Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1102/2022 01.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 QSC “Bank Standard” KB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Respublika Xammal və X5 Mərkəzi Cavabdeh-yə və Bakı şəhəri Maraqlı şəxsnə qarşı qiymətləndirmənin və hərrac protokollarının etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(005)-2343/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Respublika Xammal və X5 Mərkəzi Cavabdeh-yə və Bakı şəhəri Maraqlı şəxsnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində LPO QSC “Bank Standard” KB cəlb edilməklə) qiymətləndirmənin və hərrac protokollarının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzilin qiymətləndirilməsi haqqında 25/03 nömrəli, 26 fevral 2021-ci il tarixli və 29/01-1 nömrəli, 17 mart 2021 tarixli protokolların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 27 fevral 2020-ci il tarixli 2(103)-171/2020-005 saylı icra sənədinə əsasən borclular İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada 54968,89 ABŞ dolları əsas, 493,39 ABŞ dolları faiz borcu olmaqla cəmi 55462,28 ABŞ dolları kredit borcu və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 55 manat pulun QSC “Bank Standard” KB-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və əldə edilmiş vəsait hesabına banka olan borcun ödənilməsi və s. qərara alınmışdır. Qeyd olunan icra sənədi Binəqədi rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və icra məmuru tərəfindən icraata başlanılsa da, göstərilən tələbin könüllü icrası haqqında iddiaçıya istər poçt vasitəsilə, istərsə də şəxsən bildiriş təqdim edilməmiş və nəticə etibarilə “İcra haqqında” Qanunun 8.2 və 44.1.3-cü maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. İcra məmuru tərəfindən iddiaçıya tələbin könüllü icrası haqqında bildiriş verilmədən ona məxsus mənzilin qiymətləndirilməsi üçün mütəxəssisin dəvət edilməsi haqqında qərar qəbul edilmiş, habelə həmin qərar icra olunması üçün Cavabdeh-yə göndərilmiş, lakin iddiaçıya yenə bu barədə məlumat verilməmişdir. İcra məmurunun müvafiq qərarı olduqdan sonra iddiaçıya məxsus mənzil iddiaçının iştirakı olmadan və fikri öyrənilmədən 102000 manat dəyərində qiymətləndirilmiş və qiymətləndirmə rəyi iddiaçıya təqdim edilməmişdir. Həmin əmlakın real bazar qiyməti 140000-150000 manat civarındadır. Hərrac "İpoteka haqqında" Qanunla müəyyən edilmiş qaydalar pozulmaqla keçirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(005)- 2343/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh-yə və Bakı şəhəri Maraqlı şəxsnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində LPO QSC “Bank Standard” KB cəlb edilməklə) mənzilin qiymətləndirilməsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(005)- 2343/2021 saylı qətnaməsi ilə hərrac protokollarının etibarsız hesab edilməsi tələbinə dair iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO QSC “Bank Standard” KB-nın nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası proses iştirakçısının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(005)-2343/2021 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 27 fevral 2020-ci il tarixli 2(103)-171/2020 saylı icra vərəqəsinə əsasən, borclular İddiaçı və "xxxx" MMC-dən müştərək qaydada 54968,89 ABŞ dolları əsas və 493,39 ABŞ dolları faiz borcu olmaqla cəmi 55462,28 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) məbləğində kredit borcu və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 55 manat pul QSC “Bank Standard” KB-nin xeyrinə tutulmalı, tələb ipoteka predmeti olan İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 50 nömrəli mənzilə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və mənzilin ilkin satış qiyməti 120000 manat müəyyən edilməlidir. İcra vərəqəsi icra olunması üçün Bakı şəhəri Maraqlı şəxsnə göndərilmiş, Maraqlı şəxs 28 yanvar 2021-ci il tarixli 17/68-22904216 saylı sifariş məktubuna əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin hərrac qiyməti 120000 manat, təkrar hərracdakı ilkin satış qiyməti 102000 manat müəyyən edilmiş, əmlak hərracda satılmadığına görə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymətə---76500 manata tələbkara təklif olunmuşdur. Hərrac təşkilatı qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsini təşkil etmiş və bununla əlaqədar tərəflərin rəsmi qeydiyyatda olduqları ünvanlara müvafiq bildirişlər göndərilmiş, bildirişlər iddiaçıya çatdırılmış, qəzetlərdə hərracla bağlı elanlar vermişdir. Bundan başqa tələbkar bank tərəfindən də borcluya əmlakın hərracda satılması ilə bağlı müvafiq xəbərdarlıq məktubları göndərilmişdir. Nəticədə ipoteka predmeti olan daşınmaz əmlak hərracda satılmamış və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar LPO QSC “Bank Standard” KB-yə təklif olunmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri “İpoteka haqqında” Qanunun 42 və 43-cü maddələri ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.4-cü maddəsinə hərrac auksion və ya müsabiqə formasında keçirilir. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən azı otuz gün qalmış bilməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası və s. məlumatlar olmalıdır. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. İşdə olan sübutlardan görünür ki, mübahisələndirilən hərrac qanuni əsaslarla keçirildiyinə görə onun ləğvi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla qanuni və əsaslı qətnamənin ləğvi üçün əsas sayıla bilməz. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində hərracın keçirilməsi barədə bildirişlərin ona çatdırılmamasını bildirsə də, iş materiallarından görünür ki, bildirişlər ona çatdırılmış, hərrac barədə qəzetdə elanlar verilmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı mülkiyyətində olan mənzilin ipoteka predmeti olmaqla məhkəmə qətnaməsinə əsasən mənzilə tutma yönəldilməsini bildiyinə görə hərracın nəticələri ilə maraqlanmaq barədə subyektiv öhdəlik daşımışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(005)- 2343/2021 qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-1102/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1102/2022
01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver