Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1088/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-1088/2025 (Açar sözlər: abonent kodunun istehlakçının adına keçirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X8 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili X15, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı, X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “abonent kodunun istehlakçının adına keçirilməsi və müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2830/2024 nömrəli 10 oktyabr 2024-cü il tarixli qətnaməsindən üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə 28 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cəlilabad rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 180671 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 xx.xx.2021-ci il tarixdə “kəskin limfoblast leykemiya” səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 591 nömrə ilə qeyd edilmişdir
2. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 626 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış sahəsi 2704 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayır.
3. X11, X14, X16 və İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanması qeyd olunan müqavilədə (notariat qaydasında bağlanmayıb) göstərilmişdir ki, ev sahibləri X11, X14, X12 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 2730 ünvanında yerləşən 0005 nömrəli ev İddiaçı 75.000 manat məbləğində satmışlar, İddiaçı isə həmin qiymətə almışdır.
4. 26.07.2024-cü il tarixli ərizədən müəyyən olunur ki, İddiaçı "xxxx" ASC-yə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, “Şərq” yaşayış sahəsi 2730 ünvanında yerləşən fərdi yaşayış evində işıqdan istifadə üçün müqavilənin bağlanılmasını və evdə olan abonent kodunun – **********52730 onun adına rəsmiləşdirilməsini xahiş etmişdir.
5. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, tikinti obyektlərinin qeydə alındığı abonent kodlarının ad məlumatlarının dəyişdirilməsi, vətəndaşlar tərəfindən reqlamentdə qeyd olunan sənədləri daxil etməklə "xxxx" ASC-nin elektron xidmətləri vasitəsi ilə, həmçinin Bakı şəhərində “ASAN kommunal”, regionlarda isə “ASAN xidmət” mərkəzlərinə müvafiq sənədlər təqdim etməklə müraciət etmiş vətəndaşların təqdim etdiyi sənədlərin mövcud qaydaların tələblərinə uyğunluğu yoxlanıldıqdan sonra abonent kodunda hesablanmış borc (müraciət edildiyi günə) olmadığı halda müraciətin təmin edildiyi bildirilmiş və abonent kodunda ad məlumatlarının dəyişdirilməsi üçün aidiyyəti üzrə müvafiq sənədlər təqdim edilməklə müraciət edilməsi tövsiyə olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar X13, X10 və İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – "xxxx" ASC) və “Azəriqaz” İstehsalat Birliyinə (bundan sonra “Azəriqaz” İB) qarşı (X9 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı abonent kodunun istehlakçının adına keçirilməsi və müqavilə bağlamaq öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq Yaşayış sahəsində yerləşən ev 2730-a dair mövcud qaza aid **********02450 abonent kodunun və işığa aid **********52730 abonent kodunun həmin evdə yaşayan istifadəçi və istehlakçıların adına keçirilməsinə, elektrik enerjisinin verilməsinə dair və qazdan istifadəyə dair istehlak müqaviləsinin bağlanması öhdəliyinin müvafiq olaraq cavabdehlərin üzərinə qoyulmasına və qeyd edilən ünvana qaz və elektrik enerjisinin verilməsinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
7. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi “Şərq” yaşayış sahəsində yerləşən 2730 saylı ev X2 məxsus olmuşdur. xx.xx.2021-ci il tarixdə Calalova Sevinc vəfat etmişdir. Buna baxmayaraq, kommunal xidmətlər onun adına qalmaqda davam etmiş və həmin xidmətlər üzrə ödəniş qəbzlərində də X1 adı qeyd edilmişdir. 2024-cü ilin mart ayının 19-da iddiaçıların yaşadığı və sözügedən fərdi yaşayış evinə birdən-birə qazın və elektrik enerjisinin verilməsi dayandırılmışdır. Bunun səbəblərini öyrəndikdə isə məlum olmuşdur ki, mərhum X1 adına olan qaza aid **********02450 abonent kodu və işığa aid **********52730 abonent kodu X3 adına keçirilmişdir. Qazsız və işıqsız yaşamaq qeyri-mümkündür. “Azəriqaz” İB və "xxxx" ASC-dən bildirilmişdir ki, kommunal xidmətlər (sayğaclar) yenidən iddiaçının adına o halda qaytarıla bilər ki, digər şəxs buna razılıq versin. Bu isə tamamilə qanunsuzdur. Mərhumun adına olan kommunal xidmətlərin digər şəxsin adına keçirilməsinə isə iddiaçılar razılıq verməmişdir. Qeyd edilən fərdi yaşayış evi hələ analarının sağlığında, onların iştirakı ilə digər İddiaçı satılmışdır. Həmin vaxtdan da İddiaçı evi sahibliyinə və istifadəsinə tam qəbul etmiş və etirazsız, onların razılığı ilə də orada yaşamağa başlamışdır. Hazırda qaz və işıq sayğacının adına keçirildiyi X6 iddiaçılar tanımır və bu fərdi yaşayış evinin həmin şəxsə heç bir aidiyyəti yoxdur. F.Mirzəyeva nə həmin evdə olmuş, nə də həmin evdə yaşamışdır. Qeyd edilən evdə su ödənişləri hələ də iddiaçıların mərhum anası X1 adına qalmaqda davam edir. Həm bu, həm də qaz və işığa aid əvvəllki ödəniş qəbzləri də bir daha sübut edir ki, cavabdehlər olan “Azəriqaz” İB və "xxxx" ASC kommunal xidmətləri ünvan üzrə həmin ünvan sahiblərinə, sənədsiz evlərdə isə sayğacların quraşdırıldığı ünvanlar üzrə faktiki yaşayan sakinlərə göstərməli, abonent kodları da həmin ünvan üzrə kommunal xidmətlərin bilavasitə göstərildiyi şəxslərin adına olmalıdır.
8. İddiaçılar X13 və X4 nümayəndəsi və vəkili X15 ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərə qarşı iddia tələblərindən imtina etdiklərini bildirmiş və bu imtinanın məhkəmə tərəfindən qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı iş üzrə cavabdeh “Azəriqaz” İstehsalat Birliyi ilə aralarında müvafiq müqavilə bağlandığı üçün ona qarşı irəli sürdüyü iddia tələbindən imtina etdiyini bildirmiş və bu imtinanın məhkəmə tərəfindən qəbul edilməsini xahiş etmişdir.
10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-2830/2024 nömrəli qərardadı ilə iddiaçılar X13 və X4 cavabdehlər “Azəriqaz” İstehsalat Birliyi və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qaza və işığa aid abonent kodlarının istehlakçının adına dəyişdirilməsi və müqavilə bağlamaq öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, qaz və elektrik enerjisinin verilməsinin bərpa edilməsi hissəsində və İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı qaza aid abonent kodunun istehlakçının adına dəyişdirilməsi və müqavilə bağlamaq öhdəliyinin cavabdehin üzərinə qoyulması, qazın verilməsinin bərpa edilməsi hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.
11. Bakı şəhəri Surxanı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 10 oktyabr 2024-cü il tarixli 2(010)-2830/2024 nömrəli qətnaməsi ilə (hakim Fəridə Rzayeva) iddia qismən təmin edilmiş, **********52730 nömrəli abunə kodunda abonentin adının dəyişdirilərək İddiaçı kimi qeyd edilməsi öhdəliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması, ödənilməmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, **********52730 nömrəli abonent kodunun təhkim edildiyi (verildiyi) ünvan hal hazırkı statusuna görə özbaşına tikilidir. Özbaşına tikilidə yaşayış mövcuddur. Həmin tikilidə faktiki olaraq iddiaçı yaşayır. Özbaşına tikilidə elektrik enerjisindən faktiki olaraq iddiaçı istifadə edir və “Elektrik enerjisindən istifadə” Qaydalarının 1.1-ci maddəsinə əsasən məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı (məişət abonenti (əhali)) məhz iddiaçıdır. Enerjitəchizatı müəssisəsi Qaydaların tələblərinə görə müvafiq müqaviləni real istehlakçı ilə bağlamağa və abonent kodunu real istehlakçının adına dəyişdirməyə borcludur.
13. Həmin ünvanda istehlak olunan elektrik enerjisinə görə ödənişlər məhz iddiaçı tərəfindən icra edilir. Enerjitəchizatı müəssisəsi ilə müqavilə bağlamış şəxs isə nə o ünvanda yaşayır, nə də ki həmin xidmətdən istifadə edir.
14. Məhkəmə hesab etmişdir ki, hazırda abonent kimi qeyd olunan üçüncü şəxs yaşamadığı tikilidə istifadə edilən elektrik enerjisinə görə borcu ödəmədiyi kimi, istehlakçı kimi həmin ünvanla bağlı heç bir məsuliyyət daşımır. Gələcəkdə hər hansı qanun, yaxud qaydaların pozuntusu baş verərsə, enerjitəchizatı müəssisəsi vurulacaq zərəri real istehlakçıdan deyil, aktuallığını itirmiş (aktual olmayan, reallığı əks etdirməyən) müqavilə üzrə istehlakçıdan tələb etməyəcək. Edəcəyi halda belə, üçüncü şəxs kimi hazırkı mülki işə cəlb edilmiş tərəf faktiki olaraq həmin ünvanda yaşamadığını, elektrik enerjisindən iddiaçının istifadə etdiyini və məsuliyyəti də iddiaçının daşımalı olduğunu bildirəcək.
15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 180.1, 180.2 və 180.3-cü maddələri, “Elektrik enerjisindən istifadə” Qaydalarının 4.1, 9.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88, 106.1, 217.3 və 217.4-cü maddələrinə, Dövlət rüsumu haqqında” Qanunun 8, 8.1, 8.1.2, 9.1, 9.1.5 və 9.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən üçüncü şəxs apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evinin ona məxsus olması və ya hansı əsasla əldə etməsi barədə müvafiq alqı-satqı müqaviləsi və ya DƏDKR Publik hüquqi şəxsdən çıxarış təqdim etməmiş, məhkəmə isə göstərilənləri nəzərə almadan, yəni iddiaçıya məxsus olmayan əmlak üzərində hər hansı hüququn yaranması və ya xitam edilməsi ilə bağlı dövlət orqanlarına və ya məhkəməyə müraciət etmək hüququnun olmadığını nəzərə almayaraq, iddianı icraatına qəbul etmişdir. Fərdi yaşayış evində işıqdan istifadə üçün müqavilənin bağlanılmasını və evdə olan abonent kodu “ASAN kommunal” mərkəzində onun adına rəsmiləşdirilməsinə baxmayaraq, İddiaçı işıqdan istifadə üçün müqavilənin bağlanılmasını və evdə olan abonent kodunun onun adına rəsmiləşdirilməsinə dair müraciətindən aydın olur ki, İddiaçı özünə məxsus olduğunu iddia etdiyi fərdi yaşayış evinə dair "xxxx" ASC-yə hər hansı sənəd təqdim edə bilməmişdir. Lakin məhkəmə tərəfindən "xxxx" ASC-nin qanuna müvafiq olaraq iddiaçıya verilmiş cavabı imtina kimi qiymətləndirilmiş və məhkəmə tərəfindən qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 626 nömrəli arayışdan müəyyən olunur ki, iddiaçı qeyd edilən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Həmçinin, məhkəməyə təqdim edilmiş, X11, X14, X16 və İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanması qeyd olunan müqavilədə (notariat qaydasında bağlanmayıb) göstərilmişdir ki, ev sahibləri X11, X14, X12 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 2730 ünvanında yerləşən 0005 nömrəli ev İddiaçı 75.000 manat məbləğində satmışlar, İddiaçı isə həmin qiymətə almışdır. Məhkəmə xx.xx.2020-ci il tarixdə bağlanması ehtimal olunan əlyazma müqaviləni İddiaçı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 2730 ünvanında yerləşən 0005 nömrəli fərdi yaşayış evinə mülkiyyət hüquqlarının olması kimi qəbul etmişdir. Lakin həmin əlyazma müqavilənin nə vaxt tərtib edilməsi və real olması, həmçinin müqavilədə qeyd edilən məbləğin həqiqətən ödənilibödənilməməsi hissəsində heç bir araşdırma aparmamışdır. Həmçinin göründüyü kimi müqavilədə qeyd edilən ünvanla iddia ərizəsində və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 626 nömrəli arayışında qeyd edilən ünvanlar tamam fərqli ünvanlardır. Məhkəmə tərəfindən qeyd edilən xüsusatlar araşdırılmadan əsassız qətnamə qəbul edilmişdir. İddiaçının iddia ərizəsində iddiaçının "xxxx" ASC-nin işıqdan istifadə üçün müqavilənin bağlanılmasını və evdə olan abonent kodunun onun adına rəsmiləşdirilməsini istədiyi fərdi yaşayış evinin ünvan məlumatlarını dəqiq göstərməmiş, yəni iddiaçı Bakı şəhəri Suraxanı rayon Qaraçuxur qəsəbə inzibati ərazisində “Şərq” yaşayış sahəsi 2704 ünvanında yerləşən fərdi yaşayış evini ünvan kimi qeyd etsə də, məhkəməyə təqdim etdiyi iş materiallarında olan digər sənədlərdə isə, (məsələnxx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış sahəsi 2730 ünvanına dair 1.21 manat məbləğində “bələdiyyə torpaq vergisi” xidməti üzrə ödəniş həyata keçirilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən Qaraçuxur qəsəbəsi, “Şərq” yaşayış sahəsi 2730 ünvanına dair 26.64 manat məbləğində “bələdiyyə əmlak vergisi” xidməti üzrə ödəniş həyata keçirilmişdir) Bakı şəhəri Suraxanı rayon Qaraçuxur qəsəbə inzibati ərazisində “Şərq” yaşayış sahəsi 2730 ünvanı qeyd edilmişdir. Məhkəmə iddia ərizəsində dəqiqləşdirmə aparmadan qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
19. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
20. İddiaçı və onun nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Mülki Məcəllə
22. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
23. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
24. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. “Elektrik enerjisindən İstafadə” Qaydaları
25. Maddə 1.1. Bu Qaydalarda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı;
26. Maddə 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.
27. Maddə 9.1. İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X5 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır
Mülki Prosessual Məcəllə
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının abonent kodunun onun adına keçirilməsini tələb etdiyi fərdi yaşayış evi qanunsuz tikili olsa belə orada iddiaçının yaşaması təkzib olunmaz haldır. Bu isə onun elektrik enerjisindən istifadə etməsini labüd edir. Həmin ünvanda istehlak olunan elektrik enerjisinə görə ödənişlər məhz iddiaçı tərəfindən aparılır.
37. Enerjitəchizatı müəssisəsi ilə müqavilə bağlamış şəxs isə nə qeyd edilən ünvanda yaşayır, nə də ki həmin xidmətdən istifadə edir. Abonent kimi qeyd olunan üçüncü şəxs yaşamadığı tikilidə istifadə edilən elektrik enerjisinə görə borcu ödəmədiyi kimi, istehlakçı kimi həmin ünvanla bağlı heç bir məsuliyyət daşımır.
38. Hazırki mübahisənin həlli baxımından iddiaçının mübahisəli evin mülkiyyətiçisi olubolmamasının əhəmiyyəti yoxdur, əhəmiyyətli olan odur ki, o, həmin evdən faktiki istifadə edən şəxs, yəni məişət abonenti - məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır.
39. Odur ki, apellyasiya şikayətinin dəlillərini əsassız hesab edən Kollegiya hesab edir ki, bu dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz, çünki qeyd edilən fərdi yaşayış evinin hüquqi statusu, kimdən alınması, hansı qaydada alınması, ödəniş aparılıb-aparılmaması və s. halların hazırki mübahisə ilə bağlığı yoxdur. Maraqlı şəxslər bununla balı məhkəmədə müstəqil iddia qaldıra bilərlər.
40. Beləliklə Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2830/2024 nömrəli mülki iş üzrə 10 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.