Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10914/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi X1, Cavabdeh “Zamin Əmlak” daşınmaz əmlakın nümayəndəsi və vəkili X4 iştirakları ilə, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 10 senytabr 2021-ci tarixli, 2(011)-5592/2020 saylı qərardadından cavabdehlər “Zamin Əmlak” daşınmaz əmlakın təsisçisi X2 və Cavabdeh2 tərəfindən verilən şikayətlərə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyinə və Cavabdeh2 qarşı “beh məbləğinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5592/2020 saylı 17.11.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyindən 34000 manat məbləğində behin və 600 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2(011)-5592/2020 nömrəli qətnaməsindən cavabdeh “Zamin Əmlak” Daşınmaz Əmlak Agentliyi tərəfindən verilmiş apelyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5592/2020 saylı 17.11.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti və həmin şikayətin verilməsi üçün buraxılmış müddətin ötürülməmiş hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5592/2020 saylı, 17.11.2020-ci il tarixli qətnaməsi nə ona, nə də birinci instansiya məhkəməsində iştirak edən vəkilinə təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5592/2020 saylı, 17.11.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməmiş hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 10 sentyabr 2021-ci tarixli, 2(011)-5592/2020 saylı qərardadı ilə İddiaçı Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5592/2020 saylı 17.11.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti təmin edilmişdir. Cavabdeh “Zamin Əmlak” daşınmaz əmlakın təsisçisi X2 tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 10 sentyabr 2021-ci tarixli, 2(011)-5592/2020 saylı qərardadından verdiyi şikayət, həmin məhkəmənin 29 sentyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Digər Cavabdeh2 tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 10 sentyabr 2021-ci tarixli, 2(011)-5592/2020 saylı qərardadından verdiyi şikayət,həmin məhkəmənin 07 oktyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh “Zamin Əmlak” daşınmaz əmlakın təsisçisi X2 tərəfindən verilmiş şikayət onunla əsaslandırmışdır ki, qətnamə tərəflərə göndərilmiş, iddiaçının adından imzalanmış qəbzlə özü və ya vəkalətli nümayəndəsi qətnaməni alaraq məlumatlı olmuş və razılaşmışdır. Qətnamədən İddiaçı apellyasiya şikayəti verməmiş, cavabdeh X2 apellyasiya şikayəti vermişdir. Digər Cavabdeh2 tərəfindən verilmiş şikayət onunla əsaslandırılmışdır ki, qətnamədən yalnız iş üzrə cavabdeh X2 tərəfindən apellyasiya şikayəti verilmişdir, İddiaçı apellyasiya şikayəti verməmişdir. Buna baxmayaraq iddiaçı uzun müddət qətnamənin məzmunundan məlumatlı olmuş və işə apellyasiya instansiyasında baxılarkən şikayət vermişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh “Zamin Əmlak” daşınmaz əmlakın vəkili və nümayəndəsi X7 şikayəti müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi X3 şikayəti qəbul etməyərək, onun təmin edilməməsini və qərardadın dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayətlər təmin edilməməli, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 10 sentyabr 2021-ci tarixli, 2(011)- 5592/2020 saylı qərardadı ləğv edilməli, İddiaçı tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5592/2020 saylı 17.11.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti ötürülməmiş hesab edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli, 4/995 №-li ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2(011)-5592/2020 nömrəli mülki işin 35-ci vərəqəsində olan məhkəmə qəbzində “İmza” qrafasındakı imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafıə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq-hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafıəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. MPM-nin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5592/2020 saylı, 17.11.2020-ci il tarixli qətnaməsi 08 dekabr 2020-ci il tarixdə məhkəmə qəbzinə imza edilməklə qəbul edilsə də, ekspert rəyi ilə müəyyən edilmişdir ki, həmin məhkəmə qəbzindəki imza İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Kollegiya hesab edir ki, qətnamə iddiaçı tərəfindən gec alındığından, müddət ötürülməmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər “Zamin Əmlak” daşınmaz əmlak və Cavabdeh2 tərəfindən verilən şikayətlər təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 10 sentyabr 2021-ci tarixli, 2(011)- 5592/2020 saylı qərardadı ləğv edilsin. İş üzrə yeni qərardad qəbul edilsin. Ərizə təmin edilsin. İddiaçı tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5592/2020 saylı 17.11.2020ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət ötürülməmiş hesab edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-10914/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10914/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver