Məhkəmə qərarları › İş №2(103)-1105/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1105/2025

13.01.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1105/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı (X4 üçüncü şəxs qismində cəlb etməklə) “abonent müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-4042/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı (X4 üçüncü şəxs qismində cəlb etməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə X4 arasında bağlanan xx.xx.2023cü il tarixli, 642590 saylı “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli Müqaviləsi”nin etibarsız hesab edilməsi və ünvan 1 ünvanında olan həmin mənzilə dair müqavilənin yenidən onun adına bərpa olunması öhdəliyinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o yaşadığı ünvan 1 ünvanındakı mənzilə elektrik enerjisinin istifadəsinə dair müqavilənin X3 adına dəyişdirilməsi barədə notarial təsdiq olunmuş ərizə vermişdi. Qeyd edir ki, həmin ərizəni o, X3 təzyiqləri və hədə-qorxusu nəticəsində vermişdi. Ona görə də həmin ərizəni verdiyi Bakı şəhəri 24 saylı notariat ofisinə gedərək ləğv etdirmişdir. Bundan sonra o, həmin abonent müqaviləsinin ləğv edilərək yenidən onun adına keçirilməsi barədə "xxxx" ASC-yə müraciət etmişdir. Lakin, əfsuslar olsun ki, o, 2 dəfə cavabdehə müraciət etsə də, həmin müraciətlərdən 5 aydan çox müddət keçməsinə baxmayaraq, bu günə kimi ona rəsmi cavab verilməmişdir. Bu isə qanunvericiliyin tələblərinin pozulması deməkdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli “Elektrik enerjisindən istifadə Qaydaları”nın tələblərinə görə hər-hansı bir yaşayış evinə elektrik enerjisinin verilməsi tələb olunarsa, ondan həmin evə dair müvafiq sənədlər tələb olunur. Lakin, işin hallarından da görünür ki, "xxxx" ASC ilə X4 arasında bağlanan xx.xx.2023-cü il tarixli, 642590 saylı müqavilə tərtib olunan zaman Balayev Elxan tərəfindən elektrik enerjisindən istifadə olunduğu mənzilə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Bu müqavilə yalnız onun notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən tərtib edilmiş, onun adına olan abonent kodu həmin ərizəyə əsasən X3 adına rəsmiləşdirilmişdir. Qeyd etmək istəyir ki, onunla X4 arasında borc münasibətləri olduğu üçün o, iddiaçıya hədəqorxu gəlmiş, təzyiqlər göstərmiş və yalnız rəsmiyyət xatirinə bu müqavilənin bağlanmasını bildirmişdir. Ona görə də o, məcbur olub həmin ərizəni imzalamışdır. Lakin, sonradan Balayev Elxan onun evinə hücum edərək zor gücünə onu yaşadığı evdən çıxarmağa cəhd etmişdir. Ona görə də o, aldandığını bilərək yenidən notariat ofisinə müraciət edərək həmin razılıq ərizəsini ləğv etdirmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-4042/2024 nömrəli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan iddiaçı X3 cavabdehlər X2, X6 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər İddiaçı, Bakı şəhəri Sabunçu rayon Raman Bələdiyyəsi cəlb edilməklə “yaşayış sahəsindən çıxarılma” tələbinə dair 2(008)-506/2024 saylı mülki işi üzrə yekun məhkəmə aktı qüvvəyə minənədək İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı (X4 üçüncü şəxs qismində cəlb etməklə) “abonent müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatının dayandırılması qərara alınmışdır Həmin qərardaddan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qəbul etdiyi qərardadın əsaslandırıcı hissəsində məhkəmə X3 İsmayılova Nurlanəyə qarşı mənzildən çıxarılma barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində gedən mülki işə istinad etmişdir. Lakin, işin hallarından da görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində gedən işin mahiyyəti mənzildən çıxarılma olduğu halda hal-hazırkı mübahisənin predmeti abonent müqaviləsinin etibarsızlığıdır. Yəni, bu işlərdə mahiyyət tamamilə fərqlidir. Eyni zamanda bu işlərdə cavabdehlər də tamamilə fərqlidir. Nəzərə çatdırır ki, Sabunçu Rayon Məhkəməsində gedən mülki işin yekunlaşması vaxtı qeyri-müəyyəndir. Təbii ki, bundan sonra həmin iş üzrə qəbul olunan qətnamədən tərəflərdən hansısa biri həm apellyasiya, həm də kassasiya şikayəti verə bilər. Bu isə sonda uzun məhkəmə prosesləri getməklə onların mənzil şəraitinin pisləşməsinə gətirib çıxara bilər. Belə ki, onların mənzilə xidmət edən elektrik xəttinin kəsilməsi ehtimalı olduğu üçün hal-hazırkı məhkəmə prosesi davam etməlidir ki, ailəsi normal kommunal şəraitdə yaşasın. Lakin, bu qərardadın qüvvədə olması onların onsuz da çətin olan vəziyyətini daha da ağırlaşdırar. Həmçinin hal-hazırkı iddia ilə Sabunçu Rayon Məhkəməsində gedən iddianın birbaşa əlaqəsi və asılılığı olmadığı üçün hesab edir ki, bu qərardad ləğv edilməli və iş üzrə icraat davam edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-4042/2024 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı və təqdim edilmiş materiallarla müəyyən olmuşdur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-506/2024 saylı mülki işi hazırda məhkəmənin icraatında olan İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı (X4 üçüncü şəxs qismində cəlb etməklə) “abonent müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işlə sıx əlaqəlidir. Belə ki, əvvəlcə yaşayış sahəsi üzərinə hüququ olan şəxs müəyyən edilməli, həmin ünvan üzrə hüquq sahibinin müəyyən edilməsi isə digər məhkəmənin icraatında olan mübahisənin predmetidir. Odur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-506/2024 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək hazırkı mülki işin icraatı dayandırılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. Qeyd edilən qanunvericilik normasına əsasən, işə baxılmasının mümkün olmaması dedikdə başqa bir işdə icraatı dayandırılan mülki iş üçün preyudisial əhəmiyyəti olan hərhansı faktın müəyyən olunmasının zəruriliyi başa düşülməlidir. Preyudisial əhəmiyyəti olan həmin faktlar Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki və cinayət məhkəmə icraatı qaydasında və inzibati qaydada baxılan işlər üzrə araşdırma predmeti ola və bu faktları araşdıran məhkəmənin icraatında olan başqa bir iş (konstitusiya işi, mülki iş, cinayət işi, inzibati xətalara dair iş) məhkəmədə baxılan mülki işin həllini özündən asılı edə bilər. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, «Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətə mümkün olmasın». AR Konstitusiya Məhkəməsinin qeyd olunan qərarda ifadə edilmiş mövqeyinə görə, iş üzrə icraatın dayandırılmasının əsası məhkəmədə baxılan mülki işin həllinin asılı olduğu başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İş materiallarından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-506/2024 saylı mülki işi hazırda məhkəmənin icraatında olan İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı (X4 üçüncü şəxs qismində cəlb etməklə) “abonent müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işlə sıx əlaqəlidir. Belə ki, əvvəlcə yaşayış sahəsi üzərinə hüququ olan şəxs müəyyən edilməli, həmin ünvan üzrə hüquq sahibinin müəyyən edilməsi isə digər məhkəmənin icraatında olan mübahisənin predmetidir. Göründüyü kimi birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-506/2024 saylı mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək hazırkı mülki işin icraatı dayandırılmalıdır. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin icraatında olan iddiaçı X3 cavabdehlər X2, X6 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər İddiaçı, Bakı şəhəri Sabunçu rayon Ramana Bələdiyyəsi cəlb edilməklə “yaşayış sahəsindən çıxarılma” tələbinə dair 2(008)-506/2024 nömrəli mülki iş üzrə yekun qərar hazırkı mülki iş üçün preyudisial əhəmiyyəti kəsb edən hallar müəyyən edə bilər. Çünki həmin iddia ərizəsi ilə “yaşayış sahəsindən çıxarılma” tələbi mübahisələndirilir, hazırda isə həmin yaşayış sahəsinə dair abonent müqaviləsi mübahisələndirilir. Göründüyü kimi, yaşayış sahəsindən çıxarılma mübahisələndirildiyindən və icraata qəbul edildiyindən hazırki mülki işə baxılması ədalətli məhkəmə araşdırması prinsipinin pozulması ilə nəticələnə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin icraatında olan iş üzrə cavabdehlər fərqli olsa da, həmin iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi baxımından şikayətin dəlilləri əsassız olmuşdur. Məhkəmə kollegiyası şikayətin dəlillərinə qiymət verməkdə davam edərək həmçinin hesab edir ki, hazırki qərardadın qüvvədə olmasına baxmayaraq mənzilə xidmət edən elektrik xəttinin kəsilməsi ehtimalı olduğu halda qanunvericiliklə nəzərdə tutulmuş müvəqqəti təminat tədbiri ilə məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-4042/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-399 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-4042/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar