Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10805/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4382/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış **-RV-*** dövlət qeydiyyat nömrəli “Mercedes E 220 SDİ” markalı nəqliyyat vasitəsinin alqı-satqısı barədə 21.01.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4382/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti bununla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, İddiaçı tərəfindən birgə nikahdan əldə edilmiş nəqliyyat vasitəsinin 3-cü şəxslərə özgəninkiləşdirilməsi üçün razılığı olmamışdır və bu gün də o razılıq mövcud deyil. Cavabdeh2 iddiaçının keçmiş ərinin tanışıdır və bu tanışlıq onların qonşu məhəllədə yaşamasından irəli gəlir. Onların yaşadıqları məhəlləri arasındakı məsafə 1 km-dir. Cavabdeh1 avtomobili oğlunun göstərdiyi şəxsə-onun tanışına satmışdır. Belə olan halda hər hansı vicdanlılıq qalmır. Cavabdeh2 məhkəmənin qeyd etdiyi kimi vicdanlı alıcı deyildir. X1 xahişinə əsasən sonuncu onu vicdanlı alıcı olmasına razı salmışdır. Çünki, kifayət qədər maddi təminatlı şəxsdir. 10000 manat dəyəri olan nəqliyyat vasitəsinə ehtiyacı yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətinə etiraz etdi, həmçinin bildirdi ki, digər cavabdehi və onun oğlunu əvvəllər heç vaxt tanımamış və görməmişdir. Qeyd olunan avtomobili bazardan almış sonra da başqa şəxsə satmışdır. Ona görə də şikayətin rədd edilməsini xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər Cavabdeh1 məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrinə; Mülki Məcəlləsinin 182.1, 337.1-ci maddələrinə; Konstitusiya Məhkəməsinin Plenumunun 27 oktyabr 2004cü il tarixli Qərarına istinad etmiş və belə qənaətə gəlmişdir ki, 21.01.2020-ci il tarixli alqı-satqı müqaviləsinin tərəfi olan alıcı Cavabdeh2 müqavilə bağlanarkən əmlakla bağlı mübahisə olmadığunu bilmədiyindən vicdanlı alıcı hesab edilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini qətnamənin tam hissəsi, yəni iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalı, digər hissəsinə isə toxunulmamalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. İddia tələbinin qanuni əsası kimi Ailə Məcəlləsinin 33.3, 33.4 və Mülki Məcəllənin 337-ci maddələri nəzərdən keçirilə bilər. Ancaq faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. Hazırki işdə faktiki hallar qeyd olunan maddi hüquq normalarının şərtləri ilə tam uzlaşmır, eyni zamanda Cavabdeh2 etiraz və müdafiə hüquqlarına görə iddianın əsaslılığı da aradan qalxır. Əvvəla, ümumi mülkiyyətdə olan əmlakda hər bir ümumi mülkiyyətçinin müəyyən payı olur. Bəzi hallarda payın miqdarı əvvəlcədən bəlli olur, bəzi hallarda isə olmur. Payı əvvəlcədən bəlli ümumi mülkiyyət paylı, məlum olmayan ümumi mülkiyyət isə birgə mülkiyyət hesab edilir. Göründüyü kimi mülkiyyətin hər iki növündə iştirakçılar müəyyən paya malik olurlar. Lakin ümumi paylı mülkiyyətdə payın miqdarı əvvəlcədən müəyyən edildiyi halda, birgə mülkiyyətdə bu əmlakın bölgüsü və ya payın ayrılması zamanı müəyyən edilir. İkincisi, ər və ya arvadın birinin əmlak üzərində sərəncam vermək barədə notarial qaydada təsdiq edilmiş razılığı yalnız daşınmaz əmlak üzərində sərəncam verilən zaman imperativ qaydada nəzərdə tutulmuşdur. Daşınar əşya olan avtomobilin alqı-satqısı zamanı ərin yaxud arvadın notarial qaydada təsdiq olunmuş razılığının alınması barədə hər hansı birbaşa imperativ qanunvericilik norması da mövcud deyildir. Bu mövqe kassasiya instansiyası məhkəməsinin bir çox qərarlarında da vurğulanmışdır. Avtomobillərin alqı-satqısı zamanı mülki hüquq münasibətlərinin iştirakçılarından ər yaxud arvadın notarial qaydada təsdiq olunmuş yazılı razılığını bu əməliyyatı həyata keçirən orqanlar da heç vaxt tələb etmirlər. Bir anlığa təsəvvür edilsə ki, mülki dövriyyədə avtomobillərin alqı-satqısı zamanı satıcının nikahda olduğu arvadının yaxud ərinin notarial qaydada mütləq yazılı razılığı olmalıdır, onda belə çıxır ki, bu cür razılıq olmayan alqı-satqı müqavilələrinin hamısı ən azından bu əsasa görə etibarsız hesab edilməlidir. Bu cür vəziyyət isə bu sahədə yaranmış mülki hüquq münasibətlərini iflic vəziyyətə sala bilər. Buna görə də, mübahisəli avtomobilin etibarsız əqd hesab olunması üçün bu hal birbaşa əsas ola bilməz. Üçüncüsü, Mülki Məcəllənin 182-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Mübahisəli avtomobil 21.01.2020-ci il tarixdə hazırki iddia üzrə Cavabdeh2 10000 manata satılmış və işdə olan alqı-satqı müqaviləsinə əsasən də sonuncunun həmin avtomobili əvəzli əldə etməsi təsdiq edilir. Demək, Cavabdeh2 həmin avtomobili vicdanlı əldə edən şəxs olduğundan hazırki iddianın təmin edilməsi onun da mülkiyyət hüququnu pozmuş olar. Düzdü, iddiaçı şikayətində göstərir ki, Cavabdeh2 onun keçmiş ərinin tanışıdır, əslində keçmiş əri Cavabdeh2 “vicdanlı alıcı” kimi çıxış etməyə razı salmış, çünki maddi təminatlı şəxs olduğundan on min manat dəyəri olan avtomobilə də ehtiyacı olmamışdır. Əlbətdə ki, iddiaçı bu cür dəlillərdən istifadə edə bilər. Lakin bəyan edilən bu və digər xüsusatlar konkret sübutlarla təsdiq edilməlidir. Başqa sözlə istinad etdiyi bu halları iddiaçı sübuta yetirməlidir. Çünki, bu halları sübut etmək yükü iddiaçının üzərinə düşür. Yalnız fikir olaraq bu ifadələrin işlədilməsi isə hələ onların həqiqi olması demək deyildir. Dördüncüsü, iddia tələbinin məzmunundan və mahiyyətindən də, açıq-aydın görünür ki, iddiaçı yalnız avtomobilin alqı-satqı müqaviləsinin etibarsızlığını tələb edir. Demək iddiaçının əslində məqsədi yalnız avtomobilin alqı-satqı müqaviləsinin etibarsızlığına nail olmaqdır. Lakin bu o demək deyil ki, iddiaçının hazırki iddiasının təmin edilməməsi, gələcəkdə avtomobilin alqı-satqısı nəticəsində əldə olunmuş pulun hansısa hissəsini keçmiş ərindən tələb etmək hüququnu istisna edir. Əlbətdə ki, iddiaçının bu hüququndan istifadə etməyə hər hansı bir maneə mövcud deyildir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4382/2021 saylı, 07 sentyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-10805/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10805/2021
13.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver