Məhkəmə qərarları › İş №2(103)-10982/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-10982/2021

08.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10982/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(003)-3161/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası Nəcəfqulu Rza-Qulu oğlundan qalmış 3/5 pay və X2ndan qalmış 1/5 payın onun payına birləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Xəzər rayonu Şüvəlan qəsəbəsi, ünvan 1 ünvandakı yaşayış evi ataları Nəcəfqulu Rza-qulu oğlunun mülkiyyətində olmuşdur. Ataları 24 iyun 1992-ci ildə vəfat etmişdir. Onun 5 övladı - 3 qızı və 2 oğlu olmuşdur. Övladlarından o və birinci qrup əlil olan qardaşları Allahqulu Nəcəfqulu oğlu ataları ilə həmişə bir ünvanda yaşamışlar. Digər bacı-qardaşlar isə atalarının ölümündən sonra vərəsə kimi qeydiyyata alınmaları barədə nəinki qanunla nəzərdə tutulmuş 3 ay ərzində, hətta indiyədək mirasdan pay almaq üçün müraciət etməmişlər. Lakin, 2 bacısı atalarının ölmündən 18 il keçəndən sonra hələ atalarının sağlığında atalarının evindən ər evinə köçərək orada qeydiyyata alınmalarına, köçəndən sonra və atalarının ölmündən sonra miras qalmış evlə heç bir əlaqələri olmadığı halda vərəsə kimi paylarını almaq üçün əvvəl 7 saylı notariat kontoruna, onun imtinasından da Xəzər rayon məhkəməsinə müraciət etsələr də, onların iddiaları təmin olunmamışdır. O, hələ ataları öləndən sonra vərəsə kimi qeydə alınmış və mirasdan ona 5 də 1 pay müəyyən olunmuşdur. Onunla birlikdə atalarının evində yaşayan qardaşları Allahqulu Nəcəfqulu oğluna da o, qədər pay verilmişdir. Qalan 5 də 3 pay isə atalarının adına qalmışdır. Onunla eyni pay sahibi olan qardaşları Allahqulu Nəcəfqulu oğlu 14 iyun 2021-ci il tarixdə dünyasını dəyişmişdir. Onu da bildirir ki, hələ 2014-cü ildə o, X2nun qəyyumudur, onun xəstə olduğuna görə onun qulluğunda olmuşdur. X2 dünyasını dəyişəndən sonra o, 7 saylı notariat ofisinə müraciət edərək atalarından qalma mirasın hamısının onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə müraciət etmişdir. Cavabdeh isə atalarının ölmündən 18 il sonra mirasdan pay almaq istəyən digər vərəsələrin məhkəmə mübahisələrinin olduğunu əsas götürüb ona imtina cavabı vermişdir. Hesab edir ki, notariat ofisinin ona vermiş olduğu cavab əsassızdır, ona görə də həmin cavabla onun vərəsəlik hüququ pozulduğuna görə məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(003)-3161/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə yalnız iddiaçının ifadəsinə əsasən çıxarılmış, sübutlara qanuni qiymət verilməmiş, cavabdehin iştirakı təmin edilməmiş, işdə iddiaçının ikinci qardaşının 29 ildən çoxdur ki, Azərbaycanda olmaması nəzərə alınmamış, işə çox səthi baxılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(003)-3161/2021 saylı qətnaməsinin tamamilə ləğv edilərək iddianın təmin edilmsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Bakı şəhəri 7 saylı X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Çünki iddiaçı tərəf qətnaməni yalnız həmin hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusunun 29.06.2021-ci il tarixli məktubundan görünür ki, İddiaçı atası Nəcəfqulu Rzaquli oğlundan miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 1 ünvanda yerləşən evə dair ona şəhadətnamə verildiyi xatırladılmış, mərhumun digər vərəsələrinin payı isə açıq saxlanıldığı, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin məhkəmənin yekun qərarı olduqdan sonra veriləcəyi bildirilmişdir. İş materiallarında olan qeydiyyat vəqisəqinin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 1 1/5 hissədə İddiaçı, 1/5 hissədə hissədə Allahqulu Nəcəfovaya və 3/5 hissədə X6 məxsusdur. İş materiallarında olan Nəcəfqulu Rzaqulu oğlu 24.06.1992-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarından görünür ki, Allahqulu Nəcəfqulu oğlu 14.06.2021-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 11.12.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Ordubad küçəsində yerləşən 8 saylı fərdi yaşayış evinə dair Nəcəfqulu Rzaqulu oğlunun adına açıq qalmış 3/5 hissə İddiaçı və X1 arasında bərabər bölüşdürülməklə İddiaçı 3/10 hissədə, X1 3/10 hissəsədə payının müəyyən edilməsi qət edilmişdir. İş materiallarından görünür ki, həmin qətnamə Azərbaycan Respublikasın Ali Məhkəməsinin qərarı ilə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, artıq iddianın bir hissəsi ilə bağlı, yəni atası Nəcəfqulu Rza-Qulu oğlundan qalmış 3/5 payın onun payına birləşdirilməsi hissəsi ilə bağlı mübahisə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə öz həllini tapmışdır. İddia tələbinin digər hissəi ilə bağlı, X2ndan qalmış 1/5 payın onun payına birləşdirilməsi hissəsinə münasibətdə isə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qardaşı Allahqulu 15 iyun 2021-ci ildə vəfat etmiş, lakin iddiaçı bununla bağlı onun vərəsəsi qismində ondan qalmış miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi üçün notariat ofisinə müraciət etməmiş, 07.07.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. MM-nin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. MM-nin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. MM-nin 1322-ci maddəsinə əssasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Kollegiya qeyd edir ki, həmin qardaşa münasibətdə vərəsəlik hüququnun həyata keçirilməsi ilə bağlı müraciət etmək hüquqları olan daha iki bacıları vardır. Belə olan halda notariat ofisinə müraciət edilmədən, digər vərəsələrlə aralarında pay bölgüsünə dair mübahisənin olub-olmaması müəyyən edilmədən qardaşdan qalan miras əmlakın pay kimi özünün payına birləşdirilməsi barədə iddia tələbinin təmin edilməsi qanuni və əsaslı olmamaqla iddia həmin hissədə də məhkəmə təərəfindən düzgün olaraq təmin edilməmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçı etdiyi tələbə notariat ofisinə müraciət etməyərək, birbaşa məhkəməyə müraciət etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci miaddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarında Plenum qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanlarına vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmsalıdır. Müraciəğ edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər. Məhkəmə hesab etmişdir ki, hazırki tələblə bağlı Bakı şəhəri 7 saylı notariat ofisi iddiaya cavab verməli şəxs deyil. Belə ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəlmədiyindən və iddiaçı cavabdehin əvəz edilməsi üçün heç bir təşəbbüs göstərmədiyindən təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə məhkəmə qərar verə bilər. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia təlləbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur. (Mülki Prosessual Məcəllənin 50-ci maddəsi) Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 51ci maddəsinə görə, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər, lakin digər cavabdehin işə qoşulması məsələsi hər bir halda iddiaçı tərəfindən ona qarşı tələb irəli sürülməsi qaydasında həyata keçirilməlidir. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, hazırki iddia üzrə cavab verməli olan şəxs cavabdeh Bakı şəhəri 7 saylı notariat ofisi deyildir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(003)- 3161/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar