Məhkəmə qərarları › İş №2(103)-111/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-111/2023

28.09.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-111/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" ASC-nə və Cavabdeh2 MMC-nə qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə ödəncin verilməsi, fərdi əmək mübahisəsi, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı vəkili Vəkil2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nə və Cavabdeh2 MMC-nə qarşı “haqq-hesabın və ödənişin gecikdirilməsinə görə cərimənin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh müəssisələrin nümayəndələri tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları

1. "xxxx" ASC və İddiaçı arasında 05 yanvar 2012-ci il tarixdə əmək müqaviləsi bağlanmış, İddiaçı Maliyyə departamentinin Mühasibat uçotu şöbəsinə mühasib vəzifəsinə işə qəbul olunaraq 05 yanvar 2012-ci il tarixdən işə başlamışdır.

2. Cavabdeh2 MMC və İddiaçı arasında 16 noyabr 2017-ci il tarixdə əmək müqaviləsi bağlanmış, İddiaçı Maliyyə və mühasibatlıq şöbəsinə mühasib (xəzinədar) vəzifəsinə işə qəbul edilmiş, 16 noyabr 2017-ci il tarixdən işə başlamışdır.

3. Cavabdeh2 MMC-nin 16 noyabr 2017-ci il tarixli 52 nömrəli əmrinə əsasən, İddiaçı 16 noyabr 2017-ci il tarixdən əvəzçilik üzrə (əlavə iş yeri olaraq) Cəmiyyətin Maliyyə və mühasibatlıq şöbəsinə mühasib (xəzinədar) vəzifəsinə işə qəbul edilmişdir.

4. Cavabdeh2 MMC-nin 05 mart 2021-ci il tarixli 20 nömrəli əmrinə görə, İddiaçı 05 mart 2021-ci il tarixli ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) 05 mart 2021-ci il tarixdən xitam verilmiş, 16 noyabr 2017-ci il tarixdən 05 mart 2021-ci il tarixə olan iş dövrü üçün istifadə etmədiyi əsas əmək məzuniyyətlərinə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir.

5. "xxxx" ASC-nin 05 mart 2021-ci il tarixli 50 nömrəli əmrinə görə, İddiaçı 05 mart 2021-ci il tarixli ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) 05 mart 2021-ci il tarixdən xitam verilmiş, qanunvericiliyə uyğun olaraq son haqq-hesabının ödənilməsi əmr edilmişdir.

6. İddiaçı məxsus "xxxx" ASC-dəki AZ60MUGA**********34091AZM00 nömrəli hesabdan xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan əməliyyatların çıxarışından görünür ki, son tarix olaraq xx.xx.2020-ci il tarixdə "xxxx" STİK ASC-dən 1564.52 manat əmək haqqı ödənişi edilmişdir.

7. "xxxx" ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, ASC tərəfindən İddiaçı ödənilməli olan son haqq-hesabın məbləği 2674,29 manat təşkil edir.

8. Cavabdeh2 MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, MMC tərəfindən İddiaçı ödənilməli olan son haqq-hesabın məbləği 2674,29 manat təşkil edir və xx.xx.2022-ci il tarixinədək ödənilməmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

9. İddiaçı (iddiaçı) "xxxx" ASC-nə və Cavabdeh2 MMC-nə (cavabdehlər) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, onunla "xxxx" ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə əsasən əsas iş yeri kimi, "xxxx" Nəqliyyat MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən əlavə iş yeri kimi mühasib olaraq işə götürüldüyünü, xx.xx.2021-ci il tarixədək müxtəlif vəzifələrdə çalışdığını, xx.xx.2021-ci il tarixdə öz xahişi ilə əmək müqaviləsinə xitam verildiyini, işdən azad olunarkən ona verilməli olan son haqq-hesabın düzgün hesablanmadığını, ayda 2275 manat olmaqla avqust ayından işdən azad olunan tarixə qədər almalı olduğu əmək haqqlarının ödənilmədiyini, eyni zamanda 2 aylıq xəstəlik vərəqəsinə görə haqqını B3 hesabatı azaltma ilə Dövlət Sosial Müdafiə Fonduna verildiyinə görə ala bilmədiyini, əsas ödənişlər üzrə cavabdehlərin qeyd olunan müddət üçün borcunun ümumilikdə 14 145 manat təşkil etdiyini bildirmiş, buna görə də əsas iş yeri üzrə ümumilikdə 10 943 manat əmək haqqının və ödənişin gecikdirilməsinə görə ödəniş vaxtının ertəsi günündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün 19 702,16 manat kompensasiyanın "xxxx" ASC-dən, əlavə iş yeri üzrə ümumilikdə 3202 manat əmək haqqının və ödənişin gecikdirilməsinə görə ödəniş vaxtının ertəsi günündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün 8930,72 manat kompensasiyanın Cavabdeh2 MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, əsas iş yeri üzrə əmək haqqları üzrə ümumilikdə 10 943 (on min doqquz yüz qırx üç) manatın və "xxxx" ASC tərəfindən ödənişin gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün 1% vəsaitin "xxxx" ASC-dən, əlavə iş yeri üzrə əmək haqqları üzrə ümumilikdə 3202 (üç min iki yüz iki) manatın və Cavabdeh2 MMC tərəfindən ödənişin gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün 1% vəsaitin Cavabdeh2 MMC-dən iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

11. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçının cavabdeh hüquqi şəxslərdə işləməsi və vəzifədən azad olunarkən ona əmək haqqının və son haqq hesabın ödənilməməsi iş materialları ilə öz təsdiqini tapdığından iddia qismən təmin edilməli, əsas iş yeri üzrə əmək haqqları üzrə ümumilikdə 10943 (on min doqquz yüz qırx üç) manat məbləğində pul və "xxxx" STİK ASC tərəfindən ödənişin gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün 1% vəsait cavabdeh "xxxx" STİK ASC-dən, əlavə iş yeri üzrə əmək haqqları üzrə ümumilikdə 3202 (üç min iki yüz iki) manat məbləğində pul və Cavabdeh2 MMC tərəfindən ödənişin gecikdirilməsinə görə, ödəniş vaxtı təyin olunmuş vaxtdan ertəsi gündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün 1% vəsait cavabdeh "Akkord Nəqliyyat” MMC-dən iddiaçının xeyrinə tutulmalıdır.

12. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci və 35-ci, Əmək Məcəlləsinin 2-1-ci, 2-2-ci, 7-ci, 16.1ci, 83.2-ci, 172.1-ci, 172.4-cü, 172.5-ci maddələrinə istinad etmişdir.

13. Həmin qətnamədən cavabdeh müəssisələrin nümayəndələri ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək onun ləğv edilməsini və iddia tələblərinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

14. Eyni məzmunda olan şikayətlər belə əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, qətnamənin nəticə hissəsində əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə cavabdehlərdən tutulacaq məbləği qeyrimüəyyən formada müəyyənləşdirmiş, ümumiyyətlə gecikdirildiyi ehtimal olunan məbləğə faiz hesablanmalı olduğu qənaətinə gəlməklə Əmək Məcəlləsinin müddəalarına əməl etməmiş, işçi ilə işəgötürən arasında fərdi əmək mübahisəsinin yaranmasının bu cür faizlərin hesablanmasını istisna etdiyinə dair normaya əhəmiyyət verməmiş, iddiaçının ödənilmədiyini iddia etdiyi pul məbləğlərinin hesablanması üçün ekspertiza təyin olunması barədə vəsatətlərə heç bir münasibət bildirməyərək qanunsuz qərar çıxarmışdır. Apellyasiya şikayətlərinə etiraz

15. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, verilən izahat

16. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış cavabdeh müəssisələr nümayəndələrini məhkəməyə göndərməmiş, məhkəmə iclaslarında iştirak edən iddiaçının vəkili isə şikayətlərin əsassız olduğunu bildirərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

17. Apellyasiya baxışı zamanı şikayətlərin dəlilləri nəzərə alınaraq iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı mütəxəssis qismində cəlb olunmaqla Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

- İddiaçı "xxxx" ASC üzrə xx.xx.2021-ci il tarixinə ödənilməli olan son haqqhesab hansı məbləğ təşkil edir və həmin məbləğ ona ödənilmişdirmi? (əgər tam və ya qismən ödənilmişdirsə ödəmə tarixləri müəyyənləşdirilsin).

- İddiaçı Cavabdeh2 MMC üzrə xx.xx.2021-ci il tarixinə ödənilməli olan son haqq-hesab hansı məbləğ təşkil edir və həmin məbləğ ona ödənilmişdirmi? (əgər tam və ya qismən ödənilmişdirsə ödəmə tarixləri müəyyənləşdirilsin).

18. Həmin təyinat əsasında verilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, ekspert vəsatətində qeyd edilən sənədlər tam şəkildə təqdim olunmadığından ödənilməli olan son haqq-hesab məbləğini dəqiq müəyyən etmək mümkün deyildir.

19. Bununla belə ekspert qeyd etmişdir ki, təqdim edilmiş sənədlər (bank çıxarışı, haqq-hesab vərəqələri, müqavilələr, cədvəllər və s.) məhkəmə tərəfindən nəzərə alındığı təqdirdə İddiaçı "xxxx" ASC üzrə xx.xx.2021-ci il tarixinə ödənilməli olan əmək haqqı məbləğləri 10 943 manat məbləğində, gecikməyə görə hesablanmış 1% ödəncin məbləği 9512,47 manat məbləğində, məzuniyyət pulu 2021,86 manat mübləğində müəyyən olunur. Cavabdeh2 MMC üzrə isə xx.xx.2021-ci il tarixinə ödənilməli olan əmək haqqı məbləğləri 3202 manat, gecikməyə görə hesablanmış 1% ödəncin məbləği 4607,16 manat məbləğində, məzuniyyət pulu 676,31 manat məbləğində müəyyən olunur.

20. Məhkəmə kollegiyasının 19 yanvar 2023-cü il tarixli qərardadı ilə təkrar mühasibatlıq ekspertizası təyin olunmuş, lakin ekspert lazımi tədqiqatı həyata keçirməyərək ilkin rəyin təkrarı mahiyyətində olan rəy tərtib etmişdir.

21. Məhkəmə kollegiyasının 11 may 2023-cü il tarixli qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikasının Auditorlar Palatasının auiditorlarına həvalə olunmuşdur.

22. Auditor tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesabatlarda aşağıdakılar göstərilmişdir:

- Əmək müqaviləsinə 05 mart 2021-ci il tarixdə xitam verilmiş İddiaçı hesablanmış 6720,75 manat məbləğində son haqq-hesab sonuncu iş günü "xxxx" ASC tərəfindən ödənilməmiş və həmin son haqq-hesab cəmiyyət tərəfindən gecikmə ilə xx.xx.2023-cü il tarixində ödənilmişdir. Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilmiş İddiaçı 6720,75 manat gecikmə ilə ödənilmiş son haqqhesabın hər gecikdirilmiş gün üçün 54 438,02 manat məbləğində əmək haqqının azı bir faizi məbləğində ödənc hesablanmalıdır. - Əmək müqaviləsinə 05 mart 2021-ci il tarixdə xitam verilmiş İddiaçı hesablanmış 3222,96 manat məbləğində son haqq-hesab sonuncu iş günü Cavabdeh2 MMC tərəfindən ödənilməmiş və həmin son haqq-hesabın 2553,09 manatı cəmiyyət tərəfindən gecikmə ilə 25 iyun 2023-cü il tarixində ödənilmişdir. Ödəniş üçün hesablanmış son haqq-hesab məbləğinin 669,87 manatı xx.xx.2023-cü il tarixinə kimi ödənilməmişdir. Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilmiş İddiaçı 3222,96 manat gecikmə ilə ödənilmiş son haqq-hesabın hər gecikdirilmiş gün üçün 29 825,70 manat məbləğində əmək haqqının azı bir faizi məbləğində ödənc hesablanmalıdır.

23. Həmin rəy məhkəmə iclasında tədqiq olunarkən iddiaçının nümayəndəsi rəylə razılaşdqlarını bildirmiş, İddiaçı hesablanmış 6720,75 manat məbləğində son haqqhesabın "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixində, 3222,96 manat məbləğində son haqq-hesabın 2553,09 manatının Cavabdeh2 MMC tərəfindən 25 iyun 2023-cü il tarixində ödənildiyini təsdiq etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Əmək Məcəlləsi

24. Maddə 1. Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi: bu Məcəllədən; Azərbaycan Respublikasının müvafiq qanunlarından; müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ hüquqi aktlardan; əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

25. Maddə 3 (5-ci bənd). Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

26. Maddə 7.1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.

27. Maddə 7.3. Kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər. Əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir. Belə şərtlərin tətbiqi nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilir.

28. Maddə 9 (“d” bəndi). Qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq işçinin hüququdur.

29. Maddə 24.1. Bu Məcəllədə nəzərdə tutulan qaydada bağlanmış kollektiv müqavilənin və sazişin şərtləri tərəflər və bu şərtlərin aid edildiyi iş yerləri üçün məcburidir.

30. Maddə 154. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur (maddə 154).

31. Maddə 172. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.

32. Yuxarıda göstərilən maddənin qeydində göstərilir ki, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir.

33. Maddə 175 (3-cü hissə). İşəgötürən avansın qaytarılması, borcun ödənilməsi üçün müəyyən edilmiş müddətin qurtardığı gündən və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verildiyi gündən bir ay müddətində məbləğin tutulması haqqında mühasibat əməliyyatı apara bilər. Bu müddət bitdikdən sonra işçidən həmin məbləğlər tutula bilməz.

34. Maddə 175 (5-ci hissə). Hesabda səhvə yol verilməsi halları istisna olmaqla, işəgötürən tərəfindən işçiyə artıq verilmiş əmək haqqı, o cümlədən müvafiq qanun və digər normativ hüquqi aktların düzgün tətbiq edilməməsi nəticəsində verilən məbləğlər işçidən tutula bilməz.

35. Maddə 287. Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.

36. Maddə 296. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023cü il tarixli Qərarı

37. Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

41. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

44. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.

45. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

46. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

49. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

51. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

53. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmiş, iddiaçının xeyrinə tutulmasını müəyyənləşdirdiyi pul vəsaitinin məbləğini konkret göstərməməklə, həmçinin məhkəmə xərclərinə münasibət bildirməməklə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 220.5-ci maddəsinə görə, məhkəmə xərclərinin bölüşdürülməsi qaydası, 222.2-ci maddəsinə görə isə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərməlidir.

54. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir...İddia tələbi qismən təmin edildikdə, qətnamədə əvvəl iddianın təmin olunan hissəsi, sonra isə təmin olunmayan hissəsi əsaslandırılmalı, qətnamənin nəticə hissəsində iddianın kimin haqqında hansı hissəsində təmin və yaxud rədd olunması konkretləşdirilməlidir”.

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.

56. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır (§ 51).

57. İddiaçının 05 yanvar 2012-ci il tarixdən "xxxx" ASC-də əsas iş yeri üzrə, 16 noyabr 2017-ci il tarixdən Cavabdeh2 MMC-də əvəzçilik üzrə (əlavə iş yeri olaraq) işlədiyi, xx.xx.2021-ci il tarixdə hər iki müəssisə ilə bağladığı əmək müqavilələrinə öz ərizəsinə əsasən xitam verildiyi işin mübahisələndirilməyən halıdır.

58. İddiaçının tələbi iki hissədən ibarət olmuşdur: 1) Əsas iş yeri üzrə ümumilikdə 10 943 manat əmək haqqının və ödənişin gecikdirilməsinə görə ödəniş vaxtının ertəsi günündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün 19 702,16 manat kompensasiyanın "xxxx" ASC-dən; 2) Əlavə iş yeri üzrə ümumilikdə 3202 manat əmək haqqının və ödənişin gecikdirilməsinə görə ödəniş vaxtının ertəsi günündən başlayaraq faktiki hesablaşma günü daxil olmaqla hər gecikdirilmiş gün üçün 8930,72 manat kompensasiyanın Cavabdeh2 MMC-dən tutularaq ona ödənilməsi.

59. Yuxarıda qeyd olunduğu kimi, "xxxx" ASC, İddiaçı ödənilməli olan son haqqhesabın məbləğinin 2674,29 manat, Cavabdeh2 MMC isə həmin məbləğin 2674,29 manat təşkil etdiyini, xx.xx.2022-ci il tarixinədək son haqq-hesabın ona ödənilmədiyini apellyasiya baxışı zamanı məhkəməyə ünvanladıqları məktublarda təsdiq etmişlər (§ 7,8).

60. Apellyasiya baxışı zamanı təyin olunmuş audit tədqiqatı əsasında müəyyən olunmuşdur ki, "xxxx" ASC tərəfindən İddiaçı 2020-ci ilin oktyabr ayı üzrə 22 iş günü üçün ödəniləcək 1564,52 manat əmək haqqı 870 günə, 2020-ci ilin noyabr ayı üzrə 5 iş günü və 21 məzuniyyət günü üçün ödəniləcək 1483,58 manat məbləğində əmək haqqı və məzuniyyət haqqı ilə birlikdə 840 gün, 2020-ci ilin dekabr ayı üzrə ödəniləcək 1389,41 manat məbləğində əmək haqqı və əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilməli müavinətlə birlikdə 809 gün və iş ili (iş illəri) üçün istifadə edilməmiş 46 gün əmək məzuniyyətinə görə ödəniləcək 2283,25 manat məbləğində kompensasiya (son haqq-hesab) 750 gün gecikmə ilə ödənilmişdir. Audit rəyində göstərilmişdir ki, İddiaçı son haqq-hesabı olan 6720,75 manatın ödənilməsi 29 mart 2023-cü il tarixdə həyata keçirilmişdir və 2020-ci ilin oktyabr ayı üzrə 22 iş günü üçün ödəniləcək 1564,52 manat əmək haqqının 870 gün gecikdirilməsinə görə 13 611,32 manat, 2020-ci ilin noyabr ayı üzrə 5 iş günü və 21 məzuniyyət günü üçün ödəniləcək 1483,58 manat məbləğində əmək haqqı və məzuniyyət haqqının 840 gün gecikdirilməsinə görə 12 462,07 manat, 2020-ci ilin dekabr ayı üzrə ödəniləcək 1389,41 manat məbləğində əmək haqqı və əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilməli müavinətin 809 gün gecikdirilməsinə görə 11 240,25 manat, iş ili (iş illəri) üçün istifadə edilməmiş 46 gün əmək məzuniyyətinə görə ödəniləcək 2283,25 manat məbləğində kompensasiyanın (son haqq-hesab) 750 gün gecikdirilməsiə görə 17 124,38 manat, yəni ümumilikdə 54 438,02 manat ödənc hesablanmalıdır.

61. Audit rəyi ilə həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh2 MMC tərəfindən İddiaçı 2020-ci ilin avqust ayı üzrə 21 iş günü üçün ödəniləcək 453,71 manat məbləğində əmək haqqı 1019 gün, 2020-ci ilin sentyabr ayı üzrə 22 iş günü üçün ödəniləcək 476,85 manat məbləğində əmək haqqı 989 gün, 2020-ci ilin oktyabr ayı üzrə 22 iş günü üçün ödəniləcək 476,85 manat məbləğində əmək haqqı 958 gün, 2020-ci ilin noyabr ayı üzrə 20 iş günü üçün ödəniləcək 476,85 manat əmək haqqı 928 gün və iş ili (iş illəri) üçün istifadə edilməmiş 87 gün əmək məzuniyyətinə görə ödəniləcək 668,83 manat məbləöində kompensasiya 838 gün gecikmə ilə ödənilmişdir. 05 mart 2021-ci il tarixinə ödənilməli son haqq-hesab 3222,96 manat olmuş, bu məbləğin 2553,09 manatı 25 iyun 2023-cü il tarixdə ödənilmiş, 669,87 manatının ödənilməsi isə xx.xx.2023-cü il tarixinə (rəyin hazırlandığı tarix) qədər təmin edilməmişdir. Rəydə göstərilmişdir ki, Cavabdeh2 MMC üzrə İddiaçı gecikmə ilə ödənilmiş 3222,96 manat son haqq-hesabın hər gecikdirilmiş gün üçün 29 825,70 manat məbləğində əmək haqqının azı bir faizi məbləğində ödənc hesablanmalıdır.

62. Beləliklə müəyyən edilir ki, İddiaçı əsas iş yeri ("xxxx" ASC) üzrə xx.xx.2021ci il tarixdə ödənilməli olan son haqq-hesab məbləği 6720,75 manat olmuş və bu məbləğ 29 mart 2023-cü il tarixdə ona ödənilmiş, əlavə iş yeri (Cavabdeh2 MMC) üzrə 05 mart 2021-ci il tarixinə ödənilməli son haqq-hesab 3222,96 manat olmuş, bu məbləğin 2553,09 manatı 25 iyun 2023-cü il tarixdə ödənilsə də, 669,87 manatının ödənişi həyata keçirilməmişdir.

63. Buna görə də kollegiya, iddiaçının “əsas iş yeri üzrə ümumilikdə 10 943 manat əmək haqqının xeyrinə tutulması” tələbinin rədd, “əlavə iş yeri üzrə ümumilikdə 3202 manat əmək haqqının xeyrinə tutulması” tələbinin qismən – 669,87 manat – həddində təmin edilməli olduğu nəticəsinə gəlir.

64. Kollegiya iddiaçının, əmək haqqının (son haqq-hesabın) gecikdirilməsinə görə ödəncin verilməsi tələbi ilə bağlı aşağıdakıları qeyd edir:

65. Əmək Məcəlləsinin 172.5-ci maddəsinin mənasına görə, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc o halda verilə bilər ki, birincisi, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirilmiş olsun; ikincisi, bu hal fərdi əmək mübahisəsi yaratmamış olsun. Bu maddə həm mahiyyət etibarilə işçinin əmək haqqını vaxtında ala bilməməsinə görə məruz qaldığı itkilərin kompensasiyasını, həm də işəgötürənləri əmək haqlarının ödənilməsində gecikdirmələrdən çəkindirmək məqsədilə müəyyən olunmuş qanuni maliyyə sanksiyasını təşkil edir. Bu səbəblə, gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödənişin məhkəmə qaydasında tələb edilməsinin qanunvericiliyin tələbləri nəzərə alınmadan istənilən halda fərdi əmək mübahisəsi kimi qəbul edilməsi və qeyd olunan əsasla həmin tələblərin rədd olunması yolverilməzdir. Əks yanaşma əmək qanunvericiliyinin vəzifə və prinsiplərinə, o cümlədən Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla bərabər həmin maddəni tətbiqi mümkünsüz olan əhəmiyyətsiz normaya çevirmiş olar və işçiləri gecikdirilən vaxta görə məruz qaldıqları itkinin kompensasiyasını qanunla tələb etmək hüququndan məhrum edərdi. Halbuki, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır (maddə 3). Bu baxımdan əgər tərəflər arasında əmək haqqı borcunun yarandığı barədə mübahisə yoxdursa, yəni işəgötürən əmək haqqı borcunun yarandığını mübahisələndirmirsə, lakin ondan asılı olan üzürsüz səbəblərdən onun ödənilməsini gecikdirirsə və məhz bu gecikdirmə tərəflər arasında mübahisəyə səbəb olursa həmin mübahisəyə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi tətbiq edilməli və hesablanmış ödənc işəgötürəndən tutulmalıdır.

66. Konstitusiya Məhkəməsinin Plenumu da yuxarıda göstərilən qərarında vurğulamışdır ki, “işəgötürənin təqsiri üzündən gecikdirilmiş əmək haqqına görə müvafiq dövr üçün bir faiz ödəncin verilməsi tələbinin məsələ ilə bağlı fərdi əmək mübahisəsinin yaranmış olması əsası ilə rədd olunması Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində müəyyən olunan müddəanın məqsədinə zidd olmaqla, işçiləri gecikdirilən vaxta görə qanunla təsbit edilmiş ödənci tələb etmək hüququndan da məhrum edir. Odur ki, əmək haqqının gecikdirilməsinə görə ödəncin verilməsi qaydası fərdi əmək mübahisəsi yarandığı halda da tətbiq edilməlidir. ...Normanın məzmununun fərqli şərhi, yəni ödəncin yalnız fərdi əmək mübahisəsinin yaranmadığı halda ödənilməli olması kimi şərhi hüquqi məntiqə uyğun olmamaqla yanaşı, işçinin əmək münasibətlərinə daxil olmasının əsasını təşkil edən əmək haqqı hüququnun pozulmasına görə işəgötürənin məsuliyyətdən kənar qalmasına gətirib çıxarar. Eyni zamanda bu işçinin əmək haqqı hüququnun pozulması səbəbindən qanunvericiliklə tanınan ödəncin verilməsi tələbinin təmin edilməsi üçün məhkəməyə müraciət etməsini də mənasız edər. Bu halda həmin maddənin tətbiqi mümkünsüz olur və o, əhəmiyyətsiz normaya çevrilməklə faktiki olaraq işçini müvafiq ödənci tələb etmək hüququndan məhrum edir”.

67. İddiaçının həm əsas, həm də əlavə iş yeri üzrə əmək müqavilələrinə xx.xx.2021-ci il tarixdə xitam verilmiş, o, xx.xx.2021-ci il tarixinədək hesablanmış gecikdirilmə faizinin (ödəncin) ödənilməsini tələb etmişdir.

68. Belə olan halda, əsas və əlavə iş yerləri üzrə iddiaçının son haqq-hesabının gecikdirildiyi müddət kimi 194 gün (xx.xx.2021 – xx.xx.2021 = 6 ay 14 gün = 194 gün) əsas götürülə bilər.

69. Əsas iş yeri üzrə ödənilməli son haqq-hesab 6720,75 manat olduğundan, müvafiq ödənc məbləği 13 036,8 manat (6720,75 manat x 1% = 67,2 manat x 194 gün = 13 036,8 manat), əlavə iş yeri üzrə ödənilməli son haqq-hesab 3222,96 manat olduğundan, müvafiq ödənc məbləği 6246,8 manat (3222,96 manat x 1% = 32,2 manat x 194 = 6246,8 manat) təşkil edir.

70. Nəzərə alınmalıdır ki, qeyd olunan məbləğlər iddiaçının iddia ərizəsinin məzmunu (iş səhifə 88) əsas götürülməklə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan dövr üçün hesablanmışdır (§ 48) və hazırkı iş üzrə gəlinən nəticə iddiaçının sonrakı dövr üçün müvafiq iddia tələbini irəli sürməsinə maneə törətmir.

71. Beləliklə kollegiyanın qənaətinə görə, son haqq-hesabının xx.xx.2021-ci il tarixinədək gecikdirilməsinə görə "xxxx" ASC-dən 13 036,8 (on üç min otuz altı manat 80 qəpik) manat, Cavabdeh2 MMC-dən 6246,8 (altı min iki yüz qırx altı manat 80 qəpik) manat, həmçinin Cavabdeh2 MMC-dən 669,87 (altı yüz altmış doqquz manat 87 qəpik) manat ödənilməmiş son haqq-hesab iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır.

72. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, iddia ərizəsinin verilməsi üçün iddiaçının ödəmiş olduğu 30,40 manat dövlət rüsumunun (bank xidmət haqqı ilə birlikdə) əvəzi qismində həmin məbləğ də cavabdehlərdən alınaraq iddiaçıya ödənilməli, apellyasiya şikayətlərinin verilməsi üçün cavabdehlərin ödədiyi rüsum məbləğləri onların özlərinə aid olunmalı, audit xərci cavabdehlərdən tutulub müvafiq hesaba köçürülməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2925/2021 saylı iş üzrə 01 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı "xxxx" ASC-nə və Cavabdeh2 MMC-nə qarşı “haqq-hesabın və ödənişin gecikdirilməsinə görə cərimənin ödənilməsi” tələbləri qismən təmin edilsin. Son haqq-hesabının xx.xx.2021-ci il tarixinədək gecikdirilməsinə görə "xxxx" ASCdən 13 036,8 (on üç min otuz altı manat 80 qəpik) manat, Cavabdeh2 MMC-dən 6246,8 (altı min iki yüz qırx altı manat 80 qəpik) manat, həmçinin Cavabdeh2 MMC-dən 669,87 (altı yüz altmış doqquz manat 87 qəpik) manat ödənilməmiş son haqq-hesab tutularaq İddiaçı ödənilsin. İddia tələbləri qalan hissədə təmin olunmasın. İddia ərizəsinin verilməsi üçün iddiaçının ödəmiş olduğu dövlət rüsumunun (bank xidmət haqqı ilə birlikdə) əvəzi qismində cəmi 30,40 (otuz manat 40 qəpik) manat "xxxx" ASC-dən və Cavabdeh2 MMC-dən müştərək qaydada alınaraq İddiaçı ödənilsin; apellyasiya şikayətlərinin verilməsi üçün cavabdehlərin ödədiyi rüsum məbləğləri isə onların özlərinə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar