Məhkəmə qərarları › İş №2(103)-1111/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1111/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1111/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: «sığorta ödənişinin verilməməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMCnin nümayəndəsi və vəkili X3 və digər mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1988/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.Buraxılış ili 2021-ci il olan “Toyota RAV4” markalı avtomobilin ilk mülkiyyətçisi X12 olub, 04 mart 2022-ci ildə alqı-satqı müqaviləsinə əsasən İddiaçı satılıb, ** ET *** dövlət qeydiyyat nişanı ilə sonuncunun adına mülkiyyət hüququ qeydə alınmışdır.

2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti arasında 06 fevral 2022-ci il tarixdə bağlanmış (**********7 nömrəli avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinin sığortalıya verilməsi yolu ilə) könüllü(kasko) sığorta müqaviləsinə əsasən “Toyota RAV4” markalı avtomobil 67413(altmış yeddi min dörd yüz on üç) manat sığorta məbləğində xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək olan dövr üzrə sığortalanmışdır. **********7 nömrəli avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsində sığortaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti, sığortalı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, faydalanan şəxs isə X7 olduğu qeyd olunmuşdur.

3. X13 25 mart 2022-ci il tarixdə saat 15:50-də özünə məxsus “Opel Astra” markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Azadlıq prospektində üçüncü zolaqla üzü Neftçilər prospekti istiqamətində hərəkətdə olan zaman svetaforun qadağanedici işarəsi verilsə də hərəkətini davam etdirərək İddiaçı Səbail rayonu, Ü.Hacıbəyli küçəsi ilə üzü Sahil bağı istiqamətində idarə etdiyi “Toyota RAV4” markalı ** ET *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşdurmuş, nəticədə sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarətinin yetirilməsinə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. anidən Azadlıq prospekti ilə hərəkətdə olan avtomobil idarə etdiyi avtomobilin. Qeyd olunan hadisə Səbail RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı tərəfindən araşdırılmış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 aprel 2022-ci il tarixli qərar qəbul edilmiş, X2 Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qəbul edilmiş qərar icra olunması üçün Səbail Rayon Poli İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilmişdir.

4. "xxxx" MMC tərəfindən Toyota RAV4” markalı ** ET *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 35,628 manat məbləğində hesablanmışdır. Sığorta şirkəti İddiaçı sığorta ödənişi etməkdən imtina etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı Cavabdeh Sığorta Şirkəti açıq səhmdar cəmiyyətinə qarşı sığorta ödənişi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 49,828 manat sığorta ödənişinin və 240 manat dövlət rüsumu əvəzinin onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Tələbdə göstərilir ki, hadisə barədə dərhal sığorta şirkətinə məlumat verilməsinə və müvafiq sənədlərin təqdim olunmasına baxmayaraq, sığorta şirkəti tərəfindən sığorta öhdəliklərinin icra edilməsindən imtina edilmişdir. "xxxx" MMC tərəfindən avtomobilə dəymiş ziyan 35,628 manat məbləğində hesablanmışdır. Avtomobil 2021-ci il istehsalı idi və hadisə zamanı dəymiş ziyana görə avtomobil əmtəə dəyərindən düşmüşdür. Qeyd olunan olunan avtomobil 71.000 manat qiymətə əldə edildiyinə görə həmin dəyərin 20% həcmində avtomobil əmtəə dəyərindən düşmüşdür və bununla da, iddiaçıya əlavə olaraq 14,200 manat məbləğində ziyan dəymişdir.

7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1988/2022 saylı, 04 noyabr 2022ci il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi qənətində göstərib ki, “Toyota RAV4” markalı avtomobil xx.xx.2022-ci il tarixdə “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığorta edilərkən başqa şəxsin mülkiyyətində olmuşdur. Daha sonra iddiaçı avtomobili alqı-satqı müqaviləsi ilə əldə etməsinə baxmayaraq, qanunvericiliyin tələblərinə riayət etməmiş və sığortalanan avtomobilin alqı-satqısı barədə sığortaçını lazımi qaydada məlumatlandırmamışdır. Belə olan halda sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə iradə ifadəsini bildirməkdən məhrum olmuşdur. Eyni zamanda, qanunun tələbinə görə faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. İş materiallarından isə görünür ki, sözügedən avtomobil barəsində bağlanmış sığorta müqaviləsinə əsasən faydalanan şəxs İddiaçı deyil, X8r. Belə olan halda hazırki mübahisə üzrə iddiaçı sığorta ödənişi tələb etmək hüququna malik deyildir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilir ki, Mülki Məcəllədə sığorta münasibətlərinin subyektləri qeyd olunmuşdur. Belə ki, əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən sayılır. Bununla da, məhkəmənin həmin hissədə mövqeyi tam yanlışdır. Belə ki, əmlak sığortalanıb, həmin əmlaka yol-nəqliyyat hadisəsi zamanı zərər dəyib və əmlakın mülkiyyətçisi tərəfindən də müvafiq iddia qaldırılıb. Bundan başqa, avtomobilin alqı-satqısı barədə məlumat İddiaçı deyil, sığortalı "xxxx" MMC tərəfindən verilməli idi. Sığortalı şəxsin isə həmin alqı-satqı barədə ümumiyyətlə məlumatı olmamışdır. Lakin sığortaçı Cavabdeh Sığorta Şirkətinin isə həmin alqı-satqı barədə məlumatı olmuşdur. Belə ki, kasko sığorta ilə sığortalanmış avtomobil eyni zamanda icbari sığorta ilə Cavabdeh Sığorta Şirkətində sığortalanmışdır və alqı-satqı olan zaman bu barədə Sığorta Şirkətinə məlumat verilmiş və nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi həmin icbari sığorta şəhadətnaməsində dəyişilmişdir. Məlumatlandırılma belə olmamışdırsa, İddiaçı günahından baş verməmişdir. Bundan başqa, 25 mart 2022-ci il tarixində yol-nəqliyyat hadisəsi baş verən zaman, Cavabdeh Sığorta Şirkətinə hadisə barədə dərhal məlumat verilmiş, daha sonra dəymiş ziyanın qiymətləndirilməsi üçün sığorta şirkəti tərəfindən müvafiq qiymətləndirilmə aparılmışdır. Həmin vaxt Cavabdeh Sığorta Şirkətinin nəqliyyat vasitəsinin mülkiyyətçisi barədə məlumatı olmuş, lakin müqavilənin xitamı üçün hər hansı tədbir görməmişdir. Bununla da, Sığorta Şirkəti müqavilə üzrə sığorta hadisəsini qəbul etmişdir. Məhkəmə araşdırması zamanı onların tərəfindən müqavilə barədə məlumat verilən zaman, Sığorta Şirkəti tərəfindən dərhal arxa tarixlə bildiriş göndərilmiş və məhkəmə iclasının keçirildiyi gün isə müqavilə üzrə ödənilmiş vəsaitin "xxxx" MMC-nin hesabına qaytarılmasını həyata keçirmişlər. Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən sayılır. Qeyd olunan mübahisədə əmlak sığortalanıb və həmin əmlaka sığorta hadisəsi nəticəsində zərər dəyib. Zərər dəyən zaman əmlakın mülkiyyətçisi İddiaçı olmuşdur. Bununla da, iddiaçının iddia qaldırılmasında tam subyektiv hüququ mövcud olmuşdur. Sığortalı Mülki Məcəllənin 911.2-ci maddəsinə uyğun olaraq bildirilmiş hallarla bağlı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan bütün dəyişikliklər barədə sığortaçıya və ya sığortaçının adından çıxış edən sığorta vasitəçisinə məlumat verməlidir. Qeyd olunan maddədən görünür ki, sığorta müqaviləsi üzrə baş vermiş dəyişikliklər barədə məlumat vermə sığortalı tərəfindən həyata keçirilməlidir, yəni "xxxx" MMC tərəfindən, lakin həmin sığortalının əmlakın mülkiyyətçisinin dəyişməsi barədə məlumatı olmadığından həmin dəyişikliklər barədə sığortaçıya məlumat verə bilməmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda, yaxud sığorta müqaviləsində digər hal nəzərdə tutulmamışdırsa, sığortalanmış əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə; əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmədikdə əlavə sığorta haqqı ödənilmədən sığorta müqaviləsi üzrə sığortalı dəyişdirilir. Faydalanan şəxs tərəfindən əmlakın mülkiyyətçisinin dəyişməsi barədə məlumat verilmiş və həmin məqam əmlakın icbarı sığortası eyni Şirkət tərəfindən sığortalanmasında öz əksini tapır. Belə ki, alqı-satqı zamanı icbari sığorta şəhadətnaməsində nəqliyyat vasitənin yeni dövlət qeydiyyat nişanı barədə məlumatı dəyişilmiş, lakin faydalanan şəxsi isə özlərinin səhvi olaraq dəyişməmişlər.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.

11.Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi X4 tərəfindən elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuş apellyasiya şikayətinə yazılı etirazda apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Etirazda göstərilir ki, Mülki Məcəllənin 919.1.4-cü maddənin məzmunundan belə aydın olur ki, (1) özgəninkiləşdirmə ilə bağlı sığortaçıya məlumat verilməlidir, (2) sığortaçının sığortalının hüquq və vəzifələrinin yeni mülkiyyətçiyə keçməsinə etiraz hüququ var, (3) sığortalının hüquq və vəzifələrinin yeni mülkiyyətçiyə keçməsinə sığortaçı etiraz etmirsə əlavə müqavilə bağlanmalıdır. Qeyd edilən tələblərə əməl edilməmişdirsə və müvafiq olaraq yeni mülkiyyətçi ilə əlavə müqavilə bağlanmamışdırsa, yeni mülkiyyətçi sığorta müqaviləsinin, müvafiq olaraq sığorta münasibətlərinin iştirakçısı hesab edilmir və ona sığorta hadisəsinə görə sığorta ödənişi verilməsı qaydası tətbiq edilmir. Bundan əlavə nəzərə alınmalıdır ki, baxılan halda Sığortalmın sığorta predmetinə münasibətdə sığorta marağı da mövcud deyil. Bu hal isə öz-özlüyündə hadisənin sığorta hadisəsi hesab edilməməsi və Sığortaçının sığorta ödənişi üzrə vəzifələrinin icrasından azad edilməsi, eləcə də sığorta müqaviləsinə xitam verilməsi üçün əsasdır. Belə ki, Mülki Məcəllənin 889.1-ci maddəsinə əsasən sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. X12 və İddiaçı arasında alğı-satqı müqaviləsi bağlandığı andan Sığortalının avtomobilə münasibətdə sığorta marağı itmiş hesab olunur. Odur ki, iddia sığorta müqaviləsi üzrə sığortalının hüquq və vəzifələrini əldə etməmiş şəxs tərəfindən verildiyinə, həmin şəxsdə subyektiv hüququn elementi, yəni başqa şəxsdən tələb etmək hüququ (baxılan halda- sığorta müqaviləsi üzrə Sığortaçıdan tələb hüququ) yaranmadığına görə, 1-ci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. İddiaçının subyektiv hüququ olmadığı üçün prosessual qənaət prinsipi baxımından onun irəli sürdüyü digər dəlillər araşdırılmamalıdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

12. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə yazılı etirazla eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

14. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi və vəkili X6 da apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

15. Məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 isə iddiaçının mövqeyini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 884.1. Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. Maddə 884.3. Sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir. Maddə 884.4. Sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. Maddə 884.5. Sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. Əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. Maddə 884.6. Faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. Maddə 884.6-1. Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olubolmamasından asılı olmayaraq zərərçəkən sayılır. Maddə 886.1. Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir. Maddə 886.3. Sığorta predmeti sığorta müqaviləsi üzrə sığortalanan əmlak mənafelərinin aid olduğu fiziki şəxs, əmlak və ya haldır. Maddə 889.1. Sığorta marağı sığorta hadisəsi baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir. Maddə 889.2. Sığorta marağının mövcudluğu qanunla və ya mülki-hüquqi müqavilə ilə tanınır. Şəxslə sığorta predmeti arasında bu cür tanınan əlaqə yoxdursa, sığorta marağının mövcud olmadığı hesab edilir. Maddə 889.6. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta marağı itərsə sığorta müqaviləsinə xitam verilməlidir. Maddə 889.7. Əmlak sığortası üzrə sığorta hadisəsi kimi tanına bilən hadisə və ya hal baş verdiyi anda sığorta marağı mövcud olmadıqda həmin hadisə və ya hal sığorta hadisəsi hesab edilmir və sığortaçı sığorta ödənişi üzrə vəzifələrinin icrasından azad edilir. Maddə 899.1. Sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır: 899.1.2. müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə; Maddə 909.1. Sığortalı sığorta müqaviləsi bağlayarkən istənilən şəxsi (şəxsləri) faydalanan şəxs kimi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək onu dəyişdirmək hüququna malikdir. Maddə 911.2. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. Maddə 912.1. Sığortalı bu Məcəllənin 911.2-ci maddəsinə uyğun olaraq bildirilmiş hallarla bağlı sığorta müqaviləsi bağlandıqdan sonra meydana çıxan bütün dəyişikliklər barədə sığortaçıya və ya sığortaçının adından çıxış edən sığorta vasitəçisinə məlumat verməlidir. Maddə 919.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir: 919.1.4. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda, yaxud sığorta müqaviləsində digər hal nəzərdə tutulmamışdırsa, sığortalanmış əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etdikdə; əmlak özgəninkiləşdirilərkən sığortaçı sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmədikdə əlavə sığorta haqqı ödənilmədən sığorta müqaviləsi üzrə sığortalı dəyişdirilir; 919.1.8. sığorta marağı artıq mövcud olmadıqda; Maddə 920.1. Bu Məcəllənin 919-cu maddəsində göstərilən hallarda (sığorta marağının mövcud olmaması da daxil olmaqla) sığorta müqaviləsinə xitam verilməsi üçün əsas olan şərait yarandıqda bu Məcəllənin 920.2-ci maddəsi nəzərə alınmaqla müqaviləyə xitam verilməsində maraqlı olan tərəf dərhal digər tərəfi bu barədə xəbərdar etməlidir. Maddə 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;

17.“Avtonəqliyyat vasitələrinin könüllü sığortası” Qaydalarının 44.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin və yaxud ondan istifadə hüquqlarının digər şəxsə verilməsi halında, sığortaçının razılığı olmasa, sığorta müqaviləsi ilə verilən sığorta təminatı, alıcıya və ya Avtonəqliyyat vasitəsinə hüquqları alan hər hansı digər şəxsə aid edilmir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

20. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

22. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

23. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

24. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

25. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia tələbi ilə bağlı faktiki hallar Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığı üçün də iddia haqlı sayılmırdı.

26. Belə ki, işin hallarından göründüyü kimi, 2021-ci il buraxılışı olan “Toyota RAV4” markalı avtomobilin ilk mülkiyyətçisi apellyasiya baxışı zamanı iddiaçının tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb edilmiş X12 olub, 04 mart 2022-ci ildə alqısatqı müqaviləsinə əsasən həmin avtomobil İddiaçı satılıb. Avtomobil yeni ** ET *** dövlət qeydiyyat nişanı ilə iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınmışdır.

27. Eyni zamanda, qeyd olunan avtomobilə dair apellyasiya baxışı zamanı cavabdeh tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti arasında 06 fevral 2022-ci il tarixdə bağlanmış (**********7 nömrəli avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinin verilməsi yolu ilə) könüllü(kasko) sığorta müqaviləsinə əsasən “Toyota RAV4” markalı avtomobil 67413(altmış yeddi min dörd yüz on üç) manat sığorta məbləğində xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək olan dövr üzrə sığortalanmışdır. **********7 nömrəli avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsində sığortaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti, sığortalı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, faydalanan şəxs isə X7 olduğu qeyd olunmuşdur.

28. Lakin 25 mart 2022-ci il tarixdə saat 15:50-də “Opel Astra” markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobillə “Toyota RAV4” markalı avtomobilin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verərkən sonuncu avtomobil nə sığortalının, nədə faydalanan şəxsin istifadəsində, sahibliyində və mülkiyyətində olmamışdır. Demək ki, iddiaçının sığorta ödənişi ödənilməsi barədə tələbi onun qanuni əsasının dispozisiya şərtlərinə uyğun deyildir. Çünki, iddiaçı sığorta predmeti olan avtomobilin mülkiyyətçisi olsa da hadisə baş verərkən könüllü(kasko) sığorta müqaviləsi üzrə sığortalı, sığorta olunan yaxud faydalanan şəxs olmamışdır. Başqa sözlə, müqavilədə sığorta hadisəsi baş verəcəyi təqdirdə faydalanan şəxsin konkret Tabir Hüseynov, yəni sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsin yalnız o, olacağı nəzərdə tutulmuşdur. Hansı ki, Mülki Məcəllənin 909.1-ci maddəsinə əsasən sığortalı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti sığorta müqaviləsi bağlayarkən istənilən şəxsi (şəxsləri) faydalanan şəxs kimi təyin etmək, habelə sığorta hadisəsi baş verənədək onu dəyişdirmək hüququna malik idi, ancaq bu hüququndan istifadə etməyib. Ona görə də iddiaçının qeyd olunan sığorta şəhadətnaməsinə əsasən də sığorta ödənişi tələb etmək hüququ mövcud olmamışdır.

29. Sığortalı yaxud faydalanan şəxs tərəfindən sığorta ödənişini tələb etmək hüququnun avtomobili əldə edəcək yeni mülkiyyətçiyə, o cümlədən iddiaçıya verilməsi sığorta müqaviləsində nəzərdə tutulmamışdır. İddiaçı şikayətində Mülki Məcəllənin 884.6- 1-ci maddəsinin tələblərinin pozulduğunu göstərsə də həmin maddədə əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən sayıldığı təsbit olunub. Ancaq sığorta marağı sığorta hadisəsi baş verəcəyi təqdirdə şəxsin maliyyə itkisinə məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı mənafedir(Maddə 889.1.). Sığorta marağının mövcudluğu qanunla və ya mülki-hüquqi müqavilə ilə tanınır.Şəxslə sığorta predmeti arasında bu cür tanınan əlaqə yoxdursa, sığorta marağının mövcud olmadığı hesab edilir(Maddə 889.2). Deməli, sığorta marağının mövcudluğu ya qanunla, yada mülki hüquqi müqavilə, konkret halda sığorta müqaviləsi ilə tanınmalıdır ki, iddiaçının da sığorta marağının mövcudluğu hansısa sığorta müqaviləsi və ya ona əlavə ilə tanınmamışdır. Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində avtomobil iddiaçıya satıldığından sığorta müqaviləsinin tərəflərinin, o cümlədən faydalan şəxs kimi göstərilən Tabir Hüseynovun sığorta marağı itdiyindən sığorta müqaviləsinə də xitam verilmişdir. Başqa sözlə əmlak sığortası üzrə sığorta hadisəsi kimi tanına bilən hadisə və ya hal baş verdiyi anda sığortalının və faydalanan şəxsin sığorta marağı mövcud olmadığından həmin hadisə və ya hal sığorta hadisəsi hesab edilmir və buna görə də sığortaçı sığorta ödənişi üzrə vəzifələrinin icrasından azad edilməlidir(Maddə 889.7.). Deməli, iddiaçı sığorta predmetinin sonradan mülkiyyətçisi olsa belə onun sığorta marağının mövcudluğu ya qanunla yaxud da müqavilə ilə tanınmalıdır ki, belə bir əsaslar da olmamışdır. Ona görə də, qeyd olunan hallar da iddiaçıya hazırki iddia ilə məhkəməyə müraciət etməyə mane olurdu.

30. Mülki Məcəllənin 919.1.4-cü maddəsinin məzmunundan bəlli olur ki, sığorta müqaviləsində digər hal nəzərdə tutulmamışdırsa, sığortalanmış əmlak özgəninkiləşdirilərkən sığortaçının sığortalının hüquq və vəzifələrinin əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə keçməsinə etiraz etmək hüququ olmuşdur. Bu cür etirazın olduğu təqdirdə sığorta müqaviləsinə xitam verilir. Demək ki, əmlakın yeni mülkiyyətçisi olan iddiaçı baş verə biləcək sığorta hadisəsi üzrə sığorta ödənişinin almaq üçün faydalanan şəxs yaxud sığorta olunan olmaq istəyirdisə sığorta müqaviləsinin dəyişdirilməsi barədə sığortalıya və sığortaçıya məlumat verməli idi. Çünki, bunu ilk növbdə onun marağı tələb edirdi. Burada, yəni müqavilənin dəyişdirilməsi üçün sığortalının və sığortaçının hansısa öhdəliyi də yarana bilməzdi, üstəlik avtomobilin iddiaçıya satılması ilə artıq sığorta marağının mövcud olmadığı cavabdeh sığorta şirkətinin mənafeyinə uyğun idi. Apellyasiya baxışı zamanı sığortalının nümayəndəsi və vəkili də cavabdeh olan sığortaçının mövqeyini və mənafeyini israrla müdafiə etdi, yəni avtomobil ilk dəfə satılarkən kasko üzrə sığortalansa da, sonradan, yəni sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə yeni şəxslərə satılması zamanı müqavilənin dəyişdirilməsinin onların da marağında olmadığı bəlli oldu.

31. Şərh olunanları nəzərə alaraq apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1988/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1988/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci - 100 (yüz) manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar