Məhkəmə qərarları › İş №2(103)-1085/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1085/2021

04.03.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1085/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-nin AR-dakı nümayəndəliyinə qarşı “əmək haqqı” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4138/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh MMC-nin Azərbycan Respublikasındakı Nümayəndəliyindən 6746,96 (altı min yeddi yüz qırx altı manat doxsan altı qəpik) manat məbləğində ödənilməyən əmək haqqı tutularaq İddiaçı ödənilsin, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın Cavabdeh MMC-nin Azərbycan Respublikasındakı Nümayəndəliyi tərəfindən hesablanaraq İddiaçı ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyindən əmək haqqı üzrə ümumilikdə 6746,96 manat məbləğində olan borc tutularaq onun xeyrinə ödənilməsi, Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən ödənişin gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla əmək müqaviləsində nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün cəmi səkkiz ay üçün 2024 manat kompensasiya miqdarında vəsait cavabdehdən alınaraq onun xeyrinə pul kompensasiyasının ödənilməsi, Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyindən istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi 7 il üçün, cəmi 5903,59 manat məbləğində olan borc tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tədəbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MMC arasında xx.xx.2009cu il tarixdə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə növü müddətsiz və ödəniş forması vaxtamuzd olmaqla, aylıq əmək haqqı 843,37 manat təşkil edirdi. Qeyd olunan tarixdən bu günədək o, Cavabdeh MMC-də əmək müqaviləsi üzrə BTL Menicer, reklam işləri üzrə Bölmə rəhbəri vəzifəsində çalışır. Bildirmək istəyir ki, 2020-ci ilin yanvar ayından bu günə kimi əmək haqqı ödənilməmişdir. Əsas ödənişlər üzrə cavabdehin qeyd olunan müddət üçün borcu ümumilikdə 6746,96 manat təşkil edir, ödəniş kartı üzrə çıxarış əlavə olunur. Belə ki, işəgötürən qanunvericilikdə və əmək müqaviləsinin şərtlərində nəzərdə tutulmuş özünün əsas vəzifələrindən birini yerinə yetirmir. Bununla bağlı bir neçə dəfə cavabdehə müraciət etsə də, ona olan əmək haqqı borcu və istifadə edilməmiş məzuniyyət görə kompensasiya verilməmişdir. Cavabdeh tərəfindən ödənişin gecikdirilməsinə görə ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla gecikdirilmiş gün üçün 8,43 manat, cəmi səkkiz ay üçün 2024 manat məbləğdə kompensasiyanın cavabdehdən alınaraq iddiaçıın xeyrinə ödənilməlidir. İddiaçı 2013-cü il tarixdən 2019-cu ilədək məzuniyyətdən istifadə etməmişdir, həmin vaxtda aylıq 843,37 manat məbləğində ona əmək haqqı ödənilirdi və 843,37 manat məbləğdə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi 7 il üçün, cəmi 5903,59 manat ödənilməmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-4138/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin vəkili və nümayəndəsi X2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-4138/2020 saylı qətnaməsinin əmək haqqının tutulması və istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın hesablanaraq iddiaçıya ödənilməsi hissəsində tamamilə ləğv edilməsi, Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən 4498 manat məbləğində ödənilməyən əmək haqqı tutularaq İddiaçı ödənilməsi, istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiyanın Cavabdeh MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən hesablanaraq İddiaçı ödənilməsi hissəsində təmin edilməməsi, iddianın qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuş, işi tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki halları nəzərə alınmamışdır. Bu və digər əsasları gətirərək, cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib apellyasya şıkayətinin təmin olunmamasını xahiş edən idddiaçının izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan n xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, iddiaçı X1 xx.xx.2009-cu il tarixli müddətsiz əmək müqaviləsi üzrə Cavabdeh MMCdə icra etdiyi BTL menecer vəzifəsinə görə vaxtamuzd hesablanmaqla ayda 843,37 manat məbləğində əmək haqqı təyin edilmişdir. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı əmək funksiyasını yerinə yetirdiyi müddət ərzində almadığı əmək haqqı məbləği, gecikmə faizi və isifadə edilməmiş məzuniyyətə görə hesablanan pul məbləğinin cavabdeh tərəfindən ona ödənilməsini xahiş edir. Əmək müqaviləsinə dəyişiklik edilməsi haqqında bildirişdən müəyyən olunur ki, iddiaçının aylıq əmək haqqı 843.37 manatdır. İddiaçı iddia edir ki, 8 aydır ki, ona əmək haqqı ödənilmir. Cavabdehin nümayəndəsi də bildirmişdir ki, iddiaçıya axırıncı ödəniş dekabr ayında edilmişdir. Həmçinin İddiaçı 7 il ərzində istifadə edilməmiş məzuniyyətə görə 5903.59 manat məbləğində pul tələb etmişdir. İşə baxan birinci instansiya məhkəməsi əmək məzuniyyətinə görə ödənişlərin hesablanma qaydası qanunvericilikdə nəzərdə tutulub və iddiaçı tərəfindən həmin məbləğin məhz qanunvericiliyin tələbinə uyğun olaraq hesablandığına dair sübut olmadığına görə haqlı olaraq hesab etmişdir ki, iddiaçının istifadə etmədiyi əmək məznuniyyətinə görə kompensasiya hesablanaraq iddiaçıya ödənilməsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası Əmək Məcələsinin 156-cı maddəsinin 1-ci bəndinə əsasən əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Həmin Məcəllənin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Əmək Məcələsinin 135-ci maddəsinin 2-ci bəndinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. Qeyd edilənlərə əsasən kollegiya qətnamənin ləğv edilməsinə hüquqi əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Yasamal rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh MMC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar