Məhkəmə qərarları › İş №2(103)-1100/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1100/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1100/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC -nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: subroqasiya qaydalarının tətbiqi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X7 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişinin və dövlət rüsumunun cavabdehdəh tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2680/2022 saylı 11 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. X5 məxsus “X9” markalı, ** KP *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək müddətə "xxxx" ASC tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. Cavabdeh etibarnamə əsasında idarə etdiyi “X9” markalı, ** KP *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2018-ci il tarixdə yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış, nəticədə Binnət İsmayılov almış olduğu sağlamlığa ağır zərərvurmaya aid xəsarətlərdən xx.xx.2019-cu il tarixdə ölmüşdür. Qeyd edilən hallar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(001)-305/2019 nömrəli hökmündə öz təsdiqini tapmış, həmin hökmə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-cü və 264-cü maddələri ilə təqsirli bilinib, qəti olaraq 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5.000,00 (beş min) manat sığorta ödənişi məbləğinin və 70,00 (yetmiş) manat dövlət rüsumunun, cəmi 5.070,00 (beş min yetmiş) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X6 arasında xx.xx.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “X9” markalı, ** KP *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2018-ci il tarixdə “X9” markalı, ** KP *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Bakı şəhəri, Biləcəri qəəsbəsində yol-nəqliyyat hadisəsi törətmiş və X1 ölümünə səbəb olmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 5.000,00 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Hadisə ilə bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsinin "xxxx" ASC-yə təqdim etdiyi xx.xx.2019-cu il tarixli, 870 saylı Arayışa əsasən cavabdeh yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 1(001)-305/2019 saylı, 14 iyun 2019-cu il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-in 263.2-ci və 264-cü maddələri ilə təqsirli bilinmiş və cavabdehin yol-nəqliyyat hadisəsi yerindən yayındığı qeyd edilmişdir.

4. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, onun maddi imkanı ağırdı. O, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bütün xərcləri ödəmişdir.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2680/2022 nömrəli, 11 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ödənilmiş sığorta ödənişi müqabilində 5.000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, "xxxx" ASC tərəfindən hadisə nəticəsində V.İsmayılovaya 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Məhkəmə sadalanan xüsusatlara və qanuvericilik aktı normalarına istinadən məhkəmə sığorta ödənişi vermiş iddiaçının hadisəni törətmiş cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində, yəni 5000 manat həcmində subroqasiya hüququ yarandığı qənaətinə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2680/2022 nömrəli, 11 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

8. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sığorta müqaviləsinin qüvvədə olma müddəti ərzində baş vermiş sığorta hadisəsinə görə zərərçəkmiş ailəyə heç bir sığorta ödənişi edilməmişdir. Hadisədən iki il sonra "xxxx" ASC tərəfindən X2 5000 (beş min) manat məbləğində sığorta ödənişi edilmişdir. Halbuki, hadisə nəticəsində ehtiyatsızlıqdan sağlamlığına xəsarət yetirilmiş zərərçəkmiş Binnət İsmayılovanın bütün xərcləri cavabdeh tərəfindən ödənilmişdir. Tibbi xərclərini də özü ödəmişdir. Çox təəssüf ki, onu xx.xx.2019-cu il tarixdə itirmişdir. B.İsmayılovun ailəsinin də bütün maddi tələb və xərclərini ödəmişdir. Elə buna görə də zərərçəkmiş ailəyə dəyən bütün ziyanı ödədiyinə görə sonuncular cavabdehə qarşı məhkəməyə qədər istintaq dövründə və məhkəmə istintaqı zamanı heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Sığorta şirkəti qanunla müəyyən olunmuş vaxt ərzində öz üzərinə düşən öhdəlikləri həyata keçirməmiş və Cavabdeh əlavə maddi məsuliyyət qarşısında qoymuşdur. Sığortaçının sığorta hadisəsi baş verdikdən 2 il sonra faydalanan şəxsə sığorta ödənişi etməsi tamamilə qanunsuzdur və hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Bu cavabdehi ikiqat maddi məsuliyyət qarşısında qoymuş və lazımsız yerə onun vəziyyətini daha da ağırlaşdırmışdır. O, ağır ürək əməliyyatını keçirmiş, aylıq olaraq 150-200 manat dava-dərmana xərci çıxır. Maddi imkanı olduqca aşağıdır. Zərərçəkmiş şəxsə münasibətdə bütün xərcləri, bütün maddi ziyanı ödəmişdir. Sığorta ödənişinin verilməsi barədə ona heç bir məlumat verilməmişdir. Cavabdeh əgər bunu bilsəydi həmin ödənişi nəzərə alıb, zərərçəkmişə ödədiyi xərcləri azalda bilərdi. Ondan gizlin sığorta ödənişinin 2 il sonra guya zərərçəkmişə ödəməsi açığı cavabdehdə təəccüb doğurur.

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərərk təmin olunmasını xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

12.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 13.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 14.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 15.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

16.936-cı maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

17. 1096 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. 18.1114.1-ci maddəsinə müvafiq olaraq başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 19.1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun

20.25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır.

21. 53.1 və 53.2-ci maddələrinə əsasən mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Avtonəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan, avtonəqliyyat vasitəsi lizinq predmeti olduqda, lizinq müqaviləsi əsasında istifadə etdiyi avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı həmin avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətini, bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidir. 22.63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərəalınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

23.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 saylı, 24 noyabr 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətin kim tərəfindən edilməsi məsələsində mülki işə baxan məhkəmə üçün məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

25.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 26.Belə ki, yuxarıda sadalanan normativ-hüquq aktlarından göründüyü kimi zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. 27.Subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Belə ki, sığortalı (faydalanan şəxs) əksər hallarda ona vurulmuş zərəri əhatə edən sığorta ödənişini almaqla, sonrakı tutulmaya marağını itirir. Nəticədə zərər vuran şəxs məsuliyyətdən yayına bilər. Yalnız subroqasiya zərər vuran şəxsdən zərərin əvəzinin tutulmasını təmin edir. 28.Beləliklə hazırkı mülki iş üzrə zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkətinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri və hadisə yerindən yayınması halları Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-cü və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən çıxarılmış xx.xx.2019-cu il tarixli, 1(001)-305/2019 nömrəli ittiham hökmündə müəyyən edilmişdir. Belə ki, hökmlə müəyyən edilmiş bu faktlar hazırki mülki iş üçün preyudisial əhəmiyyətə malikdir və mülki icraat qaydasında işə baxan məhkəmənin araşdırma predmeti ola bilməz. 29.Belə olan halda qeyd edilməlidir ki, Cavabdeh hadisə yerindən yayındığından sığorta ödənişi vermiş iddiaçının (sığortaçının) cavabdehə (hadisəni törətmiş şəxsə) qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Həmçinin qeyd edilməlidir ki, cavabdeh sığorta hadisəsi törədərkən avtomobili qanuni əsaslarla (etibarnamə ilə) idarə etmişdir. Sığortaçı sığorta ödənişini həyata keçirdiyindən ödədiyi sığorta ödənişi məbləğində zərər vuran şəxsə - cavabdehə qarşı subroqasiya hüququna malikdir. 30.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

31. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2680/2022 nömrəli, 11 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar