Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10998/2021 10.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, Ərizəçi (Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi maraqlı şəxs olmaqla) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair” ərizəsinə baxılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(005)-3257/2021 saylı qərardadından ərizəçinin şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1938-ci ildə Ermənistan Respublikası Kalinin rayonunda anadan olması barədə doğum haqqında akt qeydinin bərpa olunması və 10.10.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş 03.05.1936-cı il tarixdə Ermənistan Respublikası Kalinin rayonunda anadan olmuş X2 bacısı olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(005)- 3257/2021 saylı qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır. Qərardaddan ərizəçi şikayət verərək, ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, ərizədə qeyd olunan hüquqi əhəmiyyətli faktın nəyə görə lazım olduğu ətraflı göstərilmişdir. Doğum haqqında şəhadətnamə 1988-ci il tarixdə Ermənistan Respublikasından qaçqın gəldikləri vaxt itmişdir, bu barədə Nərimanov rayon Qeydiyyat şöbəsindən imtina məktubu verilmişdir. X1 doğumu haqqında faktın müəyyən edilməsini xahiş etmişdir ki, bu barədə də Nərimanov rayon Qeydiyyat şöbəsindən imtina məktubu verilmişdir, bacısı vəfat edənə kimi ailə qurmamışdır, mülkiyyətində mənzili var, yeganə vərəsə odur. Həmin qərardaddan ərizəçinin verdiyi şikayət məhkəmənin 18 oktyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər (nümayəndə) məhkəməyə gəlmədiklərindən, işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mahiyyəti üzrə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1938-ci il tarixdə, X3 03.05.1936-cı il tarixdə Ermənistan Respublikası Kalinin rayonunda anadan olmuşlar. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmş 02.06.2021-ci il tarixli 114 nömrəli məktubun məzmunundan müəyyən edilir ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpa olunması barədə ərizə ilə müraciət etmiş və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırki halda yuxarıda adı çəkilən Müddəaların 14-cü bəndinin tələbinə uyğun olaraq aktın qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmş 02.06.2021-ci il tarixli 115 nömrəli məktubun məzmunundan müəyyən edilir ki, Ərizəçi X1 doğumu haqqında akt qeydinin bərpa olunması barədə ərizə ilə müraciət etmiş və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların” 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Hazırki halda yuxarıda adı çəkilən Müddəaların 14-cü bəndinin tələbinə uyğun olaraq aktın qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum haqqında akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər olmadığından məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ərizəçi 1988-ci il hadisələri zamanı köçkün düşdükləri zaman özünün və bacısının doğum haqqında şəhadətnamələrinin itməsi və Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunduğundan hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi doğum haqqında akt qeydinin bərpa olunması (doğumun qeyd edilmə faktının müəyyən edilməsi) və 10.10.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş 03.05.1936-cı il tarixdə Ermənistan Respublikası Kalinin rayonunda anadan olmuş X2 bacısı olması faktının müəyyən edilməsini xahiş etmiş və məqsədinin ondan ibarət olduğunu göstərmişdir ki, bacısının vəfatından sonra fərdi yaşayış evi miras qalmışdır və yeganə vərəsə odur, lakin hər ikisinin doğum haqqında şəhadətnaməsi olmadığından notariat kontorunda vərəsəlik işinin açılması mümkün olmamaqla, mirası qəbul etmək hüququndan məhrum olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə Mülki Prosessual Məcəllənin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin; 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Ərizəçi xx xxxxxx 1938-ci ildə Ermənistan Respublikası Kalinin rayonunda anadan olduğunu, lakin 1988-ci ildə baş vermiş hadisələrlə bağlı qaçqın düşdüyü vaxt doğum haqqında şəhadətnaməsinin itdiyini bildirir və bu səbəbdən doğumunun qeyd edilmə faktının müəyyən edilməsini xahiş edir. Ərizəçinin digər xahişi isə özü kimi qaçqın düşmüş və 10.10.2020-ci ildə Bakı şəhərində vəfat etmiş bacısı Göycə ilə qohumluq münasibətlərinin müəyyən olunmasından ibarətdir. Bu faktların müəyyən edilməsi isə ərizəçiyə mərhum bacısından qalmış miras əmlakın adına rəsmiləşdirilməsi üçün lazımdır. Göründüyü kimi, hər iki hüquqi fakt yalnız məhkəmə qaydasında müəyyən oluna bilər və bunun ərizəçiyə nə üçün lazım olduğu da aydındır. Ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməz, itirilmiş sənədlərin (doğum haqqında şəhadətnamələrin) bərpası da mümkün deyil. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən göstərilən hallar araşdırılmadan ərizə baxılmamış saxlanılmışdır, odur ki, məhkəmənin qərardadı ləğv edilməli və ərizəyə mahiyyəti üzrə baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Ərizəçi şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(005)- 3257/2021 saylı qərardadı ləğv edilsin və Ərizəçi (Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi maraqlı şəxs olmaqla) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair” ərizəsinə mahiyyəti üzrə baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-10998/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10998/2021
10.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver