Məhkəmə qərarları › İş №2(103)-10874/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10874/2021

18.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10874/2021 18.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin olunmamış, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatının iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək məhkəmə xərclərinin ona aid olunması hissəsində qətnamənin ləğv edilməsini xahiş etmiş, şikayətini məhkəmənin, məhkəmə xərclərini ona aid etməklə qanunvericiliyin tələblərini pozduğu arqumenti ilə əsaslandırmışdır. İşə baxılmasının yeri (vaxtı) barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən cavabdeh isə apellyasiya şikayətinin əsassız olduğunu bildirməklə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin yalnız məhkəmə xərclərinin iddiaçıya aid edilməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “iddia üzrə ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı aid edilməsi və İddiaçı 100 manat məbləğində ekspertiza xərcinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi” hissəsində ləğv olunmalı, məhkəmə xərclərinin cavabdehə aid olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi iddiaçının dəlillərini yoxlamaq üçün ekspertiza təyin etmiş, həmin təyinat əsasında Məhkəmə Ekspertizası Mərkəzi 31.05.2021-ci il tarixdə müvafiq rəy vermiş, məhkəmə həmin rəyə istinadla iddianı təmin etməmiş, bununla belə cavabdehin, məhz iddia qaldırıldıqdan sonra iddiaçının sökülməsini tələb etdiyi dolabı sökmüş olduğu müəyyən edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə xərclərini iddiaçıya aid etməkdə haqlı olmamışdır və məhkəmə xərcləri bütünlüklə cavabdehdən tutulmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, iddiaçının müvafiq tələbinin olub-olmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-105/2021 saylı iş üzrə 20 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni məhkəmə xərclərinin iddiaçıya aid edilməsi hissəsində ləğv olunsun. Ekspertiza tədqiqatının dəyəri olan 100 (iki yüz) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖİN**********, X1, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAAZ22), iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün apellyatorun ödədiyi dövlət rüsumunun əvəzi qismində 30,40 (otuz manat 40 qəpik) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar