Məhkəmə qərarları › İş №2(103)-1102/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1102/2025

31.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1102/2025 31.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Valid Səfərovun, cavabdehin nümayəndəsi Rasimə Hüseynovanın iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-4266/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıya məxsus olan, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 2322 nömrəli bağ evində (abonent kodu: **********20120) elektrik enerjisindən istifadəyə görə hesablanmış 2634,6 manat borc silinsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, həmin ünvan üzrə hesablanmış 2183,09 manat borcu silinsin, iddianın qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC nümayəndəsi Rasimə Hüseynova apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının vəkili və nümayəndəsi Valid Səfərov isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdehin tərtib etdiyi xx.xx.2024-cü il tarixli 000163 nömrəli akta görə iddiaçıya aid bağ evinin elektrik sayğacının alt qapaq möhüründə müdaxilə izləri var. Daha sonra sayağaca laboratoriyada baxış keçirilmiş və rəy verilmişdir ki, sayğac normal buraxılan xəta ilə işləyir, aktda göstərilən qüsur yerində aşkar olundu. Cavabdeh həmin qüsura əsaslanaraq elektik enerjisi sərfiyatına görə iddiaçıya 2183,09 manat borc hesablayıb. Lakin iddiaçının sayağaca müdaxilə etdiyini təsdiq edən sübut yoxdur. AR Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.11-ci bəndində qeyd olunub: “Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır”. Həmin sayğac bağ evinin hasarının xarici tərəfində yerləşir. Bundan başqa, “Elektroenergetika haqqında” AR Qanununun 19.16-cı maddəsində qeyd olunub: “Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir”. Həmin maddədə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” deyiləndə AR Energetika Nazirliyi nəzərdə tutulur. Belə ki, AR İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsində elektrik enerjisinin talanması və ya ondan istifadə qaydalarının pozulmasına görə inzibati məsuliyyət müəyyən olunub. Bu inzibati xəta haqqında işə baxmaq səlahiyyəti Energetika Nazirliyinə aiddir. AR Mülki Məcəlləsinin 1096.1-ci maddəsindən görünür ki, delikt – təqsirli əməldir. Lakin sayğaca müdaxilədə istehlakçının təqsiri qanunda göstərilən qaydada müəyyən edilməyib. Buna səbəb isə "xxxx" ASC-nin qanunvericiliyin tələbinə, yəni “Elektroenergetika haqqında” AR Qanununun 19.16-cı maddəsinin göstərişinə əməl etməməsi olub. Bu maddədən görünür ki, istehlakçının təqsirli olması Energetika Nazirliyinin müvafiq qurumunun və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Yəni zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması şərti kimi əvvəlcə təqsirin məhz həmin qanunda göstərilən qaydada müəyyən edilməsi tələb olunub. Odur ki, zərərin əvəzinin ödənilməsi barədə tələb təmin edilə bilməz. İstehlakçının evinə aid sayğaca müdaxilə faktı öz-özlüyündə istehlakçının təqsirli olduğunun müəyyən edilməsi üçün kifayət deyil. X1 Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası müəyyən edilib. Həmin müdaxilə başqası tərəfindən də edilə bilər və s. Odur ki, sayğaca müdaxilədə təqsirli şəxs müəyyən olunmalıdır. Beləliklə, qətnamə iddianın təmin edilməsinə aid hissədə, yəni 2.183,09 manat borcun silinməsinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qətnamə iddianın rədd edilməsinə aid hissədə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384-392ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-4266/2024 nömrəli qətnaməsi iddianın təmin edilməsinə aid olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar