Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1091/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X2 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)- 4607/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə müvafiq olaraq məhsul cavabdehə təhvil verilmişdir. Lakin daha sonra cavabdeh həmin məhsulu iddiaçıya qaytarmış və iddiaçı tərəfindən məhsul 1.000 manat qiymətləndirilməklə qalıq qalmış 1429 manat borc vəsaitindən çıxılmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən ödənilmiş 100 manat ilkin ödəniş nəzərə alınmaqla qalıq qalmış (ödənilməmiş) 329 manatın tutulmasını xahiş edir. Cavabdeh isə öz növbəsində iddia tələbini qəbul etməyərək məhsulun işlək vəziyyətdə olmadığı üçün geri qaytardığını və hazırda heç bir ödəniş etməməli olduğunu qeyd edir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqavilə üzrə “məhsul qaytarılmasından sonra qalan borc” üçün 329 (üç yüz iyirmi doqquz) manat ödənilməmiş hissə və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, məhsul qaytarılmasından sonra qalan borc almış və nəticədə 329 (üç yüz iyirmi doqquz ) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 429 (dördyüz iyirmi doqquz) manat (3 ay x 143 manat + 0 manat ilkin ödəniş) olan məhsul qaytarılmasından sonra qalan borc üçün ümumilikdə 329 (üç yüz iyirmi doqquz ) manat olmaqla, ondan 329 (üç yüz iyirmi doqquz ) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfı r ) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 100 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)- 4607/2022 saylı qətnaməsi ilə (hakim T.Məmmədov) iddia tələbi rədd edilmişdir.
5. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, məhsul hazırda iddiaçının sərəncamında olduğu üçün həmin məhsula görə qalıq pul vəsaitinin cavabdehdən tələb olunması özü özlüyündə iddiaçının əsassız varlanmasına gətirib çıxarar. Belə ki, cavabdeh həmin məhsulu istifadə etməmiş və müvafiq qüsurları aşkar etdikdən sonra iddiaçıya geri qaytarmışdır. Məhsulda nasazlığın məhz cavabdehin təqsiri üzündən əmələ gəlməsi halı da iddiaçı tərəfindən sübut edilməmişdir. Bu baxımdan da məhkəmə hesab edir ki, iddia tələbi qanunsuz və əsassızdır.
6. Məhkəmə öz mövqeyini AR Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 448.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(010)-4607/2022 saylı iş üzrə qətnaməsinin tam ləğv edilərək, Cavabdeh ümumilikdə 329 manat və 30 manat dövlət rüsumunun tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi əsassız olaraq iddia tələbinin təmin edilməməsi barədə nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə müvafiq olaraq məhsul cavabdehə qüsursuz təhvil verilmişdir. Lakin daha sonra cavabdeh məhsulu iddiaçıya qaytarmış və iddiaçı tərəfindən məhsul 1.000 manat qiymətləndirilməklə qalıq qalmış 1429 manat borc vəsaitindən çıxılmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən ödənilmiş 100 manat ilkin ödəniş nəzərə alınmaqla qalıq qalmış (ödənilməmiş) 329 manatın tutulmasını xahiş edir. Cavabdeh isə öz növbəsində iddia tələbini qəbul etməyərək məhsulun işlək vəziyyətdə olmadığı üçün geri qaytardığını və hazırda heçbir ödəniş etməməli olduğunu qeyd edir, lakin cavabdeh məhsulun işlək vəziyyətdə olmadığını istər məhkəməyə müraciət etməzdən əvvəl istər məhkəmə prosesində sübut etməmişdir. Eyni zamanda iş materiallarında olan iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “məhsul qaytarılmasından sonra qalan borc” müqaviləsindən (R azılaşma) görünür ki,xx.xx.2020-ci il tarixli, 21164058 nömrəli müqavilə üzrə əldə edilmiş HP Pavilion 15-Cs 3048Ur (9P z12E a) markalı, 5CD00407L 2 seriya nömrəli mal Müştərinin istəyi ilə iddiaçıya qaytarılmış və mal iddiaçı tərəfindən 1000 manat qiymətləndirilmişdir. Həmin məbləğ tərəflərin qarşılıqlı razılığı əsasında qaytarılma zamanı Müştərinin iddiaçıya olan bu məhsul üzrə qalıq 1429 manat məbləğində borcdan çıxılmış və açıq qalan borc məbləğinin Razılaşmanın 2-ci bəndində verilmiş qrafik üzrə ödənməsi müəyyən edilmişdir. Eyni zamanda məhkəmə nəzərə almamışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixli Razılaşmaya əsasən xx.xx.2021-ci il tarixdə 50 AZN və xx.xx.2021-ci il tarixdə 50 AZN öhdəlik üzrə ödənişlər etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
11. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 12.Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 13.Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 14.Maddə 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur.
15. Maddə 582.1. Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır.
16. Maddə 587.2.1. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
17.14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 18.77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
19.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 20.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 21.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 22.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddianın təmin edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməlidir.
24. Belə ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “məhsul qaytarılmasından sonra qalan borc” müqaviləsindən (Razılaşma) görünür ki, xx.xx.2020-ci il tarixli, 21164058 nömrəli müqavilə üzrə əldə edilmiş HP Pavilion 15-Cs 3048Ur (9Pz12Ea) markalı, 5CD00407L2 seriya nömrəli mal Müştərinin istəyi ilə iddiaçıya qaytarılmış və mal iddiaçı tərəfindən 1000 manat qiymətləndirilmişdir. Həmin məbləğ tərəflərin qarşılıqlı razılığı əsasında qaytarılma zamanı Müştərinin iddiaçıya olan bu məhsul üzrə qalıq 1429 manat məbləğində borcdan çıxılmış və açıq qalan borc məbləğinin Razılaşmanın 2-ci bəndində verilmiş qrafik üzrə ödənməsi müəyyən edilmişdir.
25. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 329 manat ödənilməmiş hissə, 0 manat dəbbə pulu olmaqla, ümumilikdə 329 manat borcu vardır.
26. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən araşdırılan sənədlərdin təhlili onu deməyə əsas verir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə müvafiq olaraq məhsul cavabdehə təhvil verilmişdir. Lakin daha sonra cavabdeh həmin məhsulu iddiaçıya qaytarmış və iddiaçı tərəfindən məhsul 1.000 manat qiymətləndirilməklə qalıq qalmış 1429 manat borc vəsaitindən çıxılmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən ödənilmiş 100 manat ilkin ödəniş nəzərə alınmaqla qalıq qalmış (ödənilməmiş) 329 manatın tutulmasını xahiş edir. Cavabdeh isə öz növbəsində iddia tələbini qəbul etməyərək məhsulun işlək vəziyyətdə olmadığı üçün geri qaytardığını və hazırda heç bir ödəniş etməməli olduğunu qeyd edir.
27. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhsul hazırda iddiaçının sərəncamında olduğu üçün həmin məhsula görə qalıq pul vəsaitinin cavabdehdən tələb olunması özü özlüyündə iddiaçının əsassız varlanmasına gətirib çıxarar. Belə ki, cavabdeh həmin məhsulu istifadə etməmiş və müvafiq qüsurları aşkar etdikdən sonra iddiaçıya geri qaytarmışdır. Məhsulda nasazlığın məhz cavabdehin təqsiri üzündən əmələ gəlməsi halı da iddiaçı tərəfindən sübut edilməmişdir.
28. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edir.
29. Belə ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə müvafiq olaraq məhsulun cavabdehə qüsursuz təhvil verilməsini tərəflər mübahisələndirməmişlər. Həmçinin müəyyən edilir ki, cavabdeh məhsulu aldıqdan sonra təxminən 7 aya yaxın müddətdə istifadə etmiş, sonradan həmin məhsulu geri qaytarmaq qərarına gəlmiş və tərəflərin qarşılıqlı razılığı əsasında, onların birlikdə tərtib etdikləri yazılı razılaşma əsasında həmin məhsul satıcıya geri qaytarılmışdır.
30. İddiaçının hazırkı iddia tələbi də tərəflərin imzaladıqları həmin razılaşmaya əsaslanır.
31. Belə olduğu halda, iddianın əsassız olmasını müəyyən etmək üçün həmin razılaşmanın etibarlı olub-olmaması məsələsinə qiymət verilməlidir.
32. Cavabdeh birinci instansiya məhkəməsində ixahat verərək almış olduğu məhsulun qüsaurlu olduğunu, bu səbəbdən onu geri qaytardığını bildirmişdir. Lakin qeyd edilən məhsulun qüsurlu olmasına, həmin məhsulun təmiri üçün iddiaçı təşkilata müraciət etməsinə, məhsulun məhz qüsurlu olması səbəbindən qaytarılmasına dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.
33. Əksinə, iş materialları ilə müəyyən edilir ki, məhsul alındıqdan sonra təxminən 7 aya yaxın müddət ərzində cavabdehin istifadəsində olmuşdur.
34. Tərəflər arasında məhsulun qaytarılmasına dair müqavilə bağlanan zaman həmin məhsulun ilkin satış qiymətindən daha aşağı qiymət müəyyən edilməsi də bununla izah olunur.
35. Bundan başqa, iş materiallarında olan iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli “məhsulun qaytarılmasından sonra qalan borc” müqaviləsindən (Razılaşma) görünür ki, xx.xx.2020-ci il tarixli, 21164058 nömrəli müqavilə üzrə cavabdehin xx.xx.2021-ci il tarixli Razılaşmaya əsasən xx.xx.2021-ci il tarixdə 50 AZN və xx.xx.2021-ci il tarixdə 50 AZN öhdəlik üzrə ödənişlər etməsi müəyyən edilmişdir.
36. Bu ödənişlərin aparılması cavabdehin həmin müqaviləni öz iradəsinə uyğun olaraq bağlamasını və şərtlərinin də qarşılıqlı razılıq əsasında müəyyən edilməsini, habelə borcun müqavilədə göstərilən məbləğdə olmasını bir daha təsdiq edir.
37. Göstərilənlərdən bu qənaətə gəlmək olur ki, iddia tələbi əsaslı olmuşdur. Lakin işə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almamış, işin hallarını düzgün müəyyən etməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir və iş üzrə səhv nəticəyə gəlmişdir.
38. Bu səbəbdən kollegiya apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və bu nəticəyə gəlir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ləğv edilməli, iddianın təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməlidir.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
40. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
41. Kollegiya qeyd edir ki, iddianın qiyməti 5000 manatdan az olduğundan AR MPMnin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)- 4607/2022 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh 329 (üç yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, iddia ərizəsinin verilməsi 30 manat və apellyasiya şikayətinin verilməsi üçün 15 manat dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.