Məhkəmə qərarları › İş №2(103)-1088/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1088/2023

07.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1088/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: «borcun silinməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3940/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" ASC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. "xxxx" ASC tərəfindən verilən abunə kodu **********5A000 olan İddiaçı Talıb qızına aid Abunə haqqında məlumatdan görünür ki, 07 may 2022-ci il tarixə cavabdehin adına qanunsuz olaraq 914,88 manat məbləğində borc hesablanmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə **********5A000 abunə kodu ilə xx.xx.2022-ci il tarixinə hesablanmış 1373 manat borc məbləğinin əsassız hesab edilərək silinməsi və ödənilmiş 34 manat dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Tələbdə göstərilir ki, İddiaçı 2006-cı ildən etibarən Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalı bağları ev (bina) 0685 mənzil A000-də yaşayır. Belə ki, xx.xx.2022-ci il tarixində **********5A000 kodla xx.xx.2022-ci il tarixinə 1373 manat borc olduğu sms vasitəsilə ona göndərilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdə də göstərildiyi kimi son ödəniş tarixi xx.xx.2020-ci ildir və bu tarixdən etibarən ona borcla bağlı hər hansı bildiriş göndərilməmişdir. Onun mənzilində biri Sabunçu rayonu, digəri isə Xəzər rayonunda qeydiyyatda olmaqla 2 işıq xətti vardır. Bu səbəbdən başqalarının onun xəttindən istifadə edə biləcəyi ehtimalını nəzərə alaraq və müəyyən edilmiş borc məbləğinin əsassız olduğunu düşünürək sayğacda yoxlamanın aparılması üçün şikayət ərizəsi ilə cavabdeh "xxxx" ASC-yə müraciət etmişdir. "xxxx" ASC-nin əməkdaşı tərəfindən sayğaca baxış keçirilmiş və qanunsuz olaraq elektrik xəttinə qoşulma halının olmadığını, bundan sonra borc məbləğinin 63 manat azaldılacağını şifahi şəkildə ona bildirmişdir. Bir müddət sonra elektrik enerjisi təminatını dayandırıldığı üçün o, bununla bağlı yenidən "xxxx" ASC-yə müraciət etmişdir. Bundan sonra elektrik xətti aktivləşdirilmişdir, lakin elektrik xətti düzgün qoşulmadığından hazırda evdə bir çox məişət avadanlıqlarının işləməməsinə səbəb olmuşdur. Cavabdeh "xxxx" ASC tərəfindən onun istehlakçı hüquqları kobud şəkildə pozulmuşdur. Onun barəsində hesablanmış 1373 manat borc tamamilə əsassız və qanunsuzdur. “Elektrik enerjisindən istifadə Qaydadları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 8.2-ci bəndinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən, aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Lakin işin faktiki hallarında da qeyd etdiyi kimi ona xx.xx.2020-ci ildən etibarən cavabdeh orqan tərəfindən borcla bağlı hər hansı bildiriş göndərilməmişdir.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3940/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qətnaməsi (hakim Natavan Tağıyeva) ilə iddia tələbinin qismən təmin edilərək cavabdeh "xxxx" ASC tərəfindən **********5A000 nömrəli kod üzrə xx.xx.2022-ci il tarixə hesablanmış 914.88 (doqquz yüz on dörd manat,səksən səkkiz qəpik) manat borcun əsassız hesab edilərək silinməsi; iddianın qaldırılması üçün ödənilmiş 34 (otuz dörd) manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, İddiaçı 2006cı ildən etibarən Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalı bağları ev (bina) 0685 mənzil A000-də yaşayır. xx.xx.2022-ci il tarixində **********5A000 kodla xx.xx.2022-ci il tarixinə 1373 manat borc olduğu sms vasitəsilə ona göndərilmişdir. İş materiallarına əlavə edilmiş qəbzdə də göstərildiyi kimi son ödəniş tarixi xx.xx.2020-ci ildir və bu tarixdən etibarən ona borcla bağlı hər hansı bildiriş göndərilməmişdir. İddiaçının evində biri Sabunçu rayonu, digəri isə Xəzər rayonunda qeydiyyatda olmaqla 2 işıq xətti vardır. "xxxx" ASC-nin əməkdaşı tərəfindən sayğaclara baxış keçirilmiş və qanunsuz olaraq elektrik xəttinə qoşulma halının olmadığı müəyyən edilmişdir. Bir müddət sonra elektrik enerjisi təminatını dayandırıldığı üçün iddiaçı bununla bağlı yenidən "xxxx" ASC-yə müraciət etmişdir. Bundan sonra, elektrik xətti aktivləşdirilmişdir, lakin elektrik xətti düzgün qoşulmadığından hazırda evdə bir çox məişət avadanlıqlarının işləməməsinə səbəb olmuşdur. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC tərəfindən iddiaçıya göndərilmiş Bildirişdə 1373 manat 72 qəpik məbləğində borc göstərilmişdir. Lakin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş abunə haqqında məlumatda xx.xx.2022-ci il tarixinə iddiaçıya 914.88 manat məbləğində borc hesablanmışdır. Cavabdeh 1373 manat 72 qəpik borcun yaranma əsasları və hesablanma qaydası barədə sübutları məhkəməyə təqdim edə bilmədi. Ona görə də, iddia qismən təmin edilməli, iddiaçıya məxsus abunə haqqında hesabında göstərilən istifadə edilmiş xx.xx.2022-ci il tarixinə elektrik enerjisinə görə hesablanmış 914.88 manat məbləğ iddiaçının abunə hesabından silinməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən İddiaçı və cavabdeh "xxxx" ASC tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.

7. İddiaçı apellyasiya şikayətində qətnamənin qismən, yəni iddia tələbinin təmin olunmadığı hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş edərək göstərir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Lakin həmin qayda cavabdeh tərəfindən kobud surətdə pozulmuşdur. Belə ki, iddiaçıya xx.xx.2020-ci ildən etibarən cavabdeh orqan tərəfindən borcla bağlı hər hansı bildiriş göndərilməmişdir. Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. İddiaçının biri Sabunçu rayonu, digəri isə Xəzər rayonunda qeydiyyatda olmaqla 2 işıq xətti vardır. Bu səbəbdən, başqalarının onun xəttindən istifadə edə biləcəyi ehtimalını nəzərə alaraq və müəyyən edilmiş borc məbləğinin əsassız olduğunu düşünürək sayğacda yoxlamanın aparılması üçün şikayət ərizəsi ilə cavabdeh "xxxx" ASC-yə müraciət etmişdir. "xxxx" ASCnin əməkdaşı tərəfindən sayğaca baxış keçirilmiş və qanunsuz olaraq elektrik xəttinə qoşulma halının olmadığı aşkar edilmişdir. Baxmayaraq ki, sayğacda pozuntu və ya sayğaca qoşulma halı cavabdeh tərəfindən aşkar edilməmişdir, cavabdeh əsassız olaraq 1373.72 manat məbləğində borcu tələb etmişdir. Halbuki, işin hallarından da görünür ki, borcun yaranma və hesablanma qaydası cavabdeh tərəfindən əsasıandırıla bilməmişdir.

8. Cavabdeh "xxxx" ASC apellyasiya şikayətində qətnamənin qismən, yəni iddia tələbinin təmin olunduğu hissədə ləğv edilməsini və iddia tələbinin həmin hissədə də rədd olunmasını xahiş edərək mövqeyini bununla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evinin (abunə kodu: **********5A000 ) quraşdırılmış elektrik sayğaca baxış keçirmiş, baxış zamanı mənzilə məxsus 40027208M74117 nömrəli elektrik sayğacın tablosu üzərində 38489 göstərici müəyyən edilmişdir və abunə haqqında məlumatda qeyd olunmuşdır. xx.xx.2022ci il tarixdə həmin sayğacın göstərici 27053 qeyd edilmişdir. Aprel ayından may ayına qədər sayğacın göstəricilər əsasında abonent tərəfindən istifadə olunmuş elektrik enerjisinin sərfiyyatı 11.436 kvts təşkil edir. İddiaçı tərəfindən istifadə olunmuş elektrik enerjisinin 11.436 kvts sərfiyyatina görə 1.403,48 manat məbləğində hesabat təqdim edilmişdir.(11.436 kvts*0,08 =914,88 manat, limitdən artıq sərfiyyat – 488,60 manat). İddiaçı abonent İddiaçı tərəfindən 1.403.48 manat borc məbləğindən 30,48 manat ödənilmişdir. b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 təmsil etdiyi qurumun apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını, qarşı tərəfin verdiyi apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi.

10. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 13.8. Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Maddə 17.1. Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın:

7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır.

15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

17. İddiaçı apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

18. Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinin isə nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia qismən təmin edildiyi üçün qətnamənin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

20. Əvvəla iddanın faktiki əsası (faktiki hallar) təmin edilən hissədə də tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin cavabdehin mübahisələndirdiyi hissədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

21. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığına görə iddia haqlı sayılmır.

22. İddiaçı nə iddia tələbində, nədə apellyasiya şikayətində elektrik enerjisindən istifadəyə görə borcu olmadığına yaxud yaranmış borcu ödəməsinə dair məhkəməyə hansısa mötəbər sübut təqdim etməmişdir. Əksinə özü də təsdiq edir ki, ona xx.xx.2020-ci ildən etibarən cavabdeh tərəfindən borcla bağlı hər hansı bildiriş göndərilməmişdir. Ancaq borcla bağlı bildiriş gəlməməsi onu istifadə etdiyi elektrik enerjisinin haqqını ödəmək vəzifəsindən azad etmir. Özünün də qeyd etdiyi kimi elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Demək, xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək istifadə edilən elektrik enerjisinə görə borcün ödənilməməsi işin mübahisəsiz halına çevrilir.

23. Cavabdeh tərəfin şikayətində və nümayəndəsinin izahatında qeyd olunduğu kimi xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evinin (abunə kodu: **********5A000 ) quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı mənzilə məxsus 40027208M74117 nömrəli elektrik sayğacın tablosu üzərində 38489 göstərici müəyyən edilmişdir və abunə haqqında məlumatda qeyd olunmuşdır. Bu fakt apellyasiya baxışı zamanı cavabdeh tərəfin qeydə aldığı videoyazıya baxış zamanı da öz təsdiqini tapdı. Düzdü, xx.xx.2022-ci il tarixdə həmin sayğacın göstəricisinin 27053 olduğu qeydə alınmışdır. Cavabdehin nümayəndəsi bu faktın araşdırıldığını, yəni nəzarətçi olan əməkdaşlarının bunu bilərəkdən edib-etməməsinin daxili araşdırmada yoxlanacağını və nəticəsindən asılı olaraq tədbir görüləcəyini bildirdi. Ancaq hər bir halda sayğacın xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixə olan göstəriciləri arasında abonent tərəfindən istifadə olunmuş elektrik enerjisinin sərfiyyatı 11.436 kvts təşkil etdiyi təsdiq olunur. Deməli, iddiaçının istifadə etdiyi elektrik enerjisinə görə borcu olmasını bu fakt da bilavasitə təsdiq edir.

24. Ona görə də, birinci instansiya məhkəməsi cavabdehin borcun yaranma əsasları və hesablanma qaydası barədə sübutların məhkəməyə təqdim edə bilmədiyini göstərsə də, konkret hansı sübutları təqdim etməli olduğuna dair qənaətini də açıqlamalı idi. Lakin məhkəmə buna dair heç bir dəlil göstərməmişdir.

25. İddiaçıya məxsus evdə iki işıq xəttinin olması da iddianın əsaslı olduğuna dəlalət etmir. Çünki, iddiaçı ən azından xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək istifadə edilən elektrik enerjisinə görə hansısa xətt üzrə borcunu ödəməsinə dair iddiasında və şikayətində dəlil irəli sürməli idi. Çünki, cavabdeh tərəf iddiaçının sayğacdan kənar elektrik enerjisindən istifadə etdiyinə görə deyil, məhz sayğac vasitəsilə sərf olunan elektrik enerjisinə görə borcunun olduğunu bəyan edir. İddiaçı isə hesab edirsə ki, qeyd olunan dövr üçün borcunu ödəmişdir, onda buna dair məhkəməyə mötəbər sübut təqdim edərək hazırki iddianı irəli sürə bilərdi. 26.Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, iddianın təmin edilən hissədə də əsassız olması o demək deyil ki, iddiaçı yeni əsasla cavabdehə qarşı hansısa iddia irəli sürə bilməz.Əlbətdə ki, hesab edirsə ki, cavabdeh ona əsassız borc hesablamışdır, bununla bağlı yeni əsasla məhkəmə müdafiəsi hüququndan istifadə etməyə ona hansısa maneə yoxdur.

27. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti isə təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3940/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edildiyi hissədə ləğv edilməli və iddia tələbi həmin hissədə də təmin edilməməli, mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin, cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti isə təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3940/2022 saylı, 28 oktyabr 2022-ci il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edildiyi hissədə ləğv edilsin və iddia tələbi həmin hissədə də təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar