Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1783/2025 18.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinə və “X8 Kredit Təşkilatı” MMC-yə qarşı icra qeydinin ləğv edilməsi, kredit müqaviləsinin etibarsız hesab olunması və dəbbə pulu borcunun silinməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: icra qeydinin ləğvi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), X6 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-4296/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. 4497/2023 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı “X8 Kredit Təşkilatı” MMC-dən illik 32 % ödəmək şərtilə 36 ay müddətinə 40000 manat kredit götürmüşdür.
2. 4583/2024 saylı xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı “X8 Kredit Təşkilatı” MMC-dən illik 32 % ödəmək şərtilə 36 ay müddətinə 12000 manat kredit götürmüşdür.
3. xx.xx.2023-cü il tarixli ipoteka və xx.xx.2024-cü il tarixli sonrakı ipoteka müqavilələrindən görünür ki, hər iki kredit müqaviləsinin təminatı kimi X3 mülkiyyətində olan Sumqayt şəhəri, Novxanı bağ massivində yerləşən 3806 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ reyestrdən çıxarışla qeydə alınmışdır.
4. “X8 Kredit Təşkilatı” MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı “X8 Kredit Təşkilatı” MMC-yə borcu aşağıdaki kimidir: 4497/2023 saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 37427,91 manat əsas borc, 11079,30 manat faiz borcu, 9880 dəbbə pulu borcu, ümumi 58387,21 manat. 4583/2024 saylı xx.xx.2024cü il tarixli kredit müqaviləsi üzrə 10487,68 manat əsas borc, 2336,22 manat faiz borcu, 2328 manat dəbbə pulu borcu, ümumi 15151,90 manat.
5. “X8 Kredit Təşkilatı” MMC-nin xx.xx.2025-ci il tarixli bildirişindən görünür ki, Cəmiyyət borcun məbləği və ipoteka predmetinə tutumanın yönəldilməsi barədə borclu və ipoteka qoyanı xəbərdar etmişdir. Bildiriş xx.xx.2025-ci il tarixdə “oğlu Ruhin” qeydi ilə imzalanaraq qəbul edilmişdir.
6. “X8 Kredit Təşkilatı” MMC-nin xx.xx.2025-ci il tarixli bildirişindən görünür ki, Cəmiyyət ipoteka predmetinə tutumanın yönəldilməsi barədə bildirişin qeydə alınmasını DƏDKR PHŞ 2 saylı Sumqayıt Ərazi İdarəsindən xahiş etmişdir.
7. DƏDKR PHŞ 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X3 mülkiyyətində olan Sumqayt şəhəri, Novxanı bağ massivində yerləşən 3806 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydiyyata alınmışdır.
8. xx.xx.2025-ci il tarixli icra qeydindən görünür ki, göstərilən ipoteka predmetinə tutma yönəldilmişdir. Tələb edilən borcun məbləği 73564,11 manat təşkil edir.
9. xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixli icra qeydinə əsasən Sumqayıt şəhər İcra İdarəsində icra icraatına başlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş 01 aprel 2025-ci il tarixli icra qeydinin ləğv edilməsi və “X8 Kredit Təşkilatı” MMC ilə iddiaçı arasında bağlanmış 4583/2024 saylı kredit müqaviləsinin etibarsız sayılması və həmin kredit müqaviləsi üzrə əsassız hesablanmış dəbbə pulunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər 4 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş icra qeydinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan “X8 Kredit Təşkilatı” MMC-nin tələbi ilə ipoteka qoyan İddiaçı və X2 məxsus ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivi 3806 ünvanında yerləşən bağ evinə tutma yönəldilməsi (öhdəliyi müəyyən eden 4497/2023, 4583/2024 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 47915,59 manat əsas borc, 13415,52 manat faiz borcu, 12208 manat dəbbə pulu borcu olmaqla, cəmi tutulmalı məbləğ 73539,11 manat təşkil edir) tələb olunur. Bu icra qeydi təmamilə əsassız və qanunsuzdur. Belə ki, iddiaçıya ödənişlə bağlı heç bir xəbərdarlıq və ya bildiriş gəlməmişdir. İcra qeydi tərtib olunmadan öncə iddiaçıya xəbərdarlıq edilməli olduğu halda, qanunvericiliyin normaları pozularaq bu xəbərdarlıq olmadan birbaşa icra qeydi tərtib olunmuşdur. Belə olan halda, icra qeydi əsassız səbəbdən tərtib edilmişdir. Göstərilən kredit müqaviləsi üzrə hesablanmış tənasübsüz yüksək məbləğli dəbbə pulu da əsassız olduğundan ləğv edilməli, “X8 Kredit Təşkilatı” MMC ilə iddiaçı arasında bağlanmış 4583/2024 saylı kredit müqaviləsi etibarsız hesab olunmalıdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
12. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-4296/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Elçin Kazımov).
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Notariat haqqında” Qanunun 76-cı maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161, 162-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4296/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv olunaraq, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər 4 saylı notariat ofisinin Xüsusi notariusu X1 tərəfindən verilmiş icra qeydinə əsasən ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan "X8 Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin tələbi ilə ipoteka qoyan İddiaçı və X2 mexsus ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən əmlaka tutma yönəldilməsi, (Öhdəliyi müəyyən eden 4497/2023, 4583/2024 müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 47915.59 AZN esas borc, 13415.52 AZN falz borcu, 12208.00 AZN debbe pulu olmaqla cemi tutulmalıməbləğ 73539.11 AZN təşkil edir.) tələb olunur. Bildirir ki, icra qeydi təmamilə əsassız və qanunsuzdur. Belə ki, iddiaçıya ödənişlə bağlı heç bir xəbərdarlıq və ya bildiriş gəlməmişdir. İcra qeydi tərtib olunmadan öncə iddiaçıya xəbərdarlıq edilməli olduğu halda, qanunvericiliyin normaları pozularaq bu xəbərdarlıq olmadan birbaşa icra qeydi tərtib olunmuşdur. Belə olan halda, hesab edir ki, icra qeydi əsassız səbəbdən tərtib edilmişdir. Həmçinin bildirir ki, kredit müqaviləsi üzrə hesablanmış tənasübsüz hesablanmış yüksək məbləğdə dəbbə pulu da əsassız olduğundan ləğv edilməlidir. Hesab edir ki, "X8 Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin tələbi ilə iddiaçı arasında bağlanmış 4583/2024 saylı kredit müqaviləsi etibarsız hesab olunmalıdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Bununla belə, məhkəməyə ərizə ünvanlayaraq onların iştirakı olmadan işə baxılmasına etiraz etmədiklərini bildirmişlər.
19. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
22. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
25. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
26. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
27. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu
28. Maddə 6.1. Aşağıdakılar icra sənədləri sayılır: 6.1.4. notariusun icra qeydləri.
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
29. Maddə 76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır; icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır.
30. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
31. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.
32. Maddə 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası.
33. 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır.
34. Maddə 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda.
35. Maddə 36.6. İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər.
36. Maddə 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər.
37. Maddə 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir.
38. Maddə 38.2. Notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. Açıq bazarda satış qiyməti tərəflərin notariat qaydasında təsdiq olunan razılaşması ilə müəyyən edilir. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra xidmətinin depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir.
“Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat
39. Bənd 161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə, “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron formada müraciət edirlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofislərinə müraciət edə bilərlər. Dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron notariat” informasiya sistemində yaradılacaq fərdi kabinetləri vasitəsilə elektron müraciət əsasında icra qeydinin aparılması barədə müraciət edirlər. Fərdi kabineti olan korporativ məlumat mübadiləsinin istifadəçiləri “Elektron notariat” informasiya sistemində yerləşdirilmiş forma üzrə tərtib etdikləri ərizə-məlumatı həmin informasiya sistemi vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər. Digər hüquqi, fiziki şəxslər və dövlət orqanları icra qeydinin aparılması üçün bu Təlimatla müəyyən edilən sənədləri skan edərək və ya elektron sənəd formasında ərizəyə qoşma şəklində əlavə edərək, “Elektron notariat” informasiya sistemində olan fərdi kabinetləri vasitəsilə icra qeydinin aparılması üçün müvafiq qaydada göndərirlər.
40. “Elektron notariat” informasiya sistemində Fərdi kabinet formalaşdırılması üçün fiziki şəxsin şəxsiyyəti təsdiq edən sənədi, hüquqi şəxsin isə hüquq qabiliyyəti - qurumun adı və hüquqi ünvanı; təşkilati-hüquqi forması; kommersiya qurumları və publik hüquqi şəxslər üçün vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi; qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri, təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında; qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yerini müəyyən edən məlumatları, dövlət orqanının isə əsanaməsinə (nizamnaməsinə) uyğun tam adı tələb olunur. Fiziki və ya hüquqi şəxslər barədə qeyd olunan məlumatlar sırasında “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzanın alınması zamanı təqdim edilməli məlumatlar tələb edilmir. Digər məlumatlar isə “X4 Sistemi”nə inteqrasiya olunan qurumların informasiya sistemindən əldə edilməsi mümkün olmadıqda tələb edilir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur.
41. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.
42. Fərdi kabinet istifadəçiləri tərəfindən təqdim edilən məlumat və ya sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda notarius onlardan həmin sənədlərin əsillərinin təqdim edilməsini tələb edir.
43. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıbqaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir.
44. İcra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi notarius tərəfindən müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılaraq müvafiq sənəd “Elektron notariat” informasiya sistemi ilə “Elektron icra” informasiya sisteminə göndərilir. Tələbkar və ya borclunun müraciəti əsasında icra qeydinin informasiya sistemində saxlanılan nüsxəsi notariat qaydasında təsdiq edilməklə təqdim edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169-1-ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir.
45. Bənd 162. İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Müqavilənin hansı müddətə bağlanılmasından asılı olmayaraq, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının gecikdirilməsi ödənilməmiş hissə üzrə icra qeydinin aparılması üçün əsasdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
49. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
52. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
53. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının
54. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
55. Bənd 2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
56. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
57. Bənd 17. Kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
Apellyasiya baxışının hədləri
58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
59. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
60. Apellyasiya şikayətindən görünür ki, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-4296/2025 nömrəli qətnaməsinin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
61. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
63. Beləliklə, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli kredit müqavilələri bağlayaraq “X8 Kredit Təşkilatı” MMC-dən 40000 manat və 12000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2023-cü il tarixli ipoteka və xx.xx.2024-cü il tarixli sonrakı ipoteka müqavilələrindən görünür ki, hər iki kredit müqaviləsinin təminatı kimi X3 mülkiyyətində olan Sumqayt şəhəri, Novxanı bağ massivində yerləşən 3806 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İddiaçı “X8 Kredit Təşkilatı” MMC-yə borcu xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 37427,91 manat əsas borc, 11079,30 manat faiz borcu, 9880 dəbbə pulu borcu, ümumi 58387,21 manat, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 10487,68 manat əsas borc, 2336,22 manat faiz borcu, 2328 manat dəbbə pulu borcu, ümumi 15151,90 manat təşkil etmişdir. xx.xx.2025-ci il tarixli icra qeydindən görünür ki, göstərilən ipoteka predmetinə tutma yönəldilmişdir.
64. Apellyasiya şikayətinin dəlillərində iddiaçı icra qeydinin ləğv edilməli olmasının əsası kimi icra qeydi tərtib olunmadan öncə iddiaçıya bildirişin göndərilməməsi göstərilmişdir.
65. Bununla bağlı kollegiya qeyd edir ki, iş materiallarında olan “X8 Kredit Təşkilatı” MMC-nin xx.xx.2025-ci il tarixli bildirişindən görünür ki, Cəmiyyət borcun məbləği və ipoteka predmetinə tutumanın yönəldilməsi barədə borclu və ipoteka qoyanı xəbərdar etmişdir. Bildiriş xx.xx.2025-ci il tarixdə “oğlu Ruhin” qeydi ilə imzalanaraq qəbul edilmişdir.
66. İddiaçı apellyasiya şikayətinin digər dəlillərində qeyd etmişdir ki, kredit müqaviləsi üzrə hesablanmış tənasübsüz hesablanmış yüksək məbləğdə dəbbə pulu da əsassız olduğundan ləğv edilməlidir, "X8 Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin tələbi ilə iddiaçı arasında bağlanmış 4583/2024 saylı kredit müqaviləsi etibarsız hesab olunmalıdır.
67. Kollegiya yuxarıda göstərilən dəlillərlə bağlı qeyd edir ki, apellyatorun dəlilləri kredit müqaviləsinin ləğvi və ya etibarsız hesab edilməsi üçün əsas ola bilməz.
68. Məhkəmə kollegiyası izah edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd şərtin mövcudluğu tələb olunur: 1. əqdin subyektiv tərkibinə aid edilən şərt;
2. əqdin məzmununa aid edilən şərt; 3. əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt və 4. əqdin formasına aid edilən şərt. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.
69. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir.
70. Göründüyü kimi əqdin etibarsız hesab edilməsi üçün həmin əqdin qanunvericiliklə müəyyən edilən şərtlərə əməl edilməməklə bağlanması mütləqdir. Həmin şərtlərə əməl edilməməsi əqdin etibarlılığını şübhə altına alır.
71. Bundan əlavə, əqdin etibarlılığı üçün onun bağlanmasında iştirak edən şəxslərin səlahiyyətli olması, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
72. Beləliklə, apellyasiya icraatı zamanı məhkəmə kollegiyası kredit və ipoteka müqavilələrin etibarsız hesab olunmasına dair yuxarıda qeyd olunan əsaslardan heç birini müəyyən etməmişdir.
73. "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsi və Təlimatın 162-ci bəndi borcun mübahisəsiz qaydada alınmasına əsas olan sənədlər təqdim olunduğu halda icra qeydinin aparılmasını nəzərdə tutmuşdur.
74. Yuxarıda qeyd olunanlardan göründüyü kimi icra qeydlərinin aparılmasının vacib şərtlərindən biri də təqdim olunan sənədlərin borcun mübahisəsiz olduğunu təsdiq etməsidir.
75. Göründüyü kimi qanunvericilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır.
76. İşin tədqiq olunan hallarından görünür ki, hazırkı kredit müqaviləsi üzrə iddiaçı tərəfindən mübahisələndirilməyən borcun ödənilməsi ilə bağlı yuxarıda sadalanan normaların tələbləri baxımından hazırkı vəziyyətdə icra qeydinin verilməsi düzgün olmuşdur.
77. Əlavə olaraq qeyd olunmalıdır ki mübahisələndirilən icra qeydi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 161-ci bəndində qeyd olan şərtlərə uyğun keçirilmişdir.
78. Belə olan halda kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr kimi qiymətləndirilməlidir, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
79. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
80. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-4296/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.