Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1592/2023 10.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair, iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əqdin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X6 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə5, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair, iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əqdin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)- 96/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Kredit verən "xxxx" İKB ASC ilə kredit alan X4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4-M-2-0-10-15 saylı kredit müqaviləsinə əsasən, bank borcalana 36 ay müddətinə qaytarmaq və illik 18 faiz ödənilmək şərti ilə 4055 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşdür.
2. xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, kredit alan bankdan kredit müqaviləsi üzrə 4055 ABŞ dolları krediti təhvil almışdır.
3. Kredit müqaviləsinə əlavə olan 1 saylı ödəniş cədvəlindən görünür ki, kredit alan xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixə qədər olan dövr ərzində hər ay 147 ABŞ dolları (sonuncu ay isə 126 ABŞ dolları) borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür.
4. Kredit verən "xxxx" İKB ASC ilə kredit alan X4, zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4-M-2-0-10-15 saylı zaminlik müqaviləsinə əsasən, zamin kredit müqaviləsi üzrə borclunun bank qarşısında öhdəliklərinin icrasına təminat verərək borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.
5. Kredit verən "xxxx" İKB ASC ilə kredit alan X4, zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4-M-2-0-10-15 saylı zaminlik müqaviləsinə əsasən zamin kredit müqaviləsi üzrə borclunun bank qarşısında öhdəliklərinin icrasına təminat verərək borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.
6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-99/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-2653/2019 saylı qərardadından görünür ki, iddiaçı "xxxx" İKB ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-99/2018 saylı qətnaməsi ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-138/2022 saylı məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-138/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbinin təmin edilməsi, Rafiq Məcidov (kod 143296) və Azad Atayev (kod 107528) ilə "xxxx" İKB ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsinin ləğv edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 126 manat ekspertiza xərcinin cavabdeh "xxxx" İKB ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
9. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4301/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı ASC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddianın təmin olunması, X4 (kod 143296) və X5 (kod 107528) ilə "xxxx" İKB ASC arasında bağlanmış kredit müqavilələrinin təminatı olaraq Cavabdeh1 ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 4-M-2-0-8-15 saylı və xx.xx.2015-ci il tarixli, 4-M-2-0-10-15 saylı zaminlik müqavilələrinin etibarsız hesab edilməsi, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olaraq 252 manat məhkəmə xərcinin cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 6476/2022 saylı qərardadı ilə cavabdeh "xxxx" İKB ASC-nin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4301/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş və işin Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.
11. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-4301/2022 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4301/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" İKB ASC (indiki "xxxx" ASC) tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
12. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3-6/2-2233/2023/29 saylı məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4301/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi Mülki Prosessual Məcəllənin 393-cü maddəsinə əsasən, xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir.
13. Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İİ № 092371 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 497 nömrəli ölüm akt qeydi tərtib edilmişdir.
14. “Sumqayıt Asan Xidmət” Mərkəzi Notariat ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli, 2V-223 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə ölmüş X1 vərəsəsi Cavabdeh3 miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********0 saylı məktubuna əsasən, X1 101952 saylı pensiya hesabı üzrə (Abşeron rayonu) ölümündən sonra 316.75 manat alınmamış pensiya məbləğindən ibarətdir.
Birinci instansiya məhkəməsindəki icraat
15. İddiaçı "xxxx" ASC cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2015-ci il tarixli, 4-M-2-0-10-15 saylı kredit müqaviləsi üzrə 1282.27 ABŞ dolları əsas, 1424.94 ABŞ dolları faiz və kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 211.45 ABŞ dolları əldən çıxmış fayda olmaqla ümumilikdə, cəmi 2918.66 ABŞ dolları borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
16. İddiaçı Cavabdeh2 öz növbəsində, cavabdeh "xxxx" ASC-yə qarşı əqdin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC ("xxxx" ASC) ilə bağladığı xx.xx.2015-ci il tarixli, 4-M-2-0-10-15 saylı saxta zaminlik müqaviləsinin etibarsız hesab olunması və 100 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
17. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-427/2022 saylı qərardadına əsasən, iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" ASC-yə qarşı əqdin etibarsız hesab olunması tələbinə dair 2(004)-2960/2022 saylı mülki iş iddiaçı "xxxx" ASC-nin cavabdehlər X3, Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair 2(012)- 427/2022 saylı mülki işə birləşdirilmişdir.
18. Daha sonra, iddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 vəfat etdiyindən onun hüquqi varisi Cavabdeh3 ilə əvəz olunmasını məhkəmədən xahiş etmiş, məhkəmə Cavabdeh3 cavabdeh qismində cəlb etmişdir.
19. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 xx.xx.2015-ci il tarixli, 4-M-2-0-10-15 saylı kredit müqaviləsinə əsasən, "xxxx" İKB ASC-dən illik 18 faizlə 36 ay müddətinə 4055 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. xx.xx.2021-ci il tarixədək X1 banka xx.xx.2015-ci il tarixli, 4-M-2-0-10-15 saylı kredit müqaviləsi üzrə 1282.27 ABŞ dolları əsas, 1424.94 ABŞ dolları faiz və kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 211.45 ABŞ dolları əldən çıxmış fayda olmaqla ümumilikdə, cəmi 2918.66 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməkdən boyun qaçırmışdır.
20. Məhkəmə iclasında Cavabdeh3 (X1 hüquqi varisi) iddianı etiraf etməyərək izahatında göstərmişdir ki, X4 onun mərhum həyat yoldaşıdır və o, həyat yoldaşının qanuni varisi kimi tanınmışdır. Onun yoldaşının banka olan kredit müqaviləsi üzrə borcuna dair məhkəmə qətnaməsi çıxarılmış və kredit müqaviləsi üzrə imzanın onun yoldaşına məxsus olmadığı müəyyən olunmuşdur. Bu səbəbdən də, hazırda, iddiaçı "xxxx" ASC-nin borcun tutulmasına dair iddia tələbini qəbul etmir. Onun yoldaşından ona miras əmlak olaraq pensiya pulu qalmış və o, hazırda, borca görə vərəsəlikdən çıxmaq istəyir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
21. Məhkəmə iclasında Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin iddia ərizəsini qəbul etməyib, onun tərəfindən təqdim olunmuş iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, iddiaçı "xxxx" ASC-nin kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddia ərizəsini qəbul etmir. Belə ki, müqavilə üzrə imzanın ona məxsus olmadığı təsdiq olunmuş və bu səbəbdən də, o, müqavilənin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Onun iddia ərizəsində cavabdeh qismində qeyd olunmuş şəxslərlə hər hansı bir tanışlığı yoxdur. Təxminən 2017-ci ildə prokurorluq tərəfindən bank filialında saxtakarlıqla bağlı araşdırmalar aparılmış, müstəntiq tərəfindən o, dəvət olunmuş, müqavilədə olan imzanın ona məxsus olub-olmaması barədə araşdırma aparılmış və imzanın ona məxsus olmadığı barədə o, izahat vermişdir. Bir müddətdən sonra bankın əməkdaşlarının məhkəmə qərarı ilə azadlıqdan məhrum edilməsi müəyyən edilmişdir. Həmçinin, o, xx.xx.2018-ci il tarixdə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, imzanın ona məxsus olub-olmaması barədə araşdırma aparılmasını xahiş etmiş, imzanın ona məxsus olmadığı təsdiqini tapmışdır. Hesab edir ki, kredit müqaviləsi üzrə imza ona məxsus olmadığından müqaviləyə əsasən hesablanmış borc da ondan tutulmamalıdır. Ona görə də iddiaçı "xxxx" ASC-nin iddia ərizəsinin təmin edilməməsi, onun iddia ərizəsinin isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
22. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-96/2023 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, iddiaçı Cavabdeh2 iddia ərizəsinin təmin edilməsi, Cavabdeh2 ilə "xxxx" İKB ASC ("xxxx" ASC), X4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 4-M-2-0-10-15 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh "xxxx" ASC-dən ödənilmiş dövlət rüsumuna görə 100 (yüz) manat pul vəsaitinin alınaraq iddiaçı Cavabdeh2 xeyrinə tutulması qət edilmişdir.
23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki iş materiallarına əlavə olunmuş məhkəmə aktlarından müəyyən olunduğu kimi, iddiaçı "xxxx" ASC ("xxxx" ASC) borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-99/2018 saylı qətnaməsi ilə cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia tələbi təmin edilməmişdir. Göründüyü kimi, həmin məhkəmə aktı ilə keçirilmiş ekspert rəyi əsasında kredit və zaminlik müqaviləsindəki imzaların X3 və Cavabdeh2 məxsus olmaması öz təsdiqini tapdığından qeyd olunan hal iddia tələbinin təmin edilməməsi üçün əsas hesab edilmiş və iddiaçı qarşısında kredit müqaviləsi üzrə borcun tutulmasına dair öhdəliklərinin yaranmasını istisna etmişdir. Sözügedən qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)- 2653/2019 saylı qərardadı ilə ləğv edilərək iddia ərizəsi baxılmamış saxlanılsa da məhkəmə həmin qətnamə ilə müəyyən edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 21864 saylı rəyini digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən əsas sübut növü kimi qiymətləndirib nəzərə alır.
24. İddiaçı "xxxx" ASC-nin iddia tələbindən eyni zamanda müəyyən olunur ki, iddiaçı kredit müqaviləsi üzrə borcun digər Cavabdeh1 da tutulmasını məhkəmədən xahiş etmişdir. Mülki iş materiallarına əlavə olunmuş və qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4301/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsi üzrə imzanın zaminə məxsus olmaması Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/28 saylı ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən də, məhkəmə həmin məhkəmə aktı əsasında da keçirilmiş ekspert rəyini təkzibedilməz fakt kimi nəzərdən keçirib əsas sübut növü kimi qiymətləndirir və həmin məhkəmə aktları ilə müəyyən edilmiş hallar hazırki mülki işin mahiyyəti üçün mühüm əhəmiyyət kəsb edərək preyudisial xarakter daşıyır. Beləliklə də, iddiaçının mübahisələndirdiyi kredit və zaminlik müqavilələri üzrə öhdəlik götürən şəxs qismində imza atan şəxslərin - X1, Cavabdeh2 və Cavabdeh1 həmin müqavilələr üzrə öhdəlik daşımadığı, başqa sözlə imzaların həmin şəxslər tərəfindən icra edilməməsi məhkəmə aktları ilə müəyyən edilmiş ekspert rəyləri əsasında təsdiqini tapmış, lakin bununla belə iddiaçı müqavilələr üzrə borcun tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin mahiyyətinə, qanunvericiliyin və Plenum Qərarının hüquqi mövqeyinə istinad edərək məhkəmə qeyd edir ki, mülki iş materiallarına əlavə olunmuş kredit və zaminlik müqavilələrinin cavabdehlərin iddiaçı qarşısında kreditor-borclu hüquq münasibətlərinin yaranmasına əsas olmadığı hallar və faktlar hazırki mülki işin mahiyyətinin həlli üçün də məcburi xarakter daşıyır və bu, iddia tələbinin təmin edilməməsi üçün əsasdır. Ona görə də iddiaçı "xxxx" ASC-nin iddia tələbləri əsaslı olmadığından və sübuta yetirilmədiyindən təmin edilməməlidir.
25. İddiaçı Cavabdeh2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı əqdin etibarsız hesab olunması tələbinə dair iddiası ilə bağlı məhkəmə mülki iş materiallarına əlavə olunmuş zaminlik müqaviləsinin etibarlı hesab edilməsi üçün əsas olan şərtlərə nəzər yetirərək müəyyən etmişdir ki, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi əqdin etibarlı olması üçün zəruri olan şərtlərə, yəni, subyekt tərkibinə, əqdin formasına və məzmununa dair şərtlərə cavab vermiş olsa da, müqavilə tərəflərinin iradə sərbəstliyi, hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi nöqteyi-nəzərindən şübhə doğurur ki, bu da mülki iş materiallarına əlavə olunmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 21864 saylı rəyi ilə öz təsdiqini tapmış və iddiaçı X2 onunla bağlanmış zaminlik müqaviləsinə hüquqi qüvvə verən və imzası ilə rəsmiləşdirilmiş sənəddə əksini tapmış imzanın iddiaçıya məxsus olmadığı sübuta yetirilmişdir. Göründüyü kimi, tərtib olunmuş zaminlik müqaviləsinin onun etibarlı hesab edilməsi üçün qanunvericiliyin tələblərinə uyğun olmayan formada bağlanması öz təsdiqini tapdığından iddiaçı Cavabdeh2 iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməlidir.
26. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 425.1, 442, 445, 337.1, 337.2, 337.4-cü maddələrnin, Mülki Prosessual Məcəllənin 82.3. 14.2, 78.1, 217. 218-ci maddəsinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
27. Qətnamədən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdə cavabdeh Bankdan kredit götürmüş, lakin öhdəliyi yerinə yetirmədiyindən bugünki gün də cavabdehin krediti gecikmədədir. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarından da göründüyü kimi X4 ilə bağlanmış xx.xx.2015ci il tarixil kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh2 ilə də zaminlik müqaviləsi bağlanmışdır. Beləliklə də, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə kreditor qarşısında birgə məsuliyyət daşımaqlarını qəbul etmişlər. xx.xx.2015-ci il tarixdə cavabdeh bankdan kredit götürmüş, lakin öhdəliyi yerinə yetirmədiyindən bugünki gün də cavabdehin krediti gecikmədədir. Tərəflər arasında kredit və zaminlik müqavilələri 2015-ci il tarixdə bağlanmış və imzalar 3 il sonra, yəni 2018-ci il tarixində mübahisələndirilmişdir. Belə olan halda da imzaların fərqli olması barədə rəy verilməsi normal hal kimi qəbul edilə bilərdi və təkrar məhkəmə-xəttşünaslıq ekspertizası keçirilməli idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
30. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə5 iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, imzaların müqavilədə adları qeyd edilən şəxslərə məxsus olduğunu bildirmişdir.
31. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 izahatında bildirmişdir ki, müqavilədəki imza ona məxsus deyil.
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
33. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh1 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
34. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
36. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. İlk öncə kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında göstərdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.
39. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur.
40. Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri də iki tərəfin iradə ifadəsi olan müqavilədir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərin iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir.
41. Abşeron Rayon Məhkəməsindən tələb edilərək materialları nəzərdən keçirilmiş 2(012)-99/2018 nömrəli mülki işdən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(012)-99/2018 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər X3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.
42. Həmin işin materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli, 21864 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, xx.xx.2015-ci il tarixli, 4-M-2-0-10-15 saylı kredit müqaviləsində “Borcalan” qrafalarındakı imzalar (2 ədəd) - X4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, xx.xx.2015-ci il tarixli, 4-M-2-0-10-15 saylı zaminlik müqaviləsində “Zamin” qrafasında “Cavabdeh2” yazılarından aşağı hissədə yerləşən imza Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
43. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-2653/2019 saylı qərardadından görünür ki, iddiaçı "xxxx" İKB ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-99/2018 saylı qətnaməsi ləğv edilmiş və iddia ərizəsi baxılmamış saxlanılmışdır. (MPM-in 259.0.1-ci maddəsinə əsasən)
44. İşdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-138/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, Rafiq Məcidov (kod 143296) və Azad Atayev (kod 107528) ilə "xxxx" İKB ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsinin ləğv edilməsi qət edilmişdir.
45. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4301/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı ASC-nin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddianın təmin olunması, X4 (kod 143296) və X5 (kod 107528) ilə "xxxx" İKB ASC arasında bağlanmış kredit müqavilələrinin təminatı olaraq Cavabdeh1 ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 4-M-2-0-8-15 saylı və xx.xx.2015-ci il tarixli, 4-M-2-0-10-15 saylı zaminlik müqavilələrinin etibarsız hesab edilməsi, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olaraq 252 manat məhkəmə xərcinin cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
46. Həmin qətnamənin surətindən müəyyən olunur ki, keçirilmiş məhkəməxətşünaslıq ekspertizası zamanı Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/28 saylı rəyi ilə xx.xx.2015-ci il tarixli, 4-M-2-0-10-15 saylı zaminlik müqaviləsində “Zamin: Cavabdeh1” qrafasındakı imzanın Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu müəyyən olunmuşdur.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsi”nə dair 23 fevral 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənləri təhlil edərək belə nəticəyə gəlir ki, mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar iddia tələbinə və (və ya) etirazların predmetinə aid olmalı, məhkəmədə araşdırılmalı, eləcə də məhkəmə qətnaməsində əks olunmalı və qiymətləndirilməlidir. Mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia tələbinə aid olmayan sübutların araşdırılıb, həmin sübutlar əsasında iddianın predmetinə aid olmayan hallarla bağlı müəyyən edilən faktların həmin şəxslərin iştirak etdiyi başqa bir iş üzrə preyudisial əhəmiyyət daşıyıb-daşımaması məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.
48. Beləliklə, iş materiallarından göründüyü kimi, iddia tələbinin əsasını təşkil edən müqavilələr Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilmədən bağlanmışdır. Yuxarıda adı çəkilən kredit və zaminlik müqaviləsi üzrə tərəf hesab edilən cavabdehlərin heç biri həmin müqavilələri imzalamamışlar. Odur ki, cavabdehlərin iddiaçı qarşısında həmin müqavilələr üzrə öhdəlikləri yaranmamışdır və həmin müqavilələr etibarsızdır. Əqdin etibarsız olması isə həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir.
49. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.
50. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.
51. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş üzrə mövcud iddianın qiyməti Azərbaycan Respublikası manatına olan məzənndə beş min manatdan az olduğundan, hazırkı iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-96/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kasasiya şikayəti verilə bilməz.