Məhkəmə qərarları › İş №2(103)-10830/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10830/2021

03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10830/2021 03.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-1350/2021 saylı, 30.04.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29.06.2020-ci il tarixli müqavilə üzrə yaranmış 10000 (on min) manat əsas borc məbləğinin, bank uçot faiz dərəcəsi kimi hesablanmış 740 (yeddi yüz qırx) manat məbləğində pulun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 500 (beş yüz) manat məbləğində pulun, dövlət rüsumuna görə ödənilmiş 31 manat məbləğində pulun, cəmi 11271 (on bir min iki yetmiş bir) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 20 ildən artıq müddətə qonşu olmuşlar. Bu müddət ərzində çox yaxşı münasibətləri olmuş, evlərinə gediş-gəlişi olan şəxs kimi onlarda inam yarada bilmişdir. 2020-ci ilin iyun ayında Cavabdeh ona təcili 10000 (on min) manat pulun lazım olduğunu və qısa zaman ərzində (1-2 aya) qaytaracağını bildirmişdir. Aralarında olan münasibəti nəzərə alaraq o, cavabdehə bu pulu vermək qərarına gəlmişdir. Cavabdehlə aralarında 29 iyun 2020-ci il tarixli kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən “Borc verən” “borc alan”a 10000 (on min) manat məbləğində borc pul verir. Müqavilənin 2-ci bəndinə əsasən “Borc alan” krediti 29.08.2020-ci il tarixədək “borc verən”ə qaytarmağı öhdəsinə götürür. Nəzərə çatdırır ki, qeyd olunan tarixdən bu günədək ona hər hansı ödəniş edilməmişdir. Hər dəfə borcunu tələb etdiyi zaman müxtəlif bəhanələrlə borcunu qaytaracağını bildirmiş, lakin borc öhdəliyini icra etməmişdir. Hər dəfə 1-2 gün vaxt istəmiş və qısa bir zamanda qaytaracağını bildirmiş, lakin o, pulunu tələb etdikdə isə müxtəlif bəhanələrlə öhdəliyinin icrasından yayınmışdır. Cavabdehdən dəfələrlə kredit müqaviləsi üzrə yaranmış borcu tələb etsə də, müxtəlif rəhanələrlə borcun ödənilməsindən yayınmışdır. Müqavilə üzrə yaranmış əsas borc ödənilmədiyi üçün cavabdehin bank faizinin uçot dərəcəsi də tutularaq əldən çıxmış fayda kimi ona ödənilməlidir. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytından çıxarışa əsasən müəyyən olunur ki, 31.01.2020-ci il tarixindən 31.12.2020-ci il tarixinə qədər uçot faiz dərəcəsi orta məbləğ olaraq 7,4 % kimi hesablanmışdır. Ona görə də, uçot faiz dərəcəsi olaraq hesablanmış 740 (yeddi yüz qırx) manat (10000 x 7,4%) məbləğində pul da cavabdehdən tutularaq ona ödənilməlidir.

3. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-1350/2021 saylı, 30.04.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 10000 manat məbləğində pul və ödənilmiş 26,70 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun 3,30 manatının iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Babək Qasımov).

4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-1350/2021 saylı, 30.04.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə bildirdiyi kimi təmənnasız olaraq 2 ay müddətinə 10.000 manat vermişdirsə nə üçün müqavilənin müddəti bitdiyi avqust ayının sonunda deyil, ondan 4-5 ay sonra məhkəməyə müraciət etmiş və iddia ərizəsində qeyd etdiyi kimi 20 il qonşu və yaxın münasibətdə olmaqlarına baxmayaraq cavabdehdən əlavə olaraq 740 manat bank uçot faiz dərəcəsinin və öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 500 manat pul tələb etmişdir. Bundan başqa İddiaçı cavabdehin bacısı X1 da, təmənnasız olaraq pul verməsinin səbəblərinə münasibət bildirməmişdir. Göründüyü kimi məhkəmə cavabdehin göstərdiyi həmin faktları araşdırmadan iddiaçının yanlış məlumatlarına inanaraq qətnamə çıxarmışdır. Halbuki, iddiaçı faizlə pul verməklə məşğul olur və cavabdehdən 10.000 manat borca görə 14.000 manat almışdır. Eyni zamanda cavabdehin bacısı Nüridəyə də, həmin qaydada pul verərək, ondan da, əlavə qazanc götürmüşdür. Tərəflərin izahatları:

6. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmişlər.

7. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmişdir.

8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:

10. Belə ki, iş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanmış 29 iyun 2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 10000 (on min) manat məbləğində borc pul vermiş, Cavabdeh isə həmin pulu 29.08.2020-ci il tarixinədək ödəməyi öhdəsinə götürür.

11. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərək 10000 (on min) manat məbləğində əsas borcu 3 gün müddətində ödənilməsi xahiş edilmişdir, əks halda əsas borcun və faizlərin, əldən çıxmış faydanın, bank uçot dərəcəsinin və dəbbə pulunun ödənilməsi tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə xəbərdar olunmuşdur.

12. 26.01.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 30,00 manat dövlət rüsumu ödənilmişdir. Hüquqi dəyərləndirmə:

13. İşin mahiyyəti ilə bağlı kollegiya aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri hesab edir:

14. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

15. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

17. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

18. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

19. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

20. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

21. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsaəsən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

22. Kollegiya iş materialları əsasında qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 29 iyun 2020-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 29.08.2020-ci il tarixinədək ödəmək şərti 10000 (on min) manat məbləğində borc pul verilmişdir. Cavabdeh arasında müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə mülki qanunvericiliyin və tərəflər arasında olan müqavilənin şərtlərini pozmuşdur.

23. Qeyd edilənlərlə əsasən kollegiya vurğulayır ki, Cavabdeh 10000 manat məbləğində pulu İddiaçı 29.08.2020-ci il tarixinədək ödəmək şərti ilə borca almışdır. Göründüyü kimi, cavabdeh götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu vaxtında ödəməmişdir. Həmçinin cavabdeh tərəf kredit müqaviləsi üzrə borc kimi götürülmüş 10000 manat məbləğində pulun iddiaçıya ödənilməsinə etiraz etməmişdir.

24. Kollegiya qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, tərəflər arasında olan müqavilə üzrə öhdəlik cavabdeh tərəfindən yerinə yetirilmədiyindən cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini ödəməlidir.

25. Kollegiya iddia tələbinin “bank uçot faiz dərəcəsi kimi hesablanmış 740 (yeddi yüz qırx) manat məbləğində pulun və öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 500 (beş yüz) manat məbləğində pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

26. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

27. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 15 dekabr 1992-ci il tarixli Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

28. Həmin Qanunun 7-ci maddəsində sahibkarın vəzifəsi kimi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə lisenziyalaşdırılmalı olan sahələrdə fəaliyyət üçün xüsusi icazə (lisenziya) alması nəzərdə tutulmuşdur.

29. İş materiallarından görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmur, çünki iddiaçının sahibkarlıq faəliyyəti ilə məşğul ola bilməsi üçün ilk öncə tərəfindən qanunla müəyyən edilmiş qaydada xüsusi icazə alınması tələb olunur ki, iş materiallarında belə bir sənəd aşkar ediməmişdir. Həmçinin iddiaçı tərəf qeyd edilən halı təkzib edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçının cavabdehdən əldən çıxmış fayda kimi pulun və gecikdirilmiş vaxt üçün yaranmış faiz borcunu tələb etməsi üçün onun cavabdehə pul verərkən gəlir götürmək məqsədi olmalı, lakin iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olması və gəlir götümək məqsədi ilə borca pul verilməsi üçün mütləq xüsusi lisenziyasının olması, sahibkar kimi tanınması və faəliyyət göstərməsi tələb olunur ki, hazırkı halda belə bir lizenziya iş materiallarında mövcud deyildir.

30. Həmçinin tərəfləri arasında bağlanmış 29 iyun 2020-ci il tarixli kredit müqaviləsindən də görünür ki, müqavilənin əsasını iddiaçı tərəfindən cavabdehə 10000 manat məbləğində borc pulun verilməsi təşkil edir və müqavilədə iddiaçının gecikdirilmiş günlər üzrə faiz alması, hər hansı bir mənfəət əldə etməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır.

31. Sadalanan xüsusatlara əsasən kollegiya belə qənaətə gəlir ki, 10000 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan, apellasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

32. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

34. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

35. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməs

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-1350/2021 saylı, 30.04.2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar