Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-109/2024 20.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Şirkətinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı Şirkətinə qarşı “zərərin əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İlkin iddia üzrə İddiaçı Şirkətinin nümayəndəsi X3, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Şirkətinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı Şirkətinə qarşı “zərərin əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-443/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Mübahisə predmeti olan tikili özbaşına tikilidir.
2. Tikili X14" şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində yerləşir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı şirkəti Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 3 saylı mədənin 6-cı sahəsində və Şirkətin Saziş ərazisi hüdudları daxilində, ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehdən şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən İddiaçı şirkətinin saziş üzrə istifadəsinə verilmiş Kontrakt sahəsinin ərazisində 3 saylı mədənin 6-cı sahəsi daxilində lazımi icazələr alınmadan şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Tikinti şirkətin ərazisində neft-qaz əməliyyatlarının həyata keçirilməsinə maneə yaratdığından İddiaçı şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozmuşdur. 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X13 haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (bundan sonra – ARDNŞ), X17 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında saziş (bundan sonra – Saziş) imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Həmin Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş Hökümət təminatı və Əlavələr qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstündür. Sazişin 2 və 8-ci maddələrinin və X17 Bİ. Vİ., ARDNŞ-nin Ortaq Neft Şirkəti (Podratçı Tərəflər) və X14 Şirkətləri arasında imzalanmış X5 3-cü maddəsinin müddəalarına əsasən, Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində, Əməliyyat şirkəti qismində fəaliyyət göstərən Şirkət neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-nin verdiyi hüquqlara, o, cümlədən neft-qaz əməliyyatları üçün Podratçıya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir. 1 (e) bəndində isə Hökumət təminat verir ki, Podratçı tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsd edilə, milliləşdirilə və ya başqa şəkildə özgə tərəfindən mənimsənilə bilməz. Cavabdehin dövlətin müstəsna mülkiyyətində olan sənayə təyinatlı torpaq sahəsini qanunsuz zəbt etməklə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 9, 11, 20, 22, 46, 48, 62, 65, 66, 67, 82-ci maddələrinin müddəalarını pozmuşdur. İddiaçı tələbin hüquqi əsası kimi, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 180.1, 180.2, 180.3, 180.4 maddələrinə həmçinin “Memarlıq fəaliyyəti haqqında” Qanuna, “Torpaqların alqı-satqı Qaydaları”na, “Yerin təki haqqında” Qanuna, “Texniki təhlükəsizlik haqqında” Qanuna və digər normativ hüquqi aktlara istinad etmişdir.
5. xx.xx.2021-ci il tarixdə Cavabdeh İddiaçı Şirkətinə qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sulu Təpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən və faktiki yaşadığı fərdi yaşayış evinin 5 ha torpaq sahəsinə və 154 kv.m tikilidən ibarət fərdi yaşayış evinə dair zərərə görə İddiaçı Şirkətindən 120.000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli fərdi yaşayı evi 2004- cü il tarixdən etibarən onun tərəfindən inşa edilmiş və faktiki olaraq onun istifadə və sahibliyindədir və torpaq sahəsinə, tikiliyə görə hər il əmlak vergisi ödənilir. Həmin fərdi yaşayış evinin ətrafında və ərazisində heç bir mədən və ya neft çıxarma sahəsi mövcud deyil. Həmin fərdi yaşayış sahəsinə dair heç bir dövlət orqanı və ya hər hansı bir qurum etirazını bildirməmişdir. 17 ildən artıqdır ki, mübahisəli mənzil onun istifadəsində olmaqla, həmin fərdi yaşayış evi üçün onun tərəfindən 120.000 manat məbləğində pul vəsaiti xərclənmişdir. Bu səbəbdən də Cavabdeh mövcud qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
7. xx.xx.2021-ci il tarixdə İddiaçı Şirkətinin nümayəndəsi məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə ünvanlayaraq, Cavabdeh iddiaçının Saziş ərazisi hüdudları daxilində, kadastr nömrəsi 20336 olan, 3 saylı mədənin 6-cı sahəsində yerləşən neft xəttinin və faktiki suvurucu xəttinin mühafizə zolağında yerləşən torpaq sahəsi üzərində inşa edilmiş və ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdehdən şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-443/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməsi, Cavabdeh iddiaçının Saziş ərazisi hüdudları daxilində, kadastr nömrəsi 20336 olan, 3 saylı mədənin 6-cı sahəsində yerləşən neft xəttinin və faktiki suvurucu xəttinin mühafizə zolağında yerləşən torpaq sahəsi üzərində inşa edilmiş və ünvan 2 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılması, həmin tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılması, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı Şirkətindən kompensasiya olaraq 81400 manat məbləğində pul vəsaiti alınaraq Cavabdeh ödənilməsi, kompensasiyanın verilməsi və İddiaçı Şirkətinin Saziş ərazisi hüdudları daxilində, kadastr nömrəsi 20336 olan, 3 saylı mədənin 6-cı sahəsində yerləşən neft xəttinin mühafizə zolağında yerləşən torpaq sahəsi üzərində inşa edilmiş və ünvan 2 ünvanında inşa edilmiş özbaşına tikilinin sökülməsinin eyni vaxtda icra edilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində, lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla özünə yaşayış evi tikmişdir. Cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi halhazırda iddiaçının qanuni istifadəsindədir və o, həmin tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Sadalanan maddi hüquq normalarını işin faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçının qanuni istifadəsində olan sahədə inşa etdiyi özbaşına tikilidən çıxarılmalı, tikili cavabdehin hesabına sökülməli və ərazi boşaldılaraq iddiaçının istifadəsinə qaytarılmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, cavabdeh özbaşına inşa edilmiş tikiliyə sərf olunmuş tikinti materiallarına münasibətdə mülkiyyət hüququna malikdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin istifadəsinə verilmiş torpaq sahəsi müvafiq qurumlarla razılaşdırılmış və həmin ərazidən cavabdehə sahibkarlıq fəaliyyəti tikintisi üşün 200 kv.m torpaq sahələri ayrılmışdır. Mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin təhlükəsizlik zonasında yerləşməsi barədə həmin torpaq sahəsi üzərində sərəncam verən orqanlara məlumat verilməmişdir. Həmin torpaq sahəsində tikili 2007-ci ildən sonra inşa edilmiş, tikili müvafiq icazələr alınmadan inşa edilsə də, ona məxsus olan torpaq sahəsində yerləşir və 2007-ci ildən cavabdeh mübahisəli ərazidən sərbəst şəkildə və istədiyi kimi istifadə etmiş, bu müddət ərzində ona heç bir irad və etiraz bildirilməmişdir. İşdən göründüyü kimi cavabdeh ona məxsus tikilinin yerləşdiyi torpaq sahəsini özbaşına zəbt etməmiş və orada özbaşına tikinti işləri aparmamışdır. Qanunun göstərilən norması şəxsin ona məxsus olan torpaq sahəsində inşa etdiyi özbaşına tikiliyə mülkiyyət hüququnun məhkəmə tərəfindən tanınması imkanını nəzərdə tutduğundan məhkəmə hesab edir ki, belə vəziyyətdə həmin tikilinin müvafiq kompensasiya ödənilmədən sökülməsi şəxsin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Belə olduqda cavabdehə məxsus tikilinin ona müvafiq kompensasiya ödənilmədən sökülməsi yolverilməzdir. Cavabdehə neft kəmərinin mühafizə zonasında fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması və həmin sahədə onun özü üçün tikili inşa etməsi onun təqsiri üzündən baş vermədiyindən və əslində cavabdehin müvafiq dövlət qurumlarının hərəkətləri nəticəsində hüquq və azadlıqları pozulduğundan məhkəmə qarşılıqlı iddianın qismən təmin olunmasını məqsədəmüvafiq hesab edir. Qeyd olunur ki, Azərbaycan Respublikasında hazırda qüvvədə olan VNTP 3-85-in 19- cu cədvəlinə əsasən, neft çıxaran qurğu ilə təchiz olunmuş quyularla yaşayış evləri və digər tikililər arasındakı ara məsafəsi 150m. olmalıdır. Müəyyən hallarda həmin ara məsafəsini 50%-ə qədər azaltmağa icazə verilir. Belə olan halda minimal ara məsafəsi 75 m. olmalıdır. Baxış zamanı müəyyən olunmuşdur ki, tədqiq olunan ünvanda cavabdeh tərəfindən inşa olunmuş tikinti altı sahə 148 m2 olan zirzəmili, fərdi yaşayış evinin mövcud olduğu müəyyən olunmuşdur. Baxış zamanı ərazidə ekspert tədqiqatına neft quyusu təqdim olunmamışdır. İddiaçının nümayəndəsi tərəfindən ekspert tədqiqatına neft xətti olaraq təqdim olunan boru ilə cavabdeh tərəfindən inşa olunmuş fərdi yaşayış evinə qədər məsafə 10.3 sm və 1.1 metr aralığında dəyişir. Həmçinin qeyd olunmuşdur ki, mülki iş materiallarında sözügedən neft borusunun təyinatı barədə məlumat aşkar olunmadığına görə cavabdeh tərəfindən inşa olunmuş fərdi yaşayış evinin sözügedən neft borusunun mühafizə zolağına düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə hesab etmişdir ki, mübahisə predmetini təşkil edən özbaşına tikili tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikintinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı Qərarını nəzərə alaraq, qeyd edir ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətdə dözümlülüyü iddiaçı tərəfindən cavabdehə qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməz. Birincisi, onun inşa etdiyi özbaşına tikili Mülki Məcəllənin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməz. İkincisi, bu cür iddiaların qaldırılması üçün müddət məhdudiyyəti yoxdur. Beləliklə, məhkəmə hesab etmişdir ki, ilkin iddia tələbi əsaslı olduğundan, İddiaçı Şirkətinin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair ilkin iddia tələbi təmin edilməlidir. Məhkəmə hesab etmişdir ki, ilkin iddia tələbi tam, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməli, İddiaçı Şirkəti tərəfindən Cavabdeh 81400 manat məbləğində kompensasiya ödənilməklə, mübahisəli fərdi yaşayış evi sökülməlidir. Həmçinin məhkəmə qeyd edir ki, kompensasiyanın verilməsi və İddiaçı Şirkətinin Saziş ərazisi hüdudları daxilində, kadastr nömrəsi 20336 olan, 3 saylı mədənin 6-cı sahəsində yerləşən neft xəttinin mühafizə zolağında yerləşən torpaq sahəsi üzərində inşa edilmiş və ünvan 2 ünvanında inşa edilmiş özbaşına tikilinin sökülməsi eyni vaxtda icra olunmalıdır.
10. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Mülki Məcəlləsinin 180, 152-ci maddəsi, Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu və Nazirlər Kabinetinin 94 saylı, 10 may 2001-ci il tarixli qərarına, Torpaq Məcəlləsinin 62, 111-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X4rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlarına, N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun V.T.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 15 yanvar 2010-cu il tarixli qərarı, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında (“X7rşı”, “Akimova Azərbaycana qarşı” qərarlarına, Azərbaycanın tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, Avropa Məhkəməsinin “Jidov və başqalarının Rusiya Federasiyasına” qarşı işi üzrə qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 180.4, 119, 217.4, 218.3, 216-220, 227, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən ilkin iddia üzrə İddiaçı Şirkəti apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-443/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən ləğv edilməsi, qətnamə, iş üzrə İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdeh qarşı “Cavabdeh Şirkətin Saziş ərazisinin hüdudları daxilində, kadastr nömrəsi 20336 olan, 3 saylı mədənin 6-cı sahəsində yerləşən, neft xəttinin və faktiki suvurucu xəttin mühafizə zolağında yerləşən torpaq sahəsində inşa edilmiş və ünvan 3 ünvanı verilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması” hissəsində dəyişdirilmədən saxlanılması, qətnamənin İddiaçı şirkətindən kompensasiya olaraq 81400 (səksən bir min dörd yüz) manat məbləğində pul vəsaiti alınaraq Cavabdeh ödənilsin və Kompensasiyanın verilməsi və İddiaçı şirkətinin Saziş ərazisi hüdudları daxilində, kadastr nömrəsi 20336 olan, 3 saylı mədənin 6-cı sahəsində yerləşən neft xəttinin mühafizə zolağında yerləşən torpaq sahəsi üzərində inşa edilmişvə ünvan 4ünvanında inşa edilmiş özbaşına tikilinin sökülməsi eyni vaxtda icra edilsin” hissəsində ləğv edilməklə Cavabdeh İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı qarşılıqlı iddiasının tam rədd edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin sözügedən qətnaməsi cavabdehin qarşılıqlı iddiasının təmin edilməsi hissəsində aşağıda qeyd olunanlara görə qanunsuz və əsassız olduğundan, habelə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qismən ləğv edilməli və Şirkətin qanuni iddia tələbi təmin edilməklə, cavabdehin qarşılıqlı iddiasının tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsinə ümumi nəzər yetirdikdə aydın şəkildə müşahidə etmək olur ki, qətnamə tam biri-birinə ziddiyyətli fikirlər və ifadələr ilə əsaslandırmalardan ibarətdir. Belə ki, məhkəmə qətnamədə həm mübahisəli tikilinin iddiaçı Şirkətin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində inşa edildiyini, özbaşına tikilinin inşa edildiyi torpaq sahəsinin hal-hazırda iddiaçı Şirkətin qanuni istifadəsində olduğunu, cavabdehin həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etmədiyini, cavabdeh tərəfindən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahəsinin qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalı olduğunu, eyni zamanda, mübahisə predmetini təşkil edən özbaşına tikilinin tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa olunduğunu, cavabdehin tikilini inşa etməsi üçün müvafiq icazə əldə etmədiyini və cavabdeh tərəfindən tikinti işlərinin tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparıldığını bildirir, həm də, cavabdehin özbaşına inşa edilmiş tikiliyə sərf olunmuş tikinti materiallarına münasibətdə mülkiyyət hüququna malik olduğunu, cavabdehin ona məxsus olan torpaq sahəsində inşa etdiyi özbaşına tikilinin müvafiq kompensasiya ödənilmədən sökülməsinin şəxsin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməli olduğunu qeyd etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsində sadaladığı fikir və ifadələr tam bir-birinə ziddiyyət təşkil edir. Yəni, əgər cavabdehin sözügedən mübahisəli tikiliyə və hətta onun yerləşdiyi torpaq sahəsinə heç bir hüququ mövcud deyildirsə və cavabdeh özbaşına olaraq Şirkətə məxsus ərazini zəbt edərək orada Şirkətin heç bir razılığı olmadan qanunsuz tikili inşa etmişdirsə, bu, cavabdehin qanunsuz əməli nəticəsində Şirkətin ona hər hansı bir məbləğdə kompensasiya ödəməli olması anlamına gəlmir. Məhkəmənin özünün də vurğuladığı kimi, mübahisəli torpaq sahəsi Şirkətə məxsusdur, cavabdeh həmin ərazini qanunsuz olaraq zəbt etmişdir və inşa etdiyi tikili də özbaşına tikilidir. Cavabdehin həmin özbaşına tikilini inşa etməsi zamanı istifadə etdiyi əşyalara görə isə Şirkət tərəfindən ona 81400 manat kompensasiya ödəməsi absurd bir fikirdir. Əvvəla ona görə ki, tikili Şirkətin razılığı və xahişi əsasında yox, cavabdehin qanunsuz əməli nəticəsində inşa edilmişdir. İkincisi, məhkəmə qətnaməsində də qət edir ki, həmin tikili cavabdehin özü tərəfindən sökülməlidir. Belə olan halda, cavabdeh əgər özbaşına tikilini özü sökəcəyi və əşyalarını ərazidən çıxarmaqla torpaq sahəsini boşaldacağı təqdirdə Şirkət hansı əşyaya görə cavabdehə kompensasiya ödəməlidir? Üçüncü məqam isə odur ki, məhkəmə əgər cavabdehin qanunsuz əməli nəticəsində inşa etdiyi özbaşına tikilinin onun özü tərəfindən sökülməsinə görə kompensasiya ödənilməsini bildirirsə, bu halda məhkəmə haqsız olaraq Şirkətin üzərinə qanunsuz olaraq öhdəlik qoymuş olur ki, bu öhdəlik də Şirkətə maddi ziyan vurmaqla yanaşı Şirkətin Dövlət tərəfindən verilmiş hüquq və təminatlarını pozur. Binəqədi Rayon Məhkəməsininiş üzrə keçirilmiş ekspertizaya dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6375 nömrəli ekspert rəyində qeyd olunanlarla bağlı fikrinə etiraz edərək bildirilir ki, Şirkət iş üzrə ilkin iddiaçı tərəf olsa da, sözügedən ekspertizanın təyin olunmasından, keçirilməsindən, habelə ekspertin verdiyi rəydən belə xəbərdar olmamışdır, məhkəmə Şirkətə bu barədə heç bir məlumat verməmişdir. Çünki, Şirkət həmin ekspertizanın keçirilməsindən və əldə olunan ekspert rəyindən xəbərdar olsa idi, təbii ki, həmin rəyə özetirazını bildirərdi. Lakin göründüyü kimi, məhkəmə bu halda da prosessual pozuntulara yol vermiş, ekspertizanın keçirilməsində Şirkətin nümayəndəsinin iştirakını təmin etməmiş və ekspert rəyi ilə Şirkəti tanış etməmişdir. Bundan başqa Şirkət sözügedən ekspert rəyi ilə heç bir halda razı deyil ona görə ki, bu mülki iş üzrə qanunsuz tikilinin qiymətləndirilməsi ilə bağlı ekspertizanın keçirilməsi özü belə yalnışdır. Çünki, hesab edir ki, ekpertin təqdim etdiyi 81400 manat məbləğinin özbaşına tikilinin sökülməsi qarşılığında kompensasiya kimi Şirkətdən tutulması qanunsuzdur. Belə ki, Binəqədi Rayon Məhkəməsinin qətnaməsində Şirkət tərəfindən cavabdehə kompensasiya ödənilməsi ilə bağlı fikrinə münasibətdə qeyd edilir ki, Şirkət əməliyyat şirkəti olaraq Podratçı şirkətlərin adından məlum Saziş əsasında kontrakt sahəsində yalnız neft-qaz əməliyyatlarını həyata keçirir və Sazişlə istifadəsinə verilmiş kontrakt ərazisindən maneəsiz istifadəsinə Dövlət tərəfindən təminat və öhdəliklər verilmişdir. Buna baxmayaraq, həmin Sazişdə kontrakt sahəsinin hər hansı hissəsi ilə bağlı torpaq sahələrini zəbt edən şəxslərə kompensasiyanın ödənilməsi nəzərə tutulmamışdır. Bundan başqa, Mülki Məcəllədə torpaq sahəsi dövlət ehtiyacları üçün alındıqda yalnız torpaq sahəsinin mülkiyyətçisinə kompensasiyanın ödənilməsi nəzərədə tutulmuşdur. Lakin, göründüyü kimi hazırki iş üzrə torpaq sahəsinin mülkiyyətçisi bu iş üzrə cavabdeh deyildir. Yəni torpaq sahəsi müvafiq Beynəlxalq Sazişlə Şirkətin istifadəsinə verildiyi üçün Şirkətin özünə məxsus torpaq sahəsinə görə cavabdehə kompensasiya ödəməsi absurd fikirdir. Mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi hələ məlum Beynəlxalq Saziş imzalanmamışdan öncə də sənaye təyinatlı torpaqlar kateqoriyasına aid edilən torpaq sahələrinin hüdudları daxilində olmaqla, Azərbaycan Respublikası DövlətNeft Şirkətinin daimi istifadəsində olmuş və 29 sentyabr 2004-cü il tarixində Podratçı şirkətlər arasında bağlanmış “X13 haqqında Saziş”əvə “X10”nə əsasən neft qaz əməliyyatlarının aparılması məqsədilə Şirkətin qanuni istifadəsinə ayrılmışdır. Məlum olduğu kimi, 29 sentyabr 2004cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X13 haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“ARDNŞ”), Azen OylKompani Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və bu Saziş 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən qanun statusunu almışdır. Qeyd olunan Qanunun 4–cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökümət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Eyni zamanda yuxarıda qeyd olunan Qanunda “Qanun”un Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunun nəzərə alınması xüsusi vurğulanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli, 14 oktyabr 2004-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar,Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxilolduğu blokun bərpası, işlənməsi və X13 haqqında” Sazişin 5-ci əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökümətinin təminatı vəöhdəlikləri təsdiq edilmişdir. Sazişin 8.6cımaddəsinə əsasən, İddiaçı şirkəti Podratçı tərəflərin neft-qaz əməliyyatları ilə bağlı təlimatlarını və ya göstərişlərini yerinə yetirərək bu Saziş üzrə Əməliyyatçı kimi fəaliyyət göstərir. Sazişin 3-cü maddəsində Şirkətin neft-qaz əməliyyatlarını hamılıqla tanınmış beynəlxalq standartlar əsasında aparmaq öhdəliyi nəzərdə tutulmuşdur. Bu standartlar əsasında öhdəliyin yerinə yetirilməsi üçün lazımi şəraitin yaradılmasına Azərbaycan Respublikası Hökuməti müvafiq təminat və öhdəliklər vermişdir.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
14. İlkin iddia üzrə İddiaçı Şirkətinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı deyil. Mübahisələndirilən torpaq sahəsi 2004-cü ildəki Sazişə əsasən İddiaçı Şirkətinin daimi istifadəsinə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşir. Həmin ərazilərdə tikilinin olması həm qanunazidd, həm də təhlükəlidir. Ekspert də həmin ərazinin Dövlət Neft Şirkətinə mənsub olması ilə bağlı rəy vermişdir. İddiaçı Şirkətinin iddia tələbinin əsaslı olduğunu və birinci instansiya məhkəməsinin heç bir əsas olmadan iddia tələbinizin əsaslı olmadığı qənaətinə gəldiyini hesab edir. Şirkət beynəlxalq saziş əsasında fəaliyyət göstərir. Həmin sazişdə tikilinin sökülməsi üçün hər hansı bir şəxsə kompensasiya ödənilməsi nəzərdə tutulmayıb. Sazişdə ancaq dövlət tərəfindən verilmiş hüquqi təyinatlara əsasən neft-qaz əməliyyatlarının aparılması nəzərdə tutulmuşdur. Şirkət də bundan istifadə etmək məqsədi ilə iddia tələbini irəli sürmüşdür. Birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini və qarşılıqlı iddianın təmin edilməməsini xahiş edir. Həmçinin, cavabdehin evi ilə bağlı sonradan onlar dəqiqləşdirmə ediblər. Ali Məhkəmənin bu məsələ ilə bağlı 2 qərarı var. Ali Məhkəmə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarına istinad etmişdir ki, neft sənayesi ərazisində hər hansı bir tikinti aparılarkən risklər nəzərə alınmalı idi, qarşı tərəf bu məsələni mübahisələndirilə bilər. Cavabdeh hazırda inşa etdiyi özbaşına tikiliyə görə şirkətdən kompensasiya tələb edə bilməz.
15. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, İcra nümayəndəliyinə, Binəqədi Rayon İcra Hakimiyyətinə tikinti ilə bağlı ərizə verib, bir-neçə dəfə qəbulda olub. İcra başçısı onu deyib ki, tikə bilərsə tiksin. Bu ərazinin İddiaçı Şirkətinin olduğunu bilirdi. İcra başçısı razılıq verib, amma sənəd verməyib. Həmin ərazi ilə üzbəüz 313 saylı məktəb var, arxa hissəsində məktəb kompleksi tikilir. Bağçanın qapısı ilə üzbəüzdür. O, torpaq sahəsini daha çox bilirdi, amma ekspert 390 kv.metr olduğunu müəyyən edib. 10 il bundan qabaq işləyən neft buruqları süxurlar parçalandığına görə fəaliyyətini dayandırıb. Onun evinin yanından keçən su və neft borusunun işləməsi barədə isə ekspert məlumatı olmadığını bildirib. Onların təqdim etdiyi xəritədə göstərildiyi kimi məktəblə onların ərazisində boru yoxdur. Nə məktəbin, nə də onların ərazisində buruq işləmir. Onun evi bələdiyyə ilə yanaşıdır. Binəqədi rayon məhkəməsində ekspert gəlib evin uzunluğunu, enini, hətta zirzəminin ölçülərini müəyyən etdi, ekspert 154 kv.metr olduğunu bildirdi. İkinci ekspertiza keçiriləndə kənar ölçüləri də götürüb. Onun hasarı 50 santimetr kənardır, onun qarşısında maşınlar, digər nəqliyyat vasitələri keçir. Onların həyətdən arxada buruğa qədər 2 həyət var. Dövlət Neft Şirkətinin işçiləri indiyə qədər gəlib ona heç bir söz deməyib. Rayon məhkəməsinin qətnaməsini qüvvədə saxlamağını xahiş edir. Onlar evi 2004-cü ildə inşa ediblər, 2009-cu ildən də yaşayırlar. O, kommunal xərclərlə bağlı sənədləri iş materiallarına əlavə edib, orada neçə illərdir ki, yaşayır. O, torpaq vergisini yox, əmlak vergisini ödəyir. Ona görə ki,torpaq onun deyil, Dövlət Neft Şirkətinindir. Tikdiyi evin vergisini gecikdirmədən ödəyir.
16. Binəqədi rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü çəxs qismində cəlb olunmuşdur. Məhkəmə iclasının vaxtı barədə məlumatlandirilmasına baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.
Tətbiq edilən hüquq normaları:
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Maddə 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir.
18. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
19. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Maddə 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilmişdir. Qətnamə ilkin iddia üzrə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İlkin iddia üzrə iddiaçı isə qarşılıqlı iddia tələbinin qismən təmin edilmiş hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, qətnamə qarşılıqlı iddia tələbinə aid hissədə ilkin iddia üzrə iddiaçıya münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – “qarşılıqlı iddia tələbinə aid hissədə ləğv edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir.
24. Belə ki, işin halları ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən tərtib edilərək təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun kontrakt sahəsinin coğrafi koordinatlarına əsasən cavabdeh tərəfindən inşa olunmuş tikili "X14" şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində inşa edilmişdir.
25. "X14" şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tikilmiş özbaşına tikilinin sökülməsini xahiş etmiş, Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, fərdi yaşayış evi söküləcəyi təqrdirdə ona dəyəcək zərərin əvəzi olaraq kompensasiyanın ödənilməsini xahiş etmişdir.
26. Birinci instansiya məhkəməsi tərəfndən ilkin iddia tələbi təmin, qarşılıqlı iddia tələbi qismən təmin edilmişdir.
27. Hazırda birinci instansiya məhkəməsinin qətnaməsi "X14" şirkəti tərəfindən qarşılıqlı iddia tələbinə aid hissədə mübahisələndirilir.
28. Qanuna əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
29. Hazırkı işin müəyyən olunmuş hallarından görünür ki, mübahisə predmeti olan tikili, dövlətə məxsus, iddiaçının qanuni istifadəsində olan, neft yataqlarının daxil olduğu blokun kontrakt sahəsi ərazisində inşa edilən özbaşına tikilidir.
30. Belə ki, işə apellyasiya instansiya məhkəməsində baxılması zamanı iş üzrə tikintitexniki ekspertizası təyin edilmişdir.
31. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş 19 mart 2024-cü il tarixli, 3-16-16/2-10/9951 nömrəli ekspert rəyində qeyd edilir ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən bildirilir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 390.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikili mövcuddur. (torpaq sahəsinə dair sənəd təqdim olunmayıb). Göstərilən torpaq sahəsinin koordinantlarını əks etdirən sxem mütəxəssis rəyinə əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki göstərilən 390.0 kv.m sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir. Sahənin 13-14 metr məsafəsində neft quyusunun baza məlumatı var.
32. Özbaşına tikili habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
33. İş materiallarının araşdırılması zamanı cavabdeh tərəfindən tikinti işlərinin aparılması üçün aidiyyəti inzibati orqanlardan lazımi icazələr alması müəyyən edilməmiş, həmçinin bununla bağlı sənədlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından görünür ki, mübahisə predmeti olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X13 haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (bundan sonra – ARDNŞ), X17 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında imzalanmış 29 sentyabr 2004-cü il tarixli sazişə əsasən "X14" şirkətinin istifadəsinə verilmişdir.
35. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı Cavabdeh izahatında bildirir ki, fərdi yaşayış evi 2004-cü ildə tikilməyə başlamış, 2009-cu ildən evdə yaşamışlar, ərazinin "X14" şirkətinin istifadəsində olduğunu bilirmiş. Cavabdeh tikintinin aparılması ilə bağlı aidiyyatı orqanlardan icazələr alındığını bildirsə də, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin “S.Əhmədovanın Azərbaycana qarşı” iş üzrə 18 noyabr 2021-ci il tarixli qərarında bu qəbildən olan işlərə baxılan zaman Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsində təsbit edilən “mənzilə hörmət” hüququnun qorunmasını dövlətin pozitiv öhdəliyi kimi tanımışdır.
37. Lakin işin hallarından görünür ki, cavabdeh özbaşına tikilini inşa edərkən torpaq sahəsinin "X14" şirkətinə məxsus ərazidə inşa edildiyini bilmiş, hüquq qaydalarına uyğun davranmamış və mövcud şərtlər daxilində inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməli olmuşdur.
38. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi cavabdehin əmlak hüquqlarına müdaxilə kimi qiymətləndirilməməlidir.
39. Avropa Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” qərarının da məzmunundan göründüyü kimi, Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir.
40. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılıması üçün hər hansı prosedur olmadığı halda hazırkı şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, köçürülmə qərarı belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir.
41. Göründüyü kimi, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir.
42. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, ilkin iddia üzrə İddiaçı Şirkətinin apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-443/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən – “İddiaçı Şirkətindən kompensasiya olaraq 81400 (səksən bir min dörd yüz) manat məbləğində pul vəsaiti alınaraq Cavabdeh ödənilməsi, kompensasiyanın verilməsi və İddiaçı Şirkətinin Saziş ərazisi hüdudları daxilində, kadastr nömrəsi 20336 olan, 3 saylı mədənin 6-cı sahəsində yerləşən neft xəttinin mühafizə zolağında yerləşən torpaq sahəsi üzərində inşa edilmiş və ünvan 2 ünvanında inşa edilmiş özbaşına tikilinin sökülməsi eyni vaxtda icra edilməsi” hissəsində ləğv edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməli, qətnamə ilkin iddia tələbinin təmin edilən hissəsində həmin ərazidə neft qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməlidir.
43. Məhkəmə kollegiyası izah edir ki, qətnamə icra edildiyi zaman yaşayış sahəsinə ehtiyacı olan aztəminatlı əhali kateqoriyasına aid olduğu halda Cavabdeh Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Vİİ fəsli ilə nəzərdə tutulmuş qaydada sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə edə bilər.
44. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
İlkin iddia üzrə İddiaçı Şirkətinin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-443/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən – “İddiaçı Şirkətindən kompensasiya olaraq 81400 (səksən bir min dörd yüz) manat məbləğində pul vəsaiti alınaraq Cavabdeh ödənilməsi, kompensasiyanın verilməsi və İddiaçı Şirkətinin Saziş ərazisi hüdudları daxilində, kadastr nömrəsi 20336 olan, 3 saylı mədənin 6-cı sahəsində yerləşən neft xəttinin mühafizə zolağında yerləşən torpaq sahəsi üzərində inşa edilmiş və ünvan 2 ünvanında inşa edilmiş özbaşına tikilinin sökülməsi eyni vaxtda icra edilməsi” hissəsində ləğv edilsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli manat) manat Cavabdeh alınaraq İddiaçı Şirkətinə ödənilsin. Ekspertiza xərcinin əvəzi olan 50 manat məbləğində pulun 25 manatı İddiaçı Şirkətindən, 25 manatı isə Cavabdeh alınaraq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün Qətnamə ilkin iddia tələbinin təmin edilən hissəsində həmin ərazidə neft qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev