Məhkəmə qərarları › İş №2(103)-10961/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10961/2021

01.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10961/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğlunun, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə mənzildən istifadə edilməsi hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın müəyyən olunması, həmin əmlakın 2/3 hissəsinə payın müəyyən edilməsi və həmin pay hissəsinə mülkiyyət hüququnun tanınmasına dair qarşılıqlı tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-764/2021 saylı, 19 aprel 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə 4.500 manat pul kompensasiyası verilməklə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi 13 saylı evin 12 saylı mənzildən istifadə hüququnun itirilməsi və xitam verilməsi, mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 08 fevral 2014-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. 19 mart 2014-cü il tarixdə Ayan adlı qızları doğulmuşdur. Ona məxsus olan və 08.07.2013-cü il tarixdə aldığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi 13 saylı evin 12 saylı 1 otaqlı mənzilində pasport qeydiyyatındadırlar və birgə yaşamışlar. Xasiyyətlərinin tutmaması və ailədə özünü qeyrisəmimi aparması səbəbindən Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə 19 fevral 2019-cu il tarixdə Cavabdeh ayrılmışdır. Birlikdə yaşamaları mümkün olmadığına görə özünə məxsus və ailə qurmazdan əvvəl aldığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 13 saylı evin 12 saylı mənzilindən çıxmışdır və hazırda kirayədə qalır. 31 yanvar 2021-ci il tarixdə həmin mənzildə yaşayan azyaşlı qızı Ayan ilə görüşmək üçün həmin mənzilə gələrkən orada tanımadığı kişinin evdə alt paltarında olmasını görmüş və keçmiş həyat yoldaşının azyaşlı qızının yanında artıq hərəkətlərlə məşğul olması ona aydın olmuş və Qaradağ RPİ 10-cu PB-yə şikayət etmişdir. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, 13/12 saylı evin 1 otaqlı ümumi sahəsi 33,62 m2 olan mənzili adına 2013-cü ildə rəsmiləşdirilmişdir. Hazırda onun mülkiyyətindədir. Aralarındakı nikahın ləğv olunmasına baxmayaraq, Cavabdeh və azyaşlı qızı Ayan həmin ünvanda yaşayırlar. Bu bir mülkiyyətçi olaraq onun mənzil hüququnun pozulmasını ehtiva edir. Cavabdeh İddiaçı qarşı «birgə nikah dövründə əldə olunmuş əmlakın müəyyən olunması, həmin əmlakın 2/3 hissəsinə payın müəyyən edilməsi və həmin pay hissəsinə mülkiyyət hüququnun tanınması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi 13 saylı evin 12 saylı mənzilinin İddiaçı ilə onun birgə nikahda olduqları və birgə ailə təsərrüfatı idarə etdikləri dövrdə alınmış əmlak olaraq müəyyən edilməsi, birgə nikahdan doğulan uşağın onun himayəsində qalmasının diqqətə layiq hal kimi qiymətləndirilməklə mənzilə olan payının 2/3 hissədə müəyyən edilməsi və həmin paya mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla İddiaçı arasında 08 fevral 2014-cü il tarixdə rəsmi nikah qeydiyyata alınsa da, cavabdehlə onların ailə münasibətləri, birgə ailə təsərrüfatı aparmaları rəsmi nikah tarixindən ən azı bir il öncəki tarixə təsadüf edir və bunun da sübutu onların münasibətlərindən doğulmuş 19 mart 2014-cü il təvəllüdlü övladları Ayannın var olmasıdır. Belə ki, sözügedən mənzilin pulunu əvvəla onun anası vermişdir. Bundan başqa, həmin mənzil yuxarıda qeyd etdiyi kimi cavabdehlə onun faktiki nikah münasibətlərində olduqları, birgə təsərüfatı idarə etdikləri dövrdə alınmışdır. Qaradağ Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı İddiaların təmin edilməməsi qət edilmişdir. İlkin iddia üzrə İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilkin iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini ilkin iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini qarşılıqlı iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır. Apellyasiya baxışı zamanı İddiaçı ümumən apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, onun qismən, yəni cavabdehin mənzildən çıxarılması ilə bağlı iddianın təmin edilməsini, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Həmçinin, bildirmişdir ki, ona məlumdur ki, cavabdehə heç kompensasiya düşmür və ona kompensasiya verməyə nə imkanı, nə də ki, istəyi var. Ona görə də ona kompensasiya verməyə razı deyil. Apellyasiya baxışı zamanı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, onun təmin olunmasını, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bötövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdən mübahisəsiz qaydada müəyyən edilir ki, 08.07.2013-cü il tarixli çıxarışa əsasən mübahisəli mənzil İddiaçı oğlunun adina qeydiyyata alınmışdır. İddiaçı oğlu və Cavabdeh qızı 08 fevral 2014-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 19 mart 2014-cü il təvəllüdlü Aydan adlı uşaqları anadan olmuşdur. Tərəflərin izahatları əsasında müəyyən edilir ki, nikahdan sonra iddiaçı ilə cavabdeh mübahisəli mənzildə pasport qeydiyyatındadırlar və birgə yaşamışlar. Xasiyyətlərinin tutmaması səbəbindən Qaradağ Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. Məhkəmə kollegeyası ilk öncə ilkin iddiaya münasibət bildirərək, qeyd etməyi zəruri hesab edir ki, ilkin iddianın təmin edilməməsi hissəsində birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verməyərək və maddi hüququ normalarını düzgün tətbiq etməyərək səhv nəticəyə gəmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qənaətinə görə Cavabdeh tərəflər arasında hüquq münasibətləri yaranan dövrdə qüvvədə olan qanunvericiliyə görə mübahisəli mənzildən istifadə hüququ olmamışdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Yuxarıda qeyd olunduğu kimi cavabdehin, İddiaçıla 2014-cü ildə rəsmi nikaha daxil olaraq bundan sonra mübahisəli mənzildə yaşamağa başlaması işin mübahisə olunmayan halıdır; bu isə o deməkdir ki, ilkin iddia tələbinə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. 01 oktyabr 2009-cu ildə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən (bundan sonra – Mənzil Məcəlləsi) yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər (30.1 mad). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar (30.2 mad). Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər (30.4 mad). Kollegiya sadalanan maddi hüquq normalarını işin mübahisəsiz qaydada müəyyən edilən hallarına tətbiq etməklə qeyd edir ki, cavabdeh iddiaçı ilə ailə qurmaqla və sonuncuya məxsus mənzilə köçməklə onun həmin mənzilə istifadə hüququ yaranmışdır, lakin yaşayış sahəsinin mülkiyyətçisi ilə 2019-cu il tarixdə ailə münasibətlərinə xitam verildiyindən və yaşayış sahəsinin mülkiyyətçisi ilə cavabdeh arasında başqa razılaşma olmadığından sonuncunun həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Belə ki, tərəflər arasında ailə münasibətlərinin artıq olmaması, habelə onların münaqişəli vəziyyətdə olmaları tərəflərin izahatları və iş materialları ilə tam təsdiq olunur. Belə olan halda isə cavabddehin mənzilə istifadə hüququ artıq itirildiyinə görə ona kompensasiya verilməklə onun mənzilindən istifadə etmək hüququna xitam verilməsi üçün artıq hər hansı bir əsas yoxdur. Bununla yanaşı Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddianın cavabdehin mənzildən çıxarılması ilə bağlı hissəsi əsaslı olduğundan təmin olunmalıdır. Çünki, mübahisəsi gedən mənzilin mülkiyyətçisi İddiaçı oğlu özünün mülkiyyət hüququnun müdafiəsi çərçivəsində Cavabdeh oradan çıxarılmasını tələb etməkdə haqlıdır. Belə ki, Mülki Məcəllə nəzərdə tutur ki, mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan hüquqdur (maddə 152.1). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər (maddə 157.2). Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Yuxarıda adı çəkilən qərarında Konstitusiya Məhkəməsi göstərilən normanı aşağıdakı kimi təfsir etmişdir: “...Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Eyni zamanda, digər ailə üzvləri ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında ailə münasibətlərinə xitam verilməsi mütləq qaydada keçmiş ailə üzvü üçün yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə nəticələnmir. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi bir neçə halda bu hüququn saxlanılması imkanını nəzərdə tutur. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsi mənzil ehtiyaclarının təmin olunması üçün heç bir başqa imkanı və vəsaiti olmayan keçmiş ailə üzvlərinin bu ehtiyaclarının ödənilməsi məqsədilə yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının müəyyən müddətə məhdudlaşdırılmasına yol verir. Beləliklə, yaşayış sahəsindən istifadə hüququnun mövcud olması üçün əsaslar olmadıqda belə bu hüquq, keçmiş ailə üzvünün mənzil maraqlarının qorunması məqsədilə məhkəmə qaydasında saxlanıla bilər. Bu mənada həmin hüququn Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsas olduğu halda həyata keçirilməsi və bu hüququn yalnız müəyyən müddətə saxlanılması mülkiyyətçinin hüququnun məhdudlaşdırılmasının mütənasibliyinə dəlalət edir. Mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” 22.01.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər.” Bu kontekstdə kollegiya, yaşayış sahəsindən istifadə hüququnun vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq kimi konstitusion əhəmiyyətli dəyərlərdən irəli gəldiyini vurğulamaqla qeyd edir ki, Cavabdeh münasibətdə həmin hüququn müvəqqəti saxlanılması üçün Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulan ağlabatan və ədalətli əsaslar mövcuddur. Belə ki, müəyyən edilir ki, Cavabdeh adına qeydiyyata alınmış daşınmaz əmlak mövcud deyildir və onun özünə məxsus yaşayış sahəsi yoxdur. Həmçinin nəzərə alınmalıdır ki, Cavabdeh himayəsində azyaşlı uşağı vardır və uşağın gündəlik qayğıları da anasının üzərinə düşür. Bu mənada kollegiya qeyd edir ki, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir və Mənzil Məcəlləsinin 30.4-cü maddəsində vurğulanan “diqqətə layiq digər hallar” çərçivəsində qiymətləndirilməlidir. Eyni zamanda Cavabdeh daimi iş yeri olmamaqla, yüksək qazanc əldə etməməsi, onun maddi vəziyyətinin özünün mənzil ehtiyacını qarşılamaq üçün kifayət etdiyi qənaətinə gəlməyə əsas verməməklə Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş hüquqdan yararlanmasına maneə törədən hal kimi qiymətləndirilə bilməz. Bu qənaətə gələrkən kollegiya həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, ev 13, mənzil 12-yə istifadə hüququ 5 (beş) ay müddətinə saxlanılmalı və həmin müddət başa çatdıqdan sonra o, qeyd olunan mənzildən çıxarılmalıdır. Məhkəmə kollegiyası qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, qarşılıqlı iddianın təmin edilməməsi hissəsində birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, qarşlıqlı iddiada Cavabdeh iddia edir ki, 08 fevral 2014-cü il tarixdə rəsmi nikah qeydiyyata alınsa da, cavabdehlə onların ailə münasibətləri, birgə ailə təsərrüfatı aparmaları rəsmi nikah tarixindən ən azı bir il öncəki tarixə təsadüf edir və bunun da sübutu onların münasibətlərindən doğulmuş 19 mart 2014-cü il təvəllüdlü övladları X1 var olmasıdır. Hesab edir ki, mübahisəli mənzil İddiaçıla onun birgə ailə təsərrüfatını idarə etdikləri dövrdə əldə olunmuş vəsait hesabına alınmış əmlak olaraq müəyyən olunmalıdır və həmin mənzilin (uşağın onun yanında qalması baxımından) 2/3 hissəsinə onun payı müəyyən edilməli və həmin paya mülkiyyət hüququ tanınmalıdır. Azərbaycan Respublikası Ali Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Həmin Məcəllənin 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcələnin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Yuxarıda qeyd edilən normalardan göründüyü kimi müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah dövlət tərəfindən tanınır və həmin nikaha görə tərəflərin hüquq və vəzifələri müəyyən olnur. Hazırki iş üzrə tərəflər faktiki olaraq daha əvvəl ər-arvad münasibətlərində olsalar belə, onlar 08 fevral 2014-cü il tarixdə birgə nikaha daxil olmuşlar. Mübahisəli mənzil isə İddiaçı adına 08 iyul 2013-cü il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil İddiaçı tərəfindən nikaha daxil olanadək əldə edildiyindən, həmin mənzil tərəflərin ümumi birgə mülkiyyəti sayıla bilməz və Cavabdeh həmin mənzilin 2/3 hissəsində mülkiyyət hüququ tanına bilməz. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-764/2021 saylı, 19 aprel 2021-ci il tarixli qətnaməsi ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdeh qızının Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, ev 13, mənzil 12-yə istifadə hüququ 5 (beş) ay müddətinə saxlanılsın və həmin müddət başa çatdıqdan sonra o, qeyd olunan mənzildən çıxarılsın. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar