Məhkəmə qərarları › İş №2(103)-10965/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10965/2021

02.12.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10965/2021 02.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maneənin aradan qaldırılması və evdən istifadəyə şərait yaradılması tələbinə dair iddiası üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maneənin aradan qaldırılması və evdən istifadəyə şərait yaradılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 20 iyul 1999-cu il tarixli FM seriyalı 000992 saylı Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İddiaçı ilə arvadı arasında olan nikah qeydi ləğv edildiyindən və onların bir yerdə yaşamaqları mümkün olmadığından o, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək keçmiş arvadına və iki uşağına kompensasiya ödənilməklə ona məxsus evdən onların istifadə hüququna xitam verilmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonuncu dəfə Bakı Apellyasiya Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli 2(103)-7718/2018 saylı qətnaməsi ilə cavabdehlər keçmiş arvadı Cavabdeh1 19000 manat, oğlu Cavabdeh2 18000 manat və qızı X1 18000 manat kompensasiya ödənilməklə onların iddiaçıya məxsus yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Hazırda cavabdehlərə kompensasiya ödənilməsini təmin etmək üçün iddiaçı özünə məxsus olan yaşayış evini satmaq niyyətindədir. Lakin həmin evdə yaşayan keçmiş arvadı və oğlu onu evə buraxmır və evin satılmasına maneçilik törədirlər. 30.04.2019-cu il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi cənab Fərid Hətəmzadənin sədrliyi ilə keçirilən prosesdə hakim cavabdehlərə mədəni surətdə başa saldı ki, onlar iddiaçını evə buraxmalıdırlar, lakin onlar tərslik edərək evə baxmağa gələn müştərilərə mane olurlar, yəni müştərini qaçırdırlar, evin satılması onlara sərf etmir. İddiaçı 25 avqust 2009-cu ildən birgə yaşayışın mümkünsüzlüyündən evdən çıxmağa məcbur olmuş və kirayə ev tutmuşdur. 2018-ci ildə ikinci evlilikdən iddiaçının qızı dünyaya gəlmişdir. Uşaq xəstədir və iddiaçı həm onun müalicəsinə xərc çəkmək, həm də kirayə haqqını ödəmək iqtidarında deyil. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın onun mülkiyyətində olan ½ hissəsindən istifadəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneələrin aradan qaldırılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv olunmasını, iddianın həmin hissədə rədd edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Apellyatorlar digər əsaslar da göstərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Apellyasiya baxışı iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Kollegiya Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini, apellyasiya şikayətinin təmin olunmaması barədə iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin seriya FM 000992 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, O.Mustafayev küçəsi, ev 54 (indiki 92) 20.07.1999-cu il tarixdən ½ hissədə İddiaçı müliyyətindədir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.09.2018- ci il tarixli, 2(103)-7718/2018 saylı icra vərəqəsinin surətindən görünür ki, məhkəmə qətnaməsi ilə İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 19.000 manat, Cavabdeh2 18.000 manat, X2 18.000 manat olrnaqla ümumilikdə 55.000 manat məbləğində kompensasiya verilməklə cavabdehlər Cavabdeh1, X3, Cavabdeh2 Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, O.Mustafayev küçəsində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan 54 saylı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin əşyaları ilə birlikdə həmin fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, O.Mustafayev küçəsi, ev 92 (köhnə 54) ½ hissədə İddiaçı müliyyətindədir və o, hal-hazırda həmin mənzildə yaşamaq imkanından məhrumdur. Mülkiyyət hüququ demokratik cəmiyyətin, hüquqi dövlətin təməl dəyərlərindən biri hesab olunur. Mülkiyyət hüququ ümumbəşəri dəyər kimi İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət, konstitusiya quruluşunun əsaslarını təşkil edən dəyərlərdən biridir və hüquqi dövlətdə mülkiyyət hüququ onun növündən asılı olmayaraq bir-birindən üstün olmadan qorunmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri subyektiv mülahizələr üzərində qurulmaqla, təmin edilməsi üçün hüquqi əsaslar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kollegiya sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını da nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir, gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qətnaməsi iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar