Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11090/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3955/2021 saylı mülki işi üzrə 03 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 31.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 14.11.2013-cü il tarixli, **********92013 saylı kredit müqaviləsi və 14.11.2013-cü il tarixli, **********92013/1 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3955/2021 saylı mülki işi üzrə 03 avqust 2021-ci il tarixli qətənaməsi ilə iddia tələbinin rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3955/2021 saylı mülki işi üzrə 03 avqust 2021-ci il tarixli qətənaməsi 11.08.2021-ci il tarixdə İddiaçı ünvanına göndərilmiş və rəsmi qaydada 18.08.2021-ci il tarixdə xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. İddiaçı isə qətnamədən apellyasiya şikayətini 12.10.2021-ci il tarixdə poçt şöbəsinə təqdim etmişdir. Göründüyü kimi, İddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 1 aylıq müddət ötürülmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Kollegiya qeyd edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verilməsinə baxmayaraq birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğun olaraq qaytarmalı olduğu halda apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci və 366.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3955/2021 saylı mülki işi üzrə 03 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3955/2021 saylı mülki işi üzrə 03 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11090/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11090/2021
28.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver