Məhkəmə qərarları › İş №2(103)-11/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11/2021

22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2016-cı il tarixli qətnaməsindən Cavabdeh1 qəyyumu X3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2016-cı il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 10 124,84 ABŞ dolları əsas borc, 3715,53 ABŞ dolları və 200 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 14040, 37 ABŞ dolları tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş “MG-3” markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, artıq qalmış pulun Cavabdeh1 qartarılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2016-cı il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktybar 2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, ilk iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 arasında bağlanmış 06.01.2012-ci il tarixli, 016/A-12 saylı kredit müqaviləsi etibarsız hesab edilmiş, Cavabdeh1 5020 ABŞ dolları vəsait ödəniləcək gün Azərbaycan manatının məzənnəsinə uyğun olaraq manatla tutularaq "xxxx" ASC-nə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı "xxxx" ASC kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2017-ci il tarixli qərarı ilə iddiaçı "xxxx" ASC-nin kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 oktybar 2016-cı il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 aprel 2017-ci il tarixli qərardadı ilə ərizəçi X7Ağa qızının maraqlı şəxs Nəsimi RİH-nin nəzdində Qəyyumluq və Himayədarlıq şöbəsinə qarşı Cavabdeh1 2002-ci ildən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə Nəsimi Rayon Məhkəməsinin 2(006)-47/16 saylı 27 yanvar 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və həmin iş üzrə yekun qərar qəbul edilib, həmin qərar qanuni qüvvəyə minənədək, hazırki mülki işin icraatı dayandırılmışdır. İşə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 415/2020 saylı 19.06.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-47/2016 saylı mülki iş üzrə 27 yanvar 2016-cı il tarixli qətnaməsi ilə ərizəçi X1 19.09.1978-ci il təvəllüdlü qızı Cavabdeh1 2002-ci ildən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi təmin edilmişdir. Maraqlı şəxs ‘Dəmirbank” ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-47/2016 saylı işi üzrə 27 yanvar 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-47/2016 saylı işi üzrə 27 yanvar 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, İş üzrə yeni qətnamə qəbul edilərək, ərizəçi X2 ərizəsi qismən təmin edilərək, 19.09.1978-ci il təvəllüdlü qızı Cavabdeh1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi qət edilmişdir. Qalan hissədə ərizə təmin edilməmişdir. Qətnamə qanuni yüvvəyə minmişdir. Mülki işin dayandırılmasıına səbəb olan hallar aradan qalxdığından iş üzrə icraat təzələnmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, kollegiyanın əvvəlki iclaslarında iştirak edib, şikayətlərini müdafiə edərək təmin olunmasını xahiş edən Cavabdeh1 nümayəndələrini, apellyasiya şikayətilə razılaşmayaraq rədd olunmasını xahiş edən iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin olunmamalı, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə 10 fevral 2016-cı il tarixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 415/2020 saylı 19.06.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 həmin qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş, lakin onunla "xxxx" ASC arasında bağlanmış 06.01.2012-ci il tarixli, 016/A-12 saylı kredit müqaviləsi bağlanan vaxt fəaliyyət qabiliyyəti olmayan hesab edilməmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 06 yanvar 2012-ci il tarixli, 016/A-12 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 illik 19 faiz hesablanmaqla 48 ay müddətinə 17055 (on yeddi min əlli beş) ABŞ dolları məbləğində kredit vəsaiti bilmişdir. İş materiallarına əlavə olunmuş 06 yanvar 2012-ci il tarixli İPT-1-016/A-12 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 həmin kredit müqaviləsinin təminatı kimi mülkiyyətində olan «MG-3» markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobili banka ipotekaya qoymuşdur. İş materiallarına əlavə olunmuş "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 06 yanvar 2012-ci il tarixli, Z-1-016/A-12 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclu Cavabdeh1 kredit öhdəliklərinin vaxtında və lazımınca icrası üçün bank qarşısında zamin durmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BDYPİ-nin ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 07 yanvar 2012-ci il tarixli, AA 031066 saylı çıxarışının surətindən görünür ki, ipoteka predmeti olan «MG-3» markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə olunmuş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «MG-3» markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 adına rəsmi reyestrdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 10 noyabr 2015-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 banka 10 noyabr 2015-ci il tarixə 10124 (on min bir yüz iyirmi dörd) ABŞ dolları 84 (səksən dörd) sent əsas, 3715 (üç min yeddi yüz on beş) ABŞ dolları 53 (əlli üç) sent faiz, 1491 (bir dörd yüz doxsan bir) ABŞ dolları 45 (qırx beş) sent cərimə, cəmi 15331 (on beş min üç yüz otuz bir) ABŞ dolları 82 (səksən iki) sent kredit borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cabdehlərə ünvanladığı bildiriş məktubundan görünür ki, cavabdehlərə kredit qaviləsi üzrə ödənişlərin yerinə yetirilməsi barədə xəbərdarlıq edilmişdir. İşin hallarından görünür ki, tərəflər arasında kredit, ipoteka və zaminlik müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsinə görə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəlləsinin 474.2-ci maddəsinə əsasən, zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia tələbi irəli sürdükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi nəticəsində kreditora dəyən zərərin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya, o cümlədən tikintisi başa çatdırılmamış daşınmaz əşya və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşya ola bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinin tələbinə görə, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma, girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 312.3-cü maddəsinə əsasən, əgər ipoteka verənin öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, ipoteka saxlayan əşyanın ona verilməsini tələb edə bilər. Bu tələb üzrə qərarı məhkəmə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.6-cı maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini yuxarıda qeyd olunan qaydada qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə ləğv edilməsi üçün hüquqi əsas vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə 10 fevral 2016-cı il tarixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar