Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1111/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “maddi və mənəvi ziyanın ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə Nəsimi Rayon Məhkəməsinin 2(006)-4098/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə «maddi və mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən xeyrinə 2475 (iki min dörd yüz yetmiş beş) manat məbləğində maddi zərərin, 16500 (on altı min beş yüz) manat məbləğində mənəvi zərərin, ümumilikdə 18975 (on səkkiz min doqquz yüz yetmiş beş) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, iş üzrə zərərçəkmiş şəxslərin (Rza Bağızadə, Şəhla Hacızadə) şikayəti əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, Yasamal Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli 1(004)-07/2021 saylı hökmünə əsasən qanunsuz olaraq 2 il müddətinə azadlıqdan məhrum edilmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayətinə 05 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında baxılaraq 1(103)-1152/2021 tarixli hökm ilə verilmiş apellyasiya şikayəti təmin edilmiş və təqsirləndirilən şəxsə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Eyni zamanda zərərçəkmişlər (Rza Bağızadə, Şəhla Hacızadə) tərəfindən verilmiş kassasiya şikayətinə 04 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən baxılmış və məhkəmənin 1(102)-412/2022 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. O, azadlıqdan məhrum edildiyi gündən, yəni xx.xx.2021-ci il tarixindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli bəraət hökmünə qədər 5 ay 15 gün müddətinə azadlıqdan məhrum olunmuşdur. Başına gələn bu hadisələrlə əlaqədar tanışları arasında onun barəsində mənfi fikir formalaşmış, sağlamlığına zərər dəymişdir. Hazırda sağlamlığı ilə əlaqədar müalicə almağı üçün maddi imkanı yoxdur. Həmçinin, məsuliyyətə cəlb olunmamışdan əvvəl fərdi əməklə məşğul olmuş və tutulmağı ilə əlaqədar gəlirlərindən məhrum olmuşdur. Bakı Dövlət Rabitə və X1 müdir vəzifəsində işləmiş, ailənin yeganə qazanc gətirəni olmuşdur. Göründüyü kimi Yasamal Rayon Məhkəməsinin qanunsuz qərarı nəticəsində ona kifayət qədər maddi və mənəvi ziyan dəymişdir. Bir Azərbaycan qadını üçün günahsız yerə 6 aya yaxın müddətdə türmə həyatı yaşamaq həm fiziki, həm psixoloji, həmdə mənəvi olaraq nə qədər çətin olduğu bəllidir. Bir insanın 6 aya yaxın həbs altında azadlıqdan məhrum edilərək o həyatı yaşatdırılması, onun çəkdiyi maddi iztirablar milyonlarla da kompensasiya edilə bilməz. İşin mübahisəsiz halıdır ki, o, 5 ay 15 gün müddətində qanunsuz olaraq azadlıqdan məhrum edilmişdir. O, həmin müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, mənəvi əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, şəxsi nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirmişdir və bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi kifayət qədər ağlabatandır
3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4098/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, İddiaçı vurulmuş mənəvi zərərə görə 5400 manat, vurulmuş maddi ziyana – itirilmiş əmək haqqına görə 1751 manat olmaqla, cəmi 7151 (yeddi min yüz əlli bir) manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi müəyyən olunmuş, iddia qalan hissədə təmin edilməmişdir.
4. İddiaçı qətnaməni mübahisələndirməmişdir.
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
6. Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etməklə qeyd etmişdir ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Heç bir sübut olmadığı halda qanunsuz olaraq iddia tələbi üzrə öhdəlik Maliyyə Nazirliyinin üzərinə qoyulmuşdur. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında 3-cü şəxsin nümayəndəsi S.Qasımov apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
8. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verilməmişdir.
9. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(004)-7/2021 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş, ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən İddiaçı 29 oktyabr 2019-cu il tarixdən 30 oktyabr 2019-cu il tarixədək tutulduğu 01 (bir) gün müddətin bir günü ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 01 (bir) gününə bərabər tutulmaqla cəzasından çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır.
11. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(103)-1152/2021 saylı hökmündən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-7/2021 saylı, 23 aprel 2021-ci il tarixli hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal həbsdən azad olunmuş, ona pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1(103)-16/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, Bakı Hərbi Məhkəməsinin hökmü cəza hissəsində dəyişdirilmiş, hökm digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.
15. 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
16. 1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
17. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu
18. Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması; barəsindəki cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1, 39.1.2, 39.1.6-39.1.8 və 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla xitam verilən şəxsin cinayət təqibinə məruz qalması; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi; Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsdən buna razılıq alınmasına baxmayaraq, həmin şəxs barəsində cinayət təqibinin davam etdirilməsi; şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması; cinayət təqibi üzrə icraat zamanı şəxsin qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 176-cı və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalması; şəxsin barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi; şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.
19. Maddə 5. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir.
20. Maddə 6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
21. Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir.
22. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
25. Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tamhüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsi:
26. Maddə 177.1-ci bəndinə əsasən orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir. 2-ci bəndə sasən əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla, qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. 4-cü bəndə əsasən orta əmək haqqı müəyyən edilərkən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənclər hesaba alınır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
30. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
31. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
32. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
33. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
36. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
37. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
38. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
39. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
40. Hazırkı halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, mahiyyət etibarı ilə qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirdiyindən Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
41. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
42. Belə ki, mülki iş materiallarından da göründüyü kimi İddiaçı bəraət aldığı gündən həbsdən azad olunanadək 5 ay 12 gün (23 aprel 2021-ci il tarixdən 05 oktyabr 2021-ci il tarixədək) ərzində həbsdə saxlanılması işin, istintaq orqanının səhvi nəticəsində mənəvi iztirab çəkməsinə görə mənəvi zərərə məruz qalması işin mübahisəsiz halıdır. Eyni zamanda, iddiaçının qeyd etdiyi dövr ərzində işdən uzaq qalmasına görə hər ay aldığı əmək haqqı miqdarında haqlı olaraq ona maddi ziyan vurulmuşdur. Məhkəmə də iddianı qismən təmin etməkdə haqlı olmuşdur.
43. Məhkəmə kollegiyası cavabdeh tərəfindən hər hansı delikt törədilmədiyindən məsuliyyətlərinin də olmamasına dair cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayətinin dəlili ilə bağlı aşağıdakıları qeyd edir.
44. Müvafiq dövlət orqanlarının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri nəticəsində mənəvi ziyanın vurulması təqsirsiz məsuliyyət halıdır. Yəni bu halda dövlətin mülki-hüquqi məsuliyyətinin yaranması üçün təqsirlilik şərtinin mövcud olmasına ehtiyac yoxdur. Təqsirlilik şərtindən asılı olmayaraq dövlət vurulmuş zərərin ödənilməsini təmin etməlidir. Daha sonra dövlət, təqsiri olan şəxsə qarşı reqres tələblə çıxış edə bilər. Bu qayda qanunvericilikdə açıq şəkildə öz əksini tapmışdır.
45. Belə ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanununun 6-cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci və 1101.2-ci maddələrinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
47. Həmin Məcəllənin 1114.3-cü maddəsinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq və ya məhkəmə orqanları vəzifəli şəxsinin vurduğu zərərin əvəzinin ödənildiyi halda, əgər onun təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyənləşdirilmişdirsə, Azərbaycan Respublikasının həmin şəxsə reqres hüququ vardır.
48. Göründüyü kimi, cavabdehin onlar tərəfindən hər hansı delikt törədilmədiyindən məsuliyyətlərinin də olmaması ilə bağlı apellyasiya şikayətinin dəlili əsassızdır.
49. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs onun konstitusiya və ya qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir.
50. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsi müəyyən edir ki, bu maddənin müddəalarının pozulması ilə tutulmadan və həbsə almadan zərər çəkmiş hər kəsin iddia tələbi ilə təmin olunan kompensasiya hüququ var.
51. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsində deyilir: «Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Nəticə:
52. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mübahisələndirilən hissəsdə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
53. MPM-in 402.1-ci madəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
54. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 402, 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nəsimi Rayon Məhkəməsinin 2(006)-4098/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.