Məhkəmə qərarları › İş №2(103)-10936/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10936/2021

29.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10936/2021 29.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh1 ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Cavabdeh2 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(006)-4041/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Cavabdeh2 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında bağlanmış Sumqayıt şəhəri 13-cü mikrorayon 5 saylı evin 1A saylı mənzilinin üzərinə ipoteka qoyulması haqqında 28 noyabr 2014-cü il tarixli 120721-MEDVİİ-2188 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 11 sentyabr 2007-ci il tarixdə o, X7 ilə nikah bağlamış və onun atası Cavabdeh2 məxsus Sumqayıt şəhəri 13-cü mikrorayon 5 saylı evin 1A saylı mənzilinə gəlin kimi köçərək onların ailə üzvü kimi həmin mənzildə yaşamış və ümumi birgə təsərrüfatı idarə etmişlər. Şəxsi səbəblərdən onların cavabdehlə ailə münasibətləri pozulduğuna görə cavabdeh onların uzun illər ərzində qaldıqları mübahisəli mənzildə yaşamalarına icazə verməmiş və rəsmi olaraq onun həmin ünvan üzrə qeydiyyata alınmasına razılıq verməkdən imtina etmişdir. O, Cavabdeh2 məxsus Sumqayıt şəhəri 13-cü mikrorayon 5 saylı evin 1A saylı mənzilinə istifadə hüququnun tanınması və mənzilə köçürülməsi barədə iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmiş və 17 mart 2021-ci il tarixli 2(060)-2383/2021 saylı qətnaməsi ilə iddia tələbləri təmin olunmuşdur. Qeyd olunan qətnamənin icraya yönəldilməsi ilə əlaqədar üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin Sumqayıt şəhəri üzrə icra şöbəsinə müraciət etdikdə, ona məlum olmuşdur ki, Sumqayıt şəhəri 13cü mikrorayon 5 saylı evin 1A saylı mənzili satılması üçün açıq hərraca çıxarılmışdır. Sumqayıt şəhər Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli 2(060)-2739/2018 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında bağlanmış 28 noyabr 2014-cü il tarixli 120721-1-13017 saylı girovlu istehlak kredit müqaviləsi üzrə cəmi 18.595,29 ABŞ dolları kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Cavabdeh1 ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnaməyə əsasən həmçinin 28 noyabr 2014-cü il tarixli 120721-MEDVİİ-2188 saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Sumqayıt şəhəri 13-cü mikrorayon 5 saylı evin 1A saylı mənzilinə tutma yönəldilməklə həbs qoyulmuşdur. Həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 ASC-yə yuxarıda qeyd olunan kredit borcu və dövlət rüsumu ödənilməsi barədə qərar qəbul edilmişdir. Həmin məhkəmə qətnaməsindən onun xəbəri olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(006)-4041/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh ASC-nin nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərinə görə, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli 2(060)-2739/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ASC-nin Cavabdeh2, X5, X7, X6 və X2 qarşı «girovlu istehlak krediti müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh2 kredit müqaviləsi üzrə 15.358,93 ABŞ dolları əsas borc, 3.231,36 ABŞ dolları faiz və 5 ABŞ dolları cərimə olmaqla, cəmi 18.595,29 ABŞ dolları kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, bildirişin ƏMDKnın yanında DƏDRX-də qeydiyyatı ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumu və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh1 ASC-yə ödənilməsi; ipoteka predmeti olan Sumqayıt şəhəri 13-cü mikrorayonda yerləşən 5 nömrəli 9 mərtəbəli binanın 1-ci girişində 1-ci mərtəbəsində yerləşən 68,15 kv.m ümumi sahəsi, 44,7 kv.m yaşayış sahəsindən ibarət olan 3 otaqlı 1A saylı mənzilin ilkin satış qiyməti 55.000 manat müəyyən edilmiş; tutmanın Cavabdeh2 məxsus olan ipotekaya qoyulmuş Sumqayıt şəhəri 13-cü mikrorayonda yerləşən 5 nömrəli 9 mərtəbəli binanın 1-ci girişində 1-ci mərtəbəsində yerləşən 68,15 kv.m ümumi sahəsi, 44,7 kv.m yaşayış sahəsindən ibarət olan 3 otaqlı 1A saylı mənzilə yönəldilməsi; həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçı Cavabdeh1 ASC-yə olan cəmi 18.595,29 ABŞ dolları kredit borcunun qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, bildirişin ƏMDK-nın yanında DƏDRX-də qeydiyyatı ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi; aparılmış ekspertizası tədqiqatının dəyəri olan 120 manatın məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq müvafiq hesaba köçürülməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2020-ci il tarixli 2(105)-107/2020 saylı qətnaməsi ilə "xxxx" ASC-nin apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Sumqayıt şəhər Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli 2(060)-2739/2018 saylı qətnaməsi – ipoteka qoyanın və ailə üzvlərinin mənzildən çıxarılmaları və evin boşaldılması hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, cavabdehlər Cavabdeh2, X5, X7, X6, X1 Sumqayıt şəhəri 13-cü mikrorayonda yerləşən 5 nömrəli 9 mərtəbəli binanın 1-ci girişində 1-ci mərtəbəsində yerləşən 68,15 kv.m ümumi sahəsi, 44,7 kv.m yaşayış sahəsindən ibarət olan 3 otaqlı 1A saylı mənzilinin boşaldılaraq, həmin mənzildən çıxarılması qət edilmiş, qətnamə qalan hissədə dəyişiklik edilmədən saxlanılmış, cavabdehin apelyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01.12.2020-ci il tarixli 2(102)-5772/2020 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyun 2020-ci il tarixli 2(105)- 107/2020 saylı qətnaməsi mübahisələndirilən (iddianın təmin olunmuş) hissələrində dəyişiklik edilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.03.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 Cavabdeh1 ASC-yə qarşı Cavabdeh2 ilə Cavabdeh1 ASC arasında bağlanmış 26.12.2013-cü il tarixli ipoteka müqaviləsinin, 28.11.2014-cü il tarixli Daşınmaz əmlakın sonrakı ipoteka müqaviləsinin, 28.11.2014-cü il tarixli 120721-1-13017 saylı “Girovlu istehlak krediti müqaviləsinin” və ona əlavə edilmiş 27 iyul 2015-ci il tarixli 01 saylı Razılaşmanın etibarsız hesab edilərək ləğv edilməsi barədə iddiası təmin edilməmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. Sumqayıt şəhər Məhkəməsinin 17.03.2021-ci il tarixli 2(060)-2383/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh2 qarşı «mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə» tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ünvan 1 ünvanında yerləşən 1A saylı mənzilə istifadə hüququ tanınmış, onun həmin mənzilə köçürülməsi qət edilmişdir. Hazırda iddiaçı mübahisəli evə istifadə hüququnun tanınmasına istinad edərək, həmin mənzilə dair ipoteka müqaviləsi bağlanarkən onun razılığının alınmalı olduğunu iddia edir. Kollegiya qeyd edir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququnun yaranmış olması, mülkiyyətçinin həmin mənzilə dair əqd bağlamaq hüququnu məhdudlaşdırmır. Həmin halla bağlı birinci instansiya məhkəməsi mövqeyini əsaslandırmışdır. Digər tərəfdən “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Apelyasiyanın nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən maddi və prsessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Kollegiya iddiaçı tərəfindən dəlillərin formal olaraq irəli sürülməsi qənaətinə gəlir. Beləliklə iddiaçının apelyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4041/2021 saylı iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar