Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10903/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(011)-3564/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı 15.06.2019-cu il tarixli müqaviləyə əsasən 1239 manat əsas, 371 manat dəbbə pulunun, 15.11.2019-cu il tarixli müqaviləyə əsasən 4590 manat əsas, 1147 manat dəbbə pulunun, 19.11.2019-cu il tarixli müqaviləyə əsasən 3870 manat əsas, 967 manat dəbbə pulunun, cəmi 12184 manat pulun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında 15.06.2019-cu il tarixdə “iPhone X” markalı telefonun nisyə alqı-satqısı barədə 00723399 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 2224 manat, ilkin ödəniş 100 manat, ödəniş müddəti 12 ay olmaqla, aylıq ödəniş 177 manat müəyyən edilmişdir. Əşya cavabdehə 15.06.2019-cu il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında 15.11.2019-cu il tarixdə “iPhone 11 Pro Max” markalı telefonun nisyə alqı-satqısı barədə 01052858 saylı nisyə müqavilə bağlanmışdır. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 4590 manat, ilkin ödəniş 0 manat, ödəniş müdəti 18 ay olmaqla, aylıq ödəniş 255 manat müəyyən edilmişdir. Əşya cavabdehə 15.11.2019-cu il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında 19.11.2019-cu il tarixdə “iPhone 11 Pro Max” markalı telefonun nisyə alqı-satqısı barədə 01061577 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 4599 manat, ilkin ödəniş 729 manat, ödəniş müddəti 18 ay olmaqla, aylıq ödəniş 215 manat müəyyən edilmişdir. Əşya cavabdehə 19.11.2019-cu il tarixdə təhvil verilmişdir. Müqavilələr üzrə cavabeh tərəfindən ödənişlər qismən edilmişdır. İddiaçının verdiyi maliyyə və ödəniş cədvəlinə görə cavabdehin birinci müqavilə üzrə ödədiyi pul məbləği 985 manat, qalıq borcu 1239 manat, dəbbə pulu 371 manat, ikinci müqavilə üzrə qalıq borcu 4590 manat və dəbbə pulu 1147 manat, üçüncü müqavilə üzrə ödədiyi pul məbləği 729 manat, qalıq borcu 3870 manat və dəbbə pulu 967 manat təşkil edir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 3 müqavilə üzrə cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə onun birinci müqavilə üzrə “iPhone X” markalı telefon üçün qalıq borcu 1239 manat, dəbbə pulu 371 manat, ikinci müqavilə üzrə “iPhone 11 Pro Max” markalı telefon üçün qalıq borcu 4590 manat və dəbbə pulu 1147 manat, “iPhone 11 Pro Max” markalı telefon üçün qalıq borcu 3870 manat və dəbbə pulu 967 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1714 manat təşkil edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(011)-3564/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, 15.06.2019-cu tarixli müqaviləyə əsasən 1239 manat əsas, 40 manat dəbbə pulu, 15.11.2019-cu il tarixli müqaviləyə əsasən 4590 manat əsas, 100 manat dəbbə pulu, 19.11.2019-cu il tarixli müqaviləyə əsasən 3870 manat əsas, 90 manat dəbbə pulu olmaqla, cəmi 9929 manat əsas borc və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3564/2021 saylı iş üzrə 22.04.2021-ci il tarixli qətnaməsinin qanunsuz və əsassız olduğundan ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 22.04.2021-ci il tarixli qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinin təmin edilməməklə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, o, məhkəmə iclasında ifadə verərək bildirmiş ki, həmin müqavilələr üzrə telefonları Nailə adlı bir xanıma vermiş. Nailə xanım ona bildirmişdir ki, həmin müqavilələr üzrə pulları o ödəyəcəkdir, lakin onun etibarından sui-istifadə edərək pulları ödəməmişdir və Azərbaycanı tərk etmişdir. Dəfələrlə edilmiş müraciyətlərə baxmayaraq Nailə xanım tərəfindən öz öhdəliklərinə əməl edilməmişdir. Məhkəmə bu halları araşdırmamışdır, məhkəmə onlara lazımi hüquqi qiymət verməmişdir. Xətai rayon məhkəməsi tərəfindən işə baxarkən qətnamə maddi və prosessual hüquq normalarının pozulması, mübahisənin maddi-hüquqi əsasını düzgün müəyyən etməmiş, düzgün tətbiq və təsvir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilən nəticələr isə işin hallarına uyğun olmadığına görə qətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 576-cı maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin yuxarıda qeyd edilən mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında 3 nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə əlavə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Lakin cavabdeh aldığı malların qiymətini ödəniş cədvəlinə uyğun olaraq tam ödəməməklə öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyası həmçinin, iddianın dəbbə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən dəbbə pulu əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə kollegiyası iddia tələbində göstərilən dəbbə pulunun birinci müqavilə üzrə 40 manat, ikinci müqavilə üzrə 100 manat, üçüncü müqavilə üzrə 90 manat olmaqla, cəmi 230 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsi, 15.06.2019-cu tarixli müqaviləyə əsasən 1239 manat əsas, 40 manat dəbbə pulu, 15.11.2019-cu il tarixli müqaviləyə əsasən 4590 manat əsas, 100 manat dəbbə pulu, 19.11.2019-cu il tarixli müqaviləyə əsasən 3870 manat əsas, 90 manat dəbbə pulu olmaqla, cəmi 9929 manat əsas borc və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Beləliklə, Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmışdır. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, 2(011)-3564/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-10903/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10903/2021
01.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver