Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1112/2023 24.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 İmadəddin qızına, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi İdarəsi və Bakı Şəhəri 19 saylı Notariat Ofisinə qarşı «“Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” etibarsız hesab edilməsi tələbi barədə» iddiasına dair mülki iş üzrə hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 noyabr 2022-ci il tarixli qətnamədən Cavabdeh1 İmadəddin qızının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh Notariat Ofisi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2016-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” etibarsız hesab edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə İddiaçı xx.xx.2013-cü il tarixdə X3 ilə “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi” bağlayaraq Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 47 saylı evin, 15 saylı mənzili satın almışdır. xx.xx.2015-ci il tarixdə Azər Rəhimov vəfat etmişdir. Bundan sonra Azər Rəhimovun arvadı, hazırki iş üzrə cavabdehlərdən biri olan Cavabdeh1, “Alğı-satqı müqaviləsinin” onun razılığı olmadan bağlandığını bildirərək müvafiq iddia ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 iddiasının təmin edilməsi, mənzilinə dair İddiaçı ilə Azər Rəhimov arasında bağlanmış və Bakı Şəhəri 38 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək, qeydə alınmış xx.xx.2013-cü il tarixli “Daşınmaz əmlakın alğısatqı müqaviləsinin” etibarsız hesab edilməsi, mənzilinə dair İddiaçı adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışın” ləğv edilməsi qət edilmişdir. Qeyd edilən qətnamə icraya yönəldilmiş və hazırki iş üzrə İddiaçı adına mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarış” ləğv edilmişdir. Cavabdeh1 Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin mövcudluğundan istifadə edərək Bakı Şəhəri 19-cu Notariat Kontoruna ərizə ilə müraciət etmiş və ərizə əsasında xx.xx.2016-cı il tarixdə ona “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Şəhadətnamədə miras əmlak kimi yuxarıda qeyd edilən mənzil göstərilmişdir. Bundan sonra İddiaçı həmin qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsini, Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilərək, Cavabdeh1 iddiasının təmin edilməməsini qət etmişdir. Cavabdeh1 qətnamədən verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərar ilə kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Ali Məhkəmənin qərarında qeyd olunmuşdur ki, İddiaçı ilə Azər Rəhimov arasında bağlanmış əqd qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanılmış, müqavilənin bağlanmasından Cavabdeh1 məlumatı olmuş və o, həmin müqavilənin bağlanması üçün yazılı razılıq vermişdir. Belə olan halda hesab edilməlidir ki, həmin müqavilə bağlanan zaman Cavabdeh1 hüquqları pozulmamış, mülki qanunvericiliyin əqdlərin etibarsızlığı və ya ləğvi ilə bağlı nəzərdə tutulan hər hansı maddi hüquq normasının pozulmasına yol verilməmişdir. Bununla da qeyd edilən mülki işin baxışına yekun vurulmuşdur. Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv olunduğu üçün İddiaçı “qətnamənin icrasına dönüş edilməsi barədə” ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə qətnamənin icrasına dönüş edilməsi və İddiaçı adına mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışın” bərpa edilməsi qərara alınmışdır. Bunlara baxmayaraq, İddiaçı mülkiyyətində olan mənzilin miras əmlak kimi Cavabdeh1 adına verilmiş xx.xx.2016-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” hazırda da qüvvədədir. Buna görə də İddiaçı həmin şəhadətnamənin etibarsız hesab edilməsini xahiş edir. b) iddia tələbinə dair cavabdehlərin münasibəti barədə məlumat
3. İşə Rayon Məhkəməsi tərəfindən baxılan zaman cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi İdarəsinin nümayəndəsi və cavabdeh Bakı Şəhəri 19 saylı Notariat Ofisinin nümayəndəsı məhkəmə baxışı iclasında iştirak etməmişlər.
