Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11065/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “sudan istifadə ilə bağlı borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 02.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, ünvan 1 ünvanındakı bağda sudan istifadə ilə bağlı hesablanmış 810,73 manat borc silinsin. İddia tələbi onunla əsaslandırılıb ki, bağ sahəsi iddiaçıya məxsusdur, tərəflərin arasında sudan istifadə barədə müqavilə bağlanmayıb, buna baxamayaraq cavabdeh iddiaçıya 810,73 manat borc hesablayıb. Bağda 2 su quyusu var, həmin quyular su ehtiyacını ödəməyə kifayət edir. Cavabdehin əməkdaşları köhnə su borusunun üzərinə 18015939 №-li sayğac quraşdırmış, bir ay keçdikdən sonra cavabdehin əməkdaşları sayğaca inanmayaraq sayğacdan çıxan su borusunu kəsmiş və onun çıxışına tıxac vurmuşlar. İddiaçı hər dəfə cavabdehin əməkdaşların bildirmişdir ki, həmin sudan istifadə etmir. Cavabdehin əməkdaşları sayğaca baxış keçirən zaman sayğacın plombunun yerində olmasını və sərfiyyatın olmadığını öz aktlarında qeyd etmişlər. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, həmin borc abunə kodu **********000 olan hesabdan silinsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Müəyyən olunur ki, tərəflərin arasında 01.02.2014-cü il tarixdə bağ sahəsindən sudan istifadə edilməsi ilə bağlı müqavilə bağlanıb və su sayğacına **********000 abonent kodu verilib. Cavabdeh tərəfindən iddiaçıya 2016-cı il üçün 718,68 manat cərimə, 2017-ci il üçün 92,05 manat sərfiyyata görə borc hesablanıb. Həmin məbləğlər onunla əsaslandırılıb ki, sayğac qoşulduğu vaxtdan onun vasitəsilə su sərfiyyatı aparılmayıb, sayğacın göstəricisi sıfırdır. İddiaçının sudan qanunsuz istifadə etməsi ilə bağlı sübutlar yoxdur. Bu hal isə onu təsdiq edir ki, həqiqətən iddiaçı bağ sahəsində olan su quyularından istifadə edərək suya ehtiyacını ödəyib, sayğac üzrə sərfiyyat olmayıb. İşin bu halı birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 5-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinə görə su təchizatı və kanalizasiya müəssisələrinin öz vəzifələrini həyata keçirərkən əsaslandığı prinsiplərdən biri su təchizatı, tullantı sularının axıdılması və tullantıların atılması xidmətlərinin göstərilməsində öz xərcinin çıxarılması prinsipidir. Cavabdeh iddiaçıya belə xidmət göstərməyib, ona görə də göstərmədiyi xidmətin xərcinin ödənilməsini tələb edə bilməz. Beləliklə, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 02.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-11065/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11065/2021
10.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver