Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10915/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil2, Müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X2, X6 və X3 nümayəndəsi və vəkili X5 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(009)-106/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ev 1 A (ünvan 1 ünvanının qonşuluğunda aparılmış qanunsuz tikilinin sökülərək əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, İddiaçı iddianın təmin etmə tədbiri barədə ərizə verərək, ünvan 2 ünvanının qonşuluğunda cavabdeh "xxxx" MMC-nin və digər şəxslərin tikinti işlərini dayandırmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, ünvan 2 ünvanının qonşuluğunda hər hansı təmir-tikinti işlərinin aparılması cavabdeh "xxxx" MMC-yə və digər şəxslərə qadağan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(009)- 106/2021 saylı qətnaməsilə İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddiası təmin edilməmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X2, X6 və X3 nümayəndəsi və vəkili X7 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qərardadından şikayət verərək, iddiaçı tərəfindən qaldırılmış tələb rədd edildiyindən, qərardadın ləğv olunmasını xahiş edilir Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(009)- 106/2021 saylı qərardadı ilə şikayət təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadından İddiaçı şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisəli tikintinin layihələndirilməsinə dair Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısının 02 sentyabr 2016-cı il tarixli 120 saylı Sərəncamının tələblərinə görə "xxxx" MMC layihəyə əsasən ərazidə yerləşən köhnə tikililəri razılıq əsasında qiyməti ədalətli şəkildə əvvəlcədən ödənilməklə sökdükdən sonra tikintiyə başlamalı idi. FHN TTNDA-nin 07.10.2021-ci il tarixli məktubu tikintinin qanunsuzluğunu tam təsdiq edir. Məhkəmə isə qərardadı ləğv edərkən, bunları nəzərə almamışdır Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil2 və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X2, X6 və X3 nümayəndəsi və vəkili X7 şikayəti əsassız hesab edərək, təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birilkdə araşdırıb hesab edir ki, şikayət əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iddianın təmini tədbiri barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsinə dair 05.10.2021-ci il tarixli qərardadını onunla əsaslandırmışdır ki, hazırki iddia tələbi təmin olunmadığından və tikintinin dayandırılmasının 3-cü şəxslərin gözlənilən mülkiyyət hüququnu lüzumsuz yerə məhdudlaşdırdığından, iddianın təmini tədbiri əsaslı hesab edilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1 və 157.2-ci maddələrinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunun mənasına görə müvəqqəti təminat tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə müvəqqəti təminat tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, müvəqqəti təminat tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.2 və 158.1.3-cü maddələrinə görə, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, həmçinin mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə müvəqqəti təminat tədbirləri görülə bilər. Kollegiya hesab edir ki, göstərilən növdə müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. İşin hallarından aydın olur ki, iddiaçı əmlak mülkiyyətçisidir, cavabdeh MTK-nın inşa etmək istədiyi tikintinin onun əmlakının yerləşdiyi ərazidə (yaxınlığında) aparılması planlaşdırıldığından o, həmin tikinti işlərinin qanunsuz hesab olunmasını xahiş etmişdir. Başqa sözlə, iddiaçının tələb etdiyi iddianı təmin tədbiri ilə onun iddiası təmin olunacağı təqdirdə qəbul ediləcək qətnamənin gələcəkdəki icrası arasında əlaqə mövcuddur. Kollegiya eləcə də birinci instansiya məhkəməsinin hazırki iddia tələbinin təmin olunmaması barədə gəldiyi nəticə ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından da göründüyü kimi, hazırki iş üzrə qəbul edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2(009)-106/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən apelyasiya şikayəti verildiyindən, iş üzrə qəbul edilmiş qətnamə qanuni qüvvəsini almamışdır. Kollegiya eləcə də qeyd edir ki, mübahisələndirilən qərardaddan əvvəllər cavabdeh MTK-nın, müstəqil tələb irəli sürməyən X1, X4 və X3 və qərardadın maraqlarına toxunduğunu irəli sürən Maraqlı şəxs verdikləri şikayətlər Bakı Apellyasiya Məhkəməsinin müvafiq olaraq 29 sentyabr 2020-ci il, 17 noyabr 2020-ci il və 01 aprel 2021-ci il tarixli qərardadları ilə təmin olunmamış, qərardad dəyişdirilmədən saxlanılmışdır. Eləcə də məhkəmə kollegiyasına təqdim edilmiş Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə ünvanlanmış 07.10.2021-ci il tarixli, 37/34-07309 saylı məktubunda qeyd edilmişdir ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 02 sentyabr 2016-ci il tarixli 120 nömrəli sərəncamı Bakı şəhəri, Səbail rayonu, Tofiq Məmmədov küçəsində yerləşən 0.54 ha torpaq sahəsi çoxmərtəbəli yaşayış binasının tikintisi məqsədi ilə "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Lakin, bu sərəncamın 2-ci bəndinə uyğun olaraq ayrılmış ərazidəki köçürülmə başa çatdırılmadan ünvan 4 ünvanlarında çoxmərtəbəli yaşayış binasının tikintisinə 14.03.2018-ci il tarixli, 8 nömrəli icazə verilmişdir. İcazə sənədi verildikdən sonra yaşayış binasının tikintisinə başlanılmış, lakin ərazidə mövcud olan fərdi yaşayış evinin və diğər tikililərin sökülməsinə dair MMC ilə mülkiyyətçi arasında razılıq əldə olunmadığından, məsələ öz həllini tapmamışdır. Göstərilənləri nəzərə alaraq, Səbail rayon İcra Hakimiyyəti başçısının yuxarıda qeyd olunan sərəncamının 2-ci bəndinin müddəaları yerinə yetirilmədiyindən, sərəncamın 6-cı bəndi ilə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə dair müvafiq göstərişlər verilməsi xahiş edilmişdir. Kollegiya şikayətin dəlillərini işin materialları ilə əlaqəli yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olduğundan, şikayət təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(009)-106/2021 saylı qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. ünvan 5 ünvanının qonşuluğunda cavabdeh "xxxx" MMC-nin və digər şəxslərin tikinti işlərini dayandırması barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2(009)-106/2021 saylı qərardadı ləğv edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-10915/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10915/2021
02.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver