Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1110/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə üzrə öhdəliklərin icra edilməsi və borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4363/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsi ev 66, 18 saylı mənzilə daxili istilik sisteminin quraşdırılması və ona mənzilin tikintisi prosesinə texniki nəzarət etməsi öhdəliyi cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulması, müqavilə üzrə qeyd olunan 100.8 kv.m əvəzinə 98,4 kv.m. verildiyindən, 2,4 kv.m. olan 3700 manat və 2020-ci ilin aprel ayından etibarən aylıq kirayə haqqı təşkil edən 7500 manat vəsaitin cavabdeh "xxxx" MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 66, 1 saylı mənzilin mülkiyyətçisıdir. Həmin ərazidə "xxxx" MTK tərəfindən yeni çox mərtəbəli yaşayış binasının tikintisi aparılır və mənzili MTK-ya təhvil verilməsi, mənzilinin əvəzinə tam təmirli yaşayış sahəsinin 3-cü mərtəbəsində 2 otaqlı 100.8 kv.m-dən ibarət 18 saylı mənzil ona təqdim edilməsi barədə 03.08.2017-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən hər bir tərəfin öz hüquqları və vəzifəsi dairəsi müəyyən olunmuşdur. "xxxx" MTK-nın öhdəliklərindən biri müqavilənin 2.2.5-ci bəndində öz əksini tapmış, yəni "xxxx" MTK yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən "Mülkiyyətçi"-yə mənzil təmirli şəkildə (çöl, seyfqapı, daxili taxta qapılar, elektriksistemi, daxili istilik sistemi, hamam-sanitar qovşağı avadanlıqları, taxta, dikt və üzərində keyfiyyətli laminatdan ibarət döşəmə, suvaq, oboy, plastik pəncərələr və şüşələnməsi, alçıpan tavan, televiziya antenası, internet, telefon xəttləri, və s.) təhvil verməlidir. Onun isə öz növbəsində əsas öhdəliklərindən biri mülkiyyətində olan mənzili kooperativə təhvil verməy olmuş və təhvil vermişdir. Hazırda kooperativ arasında anlaşılmazlıq yaranmış və anlaşılmazlıq ondan ibarətdir ki, kooperativ təhvil verən mənzildə daxili istilik sistemi quraşdırmamış və quraşdırmaqdan imtina edir. Müqavilədə konkret olaraq kooperativin öhdəliyi mənzildə daxili istilik sisteminin quraşdırılması öz əksini tapmış və təbii ki, tam təmirli mənzildə işıq, su, qaz təchizatının təmin olunmamasının və daxili istilik sisteminin mövcud olmaması insanın mənzildən istifadə etməsini qeyri-mümkün edir. Bundan başqa kooperativ müqavilədə 100.8 kv.m-dən ibarət 2 otaqlı mənzili təhvil vermək əvəzinə faktiki olaraq 98 kv.m mənzil təhvil vermiş, üstəlikdə 2020ci ilin aprel ayından etibarən aylıq kirayə haqqının ödənişini aparmır və ödəməkdən imtina edir. Eyni zamanda kooperativ 2.2.9-cu bəndində qeyd edilən tikilən yaşayış binasının və ona ayrılması nəzərdə tutulmuş mənzilin tikinti prosesinə texniki nəzarət etməsi üçün şərait yaradacağı öhdəliyinə riayət etmir və ona binanın tikintisinə aid texniki sənədləri ilə tanış olmağı üçün təqdim etməkdən imtina edir. Kooperativ dövlət tərəfindən geniş şəkildə dəstək etdiyi pilot layihələrinin nüfuzuna zərər və xələlgətirir, gələcəkdə kooperativlərə mülkiyyətçilər tərəfindən mənzillərin təhvil verilməsində inamsızlıq və etibarsızlıq səbəbindən çətinliklər və problemlər üzə çıxacaq. Nəticədə müqavilə üzrə kooperativ üzərinə götürdüyü bütün öhdəlikləri kobudcasına pozur, onun mülkiyyət və insan hüquqlarımı açıq-aşkar tapdalayır. Cavabdehə dəfələrlə pretenziya şifahi olaraq etmiş, yazılı müraciət etmiş, cavabdehin əməkdaşları isə məktubu qəbul etməkdən imtina etmişlər. Müvafiq dövlət qurumlarına müraciət etmişdir. Nərimanov rayon İcra Hakimiyyəti cavab olaraq bildirmişdir ki, məhkəmə qaydasında müraciət etməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4363/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 66, 18 saylı mənzildə istilik sisteminin işlək vəziyyətdə quraşdırılaraq İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulsun. İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 03.08.2017-ci il tarixli müqaviləyə əsasən kirayə haqqının əvəzi olaraq 6500 (altı min beş yüz) manat məbləğində pulun və iddianın təmin olunmuş hissəsinə mütanasib olaraq 17,40 manat dövlət rüsumunun əvəzi Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədən də göründüyü kimi iddiaçı tələbində qeyd etdiyi hallarla bağlı məhkəməyə əsaslı sübutlar təqdim etmədiyi halda məhkəmə maddi və prosesual normaları pozaraq ətraflı araşdırma aparmadan iddia tələbində göstərilənlərlə kifayətlənmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə şərtlərindən göründüyü kimi MTK mülkiyyətçiyə təmirli şəkildə mənzil təhvil verilməsi dedikdə çöl seyf qapı, daxili taxta qapılar, elektrik sistemi, daxili istilik sistemi, hamam-sanitar qovşağı avadanlıqları, taxta, dikt və üzərində keyfiyyətli laminatdan ibarət döşəmə, suvaq, oboy, plastik pəncərələr və şüşələnməsi, alçıpan tavan, televiziya antenası, internet, telefon xəttləri ilə təmin edilmiş mənzili nəzərdə tutmuşdur. Eyni zamanda mənzillər müqavilə üzrə qeyd olunan şərtlərə uyğun olaraq daxili istilik sistemi ilə təchiz olunmuş formada təmir olunmuşdur. Burada tərəflərin iradəsinə zidd və ya müqavilə şərtlərindən kənar hər hansı hərəkətə yol verilməmişdir. Məhkəmə qeyd etmişdir ki, “cavabdeh istilik sistemi ilə birlikdə mənzili təmirli şəkildə verəcəyi barədə öhdəlik götürmüşdür. Kombi sisteminin quraşdırılmaması isə evin təmirli və yaşayış üçün tam yararlı vəziyyətdə verilməsi mənasını ifadə etmir”. Lakin məhkəmə nəzərə almamışdır ki, istilik sisteminin təmin edilməsi kombi avadanlığının quraşdırılmasını ifadə etmir. Belə ki, istilik sistemi istiliyi sobanın səthi ilə otağın havasını qızdırması üçün borular vasitəsilə təmin edir. Kombi isə istilik sisteminin istifadə edilməsi üçün qurğudur. Məhkəmənin bu mövqeyi ilə yanaşılsa, belə nəticəyə gəlinir ki, elektrik sisteminin işlək vəziyyətə gətirilməsi üçün mənzil çil-çıraqla, televiziya antenasının istifadəsi üçün isə televizorla təmin edilməlidir. Göründüyü kimi, müqavilədə yalnız istilik sisteminin quraşdırılması nəzərdə tutulmuşdur. Mənzilin kombi qurğusu ilə təchiz olunması və yaxud istilik sisteminin işlək vəziyyətdə quraşdırılması ilə bağlı hər hansı öhdəlik qeyd olunmamışdır. Belə ki, müqavilə üzrə istilik sisteminin işlək vəziyyətdə quraşdırılması barədə şərt nəzərdə tutulmadığı halda məhkəmə bunu MTK tərəfindən öhdəliyin icra olunmaması kimi qiymətləndirmiş, həmçinin iddiaçının belə bir tələbi olmadığı halda, məhkəmə əsassız olaraq MTK üzərinə istilik sisteminin işlək vəziyyətdə quraşdırılması vəzifəsini qoymuşdur. Eyni zamanda məhkəmə qətnamə qəbul edərkən nəzərə almamışdır ki, istilik sisteminin quraşdırılması, onun avandanlıqları ilə birlikdə təhvil verilməsi mənasına gəlmir. Mənzilin təmirlə şəkildə təhvil verilməsi, onun bütün avadanlıqlarla təchiz edilməsi demək deyildir və məhkəmə qətnamə qəbul edərkən qeyd edilən bu halı kifayət qədər aydınlaşdırmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verməklə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir, kollegiya cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, apellyasiya şikayətini isə cavabdeh verərək qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir, həmçinin qətnamə iddia tələbinin təmin edilməyən hissəsində iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin qismən təmin edilən hisəsində cavabdehə münasibətdə yoxlanılmalıdır. Məhkəmə kollegiyası izahatı dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 03.08.2017-ci il tarixli Çoxmərtəbəli yaşayış binasının tikintisinə dair müqavilənin surətindən görünür ki, Cavabdeh MTK adından onun direktoru X1 ilə İddiaçı arasında müqavilə bağlanmışdır. Müqavilənin predmeti bəndindən görünür ki, tərəflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 86 saylı Qərarına əsasən ünvan 1 ünvanında yerləşən, «Mülkiyyətçi»yə məxsus yaşayış üçün təhlükəli vəziyyətdə olan mənzillərin söküntüsünü və bu sahədə yeni çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, bu binada «Mülkiyyətçi»nin, söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 3 otaqlı, 66.050 kv.m.-dən ibarət (bütün çöl və daxili divarların sahəsi hesablanmaq şərti ilə) 1 saylı mənzilin ümumi sahəsinə 30 kv.m. əlavə etməklə əvəzində tam təmirli 1-ci (A) blokda, yasayış sahəsinin 3-cü mərtəbəsində, 2 otaqlı, 100,8 kv.m.-dən ibarət 18 saylı mənzili «Mülkiyyətçi»nin istifadəsinə verməyi öz öhdəsinə götürmüşdür. «Mülkiyyətçi» aralarlnda yaranmış sahə fərginə görə 6450 (4,30x1500=6450) manat miqdarında pulu Cavabdeh MTK-ya ödəməyəcək. Eyni zamanda «Mülkiyyətçi» 6000 manat miqdarında pul məbləğini də nəğd qaydada 1 illik kirayə haqqı kimi qəbul etmişdir. Bundan əlavə «Mülkiyyətçi»yə 200 manat miqdarında pul məbləği daşınma xərci kimi verilmişdir. Kirayə haqqı məbləğinin verilməsi üçün nəzərdə tutulmuş başlanğıc müddət 03.08.2017-ci il tarixdən hesablanmışdır. Müqavilənin 2.1.3-cü bəndinə əsasən yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 3 otaqlı mənzil üçün aylıq 500 manat kirayə haqqını tələb etmək, «Mülkiyyətçi» növbəti 1 illik kirayə haqqını da bütöv şəkildə Cavabdeh MTK-dan qəbul edəcəyi, Cavabdeh MTK öz öhdəliyini 24 ay ərzində yerinə yetirməzsə «Mülkiyyətçi»yə nəzərdə tutulmuş kirayə haqqını hər 3 aydan bir 1500 manat miqdarında ödəniləcəyi göstərilmişdir. Müqavilənin 2.2.5-ci bəndinə əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən «Mü!kiyyətçi»-ə mənzili təmirli şəkildə təhvil vermək (çöl seyf qapı, daxili taxta qapılar, elektrik sistemi, daxili istilik sistemi, hamam-sanitar qovşağı avadanlıqları, taxta, dikt və üzərində keyfiyyətli laminatdan ibarət döşəmə, suvaq, oboy, plastik pəncərələr və şüşələnməsi, alçıpan tavan, televiziya antenası, internet, telefon xəttləri, və s.) göstərilmişdir. İş materiallarında olan İddiaçı 05.08.2021-ci il tarixdə Cavabdeh MTK-nın rəhbərliyinə ünvanladığı məktubdan görünür ki, kooperativin üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirilməsinə göstəriş verilməsini xahiş etmişdir. 11.08.2021-ci il tarixli "xxxx" MMC-nin İddiaçı ünvanladığı bildirişdən görünür ki, 06.08.2021-ci il tarixdə ünvan 2ş Əliəşrəf Əlizadə küçəsindən olan Cavabdeh MTK-nın rəhbərliyinə göndərilən pretenziya məktubunu "xxxx" MMC-nin kuryeri Toğrul Mustafayev çatdırmaq məqsədilə qeyd olunan ünvana getmişdir. 10.08.2021-ci il ünvanda kuryeri qarşılayan mühafizəçi bildirmişdir ki, rəhbərlik Cavabdeh MTK-ya gec-gec hallarda gəldiyi üçün məktubu qəbul edə bilmiyəcək. Hazırki vaxtda şirkətdə rəhbərlik tərəfindən heç kimin olmadığını əsas gətirərək, mühafizəçi özünün məktub qəbul etmək səlahiyyəti yoxdur deyib, məktubu qəbul etməkdən imtina etmişdir. İş materiallarında olan cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş qəbzin surətindən görünür ki, İddiaçı 04.05.2020-ci ildə Cavabdeh MTK-dan bir aylıq kirayə haqqı olaraq 500 manat almasına dair qəbzi imza etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılğın tələb etdiyi tərzdə, yəni şərtləndirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarına əsasən məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Azərbaycan Respublikası Məcəllənin 404.1-ci maddəsinə əsasən müavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəni nəzərə alır. Tərəflər arasında bağlanmış 03.08.2017-ci il tarixli çoxmərtəbəli yaşayış binasının tikintisinə dair müqavilənin 2.2.5-ci bəndindən görünür ki, Cavabdeh MTK adından onun direktoru X1 ilə İddiaçı arasında müqavilə bağlanmışdır. Müqavilənin 2.2.5-ci bəndinə əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 24 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən «Mülkiyyətçi»-ə mənzili təmirli şəkildə təhvil vermək (çöl seyf qapı, daxili taxta qapılar, elektrik sistemi, daxili istilik sistemi, hamam-sanitar qovşağı avadanlıqları, taxta, dikt və üzərində keyfiyyətli laminatdan ibarət döşəmə, suvaq, oboy, plastik pəncərələr və şüşələnməsi, alçıpan tavan, televiziya antenası, internet, telefon xəttləri, və s.) göstərilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin - Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 66, 18 saylı mənzildə istilik sisteminin işlək vəziyyətdə quraşdırılaraq İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-nın üzərinə qoyulması hissəsində təmin etməklə qeyd etmişdir ki, istilik sistemi ilə birlikdə mənzilin təmirli şəkildə verəcəyi barədə cavabdeh öhdəlik götürmüşdür. Kombi sisteminin quraşdırılmaması isə evin təmirli və yaşayış üçün tam yararlı vəziyyətdə verilməsi mənasını ifadə etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir, belə ki, tərəflər arasında bağlanmış 03.08.2017-ci il tarixli çoxmərtəbəli yaşayış binasının tikintisinə dair müqavilənin 2.2.5-ci bəndinin tələblərinə əsasən Cavabdeh MTK mənzilin təmirli şəkildə, yəni çöl seyf qapı, daxili taxta qapılar, elektrik sistemi, daxili istilik sistemi, hamam-sanitar qovşağı avadanlıqları, taxta, dikt və üzərində keyfiyyətli laminatdan ibarət döşəmə, suvaq, oboy, plastik pəncərələr və şüşələnməsi, alçıpan tavan, televiziya antenası, internet, telefon xəttləri, və s. çəkilməklə İddiaçı təhvil verilməsi barədə öhdəlik götürmüşdür. Hazırki vəziyyətdə isə kombi sisteminin quraşdırılmaması qeyd olunan müqavilədə göstərilən – mənzilin daxili istilik sistemi ilə təchiz edilmədiyi anlamına gəlir, belə olan halda da müəyyən edilir ki, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi, yəni mənzilin təmirli və yaşayış üçün tam yararlı vəziyyətdə verilməsini təmin etməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, kombi sisteminin quraşdırılmaması evin təmirli və yaşayış üçün tam yararlı vəziyyətdə İddiaçı təhvil verilməsi mənasını ifadə etmədiyindən 2020-ci ilin may ayından başlayaraq - 2021-ci ilin 01 iyul tarixindək ödənilməmiş kirayə haqqı məbləği, yəni 13 ay üçün 6500 (alıtı min beş yüz) manat məbləğində kirayə haqqının əvəzinin iddiaçıya ödənilməli olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh MTK evi təhvil vermiş hesab etdiyindən qalan kirayə haqqını ödəməmişdir. İşin qeyd olunan hallarından isə göründüyü kimi cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam olaraq həyata keçirməmişdir. Bununla da iddiaçı - ödənilməyən kirayə haqqının əvəzini tələb etməkdə haqlı olmuşdur. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 452.2-ci maddəsinə görə kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb elmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Cavabdeh apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, “iddiaçının belə bir tələbi olmadığı halda, məhkəmə əsassız olaraq MTK üzərinə istilik sisteminin işlək vəziyyətdə quraşdırılması vəzifəsini qoymuşdur”. Halbuki iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində - Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsi ev 66, 18 saylı mənzilə daxili istilik sisteminin quraşdırılmasının cavabdeh "xxxx" MTK-nın üzərinə qoyulmasını tələb etmişdir. Beləliklə kollegiya hesab edir ki, apellyasiya şikayətində irəli sürülənlər yalnız formal mülahizələrdir; MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4363/2021 saylı, 06 oktyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh MTK tərəfindən ödənilmiş rüsum məbləği onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1110/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1110/2022
02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver