Məhkəmə qərarları › İş №2(103)-1099/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1099/2021

16.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1099/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «istehlakçı hüquqlarının müdafiəsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)-2275/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «istehlakçı hüquqlarının müdafiəsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, xx xxxxxx 2019-cu il tarixli, 153734 saylı aktın ləğv edilməsi, «xxxx» ASC tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 552,13 manat borcun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinin kənarında hasara bərkidilmiş elektrik sayğacına baxış keçirilmiş, nəticədə 153734 saylı akt tərtib olunmuşdur. Hazırda tərtib olunmuş aktda göstərilir ki, onun elektrik sayğacının alt qapaq möhürü qırılmışdır. Belə ki, fərdi yaşayış evini 2x6 mm kabel xətti qidalandırır. Bununlada labarator müayinəyə ehtiyac vardır. Ödəniş saldosundan da görünür ki, bütün elektrik enerjisinə olan borcunu vaxtı-vaxtında ödəmişdir. Bununla əlaqədar heç bir borcu qalmamışdır. O, 153734 saylı aktı qanunsuz və əsassız hesab edir. Belə ki, ona məxsus 15602357 saylı elektrik sayğacının dövlət möhürü pozulmamışdır. Hər hansı kənar müdaxilə, açar və digər vasitələrdən sayğac yerindən kənarlaşdırılmamışdır. Üst və alt qapaqda xüsusi dəlik aşkar edilməmişdir. Sayğaca kənar xətt və işlədicilər də qoşulmamışdır. Sayğac fərdi yaşayış evinin daxilində yox kənarındadır. Sayğacın diski də ilişmir, elektron sistemində də heç bir pozuntu aşkar edilməmişdir. Sayğacın göstərilən alt qapaq möhürünün güya onun səhvi üzündən qırılması mümkün olan hal deyildir. Əgər sayğacda hər hansı pozuntu olsaydı sayğaca baxan «xxxx» ASC-nin nəzarətçiləri onu dərhal aşkar edərdilər, uzun müddət keçəndən sonra yox. Çünki «xxxx» ASC-nin əməkdaşları elə olur ki, ay ərzində iki və daha çox gələrək sayğaca baxış keçirdirlər. Əgər sayğaca müdaxilə varsa bu məhz ASC-nin əməkdaşlarının təqsiridir. Akt tərtib edilən zaman ona 552,13 manat borc pul yazılmışdır. 552,13 manatın hansı əsaslarla yazılması nə ödəniş saldosunda, nə də aktda göstərilmişdir. Müraciətlərinin tam həll olunmamasını nəzərə alaraq məhkəməyə müraciət etmişdir. Özü İ qrup əlildir və 230 manat müavinət alır. Həmin məbləği ödəməyə maddi imkanı yoxdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)- 2275/2020 saylı qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddia ərizəsinin təmin olunması qət edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, aktın qanuni olması, akta əsasən 552,13 manat sərfiyyatın düzgün hesablanması, iddianın rədd edilməli olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə sayaraq, apellyasiya şikayətində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan «xxxx» ASC-nin əməkdaşları Rzayev F., Səmədov A., İsmayılov Ş. tərəfindən tərtib edilmiş AKTR № 153734 saylı xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, elektrik enerjisi uçotu və «X2 Qaydaları»na (EEİQ) riayət olunması yoxlanılmış və Dövlət yoxlamasına gətirilmiş abonent kodu **********70000 olan elektrik sayğacı rəyə görə elektrik sayğacının alt qapaq möhürünün qırılması müəyyən edilmişdir. Belə ki, fərdi yaşayış evini 2x6 mm kabel xətti qidalandırır. Akta əsasən elektrik sayğacının və möhürlərin labaratoriya şəraitində yoxlanılması və rəy verilməsi tələbi qoyulmuşdur. İşdə olan istehlakçı İddiaçı aid ünvan 1 ünvanda yerləşən **********70000 saylı Abonent barədə xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə, İ.Hacıyev küçəsi, ev 67 (Abonent kodu: **********70000) ünvana 153734 saylı akta əsasən 116,20 manat və 435,93 manat borc hesablanmışdır. Qeyd edilməlidir ki, «Elektroenergetika haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən elektrik və istilik enerjisi ilə təchizatın subyektləri dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və enerji istehlakçıları sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X2 Qaydaları»nın (bundan sonra Qaydalar) 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı – müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsi ilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. Qaydaların 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Həmin Qaydaların 8.17-ci bəndində göstərilir ki, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.) uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yuxarıda qeyd edilən normanın pozulması üçün istehlakçının təqsirindən hesablaşma uçot cihazının zədələnməsi, uçot cihazlarının qoşulma sxemlərinin pozulması, uçot cihazlarından kənar özbaşına yükun qoşulması faktı aşkar olunmalıdır. Həmçinin, hüquq norması elektrik enerjisi istehlakçısının X2 qaydalarının pozulmasında məsuliyyətini, aşkar olunmuş pozuntularda istehlakçının təqsiri olması ilə şərtləndirmişdir. Yəni baş vermiş pozuntuya görə o halda istehlakçı məsuliyyət daşıyır ki, pozuntu istehlakçının təqsirli hərəkətlərinin nəticəsi olaraq əmələ gəlsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İstehlakçının təqsirinin olmaması isə onun belə məsuliyyətə cəlb olunmasını istisna edir. Qaydaların 8.16 və 8.17-ci bəndlərinin tələblərindən göründüyü kimi, qüsurların yaranmasında istehlakçının təqsirli olub-olmamasının müəyyənləşdirilməsi yenidən hesablaşma aparılması üçün mühüm əhəmiyyət kəsb edir. Qaydaların 9.20-ci bəndində fors-major hadisələri, kənar şəxslərin düzgün olmayan hərəkətləri (səhvən birləşdirmə, açma və keçirmə, hava elektrik verilişi xətlərinin naqillərinin üzərinə kənar əşyaların atılması, hava və kabel verilişi xətlərinin mexaniki zədələnməsi və s. nəticəsində) baş vermiş qəzalarla əlaqədar istehlakçı dəymiş ziyana görə enerjitəchizatı müəssisəsi qarşısında məsuliyyət daşımır. Qaydaların 7.6-cı bəndinə əsasən hesablaşma elektrik sayğıcının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. Qanunvericiliyin qeyd edilən normalarında göstərilən halların araşdırılması bilavasitə enejitəchizatı müəssisənin üzərinə düşür. Lakin, cavabdeh sübutetmə yükünü həyata keçirə bilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, ünvan 1 ünvanda yerləşən istehlakçı İddiaçı aid elektrik sayğacı növbəti texniki baxışdan keçirilən zaman saygaca müdaxilə edildiyi aşkar edilmiş, yoxlanılması üçün sayğac çıxarılaraq ekspertizaya göndərilmişdir. Müvafiq qurumun verdiyi rəyə əsasən sayğacın alt qapaq möhürünün qırılması müəyyən edilmiş, sayğac istismara yararsız kimi qiymətləndirilərək, istehlakçı İddiaçı ümumilikdə 552,13 manat borc hesablanmışdır. İşin mübahisəsiz olan digər hallarına əsasən istifadə olunan elektrik xəttinə quraşdırılmış elektrik sayğacı evin daxilində deyil, hasarın çöl tərəfində, yəni ümumi istifadə olunan yolda quraşdırılmışdır. İddiaçı bildirir ki, elektrik sayğacına hər hansı bir müdaxilə etməmişdir. Sayğaca hər hansı bir müdaxilə varsa belə o bundan məlumatsızdır və bu müdaxilə kənar şəxslər tərəfindən oluna bilər. Çünki, elektrik sayğacı kənar müdaxilələrdən qorunmaq üçün cavabdeh tərəfindən xüsusi qutuya yerləşdirilməmişdir. Cavabdeh isə elektrik sayğacına müdaxilənin iddiaçı tərəfindən edildiyini qənaətindədir (hesablanmış cəriməyə əsasən), bununla belə məhkəməyə bunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Göründüyü kimi delikt məsuliyyətini müəyyən edən normalar mülki hüquq pozuntusu üçün məsuliyyətin əsası kimi ziyanvuranın hüquqa və ya qanuna zidd hərəkəti və ziyanvuranan təqsirli olmasını əsas şərt kimi müəyyən etmişdir. Belə ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur və ilkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Cavabdeh məhz iddaçı tərəfindən ona aktda göstərilən miqdarda ziyan vurulduğunu sübut etməyə borcludur. Məhkəmə araşdırması zamanı cavabdeh tərəf aktda qeyd olunmuş pozuntunun iddiaçının təqsirli hərəkəti nəticəsində yaranmasını, bu sahədə sonununun hüquqa zidd davranışını və həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqənin olması sübut edə bilməmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. «Qavazov Bolqarıstana qarşı» iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İddiadan görünür ki, onun qiyməti 2000 manatdan azdır (552,18 manat). Belə olan halda isə, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı «istehlakçı hüquqlarının müdafiəsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)-2275/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(001)-2275/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar