zəng vurmuş, lakin nömrə işləməmişdir. Uzun müddət mərhumdan xəbər olmadığı üçün yaşadığı evə gedərək qonşudan məlumat almışdır ki, Elman Əliyev 2016-cı ildə rəhmətə getmişdir. Bundan sonra X6 yeganə varisi olaraq vərəsəlik şəhadətnaməsinin alınması üçün 53 saylı notariat ofisinə müraciət etmiş, ona imtina məktubu ilə bildirilmişdir ki, miras açıldıqdan altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Bundan sonra vəkil sorğusu ilə 53 saylı notariat ofisinə müraciət olunmuş və ünvan 6 ünvanında yerləşən evə dair notariat işinin təqdim edilməsi xahiş edilmişdir. Vərəsəlik işi təqdim olunandan sonra müəyyən olunmuşdur ki, artıq həmin evə dair mərhumun qardaşı Cavabdeh1 və Cavabdeh2 vərəsələr təyin olunmuş, hər ikisinin payı müəyyən edilən çıxarış dövlət reyestrində qeydə alınmaqla paylar bölünmüşdür. Hesab edir ki, vərəsəlik hüququ pozulmuş, yeganə vərəsə kimi ona bildirilmədən atasından qalan əmlak qanunsuz olaraq bölünmüşdür.
17. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişlər ki, İddiaçı heç vaxt mərhum qardaşlarını ata kimi qəbul etməmiş, onunla maraqlanmamışdır. Onun mərhum qardaşları tərəfindən övladlığa götürülməsi barədə yaxın qohumların hər hansı məlumatı olmamış, iddiaçı nə mərhum qardaşları, nə də onun yaxın qohumları ilə hər hansı bir münasibət saxlamamışdır. Mərhum qardaşları 5 ay müddətində iddiaçının anası X9 ilə nikahda olmuş, onların nikahda olmaları və ər-arvad kimi yaşamaları barədə bilməmişlər. Bildiklərinə görə, Səriyyə Əliyeva Bakı şəhərində hansısa rayonun Qeydiyyat Şöbəsinin rəisi və ya əməkdaşı olmuş, mövqeyindən sui-istifadə edərək mərhum qardaşları ilə nikah bağlatdırmış, 5 aydan sonra nikah pozulmuşdur. Səriyyə Əliyevanın mərhum qardaşları ilə nikaha girməkdə məqsədi oğlu İddiaçı doğma atasının milli mənsubiyyətini gizlətmək olmuşdur. Məhz həmin səbəbdəndir ki, oğlu üçün övladlığa götürmə məsələsini həll etdikdən sonra qısa müddətdə nikahları pozulmuşdur. Nə iddiaçı, nə də anası mərhumla heç vaxt maraqlanmamış, hətta onun ölümündən belə xəbərləri olmamışdır, yas mərasimində iştirak etməmişlər. Onun məzarının harada olmasını bilmirlər, iddiaçı qardaşlarının məzarını belə ziyarət etməmişdir, ancaq bu gün ondan miras qalmış əmlakı tələb edir. İddia tələblərindən biri vərəsə kimi tanınması barədədir. Vərəsə kimi tanınmamış bir fiziki şəxsin digər tələbləri irəli sürməsi absurddur. İddiaçı Bakı şəhəri 53 saylı notariat ofisinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə ərizəsi mirasın qəbulu müddətinin üzrsüz səbəblərdən buraxılması səbəbinə görə təmin edilməmişdir. Buna görə də, İddiaçı tərəfindən əvvəlcə həmin cavab mübahisələndirilməli idi. Buraxılmış müddətin bərpası barədə məhkəməyə müraciət olunduqdan və müraciət təmin edildikdən sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək olardı. Həmin hal üzrə də iddiaçı tərəfindən mülki prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Miras qoyan X10 qardaşlarıdır və xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Ondan miras qalmış əmlakı qanun üzrə vərəsələr sırasından faktiki istifadə etməklə qəbul etmişlər. İddiaçı tərəfindən miras əmlakın qəbul edilməsi barədə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada müvafiq hərəkətlər edilməmişdir. Miras qardaşlarının vəfatı ilə xx.xx.2016-cı il tarixdə açılmış, həmin müddətdən keçən 6 ay ərzində iddiaçı miras əmlak barədə hər hansı tələb irəli sürməmiş və bununla da iddia müddətini üzrsüz səbəblərdən buraxmışdır. İddiaçı qanun üzrə birinci növbədə vərəsə olmaqla Elman Əliyevin xx.xx.2016-cı il tarixdə vəfat etməsi ilə mirasın açılmasını bilmiş, ondan miras qalmış mübahisəli mənzilin qəbulu üçün xx.xx.2020-ci il tarixdə notariat kontoruna müraciət etmiş, altı ay müddətində mirası nə faktiki, nə də rəsmi qəbul etməmiş və mirasın qəbulu müddətini üzrsüz səbəblərdən buraxmışdır. Ona görə də onun iddia tələbi rədd edilməlidir.
18. Cavabdeh2 həmçinin iddia müddətini tətbiqinə dair ərizə təqdim edərək, qardaşı X6 xx.xx.2016-cı il tarixdə vəfat etməsi ilə mirasın açılmasını, onun ölümündən 5 il keçdikdən sonra İddiaçı iddia qaldırdığını, birinci növbədə vərəsə olsa da, mirası qanunvericilikdə müəyyən edilmiş müddətdə nə faktiki, nə də rəsmi qəbul etmədiyini, mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməməsini göstərmiş və iddia müddətini tətbiq edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməsi qət olunmuşdur.
20. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, araşdırılmış sübutlarla Bakı şəhəri, Yasamal rayonu, 500-cü məhəllə, İ.Qutqaşınlı küçəsi ev 1, 56 saylı mənzilin xx.xx.2016 tarixdə ölmüş X5 miras qalması, miras qoyanın birinci növbə vərəsəsi hesab olunan İddiaçı özünün də iddia ərizəsində qeyd etdiyi kimi, “içki aludəçisi olan, tüfeyli həyat sürən” xəstə atası ilə münasibətlərini 2015-ci ildən kəsməsi, onun ölümündən sonra qanunla müəyyən olunmuş müddət ərizində mirasın qəbul edilməsi barədə ərizə verməməsi, əmlaka sahiblik etməməsi, əmlakı idarə etməyə faktiki başlamaması, həmçinin mirasın qəbul edilməsi müddətinin uzadılması barədə məhkəməyə müraciət etməməsi, yalnız 2020-ci ildə miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə 53 saylı notariat ofisinə müraciət etməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq ona imtina olunması təsdiq edilmişdir. Ona görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
21. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 1133.1-ci, 1243.1-ci, 1243.2-ci, 1146-cı, 1159.1.2-ci, 1160-cı, 1246-cı, 1248.1-ci, 1273-1-ci, 1263-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 20l3-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 8 yanvar tarixli və “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarlarına istinad etmişdir.
22. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işin hallarına düzgün qiymət vermədiyini, maddi hüquq normalarını düzgün tətbiq etmədiyini, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını irəli sürmüşdür.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahat
23. İddiaçı məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verməklə apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1, habelə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri 1 saylı Ərazi İdarəsinin nümayəndəsi isə məhkəməyə gəlməmişlər.
24. Bakı şəhəri 53 saylı notariat ofisinin notariusu məhkəməyə ərizə göndərərək işə onun (nümayəndəsinin) iştirakı olmadan baxılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbayca Respublikasının Konstitusiyası
25. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
26. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
28. Maddə 337.1 və 339. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər.
29. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
30. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
31. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
32. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
33. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.
34. Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.
35. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
36. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
37. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
38. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
39. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.
40. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.
41. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
42. Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
46. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
51. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
54. Kollegiya iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.
56. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı).
57. Mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246 və 1248-ci maddələrinin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.
58. Vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsızlığı məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən onun sələflərinin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır.
59. İddiaçı “mirasın qəbul edilməsi üçün müddətin uzadılması” tələbi üzrə qəbul edilmiş məhkəmə aktları ilə müəyyən olunmuşdur ki, o, X6 vəfat etdiyi xx.xx.2016-cı il tarixindən etibarən iddiaçı (İddiaçı) mirasın qəbulu istiqamətində aktiv hərəkətlər etməmiş, yəni mirası qəbul etmək arzusunda olduğunu artıq həmin vaxtdan başlayaraq bəyan etməmiş, yalnız xx.xx.2020-ci il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması üçün notariat kontoruna müraciət ünvanlamışdır. İddiaçı mərhum atasının ölümündən gec, yəni 2020-ci ilin avqust ayında məlumatı olması səbəbindən miras əmlakı qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürməsini qeyd etsə də, buna dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Əksinə, iddia ərizəsinin məzmunundan və iddiaçının nümayəndəsinin (vəkilinin) izahatından görünür ki, iddiaçının və anasının mərhumun yaşayış yeri və telefon nömrəsi, həmçinin onun xəstə olması barədə məlumatı olmuşdur.
60. Həmin iş üzrə kassasiya instansiyası məhkəməsi həmçinin vurğulamışdır ki, iddiaçının atası ilə bir şəhərdə yaşadığı halda onun xx.xx.2016-cı il tarixdə vəfat etməsindən 2020-ci ilin avqust ayında xəbər bilməsi barədə dəlili, iddiaçının üzərinə bunu təsdiq edəcək mötəbər və ağlabatan sübutlar təqdim etmək vəzifəsi qoyur.
61. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları (§ 46,50) ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q. Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.
62. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 17 fevral 2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı münasibətlərə hüquqi müəyyənlik gətirilmişdir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”.
63. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hal onun tələbinin qanuni əsasının dispozisiya şərti ilə uzlaşmamaqdadır və birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri, tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-645/2022 saylı iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə