Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10900/2021 26.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5574/2021 saylı, 23.08.2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı onun Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 32 saylı evin 60 saylı mənzilinə köçürülməyi, cavabdehlərin 3 uşaqları ilə birlikdə həmin mənzildən çıxarılmaları, həmin mənzilin tam boşaldılaraq ona təhvil verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı mənzili 05.10.2020-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində alqı-satqı müqaviləsi ilə Cavabdeh1 pul verib almışdır. Həmin müqaviləni Daşınmaz Əmlakın Dövlət Reyestir Xidmətinə təqdim edərək adına 07.10.2020-ci il tarixdə dövlət reyestrindən çıxarış almışdır. Mənzil mülkiyyətçisinin əri Cavabdeh2 "xxxx" MMC-yə kredit borcunun təminatı olaraq girovda olduğundan alqı-satqı zamanı 6,348,66 manat cavabdehlərin kredit borcunu tam ödəyərək Mənzili girovdan azad etmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq cavabdehlər onun mülkiyyətində olan mənzili boşaltmır, müxtəlif bəhanələr gətirir və boşaltmaqdan imtina edirlər. Alqı-satqı müqaviləsinin 11-ci maddəsində göstərilir ki, satıcı mənzili 01.02.2021-ci il tarixədək boşaldıb onun sahibliyinə verəcəkdir. Həmin müddət bitdikdə cavabdehlərin xahişi ilə bir ay da möhlət vermiş, lakin həmin vaxt bitdikdən sonra da cavabdehlər Mənzili boşaltmayaraq yenə də müxtəlif bəhanələr gətirmişlər. Belə olan halda o, məcburiyyət qarşısında qalaraq yenə də gözləmək qərarına gəlmişdir. O, dəfələrlə cavabdehlərdən mənzildən könüllü çıxmalarını xahiş etsə də, onlar imtina etmişlər. O, Mənzilin xüsusi mülkiyyətçisiydir, onun mülkiyyət hüquqları məhkəmə tərəfindən müdafiə edilməlidir. O, xüsusi mülkiyyətində olan mənzilə köçüb yaşaya bilmir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5574/2021 saylı, 23.08.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 3 uşaqları (X2, X3 və X1) ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 32 saylı evin 60 saylı mənzilindən çıxarılması, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 32 saylı evin 60 saylı mənzilinə köçürülməsi qət edilmişdir (sədrlik edən: Pərviz Zamanlı).
4. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıdan 60000 manat pul vəsaiti Cavabdeh2 tərəfindən borc alınmışdır. Bununla bağlı notariat orqanında borc müqaviləsi bağlanmışdır. Bu borcun müqavbilində isə qarşı tərəfə təminat kimi cavabdehin qanuni mülkiyyətində olan yaşayış evini iddiaçı adına keçirtməyi tələb etmişdir. Daha sonra cavabdeh borcun qaytarılması və evin Cavabdeh1 adına rəsmiləşdirilməsini istəsə də, iddiaçı bundan imtina etmişdir. 05.10.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqısı ilə bağlı müqavilə görünüş üçün bağlanan müqavilədir və etibarsız sayılmalıdır. Evin dəyəri müqavilədə göstərilən kimi real məbləğdə olmamışdır. Yəni, müqavilədə 80000 göstərilsə də, iddiaçı cavabdehə o qədər ödəməmişdir. Sadəcə görünüş üçün Notariat ofisində pul məbləğinin yüksək göstərilməsi məcbur olunduğundan , yəni evin real dəyəri yüksək olduğundan, iddiaçı borc müqabilində əldə etdiyi mülkiyyətə yüksək məbləğ göstərməyə məcbur qalmışdır. Buna görə də, 80000 manat müqabilində evin dəyəri kimi göstərilib, Kapital Bankda Notariat Ofisinin Depozit hesabına ödəniş etsə də, daha sonra 20000 manatı elə notariat ofisində kamera qarşısında özü üçün götürmüşdür. Tərəflərin izahatları:
6. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
7. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehlərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:
10. Belə ki, iş materiallarında olan AN-İN ******* saylı, 05.10.2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak "xxxx" BOKT MMC ilə 30.01.2015-ci il tarixdə ünvan 2 Asan Xidmət Mərkəzinin Notariat ofisində bağlanmış 3M-39 reyestr saylı ipoteka müqaviləsi əsasında Cavabdeh2 həmin kredit təşkilatından götürdüyü kreditin təminatı olaraq girov qoyulmuşdur. Alıcı İddiaçı satıcı Cavabdeh1 satdığı tam hissəni ondan 80000 manat qiymətinə satın aldı. Hüquqi dəyərləndirmə:
11. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsində hər kəsin mülkiyyət hüququna malik olması, mülkiyyət hüququnun, o cümlədən xüsusi mülkiyyət hüququnun qanunla qorunması, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarına malik olması, heç kəsin məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməməsi kimi təməl hüquqlarının olması əks olunmuşdur. Mülkiyyət hüququnun üstün hüquq olaraq müdafiəsi, qorunması və toxunulmazlığı, eyni zamanda beynəlxalq sənədlərdə və ayrı-ayrı milli qanunvericilik aktlarında da göstərilmişdir.
12. İddiaçının Mənzilə dair mülkiyyət hüququna malik olması işin mübahisəsiz halıdır. İş materialları əsasında da müəyyən edilir ki, iddiaçı daşınmaz əmlakın alqı-satqısına dair 05.10.2020-ci il tarixli Müqavilə əsasında Mənzili əldə etmiş və onun mülkiyyət hüquqları dövlət reyestrində 07.10.2020-ci il tarixdə qeydiyyata alınmaqla, bu barədə ona Çıxarış verilmişdir. Cavabdeh1 isə Mənzilə dair hazırda hər hansı hüquqları mövcud deyil. Belə ki, iddiaçının mülkiyyət hüququ qeydə alındığı andan onun həmin Mənzilə dair mülkiyyət hüququna xitam verilmişdir.
13. Azərbaycan Respublikası MM-nin 178.1-ci və 203.1-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.
14. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
15. Göstərilən qanunvericilik normalarına əsasən kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının Mənzilə dair mülkiyyət hüququ qeydiyyata alınmaqla Cavabdeh1 həmin əmlaka mülkiyyət hüququna dair qeyd yazısı ləğv edildiyindən, onun Mənzilə dair hər hansı hüquqları (istifadə, sahiblik və sərəncam hüquqları) saxlanıla bilməz. Bundan başqa, Cavabdeh1 Mənzilə dair 05.10.2020-ci il tarixdə bağladığı müqavilənin 11-ci maddəsində göstərilir ki, satıcı mənzili 01.02.2021-ci il tarixədək alıcının (iddiaçının) faktiki sahibliyinə verəcəyinə dair öhdəlik də götürmüşdür. Onun bu öhdəliyi həm də, Mənzili müqavilədə göstərilən müddətdə boşaltması ilə bağlı öhdəliyini də ehtiva etmiş olur. Eyni zamanda, digər cavabdeh, Cavabdeh1 əri Cavabdeh2 də Mənzilin satılmasına etiraz etmədiyini və razı olduğunu bildirmişdir.
16. Cavabdehlər apellyasiya şikayətlərində mübahisəli mənzilin iddiaçıdan aldıqları 60000 manat borc müqabilində borcun təminatı kimi iddiaçıya verdiklərini, daha sonra borcun qaytarılması qarşılığında mənzilin geri verilməsini istəmələrinə baxmayaraq iddiaçının mənzili geri vermək istəməməsi, həmçinin 05.10.2020-ci il tarixli müqavilənin görünüş üçün bağlanan müqavilə olması hallarına istinad etmişlər. Bundan başqa, apellyasiya şikayətində cavabdehlər 80000 manatın müqavilənin dəyəri kimi göstərilməsini, 20000 manatın isə iddiaçı tərəfindən götürülməsini qeyd etmişdlər.
17. Kollegiya cavabdehlərin apellyasiya şikayətinin bu dəlillərinə münasibətdə qeyd edir ki, cavabdehlər iddiaçıdan 60000 manat borc almalarını, müqavilənin həqiqətən də görünüş üçün bağlanan əqd olmasını, mənzilin dəyərinin 80000 manat olmasını və 20000 manatın iddiaçı tərəfindən notariat ofisində geri götürülməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər və bununla bağlı iş materiallarında hər hansı sübut aşkar edilməmişdir.
18. Bundan başqa, iddiaçı kollegiya iclasında verdiyi izahatında bildirmişdir ki, o cavabdehi alqı-satqıdan əvvəl tanımamış, onu ev axtarmaq üçün müraciət etdiyi makler vasitəsi ilə tanımışdır.
19. Kollegiya qeyd edir ki, iddiaçı cavabdehlə aralarında borc münasibətinin olmasını təsdiq etməmiş, cavabdeh isə onlar arasında borc münasibətinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, cavabdehin sözügedən mənzili iddiaçıya borc müqabilində verməsi iş materialları ilə təsdiq edilmədiyindən apellyasiya şikayətinin dəlilləri mülahizə xarakteri daşıyır və qətnamənin ləğvi üçün əsas deyildir.
20. Bundan əlavə, 05.10.2020-ci il tarixli müqavilədə qeyd olunur ki, ünvan 1 ünvanında yerləşən əmlak "xxxx" BOKT MMC ilə 30.01.2015-ci il tarixdə ünvan 2 Asan Xidmət Mərkəzinin Notariat ofisində bağlanmış 3M-39 reyestr saylı ipoteka müqaviləsi əsasında Cavabdeh2 həmin kredit təşkilatından götürdüyü kreditin təminatı olaraq girov qoyulmuşdur.
21. Sadalanan xüsusatlara əsasən, kollegiya qeyd edir ki, hazırda iddiaçı mübahisələndirilən əmlakın mükiyyətçisi olduğundan, cavabdehlərin həmin mənzildə qalmaları iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdığından iddia tələbinin təmin edilməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
23. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
24. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlər apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməs
q ə t e t d i:
Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5574/2021 saylı, 23.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev