Məhkəmə qərarları › İş №2(103)-10963/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10963/2021

03.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10963/2021 03.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin 13.09.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində 112.000 manat tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, 112.000 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflərin arasında 23.02.2018-ci tarixdə “Kooperativ binada mənzil tikintisi haqqında” müqavilə bağlanıb. Cavabdeh üzərinə öhdəlik götürüb ki, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsində tikilməkdə olan 1 nömrəli binanın “D” blokunun 8-ci mərtəbəsində yerləşən, sahəsi 140 kv.m təşkil edən 51 nömrəli mənzili iddiaçıya verəcək. İddiaçı isə üzərinə öhdəlik götürüb ki, müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəyəcək. Cavabdeh öhdəliyini yerinə yetirməyib, yəni müqavilənin bağlanmasından 3 ildən artıq vaxt keçməsinə baxmayaraq iddiaçıya aid mənzilin tikintisinə ümumiyyətlə başlamayıb. Tərəflərin arasındakı münasibət podrat münasibətidir. Cavabdeh (podratçı) üzərinə götürdüyü öhdəliyi yerinə yetrmədiyinə görə iddiaçı müqavilədən imtina etməyə və ödədiyi pulun qaytarılmasını tələb etməyə haqldır. Belə ki, Mülki Məcəllənin 759.1-ci maddəsində “Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər” qeyd olunub. Müqavilədə nəzərdə tutulan mənzilə münasibətdə işlər nəinki qurtarmayıb, ümumiyyətlə başlanmayıb. Ona görə də iddiaçı müqavilədən imtina edərək ödədiyi pulun qaytarılmasını tələb edir. İddiaçı bildirir ki, cavabdehə 112.000 manat pul ödəyib. 23.02.2018-ci il tarixli maliyyə arayışında cavabdeh təsdiq edib ki, iddiaçı mənzilin tikinti dəyərini tam ödəyib. Arayışda məbləğ qeyd olunmayıb. Cavabdeh özü belə məzmunda (yəni tam ödəniş barədə) arayış verdiyinə görə iddiaçıdan aldığı pulun məbləğini sübut etmə vəzifəsi onun üzərinə düşür, lakin cavabdeh sübut təqdim edə bilmir. Ona görə də məhkəmə Mülki Məcəllənin 759.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, cavabdeh 112.000 manat pulu iddiaçıya qaytarmalıdır. Bu maddəyə görə əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Göründüyü kimi, bu maddədə “yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər” qeyd olunub. Cavabdeh (podratçı) heç bir iş yerinə yetirmədiyinə görə iddiaçının ona verdiyi pula tələb hüququ yaranmayıb, bu isə o nəticəni verir ki, cavabdeh pulu özündə saxlaya bilməz, geri qaytarmalıdır. Beləliklə, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin 13.09.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar