Məhkəmə qərarları › İş №2(103)-1101/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1101/2021

03.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1101/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1095/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdehnə qarşı – cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilinə əsassız olaraq borc kimi yazılmış 1766 manat pulun silinməsi və əlavə olaraq ödədiyi 794 manat pulun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1095/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən 1 saylı mənzil ünvanı (Abonent kodu: **********00010) üzrə hesablanmış 1414,20 manat məbləğində borcun silinməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçı qətnamə ilə razılaşaraq onu mübahisələndirməmişdir. Cavabdeh isə qətnamədən yalnız iddia tələbinin təmin olunan hissəsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, rayon məhkəməsi qeyri-qanuni və əsassız qətnamə qəbul etmişdir, bu səbəbdən qətnamənin iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsi, həmin hissədə də iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli itirilmiş qazın dəyərinin hesablanması barədə sənədin surətindən müəyyən olunur ki, **********00010 nömrəli abonent kodu üzrə tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən cəmi 1043 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli itirilmiş qazın dəyərinin hesablanması barədə sənədin surətindən müəyyən olunur ki, **********00010 nömrəli abonent kodu üzrə tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən cəmi 5020 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli itirilmiş qazın dəyərinin hesablanması barədə sənədin surətindən müəyyən olunur ki, **********00010 nömrəli abonent kodu üzrə tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən cəmi 1008 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli itirilmiş qazın dəyərinin hesablanması barədə sənədin surətindən müəyyən olunur ki, **********00010 nömrəli abonent kodu üzrə tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən cəmi 1043 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsi təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 3975 saylı rəyindən görünür ki, ünvan 1 mənzil 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı Cavabdeh İB-nə məxsus qaz xəttinə qeyri-qanuni (kənar xətt vasitəsi ilə) qoşulma halı, eləcə də kənar xəttin qoşulmasına xarakterik olan izlər aşkar edilməmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən təmin olunmuş 1414,20 manat məbləğinə aid hissədə tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının keçirilməsi təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 3975 saylı rəyindən görünür ki, ünvan 1 mənzil 1 ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı Cavabdeh İB-nə məxsus qaz xəttinə qeyri-qanuni (kənar xətt vasitəsi ilə) qoşulma halı, eləcə də kənar xəttin qoşulmasına xarakterik olan izlər aşkar edilməmişdir. Mülki iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Lakin dövlət yoxlamasından keçirildikdən sonra, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1414,20 manat ((1043 +5020+1008) m3 x 0,20 manat = 1414,20 manat) məbləğində borc iddiaçıdan tələb edilmişdir. Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri əsassız hesablandığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçıdan təbii qazdan istifadəyə görə 1414,20 manat pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Bundan başqa, cavabdeh tərəfindən tərtib edilmiş aktlarda iddiaçının qaz xəttinə kənar xətlə qoşularaq istifadə etməsi qeyd olunsa da, bu fakt sübuta yetirilməmiş, məhkəməyə təqdim edilmiş ekspert rəyində öz əksini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən,hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu səbəbdən, Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilə bilməz. Beləliklə, kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə düzgün qənaətə gəlmiş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxxxxx 2018-ci il tarixindən qüvvəyə minmiş) xx xxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə yeni məzmunda 404-1-ci maddə əlavə edilmişdir ki, həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, həmin qanunun mənasından müəyyən olunur ki, hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1095/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar