Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11109/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzil tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AN-İ ******* daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə 30000 manat puldan 20.000 manatını ödədiyini nəzərə alaraq qalan 10.000 manat pulu ödədiyi anda ona məxsus mənzilin boşaldaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə İddiaçı qarşı “mənzilin yenidən qiymətləndirilməsi, həmin qiymətə uyğun qalıq borcunun müəyyən edilməsi və s. barədə” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək paylı mülkiyyət üzrə adına olan Bakı şəhəri, Buxta küçəsi, 166 nömrəli evin 25 nömrəli mənzilinin ½ hissəsini təşkil edən 1 otağın məhkəmə tərəfindən yenidən qiymətləndirilməsi və həmin qiymətə uyğun cavabdehin iddiaçıya olan qalıq borcunun müəyyən edilməsi, bundan sonra cavabdeh ona həmin müəyyən olunacaq məbləği (onun başqa mənzil üçün verdiyi beh məbləğ də nəzərə alınmaqla) ödəyəcəyi təqdirdə həmin evin ona verilməsi, əgər cavabdeh bununla razılaşmazsa o zaman mənzilin məhkəmə tərəfindən müəyyən olunacaq satış qiymətinə uyğun satışa çıxarılması, satışın və satışdan əldə olunacaq vəsait hesabına cavabdehin ona verdiyi 20.000 manat puldan, ona vurulan maddi zərər olaraq 1000 manat (beh verdiyi pul) çıxıldıqdan sonra, yerdə qalan hissəsinin, yəni 19.000 manat pulun cavabdehə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev, iş № 2(009)-2217/2021) ilk iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri, 2 saylı notariat kontorunda 4Ə51 No-li reyestr üzrə təsdiq edilmiş 09.07.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə “Alıcı” İddiaçı “Satıcı” Cavabdeh xeyrinə 10000 (on min) manat tutulmaqla Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən 166 saylı evin 25 saylı, sahəsi 23,0 kv.m olan 1 otaqlı mənzilinin (evin 1/2 hissəsi) boşaldılaraq İddiaçı təhvil verilməsi, qətnamənin İddiaçı Cavabdeh xeyrinə 10000 (on min) manatın tutulması və Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən 166 saylı evin 25 saylı, sahəsi 23,0 kv.m olan 1 otaqlı mənzilinin (evin 1/2 hissəsi) boşaldılaraq İddiaçı təhvil verilməsi hissələrində eyni vaxtda icra olunması qət edilmişdir. Qətnamə ilə Cavabdeh İddiaçı qarşı 09.07.2014-cü il tarixli alqı-satqı müqaviləsinin predmetini təşkil edən, **********31-05101- 093002 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, paylı mülkiyyət üzrə adına olan Bakı şəhəri, Buxta küçəsi, 166 nömrəli evin 25 nömrəli mənzilinin ½ hissəsini təşkil edən 1 otağının məhkəmə tərəfindən yenidən qiymətləndirilməsi və həmin qiymətə uyğun cavabdehin iddiaçıya olan qalıq borcunun müəyyən edilməsi, bundan sonra cavabdeh tərəfindən ona həmin müəyyən olunacaq məbləği (onun başqa mənzil üçün verdiyi beh məbləğ də nəzərə alınmaqla) ödəyəcəyi təqdirdə həmin evin ona verilməsi, əgər cavabdeh bununla razılaşmazsa o zaman mənzilin məhkəmə tərəfindən müəyyən olunacaq satış qiymətinə uyğun satışa çıxarılması, satışın və satışdan əldə olunacaq vəsait hesabına cavabdehin ona verdiyi 20.000 manat puldan, ona vurulan maddi zərər olaraq 1000 manat (beh verdiyi pul) çıxıldıqdan sonra, yerdə qalan hissəsinin, yəni 19.000 manat pulun cavabdehə qaytarılması barədə qarşılıqlı iddiası təmin olunmamışdır. Hazırda Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhərində ev almaq üçün bankdan kredit götürmüş, Cavabdeh adlı xanımın Bakı şəhəri, Buxta küçəsi, 166 nömrəli evin, 25 nömrəli mənzilinin 1 otağını, yəni 23 kv.m.hissəsini satdığını öyrənib mənzilə baxmış və xoşuna gəlmişdir. Bu mənzilin 30.000 manata satılmasına razılaşmışlar. Onunla Cavabdeh arasında ona məxsus olan Bakı şəhəri, Buxta küçəsi, 166 nömrəli evin, 25 nömrəli mənzilinin 1 otağının, yəni 23 kv.m. hissəsinin ona satılmasına dair Bakı şəhəri 2 saylı Notariat Kontorunun Xüsusi Notariusunda 09.07.2014-cü il tarixdə 4Ə-51 reyestr nömrəsilə qeydə alınmış AN-İ ******* daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsi bağlanan gün o, satıcıya 10.000+10.000=20.000 manat ödəmişdir. Onun cavabdehə müqavilədən irəli gələn cəmi 10.000 manat borcu qalmışdır. Qalan pulu 09.07.2015-ci il tarixə ödəməli idi. Lakin 10.08.2015-ci il tarixdə törətdiyi avtoqəza nəticəsində törətdiyi əmələ görə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyinə görə qalan 10.000 manat pulu ödəyə bilməmişdir. 10.08.2020-ci il tarixdə həbsdən azad olunmuşdur. Bundan sonra cavabdehə müraciət etdikdə hər dəfə yaxın vaxtlarda evi boşaldaraq ona verəcəyinə vəd vermişdir, lakin yerinə yetirməmişdir. O, azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyinə və 10.08.2020-ci il tarixədək həbsdə cəza çəkdiyinə görə ondan evi boşaltmağı tələb edə bilməmişdir. Həbsdən azad olunduqdan sonra o, cavabdeh qalan 10.000 manat borcunu ona verməklə evi boşaldaraq ona təhvil verməyi xahiş etmişdir. Sonuncu dəfə cavabdeh ona bildirmişdir ki, “evi satmıram, sənin ödədiyin pulun qaytarmağa pulum da yoxdur”. Cavabdeh qarşılıqlı iddiası onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində olan 23 kv.metrlik sahəsi olan bir otaq 09.07.2014-cü il tarixli alqı-satqı müqaviləsinin predmeti olub. Lakin həmin müqavilə şərtləri, eləcə də cavabdehlə aralarında olan sonrakı razılaşmalar alıcı İddiaçı tərəfindən yerinə yetirilməmişdir. Belə ki, İddiaçı alqı-satqı müqaviləsi şərtlərinə görə ona borclu qaldığı 10.000 manatı müqavilədə göstərilən 09.07.2015-ci il tarixə qədər ödəməli olduğu halda, vədinə əməl etməmişdir. İddiaçı qısa müddət sonra cinayət hadisəsi törətdiyi üçün həbs olunmuşdur. Onun ev almaq üçün verdiyi 1000 manat beh pulu batmışdir. Hazırda mübahisəli evin dəyəri bu günkü bazara görə 50.000 manatdan yuxarıdır. Bu isə o deməkdir ki, cavabdehin iddiası işin bu həqiqi hallarına münasibətdə əsaslı sayıla bilməz və belə bir iddianın təmin olunması mümkün deyil. O, qarşılıqlı iddiaçı olaraq hesab edir ki, mübahisə predmeti olan bir otaq qiymətləndirilməli və həmin qiymətə uyğun cavabdehin ona olan qalıq borcu müəyyən edilməlidir. Bundan sonra cavabdeh ona həmin müəyyən olunacaq məbləği (onun başqa mənzil üçün verdiyi beh məbləğ də nəzərə alınmaqla) ödəyəcəyi təqdirdə həmin ev ona verilə bilər. Əgər cavabdeh bununla razılaşmazsa, o zaman mənzil məhkəmə tərəfindən müəyyən olunacaq satış qiymətinə uyğun satışa çıxarılmalı, satılmalı və satışdan əldə olunacaq vəsait hesabına cavabdehin ona verdiyi 20.000 manat puldan, ona vurulan zərərlər çıxıldıqdan sonra, yerdə qalan hissəsi cavabdehə qaytarılmalıdır. Cavabdeh ona verdiyi 20000 manata görə təzminat tələb edə bilməz. Çünki baş verənlərin, yəni 09.07.2014-cü il tarixli alqı-satqı müqaviləsinin vaxtında icra olunmamasının təqsirkarı məhz cavabdehin özüdür. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh E.Köçgürbüz apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının hadisə törətməsini onunla bağladığı müqavilə üzrə öhdəliklərini tam icra etməməsinin səbəbi və üzrlü hal olaraq göstərir. İşin həqiqi halı isə ondan ibarətdir ki, iddiaçının onunla bağladığı müqaviləni tam icra edə bilməməsinə əsas kimi göstərilən həmin hadisə, alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrası müddətinin bitdiyi tarixdə, daha dəqiq, ondan sonrakı tarixdə baş verib. Qətnamənin ləğv, iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 07 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarına görə, iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsindəki 166 saylı evin 25-ci mənzilinə dair 09.07.2014-cü il tarixdə notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanılmışdır. Alqı-satqı müqaviləsinin 6-cı bəndinə əsasən alıcı əmlakın bu müqavilənin 4-cü bəndində (30000 manat) nəzərdə tutulan məbləğindən 10000 manat notariusun bankda açılan depozit hesabı vasitəsilə satıcıya ödəməyi, 20000 manat isə 09.07.2015-ci il tarixinə qədər ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən alqı-satqı müqaviləsinin 6-cı bəndi qismən, yəni müqavilə ilə razılaşdırılmış məbləğin yalnız bir hissəsi, yəni 20000 manatı cavabdehə (satıcıya) ödənilmiş, yerdə qalan məbləğ isə ödənilməmişdir. Həmin öhdəliyin tam yerinə yetirilməməsini isə iddiaçı həmin vaxt ehtiyatsızlıqdan cinayət törətməsi və azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi ilə əlaqələndirmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən edilmişdir ki, həqiqətən də iddiaçı 10.08.2015-cı il tarixdə Cinayət Məcəlləsinin 263-1.3-cü və 264-cü maddələri ilə təqsirli bilinib 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 10.08.2020-ci il tarixdə cəzaçəkmə müddətinin bitməsi ilə azad olunmuşdur. Cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra iddiaçı alqı-satqı müqaviləsi üzrə cavabdehə ödənilməmiş 10000 manat məbləğində pulun qəbul edilməsi və evin boşaldılaraq ona təhvil verilməsini təklif etmişdir. Lakin cavabdeh bundan imtina etmiş və bu səbəbdən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi alqı-satqı müqaviləsi üzrə ödənilməmiş qalan 10.000 manat pulu ödədiyi anda ona məxsus mənzilin boşaldaraq ona təhvil verilməsi barədədir. Cavabdehin qarşılıqlı iddiası isə mənzilin yenidən qiymətləndirilməsi, həmin qiymətə uyğun qalıq borcunun müəyyən edilməsi və s. barədədir. Birinci instansiya məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı isə rədd etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən satılmış əşyanın dəyəri tam ödənilməsə də, iddiaçı öhdəliyin icrasından imtina etməmişdir və cavabdeh tərəfindən bu müddət ərzində müqavilənin pozulması ilə bağlı iddiaçıya hər hansı etiraz irəli sürülmədiyi üçün iddiaçı müqavilə üzrə öhdəliyi tam icra edilməsini təmin etməklə satılmış əşyanı cavabdehdən tələb edə bilər. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı satılmış əşyaya hər hansı marağının itməsini də bildirmir və bu səbəbdən satıcının hazırda müqavilənin icrasından imtina etməsi qanuni hesab edilə bilməz. İddiaçının irəli sürdüyü tələbdən göründüyü kimi o, müqavilə üzrə ödənilməmiş qalmış 10000 manatı ödəməyə razıdır və məhkəmədən həmin məbləğ ondan tutulmaqla satılmış əşyanın ona verilməsini tələb edir. İddiaçının bu tələbi tam qanunidir və bu səbəbdən təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə E.Köçgürbüzün irəli sürdüyü tələblər üzrə qeyd etmişdir ki, həmin tələblər təmin edilə bilməz. Belə ki, qarşılıqlı iddia tələbində iddiaçı satılmış əşyanın yenidən qiymətləndirilməsini və həmin qiymətə uyğun cavabdehin ona borcunun müəyyən edilməsini, müəyyən edilmiş qiymət ona ödənildikdən sonra satılmış əşyanın İddiaçı verilməsi, əks halda (cavabdeh pulu verməkdən imtina edərsə) satılmış əşyanın açıq hərracdan satılmaqla əldə olunmuş vəsaitdən alıcının satıcıya verdiyi 20000 manatdan 1000 manat ziyan kimi çıxılmaqla yerdə qalan 19000 manatın alıcıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının alqı-satqı müqaviləsi bağlandıqdan sonra alıcıya qarşı belə tələbləri irəli sürməyə hüququ müəyyən edilməmişdir. Məhkəmə mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 449, 452.1, 575, 598-ci və s. maddələri ilə əsaslandırmışdır. Cavabdeh məhkəmənin gəldiyi nəticədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi iddiaçının hadisə törətməsini onunla bağladığı müqavilə üzrə öhdəliklərini tam icra etməməsinin səbəbi və üzrlü hal olaraq göstərmişdir. Halbuki, həmin hadisə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrası müddətinin bitdiyi tarixdə, daha dəqiq, ondan sonrakı tarixdə baş vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq qeyd edir ki, qarşılıqlı iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətində göstərilən hallar iş materialları ilə təkzib olunduğundan təmin edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ehtiyatsızlıqdan cinayət törətməsi üzrlü səbəb olmasa da, müqavilə öhdəliyinin tam icra olunmasına, yəni 10 000 manat qalıq borcun ödənilməsinə mane olan hal olmuşdur. İşdən göründüyü kimi, cavabdeh bunu anlayışla qarşıladığını nümayiş etdirərək keçən müddət ərzində nə müqaviləni, nə də qalıq borcun ödənilməməsini mübahisələndirməmişdir. Mülki Məcəllənin 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.4-cü maddəsinin tələbinə əsasən əgər alıcı alqı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Hazırkı işin hallarından göründüyü kimi, alıcı, yəni iddiaçı aldığı daşınmaz əmlaka marağını itirməmişdir və qalıq borcunu ödəyib əmlakı təhvil almaq istəyir. Lakin satıcı (cavabdeh) hazırda alqı-satqı predmeti olmuş otağı iddiaçıya təhvil verməkdən imtina edərək həmin otağın yenidən qiymətləndirilməsini, həmin qiymətə uyğun olaraq qalıq borcun müəyyən edilməsini və s. tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 598.4-cü maddəsinin tələbinə əsasən satıcının əşyanın ödənilməsini tələb etmək və ya müqavilənin icrasından imtina etmək hüququ o zaman yarana bilər ki, alıcı əşyanı qəbul etməkdən və ödəməkdən imtina etmiş olsun. Yuxarıda qeyd olunduğu kimi, belə bir hal yoxdur və alıcı qalıq borcunu ödəməklə əmlakı təhvil almaq istəyir. Mülki Məcəllənin 598.3-cü maddəsinə görə əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Məhkəmə kollegiyası Mülki Məcəllənin 449-cu maddəsinə uyğun faizlərin hesablanmasını hazırkı işin hallarına görə mümkün saymır. Belə ki, işdən iddiaçının 10 000 manat qalıq borcunu vaxtında ödəməməklə ondan faydalanması görünmür. Əksinə, yuxarıda qeyd olunduğu kimi, iddiaçı keçən müddət ərzində azadlıqda olmamış, cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları, eləcə də öz qarşılıqlı iddiasını əsaslandırdığı halları sübut edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 07 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-11109/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11109/2021
15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver