Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1088/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: yaşayış sahəsinə istifadə hüququnun itirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X5 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 31 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri X3 İcraiyyə Komitəsi tərəfindən verilmiş 027606 saylı 24 may 1973-cü il tarixli order əsasında Bakı şəhəri, Abşeron küçəsi, 11 saylı evin 9 saylı mənzil X10 istifadəsinə verilmişdir. Bakı şəhəri Oktyabr rayon X13 İcraiyyə Komitəsinin 35 saylı 27 oktyabr 1978-ci il tarixli qərarı ilə mənzilin icarə müqaviləsi evin icarədarı X11 razılığı ilə onun qızı X12 ilə bağlanmışdır.
2. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 14 dekabr 2009-cu il tarixli 2(004)- 4737/2009 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh X9 qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması, mənzilə köçürülmə və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi iddiaçı Cavabdeh ünvan 1 ünvanda olan yaşayış sahəsindən istifadə hüququnun tanınması, mənzilə köçürülmə hissəsində təmin edilmiş, Bakı şəhəri, Ə.Abdullayev küçəsi, 11 saylı evin 1 otaqlı mənzilindən yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi hissəsində isə təmin olunmamışdır.
3. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 23 fevral 2011-ci il tarixli 2(004)- 410/2011 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh X2 qarşı “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilərək X1 və X4 Bakı şəhəri, Ə.Abdullayev küçəsi, 11 nömrəli evin yaşayış sahəsindən çıxarılmaları qət olunmuşdur. Daha sonra Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 21 iyun 2011-ci il tarixli qətnaməsi ilə cavabdeh Əmənullayeva (Əliyeva) Tünzalə Daşdəmir qızının apellyasiya şikayəti təmin edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə 8.000 manat məbləğində kompensasiya verilməklə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Əlibala Abdullayev küçəsi ev 11, 9 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsini və onun əri X6 və övladı X7 ilə birlikdə həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri keçmiş Oktyabr (indiki Yasamal) ravon XDS İK-nin xx.xx.1978-ci il tarixli 35 saylı qərarı ilə rayonun keçmiş Abşeron, indiki Əlibala Abdullayev küçəsi ev 11, mənzil 9-da yerləşən bir otaqlı 11 kvm sahəsi olan mənzilə dair onunla mənzil kirayəsi müqaviləsi bağlanmışdır. Bacısı Gülnazın Bakı şəhərində qeydiyyatı olmadığından və Bakı sakini kimi bu onun üçün müəyyən problemlər yaratdığından, onun çoxsaylı xahişlərindən sonra o bacısını həmin mənzilə qeydiyyata götürmüşdür. Ailə vəziyyəti ilə əlaqədar olaraq o vaxtaşırı Rusiya Federasiyasının Buryatiya Respublikasının Ulan-Ude şəhərinə gedib orada ailəsinin yanında qalır. Bacısı Gülnaz o Bakıda olmayanda bundan sui-istifadə edib onun razılığı olmadan qızı Cavabdeh da onun mənzilinə qanunsuz qeydiyyata saldırmışdır. 2001-ci ildə bacısı vəfat etdikdən sonra həmin mənzildə o və Sevda qeydiyyatdadırlar. Hazırda o, mənzilini özəlləşdirmək istəyir. Mənzildə qeydiyyatda olan şəxs kimi Sevda buna razılıq vermədiyindən mənzilini özəlləşdirə bilmir. O, bununla əlaqədar AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Cavabdeh razılığı olmadan mənzilin özəlləşdirilməsi üçün ona razılıq verməsini xahiş etmişdir. Amma onun xahişi yerinə yetirilməmişdir. O məcbur olub 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Təəssüf ki, Bakı İnzibati Məhkəməsi özünün 2-1(112)-7463/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə onun iddiasını rədd etmişdir. Həmin mənzilə görə onunla mənzil kirayə müqaviləsi bağlanarkən, nə bacısı Gülnazın, nə də onun qızı Cavabdeh mənzilə heç bir aidiyyəti və hüquqları olmayıbdır.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3952/23 saylı iş üzrə 07 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Sultanova-Məmmədova) iddia təmin edilmişdir.
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının xüsusi mülkiyyətlərindən sərbəst və maneəsiz istifadə hüququ vardır və bu hüququn reallaşdırılmasına yaradılan hər bir maneənin qarşısı qanuni yollarla aradan qaldırılmalıdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 228.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən və qətnamə çıxarılarkən maddi və prosessual hüquq normalarının pozulması ilə əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, mübahisələndirilən yaşayış sahəsinin iddiaçının mülıkiyyətində olmasını sübut etmə vəzifəsi iddiaçıya aiddir. Mübahisələndirilən yaşayış sahəsinə iddiaçının mülkiyyət hüququ tanınmamış və qeydiyyatdan keçməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdeh və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
13. İddiaçı məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 152.1. Mülkiyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum edilmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
17. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarı: mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı işdə iddia təmin edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsassız sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı yanlış nəticəyə gəlmişdir.
21. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etməmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmamış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmamışdır.
22. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
24. Baxılan iş üzrə iddiaçı cavabdehə qarşı mülkiyyət hüququ üzrə ona məxsus olan yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi barədə belə bir iddia qaldırmaqla bağlı müvafiq subyektiv hüquqa malik olduğunu təsdiq etmək üçün ilk növbədə mübahisəli mənzilə mülkiyyət hüququnu təsdiq edən sübutlar (hüquqmüəyyənedici sənədlər) təqdim etməli idi.
25. Lakin iş materiallarında mübahisəli mənzilə mülkiyyət hüququna dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyildir. Mənzil dövlət mənzil fondunun balansındadır və özəlləşdirilməmişdir.
26. İşdən göründüyü kimi, İddiaçı mənzilin özəlləşdirilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi İdarəsinə müraciət etsə də, bundan imtina olunmuş və o, bu imtinanı İnzibati məhkəmədə mübahisələndirmişdir. Lakin Bakı İnzibati Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qərarı ilə onun iddiası rədd edilmişdir.
27. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı bu baxımdan hazırkı tələbi irəli sürməklə bağlı müvafiq subyektiv hüquqa malik şəxs kimi qəbul edilə bilməz.
28. Məhkəmə kollegiyası bu qənaətə gələrkən onu da nəzərə alır ki, mübahisəli mənzil dövlət mülkiyyətindədir və özəlləşdirilməmişdir. Tərəflər (iddiaçı və cavabdeh) mənzildən istifadə ilə bağlı bərabər hüququ olan şəxslərdir və mənzilin özəlləşdirilməsi ilə bağlı da eyni hüquqi gözləntiləri var. Bu baxımdan kompensasiya ödənilməklə cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququna xitam verilə bilməz.
29. Birinci instansiya məhkəməsi dövlət mənzil fonduna aid olan mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi barədə nəticəyə gələrkən Mülki Məcəllənin 228.2-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası bunu yanlış sayır və qeyd edir ki, həmin norma mülkiyyətdə olan, yəni mülkiyyət hüququ üzrə qeydiyyatdan keçmiş mənzillərdə istifadə hüququnun xitamı ilə bağlı məsələləri tənzim edir. Hazırkı işdə isə mübahisəli mənzil hələ özəlləşdirilməmiş, mənzil üzərində nə iddiaçının, nə də qeyrisinin mülkiyyət hüququ qeydə alınmamışdır.
30. Yasamal Rayon Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2009-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, Cavabdeh mübahisəli mənzildə 1999-cu ildən qeydiyyatda olmaqla və yaşamaqla qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən həmin mənzildən istifadə hüququ qazanmışdır. Həmin maddəyə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
31. Oxşar qaydalar hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 68-ci maddəsində də nəzərdə tutulmuşdur.
32. MPM-in 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, eləcə də birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
33. MPM-in 386-cı maddəsinin tələbinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiqində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı təbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
34. Mülki Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilən əsaslarla ləğv olunmalı və iddia rədd edilməlidir.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh və digərlərinə qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.