4. Cavabdeh1 vəkili (nümayəndəsi) məhkəmə baxışı iclasında iştirak edərək iddia tələbinə etiraz etmiş və Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, Cavabdeh1 nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, Cavabdeh1 X3 ilə xx.xx.1994-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Mübahisəli mənzil onların birgə nikahda olduqları müddət ərzində əldə edilmiş və xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2008-ci il tarixdə Azər Rəhimovun adına qeydiyyata alınmışdır. Azər Rəhimov ilə İddiaçı arasında AN-İ ******* saylı, xx.xx.2013-cü il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmış” və həmin müqaviləyə əsasən Azər həmin mənzili 120.000 manata iddiaçıya satmışdır. Mübahisəli mənzil xx.xx.2013-cü il tarixdən iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. 46 saylı Notariat Kontorunda xx.xx.2013-cü il tarixli “Kredit müqaviləsinə” əsasən iddiaçı tərəfindən Azərə xx.xx.2014-cü il tarixədək qaytarmaq şərti ilə 150.000 manat məbləğində borc verilmiş, daha sonra tərəflər notariusa ərizə ünvanlayaraq kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirildiyi üçün kredit müqaviləsinin ləğv olunmasını xahiş etmişlər. Sonra məlum olmuşdur ki, alğı-satqı müqaviləsi, həm də kredit müqaviləsi eyni gündə, yəni xx.xx.2013-cü il tarixdə bağlanmış və eyni notariat kontorunda təsdiq olunmuşdur. Cavabdeh1 əri Azər Rəhimovun iddiaçıdan nə qədər borc pul alması və hansı məqsədə almasını bilməmişdir. Azər Rəhimov tələbkar A.Dadaşovla (bu şəxs hazırki iş üzrə tərəf deyil) da xx.xx.2008-ci ildə notariat qaydada təsdiq olunmuş borc müqaviləsinə əsasən 80.000 manat pul almış və həmin pulu xx.xx.2008-ci il tarixədək, yəni 1 ay müddətinə qaytaracağını öhdəsinə götürmüşdür. Lakin həmin pulu qaytarmamışdır. Azər Rəhimov həmin pulu qaytara bilmədiyindən onun əvəzində yaşadıqları və onun xüsusi mülkiyyətində olan mübahisəli mənzilin bütün sənədlərini və o cümlədən baş etibarnamə vermişdir. A.Rəhimov pulu qaytarmadığından məhkəmənin qətnaməsi icraya yönəlmiş və yaşadıqları mənzilin üzərinə həbs qoyulmuşdur. Azər Rəhimov mənzillə bağlı həbsi ləğv etdirmək üçün məhkəməyə müraciət etmiş və onun müraciəti təmin olunmamışdır. Azər xx.xx.2013-cü il tarixdə arvadı Cavabdeh1 imzalatdığı ərizəni tələbkar A.Dadaşova göstərmək üçün yazdırmış və bildirmişdir ki, onsuz da mənzilin üzərində həbs vardır, bunu formal olaraq yazdırır. Cavabdeh1 İddiaçı tanımamış, əri Azərə ondan borc pul aldığını bilməmişdir. O, bu barədə əri Azər Rəhimov xx.xx.2015-ci il tarixdə vəfat edəndən sonra bilmişdir. Azər ilə iddiaçı arasında bağlanılmış xx.xx.2013-cü il tarixli borc müqaviləsində məbləğin 150.000 manat göstərilməsinə baxmayaraq həmin tarixli alğı-satqı müqaviləsində isə mənzilin 120.000 manata satılması barədə göstərilən rəqəm onu göstərir ki, onların arasında sırf borc müqaviləsi olmuşdur. İddiaçı mənzili xx.xx.2013-cü ildə alğı-satqı yolu ilə formal olaraq almasına baxmayaraq 2015-ci ilin mart ayının 10-na kimi, yəni Azər vəfat edənə kimi yaşadıqları ünvanı tanımamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş edir.
c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. Mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2016cı il tarixdə 19 saylı Notariat Kontoru tərəfindən Cavabdeh1 adına “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” verilməsi üçün əsas olmuş hal aradan qalxmış, yəni məhkəmə qətnaməsi son nəticədə ləğv edilmişdir. d) apellyasiya şikayəti barədə məlumat
7. Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti vermişdir.
8. Əsasları Cavabdeh1 vəkilinin (nümayəndəsinin) Rayon Məhkəməsinə verdiyi izahatın əsaslarına uyğun (bax: bənd 4) olan apellyasiya şikayətində xahiş edilmişdir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilsin və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilsin. Apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat
9. Qətnamədən apellyasiya şikayəti vermiş Cavabdeh1, onun vəkili (nümayəndəsi), iş üzrə digər cavabdehlərin nümayəndələri, iş üzrə iddiaçı işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.
10. Onların gəlməməsi işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) hazırki iş üzrə apellyasiya baxışının hədləri barədə məlumat
11. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi digər cavabdehlərə münasibətdə də təmin edilməsinə baxmayaraq, qətnamədən yalnız Cavabdeh1 apellyasiya şikayəti vermiş, iş üzrə digər cavabdehlər Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişlər.
12. Odur ki, Məhkəmə, qətnamənin əsaslılığını yalnız Cavabdeh1 aid hissədə yoxlamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Məhkəmə iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından (İş № 2(102)-6067/2019) görünür ki, hazırki iş üzrə İddiaçı xx.xx.2013-cü il tarixdə X3 ilə “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi” bağlayaraq Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, 47 saylı evin, 15 saylı mənzili satın almışdır. xx.xx.2015-ci il tarixdə Azər Rəhimov vəfat etmişdir. Bundan sonra Azər Rəhimovun arvadı, hazırki iş üzrə cavabdehlərdən biri olan Cavabdeh1, “Alğı-satqı müqaviləsinin” onun razılığı olmadan bağlandığını bildirərək müvafiq iddia ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsi (İş № 2(009)-22/2016) ilə Cavabdeh1 iddiasının təmin edilməsi, mənzilinə dair İddiaçı ilə Azər Rəhimov arasında bağlanmış və Bakı Şəhəri 38 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək, qeydə alınmış xx.xx.2013-cü il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin” etibarsız hesab edilməsi, mənzilinə dair İddiaçı adına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışın” ləğv edilməsi qət edilmişdir. Bundan sonra İddiaçı həmin qətnamədən verdiyi apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnamə (İş № 2(103)-6644/2018) ilə apellyasiya şikayətinin qismən təmin edilməsini, Səbail Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilməsini, həmin iş üzrə iddiaçı Cavabdeh1 120.000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsini, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Cavabdeh1 və İddiaçı həmin qətnamədən ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərar (İş № 2(102)-178/2019) ilə Cavabdeh1 kassasiya şikayətinin təmin edilməməsini, İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə apellyasiya qaydasında yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. İşə apellyasiya qaydasında yenidən baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə (İş № 2(103)-3656/2019) ilə İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsini, Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli qətnamənin ləğv edilməsini, iş üzrə yeni qətnamə qəbul edilərək, Cavabdeh1 iddiasının təmin edilməməsini qət etmişdir. Cavabdeh1 qətnamədən verdiyi kassasiya şikayətinə əsasən mülki işə baxmış Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərar (İş № 2(102)-6067/2019) ilə kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qərara almışdır. Ali Məhkəmənin qərarında qeyd olunmuşdur ki, İddiaçı ilə Azər Rəhimov arasında bağlanmış əqd qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanılmış, müqavilənin bağlanmasından barədə Cavabdeh1 məlumatı olmuş və o, həmin müqavilənin bağlanması üçün yazılı razılıq vermişdir. Belə olan halda hesab edilməlidir ki, həmin müqavilə bağlanan zaman Cavabdeh1 hüquqları pozulmamış, mülki qanunvericiliyin əqdlərin etibarsızlığı və ya ləğvi ilə bağlı nəzərdə tutulan hər hansı maddi hüquq normasının pozulmasına yol verilməmişdir.
15. İşdə olan sənədlərdən və məhkəmə aktlarından qeyd edilir ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi icraya yönəldilmiş və hazırki iş üzrə İddiaçı adına mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarış” ləğv edilmişdir. Daha sonra, Cavabdeh1, Bakı Şəhəri 19-cu Notariat Kontoruna ərizə ilə müraciət etmiş və ərizə əsasında xx.xx.2016-cı il tarixdə ona “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Şəhadətnamədə miras əmlak kimi yuxarıda qeyd edilən mənzil göstərilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadından (İş № 2(103)-3656/2019) görünür ki, həmin qərardadla İddiaçı “qətnamənin icrasına dönüş edilməsi barədə” ərizəsinin təmin edilməsi, Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin icrasında dönüş edilməsi, İddiaçı adına mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışın” bərpa edilməsi qərara alınmışdır.
17. Məhkəmə yuxarıda qeyd edilənləri işin mübahisəsiz halı kimi qəbul edir.
18. Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, MPM-nin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
19. Bu prosessual hüquq normasının tələbini, yuxarıda qeyd edilən mülki iş üzrə və hazırki mülki iş üzrə tərəflərin eyni olmasını nəzərə alan Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan məhkəmə aktları hazırki iş üçün preyudisial və məcburi xarakter daşıyır.
20. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (maddə 1133.1.). Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (maddə 1151.1.). Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir (maddə 1151.2.).
21. Qeyd edilən maddi hüquq normalarının tələblərinin işin müəyyən edilmiş halına tətbiqi nəticəsində müəyyən edilir ki, Azər Rəhimov, arvadının – hazırki iş üzrə cavabdehlərdən biri olan Cavabdeh1 razılığı ilə yuxarıda qeyd edilən mənzili hazırki iş üzrə İddiaçı satdığı üçün onların həmin mənzil üzərində olan bütün hüquqlarına xitam verilmişdir. Bu səbəbdən Azər Rəhimov vəfat etdiyi vaxt həmin mənzil artıq onun mülkiyyəti sayılmırdı və miras əmlak kütləsinə daxil olmurdu. Buna baxmayaraq Rəna Rəhimov onun iddiasının təmin edilməsi barədə Səbail Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli qətnaməsinin mövcudluğundan istifadə edərək 19-cu Notariat Kontoruna ərizə ilə müraciət etmiş və “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əldə etməyə nail olmuşdur. Lakin həmin “Şəhadətnamənin” verilməsi üçün əsas olmuş hal aradan qalxmış, yəni Səbail Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv edilmişdir.
22. Belə olan halda qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi xx.xx.2016-cı il tarixdə 19 saylı Notariat Kontoru tərəfindən Cavabdeh1 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” etibarsız hesab edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. h) apellyasiya baxışının nəticəsi
23. Apellyasiya baxışının nəticələrini nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
24. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
25. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh1 İmadəddin qızının apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 noyabr 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.