Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11081/2021 29.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2(011)- 5261/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı borclular Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə 99 manat əsas borc, 75 manat faiz borcunun və 10 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 184 manat pulun tutulması barədə əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6498/2011 saylı 16.12.2011-ci il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borclular iddiaçı ilə bağlanmış 08 aprel 2010-cu il tarixli müqaviləyə əsasən “Nokia 6700” markalı telefonu almış və nəticədə 174 manat borc yaranmışdır. Müqavilənin şərtlərinə əsasən borclu alqı-satqı qiyməti 399 manat (9 ay x 40 manat + 29 manat sənədlərin rəsmiləşdirilməsi haqqı) olan “Nokia 6700” markalı telefonu üçün ümumilikdə 174 manat olmaqla, ondan 99 manatı ödənilməmiş hissə, 9 ay müddətinə 15% olmaqla 75 manatı gecikmə faizi hesablanmışdır. Cavabdehə etdiyi müraciətlər bir nəticə verməmiş müqavilənin şərtlərini pozaraq qeyd olunan borcun ödənilməsini təmin etməmişdir. Sonradan Cavabdeh1 07.06.2021-ci il tarixdə məhkəmə əmrinə etiraz verərək işə yenidən iddia icraatı qaydasında baxılmasını xahiş etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6498/2011 saylı 09.06.2021-ci il tarixli qərardadı ilə 2(011)- 6498/2011 saylı 16.12.2011-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2(011)-5261/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, 28.04.2010-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən 99 manat məbləğində əsas və 6 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 105 manat məbləğində pulun Cavabdeh1 və Cavabdeh2 tutularaq "xxxx" MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 4 manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, Mülki Məcəllənin 375.2-ci maddəsini tətbiq etməklə iddiadan imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, 10 ildən sonra hazırki iş barədə məlumatı olmuşdur. Kollegiya iclasında Cavabdeh1 apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətin dəlilləri ilə razılaşmayaraq qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdeh məhkəməyə gəlmədiyindən, Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin faktiki hallarına görə, tərəflər arasında 28.04.2010-cu il tarixdə “Nokia 6700” markalı telefonun nisyə alqı-satqısı barədə müqavilə bağlanmışdır. Müqaviləyə əlavə edilmiş maliyyə cədvəlinə əsasən əşyanın ümumi dəyəri 399 manat, ilkin ödəniş 150 manat, ödəniş müddəti 9 ay olmaqla, aylıq ödəniş 40 manat, komissyon haqqı 39 manat müəyyən edilmişdir. Eyni zamanda, Cavabdeh2 28.04.2010-cu il tarixli müqavilədən irəli gələn öhdəliklərin icra edilməməsinə görə "xxxx" MMC qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Əşya Cavabdeh1 28.04.2010-cu il tarixdə təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Cavabdeh1 iddia müddətinin keçməsinə istinad edərək, iddianın rədd edilməsini xahiş edir. Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçı 15.12.2011-ci il tarixdə əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət etmiş və 16.12.2011-ci il tarixli əmrlə ərizə təmin edilmişdir. Məhkəmə əmri icraya yönəldilmişdir. Beləliklə, aydın olur ki, iddiaçı tərəfindən 3 illik iddia müddəti ötürülməmişdir, Cavabdeh1 bununla bağlı dəlilləri əsassızdır. Cavabdeh1 müqavilə üzrə ödənişləri tam etdiyini, lakin qəbzləri saxlamadığını qeyd edir ki, iş materiallarından da borcun tam ödənilməsi sübuta yetirilmir, Cavabdeh1 tərəfindən isə bu halı təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya hesab edir ki, apelyasiya şikayəti əsassızdır, Cavabdeh1 apelyasiya şikayətində hər hansı dəlil göstərməmiş, şikayətini əsaslandırmaq üçün hər hansı arqumentə istinad etməmişdir. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5261/2021saylı iş üzrə 01 iyul 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-11081/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11081/2021
29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver