Məhkəmə qərarları › İş №2(103)-10966/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10966/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10966/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehin nümayəndəsi X12 iştirakı ilə, İddiaçılar İddiaçı1 və X9 cavabdeh X5rşı “müqavilədən irəli gələn öhdəliklərin icra edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3714/2021 saylı, 14.09.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və X19 cavabdeh X5rşı “müqavilədən irəli gələn öhdəliklərin icra edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X32 Liseyi ilə onlar arasında imzalanmış 05.09.2017-ci il tarixli müqaviləsinə əsasən müəyyən edilmiş təhsil haqqını nəzərə alaraq, Liseyə qəbul edilmiş ikinci övladları “Şagird” X10 təhsil haqqı, həmin Müqavilənin 4-cü Maddəsinə əsasən təyin edilməsi, "Şagird" X10 X2vericiliyə uyğun olaraq təhsil aldığı dövrdə (icbari ümumi orta təhsil müddətində) oxuması, cavabdeh X32 Liseyi tərəfindən hər iki X3 və X10 təhsil aldıqları dövrdə qısnamalardan və hər-hansı qanuna zidd digər hərəkətlərdən çəkinmələri, ödənilmiş 30 manat dövlət rüsumu, 16 manat 20 qəpik poçt xərcləri, cavabdeh X32 Liseyi tərəfindən tutularaq onlara ödənilməsi, cavabdeh X32 Liseyindən mənəvi zərər kimi 29.700 (iyirmi doqquz min yeddi yüz) manat bir dəfəlik tutulması və həmin məbləğin 9.700 AZN-ni valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli Ümumi orta internat məktəbin bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1 və X19 iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə verərək, cavabdeh X32 Liseyi ilə onlar arasında imzalanmış 05.09.2017-ci il tarixli müqaviləsinə əsasən müəyyən edilmiş 1100 manat təhsil haqqını nəzərə alaraq, Liseyə qəbul edilmiş ikinci övladları “Şagird” X10 təhsil haqqı, həmin Müqavilənin 4-cü Maddənin 4.7-ci bəndin 4.7.2-ci yarımbəndinə əsasən 800 manat təyin edilməsi, “Şagird” X10 X4vericiliyə uyğun olaraq təhsil aldığı dövrdə (icbari ümumi orta təhsil müddətində) oxumasının təmin edilməsi, cavabdeh X32 Liseyi tərəfindən hər iki “Şagird” X11 və X10 təhsil aldıqları dövrdə qısnamalardan və hər-hansı qanuna zidd digər hərəkətlərdən çəkinmələri, ödənilmiş 30 manat dövlət rüsumu, 16,2 manat poçt xərcləri cavabdehdən tutularaq onlaraq ödənilməsi, cavabdeh X32 Liseyindən mənəvi zərər kimi 29700 manat bir dəfəlik tutulmasına və həmin məbləğin 9700 manatı valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli Ümumi orta internat məktəbin bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırlmışdır ki, cavabdeh X32 Liseyi ilə onlar aralarında 05.09.2017ci il tarixli müqavilə qüvvədədir. Həmin Müqaviləyə uyğun olaraq təhsil müəssisəsində böyük qızları X20 hal-hazırda 5-ci sinifində təhsil alır. Qeyd olunan Müqavilənin şərtlərinə uyğun olaraq kiçik övladı X21, 10 manat ödəmək şərti ilə, 13.02.2021-ci il tarixdə, saat 10:00- da X32 Liseyinin inzibati binasında imtahana daxil olmuşdur. 02.03.2021-ci il tarixdə onlara X32 Liseyindən zəng olunmuş və X10 məktəbə daxil olduğu bildirilmişdir. 06.03.2021-ci il tarixdə onlar X32 Liseyinə yaxınlaşmış və şagirdin nəticələri ilə tanış olaraq bir daha daxil olduğunu müəyyən etmişdir. Əfsuslar olsun ki, tərəflər arasında imzalanmış Müqavilənin 4-cü Maddəsində qeyd olunan təhsil haqqı şərtləri deyil, yeni tələblər irəli sürülmüşdür. “Şagird” X10 atasına bildirilmişdir ki, illik təhsil haqqı 3500 (üç min beş) yüz manat təşkil edəcək və böyük övladları həmin liseydə oxuduğu üçün 15% endirim böyük övladın təhsil haqqına tətbiq ediləcəyi bildirilmişdir. Hesablamalara görə “Şagird” X10 təhsil haqqı üçün 3500 manat, "Şagird" X11 təhsil haqqı üçün isə 935 (doqquz yüz otuz beş 1100 - 15%= 935 manat) manat ödəməli olduğu israrla bildirilmişdir. Ümumilikdə hər iki Şagird üçün 4435 AZN ödəməli olduqları müəyyən olundu. Bundan sonra 10.03.2021-ci il tarixdə X32 Liseyinə rəsmi məktub yazılmış və aralarında olan Müqaviləyə hüquqi rəy verilməsini və Müqaviləyə uyğun olaraq ödəniş etməyə hazır olduqlarını bildirmişlər. 17.04.2021-ci il tarixdə X32 Liseyinin inzibati binasına yaxınlaşaraq liseyin müdiri xanım Eylem Gültəkinin imzası ilə təsdiqlənmiş cavab məktubu verilmiş və müzakirələr aparılmışdır. Həmin məktuba əsasən 05.09.2017-ci ii tarixli müqavilənin hal-hazırda qüvvədə olduğunu bildirmiş və həmin Müqavilənin 4.7.2-ci bəndinə əsasən Liseyə eyni ailədən 1 nəfərdən artıq sayda “Şagird” qəbul olunarsa, ikinci, üçüncü və sonrakı hər “Şagird”ə görə 800 (səkkiz yüz) manat güzəşt tətbiq edildiyi rəsmi məktubda bildirilmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, müzakirələr zamanı özünü X32 X17 şöbəsinin rəhbəri kimi təqdim edən Şəlalə xanım (*** *** ** **) israrla bildirdi ki, aralarında imzalanmış müqavilənin şərtləri yeni daxil olmuş “Şagird” X10 təhsil haqqına şamil olmur. Bundan əlavə 22.06.2021-ci il tarixdə son görüşlərində bildirildi ki, X18 Vakfı tərəfindən göndərilmiş təlimata əsasən Liseyə 3500 manat təhsil haqqından yalnız 800 manat güzəşt olunaraq illik yeni təhsil haqqı 2700 manat tətbiq oluna bilər. Məcburi 2700 manat ödənilməsi cavabdeh tərəfindən tələb edildiyi üçün onlara azından 29.700 manat mənəvi zərər dəymişdir. Belə ki, bu məbləğ cavabdeh tərəfindən aralarında imzalanan Müqavilənin şərtlərinə zidd olaraq əlavə 2700 manat (3500 manat - 800 manat (müqavilə ilə nəzərdə tutulan güzəştli illik təhsil haqqı) = 2700 manat) on bir illik təhsil müddətində tələb edəcəyindən və onlara hər il əsassız mənəvi və madd zərər vura biləcəyindən irəli gəlmişdir. Tərəflər arasında bağlanılmış Müqavilənin şərtlərini təfsir edərkən görünür ki, Lisey Müqavilənin 4-cü Maddəsinə əsasən 1000 manat illik təhsil haqqından 50% güzəşt tətbiq edərək orda işləyən işçilərin övladlarına 500 manat tətbiq edir, 1 -ci dərəcəli şəhid övladı 100%, 2-ci dərəcəli şəhid ailəsi 50%, 3-cü dərəcəli şəhid ailəsi isə 20% təhsil haqqından azad edir. Bu da öz növbəsində onu göstərir ki, “Şagird” X13 illik təhsil haqqı 3500 manat yox, müqavilə ilə təsbit olunmuş təhsil haqqına 4.7.2-ci yarımbəndə əsasən güzəşt tətbiq olmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3714/2021 saylı, 14.09.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı1 ilə cavabdeh “X32 Liseyi” arasında bağlanmış 05.09.2017-ci il tarixli müqavilə üzrə X10 təhsil haqqına görə 800 (səkkiz yüz) manat İddiaçı1 tərəfindən ödənilməklə ümumi orta təhsil almasının təmin edilməsi öhdəliyi cavabdeh “X32 Liseyi”nin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumundan 20 manat dövlət rüsumunun əvəzi cavabdeh “X32 Liseyi”ndən İddiaçı1 xeyrinə tutulması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 05.09.2017-ci il tarixli müqavilə X32 Liseyi ilə İddiaçı1 arasında, onun qızı - X3 təhsil alması ilə bağlıdır. Bu müqavilənin heç bir bəndində Cavabdehin İddiaçının digər övladlarını təhsil müəssisəsinə qəbul etmək kimi bir öhdəliyi mövcud deyildir. Yəni, İddaçının cavabdehin digər qızı olan X14 təhsil müəssisəsinə qəbul etmək kimi bir öhdəliyi mövcud deyildir və bununla bağlı tərəflər arasında da heç bir müqavilə mövcud deyildir. Tərəflər arasındakı müqavilə, müqavilədəki qiymət və qiymət artımları və digər bütün bəndlər tərəflər arasında yalnız X3 təhsil alması ilə bağlı məsələləri tənzimləyir. Tərəflər arasında olan Müqavilənin 4-cü bəndindəki güzəştlər yalnız digər şagird təhsil müəssisəsinə qəbul edildikdən sonra tətbiq olunur. Tərəflər arasında X10 təhsil alması ilə bağlı heç bir müqavilə mövcud deyildir və özəl təhsil müəssisə olan Cavabdehin X10 təhsil müəssisənə qəbul etmək kimi bir öhdəliyi də mövcud deyildir. Digər qeyd olunmalı və bu məhkəmə işinin ən cavib məqamı hesab olunana biləcək məsələ isə, tərəflər arasındakı Müqavilənin 4-cü bəndinin məzmunudur. Müqavilədən də göründüyü kimi, 4.7-ci maddə növbəti Təhsil haqqlarına oluna biləcək güzəştləri müəyyən edir. 4.7.2-ci bənddəki 800 (səkkiz yüz) manat güzəşt dedikdə, ilkin Azərbaycan dili biliklərinə sahib olan hər kəs başa düşür ki, Təhsil haqqına 800 (səkkiz yüz) manat məbləğində güzəşt olunur, yəni endirim tətbiq olunur. Məhkəmənin hansı əsaslar və sübutlarla Təhsil haqqı məbləğinin 800 (səkkiz yüz manat) müəyyən edilməsi bərədə qətnaməsi Cavabdeh üçün tamamilə anlaşılmazdır və bu dərəcədə qanunsuz bir qətnamənin Türkiyə və Azərbaycan Respublikaları arasındakı qardaşlıq münasibətlərinin ilk nümunələrindən biri olan X5rşı qəbul olunması hər iki ölkənin əlaqədar dairələrində ciddi təəssüf hissinə səbəb olmuşdur. Digər şagirdlərin Təhsil haqqı məsələsinə gəldikdə isə, bütün özəl təhsil müəssisələri kimi, X32 Liseyi də təhsil alacaq şagirdlərin Təhsil haqqı məbləğini hər şagird üçün ayrıca illik olaraq hər təhsil ili başlamadan qabaq müəyyənləşdirir. Tərəflər arasındakı Müqavilə, əvvəlcədən də qeyd etdikləri kimi, yalnız X11 təhsil alması ilə bağlı məsələləri tənzimləyir və Müqavilədə qeyd olunan təhsil haqqı məbləğinin digər bir şagirdə tətbiq olunmasında söhbət gedə bilməz. Cavabdeh haqlı olaraq, İddiaçıya X10 Liseyə qəbul olunacağı və təhsilə başlacağı təqdirdə bu dövr üçün illik təhsil haqqı olan 3500 (üç min beş yüz) manat məbləğə 800 (səkkiz yüz) manat güzəşt (endirim) tətbiq olunacağını və 2700 (iki min yeddi yüz) manat ödəməli olduqlarını bildirmişdir. İddiaçı isə bütün qanunvericilik və məntiq sərhədlərini aşan iddia ilə çıxış edərək, X10 Liseyə qəbul olunması və təhsil haqqının 800 (səkkiz yüz) manat olması barədə iddia qaldırmışdır. Həmçinin, cavabdeh tərəfindən xidmət müqaviləsi əsasında məsələ ilə bağlı daha geniş hüquq və konsaltinq xidməti alması üçün 2000 manat vəsait məsləhət xidmətləri göstərən müəssisəyə ödənilmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X23 apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin rədd edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası işin tədqiq edilmiş materiallarına əsasən qeyd edir ki, 05.09.2017-ci il tarixli müqaviləyə əsasən, X32 Liseyi adından müəssisənin direktoru X16 ilə “şagird” X20 üçün atası İddiaçı1 arasında müqavilə bağlanmışdır. Müqavilənin 4.1-ci maddəsinə əsasən təhsil haqqının məbləği 1000 manat olaraq ödənilir. Təhsil ili sentyabr ayının 15-dən iyun ayının 15-dək olan müddətdir. Müqavilənin 4.2-ci maddəsinə əsasən müqavilədə göstərilən təhsil haqqı 3 il müddətinə etibarlıdır. Etibarlılıq müddəti bitdikdə təhsil haqqı müqavilədə adı qeyd olunan şagird üçün 10% arta bilər. Müqavilənin 4.7-ci maddəsinin 4.7.2-ci yarımbəndinə əsasən liseyə eyni ailədən 1 nəfərdən artıq sayda “şağırd” qəbul olunarsa, ikinçi, üçüncü və sonrakı hər “şagird”ə görə 800 manat güzəşt tətbiq olunur. 10.08.2020-ci il tarixli X32 Lisesinin protokolundan görünür ki, 4-cü sinifdən 5-ci sinfə keçən X11 təhsil haqqı 1000 manatdan 10% artım olaraq 9-cu sinfə kimi 1100 manat olmuşdur. 9-cu sinifdən də 10% artım olacaq. Müqavilə olduğu kimi qalmışdır. 22.06.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı1 X32 X1 məktəbə qəbul məsələsi ilə əlaqədar aparılan danışıqlar müsbət nəticə vermədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. X32 Liseyi tərəfindən İddiaçı1 ünvanlanan məktubdan görünür ki, İddiaçı1 ilə Lisey arasında 05.09.2017-ci il tarixli müqavilə bağlanmış və hazırda həmin müqavilə qüvvədədir. 20.04.2021-ci il tarixli, BÖO 524250 nömrəli qəbzdən görünür ki, İddiaçı1 Bahar Ələkbərovanın təhsil haqqısına görə X32 Liseyinə 250 manat ödəniş etmişdir. Vergi ödəyicilərinin məlumatlarından görünür ki, X32 Liseyinin hüquqi ünvanı ünvan 1eyd olunmuşdur. Eyni zamanda məhkəmə kollegiyasının iclasında tərəflərin izahatından müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya ikinci uşaq üçün 3500 manat təhsil haqqından 800 manat güzəşt edilməklə 2700 manat təhsil haqqının ödənilməsi təklif edilmiş, iddiaçı isə bundan imtina etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçıların təhsil haqqının 800 manat olması müqavilə şərtlərinə və qanunvericiliyə uyğun olduğundan iddia həmin hissədə təmin olunmalıdır. İddiaçı2 iddia tələbinə münasibətdə qeyd edilməlidir ki, 05.09.2017-ci il tarixli müqavilə X32 Lisesi ilə “şagird” X20 üçün atası İddiaçı1 arasında müqavilə bağlanmışdır. Odur ki, digər İddiaçı2 qarşısında X32 Liseyinin öhdəliyi mövcud deyildir. İddiaçı tərəf mənəvi zərəri tələb etməsinə əsas olan və onu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə iddia tələbi həmin hissədə təmin edilməməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. İşin mübahisəsiz hallarından görünür ki, X32 Lisesi adından müəssisənin direktoru X16 ilə İddiaçı1 arasında iddiaçının qızı X11 X32 Lisesində təhsil alması üçün 05.09.2017-ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilənin 4.1 -ci maddəsinə əsasən təhsil haqqının məbləği 1000 manat olaraq müəyyən edilmiş, həmin müqavilənin 4.2-ci bəndinə əsasən təhsil haqqının məbləği 3 illik müddətə razılaşsa da, iş materiallarına əlavə edilmiş 10.08.2020-ci il tarixli protokola əsasən 10 faiz artırılaraq 1100 manat müəyyən edilmişdir. Müqavilənin 4.7.2-ci yarımbəndinə əsasən liseyə eyni ailədən 1 nəfərdən artıq sayda “şağırd” qəbul olunarsa, ikinçi, üçüncü və sonrakı hər “şagird”ə görə 800 manat güzəşt tətbiq olunur. Kollegiya qeyd edir ki, tərəflər arasında mövcud olan müqavilə üzrə hər iki tərəfin öhdəlikləri həddi müəyyən edilmişdir. Həmin öhdəliklərə görə İddiaçı1 qızı B.Ələklbərovanın təhsil alması üçün 1100 manat məbləğində təhsil haqqı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh X32 Liseyi iddiaçıların digər övladı həmin Liseydə təhsil alacağı təqdirdə təhsil haqqına 800 manat məbləğində güzəşt etməsi öhdəsinə götürmüşdür. İddiaçılar liseyə qəbul edilmiş digər övladlarlı X10 təhsil haqqının, qeyd olunan müqavilənin 4.7.2-ci yarımbəndinə əsasən 800 manat təyin edilməsini tələb edirlər. Halbuki, cavabdeh iddiaçılarının digər övladlarının liseydə təhsil alacağı təqdirdə təhsil haqqının 800 manat müəyyən edilməsini deyil, təhsil haqqına 800 manat məbləğində güzəşt edəcəyini öhdəsinə götürmüşdür. Qeyd olunan maddi hüquq normalarının tələblərindən də göründüyü kimi, öhdəliyin yaranması üçün öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş müqavilədən isə görünür ki, iddiaçının digər övladlarının liseyə qəbul edildikləri halda, onların təhsil haqqının 800 manat məbləğində müəyyən edilməsinə dair cavabdeh hər-hansı öhdəlik üzərinə götürməmişdir. Qanunla və ya müqavilə ilə müəyyən edilməmiş öhdəliyin icra edilməsinə isə hərhansı şəxs məcbur edilə bilməz. Belə olan halda, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, məhkəmə məsrəfləri tərəflərin özlərinə aid edilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: X32 Liseyinin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3714/2021 saylı, 14.09.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi rədd edilsin. Məhkəmə məsrəfləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar