Məhkəmə qərarları › İş №2(103)-10924/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10924/2021

22.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10924/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı ipotekaya tutma yönəldilməsinə dair bildirişin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev, iş № 2(009)-2242/21) iddia təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 19.07.2019-cu il tarixli, 19002- **********1/KL saylı krediti müqaviləsinə əsasən cavabdeh tərəfindən ona 120 ay müddətinə 1.000.000 manat məbləğində kredit limiti açılaraq həmin limit üzərindən 19.07.2019-cu il tarixli razılaşmaya əsasən illik 20% olmaqla 40.000 manat məbləğində, 10.10.2019-cu il tarixli razılaşmaya əsasən isə 10.000 manat kredit verilmişdir. Verilmiş kredit limiti üzrə yaranacaq öhdəliklərin qarşılanması məqsədilə onunla cavabdeh arasında 19.07.2019-cu il tarixli 19***-*******21/1 saylı ipoteka müqaviləsi bağlanaraq ona məxsus olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 55,2 kv.m. olan 7 saylı mənzil bankın xeyrinə yüklü edilmişdir. Hər iki kredit razılaşması üzrə onun tərəfindən banka anuitet cədvələ uyğun olaraq əsas və faiz borclar vaxtında ödənilmişdir. Lakin dünyanı bürüyən məlum COVİD-19 yeni növ koronovirus səbəbindən respublikada həyata keçirilən sərt karantin qaydaları çərçivəsində iqtisadiyyatın mühüm sahələrinə, o cümlədən sahibkarlığa da külli miqdarda mühüm ziyan vurulmuşdur ki, bir sahibkar olaraq bu ziyan ondan və qurduğu biznesdən yan keçməmişdir. Nəticədə 100.000 manatlarla ölçülən maddi ziyan fonunda bank qarşısında öhdəliklərini qismən icra edə bilməməsi səbəbindən cavabdehə rəsmi müraciət etməklə ona yuxarıda qeyd etdiyi xüsusatları anlayışla qarşılamağı, öhdəliklərinin icra edilməsi üçün müəyyən zaman kəsiyi ayırmağı, əslində kredit limiti olaraq onun 120 ay müddətinin və 1.000.000 manat limitinin olduğunu diqqətinə çatdıraraq hissəvi ödənişlərini dayandırmaqdan öhdəliklərini icra edirdi. Etiraf edir ki, cavabdehin özü də bu hadisələrin fonunda onunla elə də sərt davranmadan, səbrlə, qismən də olsa ödənişləri qəbul edir, yuxarıda qeyd etdiyi kimi mövcud qrafikə düşməsi üçün köməklik göstərəcəyini vəd edirdi. Bütün bunlara rəğmən onunla “centlemen sayağı danışıq” əsnasında sonradan mübahisə predmeti olan bildirişi göndərməklə cavabdeh əslində onunla qeyri-səmimi rəftarını ortaya qoymuş olmuşdur. Hesab edir ki, qanunun ona imkan yaratdığı hüquqdan istifadə etməklə qeyd edilən bildirişi 21 gün müddətində mübahisələndirməklə, əmlakının müvafiq icra qeydi deyil, məhkəmələr tərəfindən mübahisələndirilməsində tam haqlıdır. Onun tərəfindən AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri ərazi idarəsinə cavabdehin “tutmanın ipotekaya yönəldilməsinə dair” bildirişin qeydə alınmaması üçün ərizə ilə müraciət olunmuşdur. Beləliklə, hesab edir ki, cavabdehin tutmanın ipotekaya yönəldilməsi haqqında 22.07.2021-ci il tarixli bildiriş etibarsız hesab edilməlidir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi Q.Qarayev iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, tərəflər arasında bağlanılmış kredit müqaviləsi üzrə əsas və faiz borcu müqavilə şərtinə uyğun hesablanmışdır, iddiaçı tərəfindən aylıq ödənişlərdə gecikmələr olmaqla qrafikdə nəzərdə tutulandan az məbləğdə həyata keçirilmiş, son ödəniş 2021-ci ilin aprel ayında olmuş, həmin müddətdən 105 gün keçdikdən sonra qanunun tələblərinə tam uyğun olaraq mübahisələndirilən bildirişlər tərtib edilib göndərilmişdir. İpoteka predmetinin qiyməti barədə mübahisənin olması isə həmin bildirişin verilməməsinə, yaxud etibarsızlığına səbəb ola bilməz. Bu, ya tərəflər arasında məhkəmə araşdırması zamanı, ya da hərrac zamanı mübahisələndirilə bilər. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. O, şikayətində göstərmişdir ki, ipoteka ilə bağlı mübahisələrin ən ideal həlli məhkəmələrdən keçir. Bank tərəfindən Bank tərəfindən təqdim edilən bildirişə reaksiya verilməyəcəyi təqdirdə qanunvericiliyə əsasən bu hal notariat orqanı tərəfindən bildirişlə razılıq kimi qiymətləndiriləcək və iş üzrə icra qeydi verilməklə ipoteka saxlayan olaraq onun konstitusion əmlak hüquqlarının məhdudlaşdırılmasına səbəb olacaq. Belə olan halda, sözsüz ki, o, bildirişi mübahisələndirməklə kredit işi üzrə mübahisə olduğuna görə borcverəni icra qeydi deyil, məhkəmə müstəvisində mübahisənin davam etdirilməsinə yönləndirməklə əslində barəsində açılacaq kredit mübahisəsi üzrə ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsini arzu etmiş olur. Bu halda ipoteka müqaviləsini təsdiq edən notarius icra qeydi verməkdən imtina edir, iş üzrə mübahisə olduğunu nəzərə alaraq işə dair icra qeydi vermir. O, işin bu xüsusatını bildiyi üçün məhkəmədən bildirişin etibarsız hesab olunmasını xahiş etmişdir. Məhkəmə bildirişi etibarsız hesab etmək əvəzinə iddianı rədd etməkdə haqlı olmamışdır. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 09 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, tərəflər arasında bağlanılmış 19.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən iddiaçıya 120 ay müddətinə 1.000.000 manat məbləğində kredit limiti açılmış və həmin limit üzərindən 19.07.2019-cu il tarixli razılaşmaya əsasən illik 20% dərəcəsi ilə 40.000 manat məbləğində, 10.10.2019-cu il tarixli razılaşmaya əsasən isə 10.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi tərəflər arasında 19.07.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsində yerləşən 77 saylı evin 7 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İşdən həmçinin görünür ki, iddiaçı kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyi lazımınca icra etməmiş, bununla da onun banka ödənilməmiş borcu yaranmışdır və bank iddiaçının mülkiyyətində olan və kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilmə proseduru başlamışdır. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər 90 gündən artıq gecikdirilmişdir. İrəli sürülmüş tələbə əsasən iddiaçı ipotekaya tutma yönəldilməsinə dair 22.07.2021ci il tarixli bildirişin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən olunmadığından, həmçinin ipoteka saxlayan qanunun tələblərinə əsasən tutmanın ipoteka predmetinə yönəldilməsi proseduruna başladığı üçün irəli sürülmüş iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, bankla borclu arasında kredit müqaviləsi üzrə yaranmış borc məbləği ilə bağlı mübahisənin olması tutmanın ipoteka predmetinə yönəldilməsi proseduruna başlamaq üçün maneə deyil. Məhkəmə onu da qeyd etmişdir ki, tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildirişin tərtib edilməsi və həmin bildirişin ipoteka qoyana göndərilməsi yalnız tutmanın ipoteka predmetinə yönəldilməsinə başlamaq üçün qanunda nəzərdə tutulan mərhələdir və ipoteka qoyanla ipoteka saxlayan arasında kredit borcunun və ya ipoteka predmetinin qiyməti ilə bağlı mübahisənin yaranması bu prosedurun dayandırılmasına əsas kmi çıxış etmir. Birinci instansiya məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1, 36.1, 36.2, 36.3, 37.1 və s. maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, notariusun icra qeydi verməməsi üçün məhkəmə tutmanın ipoteka predmetinə yönəldilməsinə dair bildirişi etirbarsız saymalı idi. Göründüyü kimi, iddiaçı mübahisələndirdiyi bildirişin etibarsızlığına səbəb ola biləcək əsasları məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Digər tərəfdən, apellyasiya şikayətinin məzmunundan da aydın olur ki, iddiaçının iddia qaldırmaqda məqsədi icra qeydinin verilməsinə mane olmaqdan, cavabdehi məhkəmədə iddia qaldırmağa məcbur etməkdən ibarətdir. İddiaçı bunu açıq şəkildə apellyasiya şikayətində bəyan edir və bildirişin etibarsızlığına aid heç bir sübut təqdim etmir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 09 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar