Məhkəmə qərarları › İş №2(103)-10909/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10909/2021

05.11.2021 · Müqavilələrin ləğv edilməsi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10909/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Günel Əmirovanın iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “müqaviləyə xitam verilməsi, mənzilin geri qaytarılması, mənzilin üçüncü şəxsə satılması, satışdan əldə edilən vəsaitdən müvafiq tutulmalar edildikdən sonra qalan məbləğin qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin 21.09.2021-ci il tarixli qərardadından İddiaçı MTK tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət təmin olunmalıdır. Belə ki, qərardad onunla əsaslandırılıb ki, iddiaçı mübahisənin məhkəməyə qədər həll qaydasında əməl etməyib. Bu zaman məhkəmə tərəflərin arasında bağlanmış 26.04.2013-cü il tarixli müqavilənin 11.2-ci bəndində qeyd olunan şərtə istinad edib və hesab edib ki, əgər müqavilədən əmələ gələn mübahisə yaranıbsa iddiaçı ilk növbədə cavabdehə müraciət edərək məlumat verməli idi, müraciətə cavab verilməsi müddətini gözləməli idi və bunlar barədə məhkəməyə sübut təqdim etməli idi. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər həmin qərardadın qəbul edilməsindən sonra geri qaytarılmışdır. Ona görə də iş apellyasiya instansiyası məhkəməsinə daxil olarkən iddia ərizəsinə əlavə olunmuş səndlər iş materiallarında olmamışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi geri qaytarılmış sənədləri məhkəmə iclasında məhkəməyə təqdim etmişdir. Həmin sənədlərdən müəyyən olunur ki, iddiaçı cavabdehə 09.09.2021-ci il tarixli bildiriş göndərib. Bildirşdə cavabdehə müqavilə öhdəliyinin icra edilməsi təklif olunub, əks təqdirdə müqaviləyə xitam verilməsi hüququndan istifadə ediləcəyi bildirilib, habelə 10 gün müddətində bu məsələyə münasibət bildirməsi təklif olub. Bildiriş cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana göndərilib, lakin poçt xidməti tərəfindən “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılıb. İddia ərizəsinin qoşmasından görünür ki, “bildiriş, onun çatdırılması barədə qəbz, zərf” qeyd olunub. Yəni iddiaçı həmin sənədləri iddia ərizəsi ilə birlikdə birinci instansiya məhkəməsinə təqdim edib. Ona görə də hesab olunur ki, iddiaçı mübahisənin məhkəməyə qədər həlli ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirib. Odur ki, iddia ərizəsinin geri qaytarılması Mülki-Prosessual Məcəllənin 152.1.6-cı maddəsinin göstərişinə uyğun deyil. Beləliklə, qərardad ləğv olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin 21.09.2021-ci il tarixli qərardadı ləğv olunsun və iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar