Məhkəmə qərarları › İş №2(103)-11136/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11136/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11136/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı "xxxx" Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2454/2015 saylı, 09 dekabr 2015ci il tarixli qətnaməsindən iş üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Lizinq Şirkəti Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 gecikən əsas borc 3222,29 (üç min iki yüz iyirmi iki manat iyiyrmi doqquz qəpik) manat, faiz borcu 4869 (dörd min səkkiz yüz altmış doqquz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutlması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 15.02.2010-cu il tarixdə "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında 912/746-02/2010 nömrəli X4 müqaviləsi bağlanmış, müqaviləyə əsasən, 1 ədəd «Howo» markalı, şassi nömrəsi: LZZ5ELND78W286362, 2008-ci il buraxılışlı özüboşaldan avtomobil cavadehin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh isə öz növbəsində 41000 (qırx bir min) manat məbləğində borcu illik 24 % olmaqla, 36 ay müddətində iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. X6 Müqaviləsinə əlavə olaraq, eyni zamanda Cavabdeh2 ilə iddiaçı "xxxx" Lizinq Şirkəti QSC arasında 15.02.2010-cu il tarixli, 912/746-02/2010 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqaviləyə görə o, Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. Cavabdehlər müqavilədə göstərilən qaydada hər ay ödəniş etməli olduqları halda, müqavilənin şərtini pozaraq öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2454/2015 saylı, 09 dekabr 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər xx.xx.1971-ci ildə Azərbaycan Respublikası, ünvan 1 ünvanda qeydiyyatda olan, Cavabdeh1 və xx.xx.1981- ci ildə Azərbaycan, Şərur rayonu, Sədərək kəndində doğulmuş, Naxçıvan MR, Sədərək rayonu, Sədərək kəndində qeydiyyatda olan Cavabdeh2 müştərək qaydada, əsas borc 3222,29 (üç min iki yüz iyirmi iki manat iyirmi doqquz qəpik) manat, faiz borcu 3078,62 (üç min yetmiş səkkiz manat altmış iki qəpik) manat və iddia təmin edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ilə birgə cəmi 6330,91 (altı min üç min otuz manat doxsan bir qəpik) manat pul məbləği alınıb idiaçı "xxxx" LŞ QSC-nin xeyrinə tutulması, iş üzrə keçirilmiş 21 sentyabr 2015-ci il tarixli, 14677 nömrəli ekspertiza xərcləri 50 (əlli) manat və 20 noyabr 2015-ci ü tarixli, 23188 nömrəli ekspertiza xərcləri 50 (əlli) manat cəmi 100 (yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və borcun olmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar tərəfindən 10 sentyabr 2010-cu il tarixində “HOWO” markalı şassi nömrəsi: LZZ5ELND78W286362, 2008-ci il buraxılışlı özüboşaldan yük avtomobilini "xxxx" Lizinq Şirkəti QSC geri qaytarılmışdır. Lakin "xxxx" Lizinq Şirkəti QSC hesabatı dayandırmamış nəticədə borc yaranmışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının iddia tələbinin təmin edilən hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, 15 fevral 2010-cu il tarixli NVD№912/746-02/2010 nömrəli X4 müqaviləsi ilə "xxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən sonuncuya 1 ədəd «Hovo» markalı özüboşaldan yük avtomobili müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh isə öz növbəsində 41000 (qırx bir min) manat məbləğində borcu illik 24 % olmaqla, 36 ay müddətində iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin təminatı kimi 15.02.2010-cu il tarixli, NVD№912/746- 02/2010 nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə görə Cavabdeh1 öhdəlikləri icra etmədikdə, ona zamin durmuş Cavabdeh2 lizinq şirkəti qarşısında Cavabdeh1la bərabər məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. 15.02.2010-cu il tarixli, X6 Müqaviləsinə 1 saylı əlavədə lizinq obyektinin məlumatlarını özündə əks etdirməklə adı, komplekdiyi və dəyəri göstərilmiş və tərəflərə təqdim olunmuşdur. Borc məbləğinə dair maliyyə arayışından görünür ki, Cavabdeh1 X6 müqaviləsi üzrə əsas məbləğdən 37 777,71 manat, faiz borcundan 2691,29 manat olmaqla cəmi 40 739 manat məbləğində pul vəsaiti ödəmiş, qalıq əsas borcu 3 222,29 manat, faiz borcu 4869 manat olmaqla cəmi 8091,29 manat təşkil edir. Lizinq ödənişləri qrafiki, lizinq müqaviləsinə 2 saylı əlavədən görünür ki, Cavabdeh1 41 000 manat dəyərində olan «Hovo» markalı özüboşaldan yük avtomobilini, 3 il müddətində müqavilədə nəzərdə tutulan şərtlərlə 28.02.2010-cu il tarixdən başlayaraq hər ayın 28-i tarixində 1609 manat ödəniş etməklə, son ödəniş tarixi 28.02.2013-cü il tarixədək cəmi 60 586 manat ödəyib qurtarmağı öhdəsinə götürmüşdür. NVD№912/746-02/2010 nömrəli, 15.02.2010-cu il tarixli X4 Müqaviləsinə 3 saylı əlavə, Bakı şəhəri 16 fevral 2010-cu il tarixli Təhvil-Təslim aktına əsasən, "xxxx" LŞ QSC-i ümumi dəyəri 41 000 (qırx bir min) manat olan, «Hovo» markalı, özüboşaldan, qırmızı metal rəngli, 2008-ci il buraxılışlı, 1 ədəd yük nəqliyyat vasitəsi lizinq alan Cavabdeh1 təqdim edilmişdir. Azərbaycan Respublikası AB 260341 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** JG *** qeydiyyat nişanlı, «Hovo» markalı özüboşaldan yük avtomobilinin sahibi "xxxx" X7 Səhmdar Cəmiyyəti olmaqla, lizinq müqaviləsinə əsasən özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 sentyabr 2015-ci il tarixli, 14677 nömrəli ekspertiza rəyindən görünür ki, cavabdehlərin iddiaçıya 30.12.2010cu il tarixə olan əsas borcu 3222,29 manat, faiz borcu 4869 manat; 03.09.2010-cu il tarixə əsas borc 39852,30 manat, faiz borcu 451,70 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2015-ci il tarixli, 23188 nömrəli ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mühasibat uçotu qeydlərinin, təsərrüfat subyektlərinin maliyyə vəziyyətinin və maliyyə-iqtisad göstəricilərinin rəyinin tədqiqat hissəsində 15 fevral 2010-cu il tarixli NVD№912/746-02/2010 nömrəli X4 müqaviləsi üzrə, maliyyə arayışının məlumatları nəzərə alınmaqla Cavabdeh1 30.09.2015-ci il tarixə banka olan borcu cəmi 6.300,91 manat məbləğində müəyyən edilməklə, əsas kredit borcu üzrə - 3.222,29 manat, faiz borcu üzrə - 3.078,62 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı tərəf lizinq obyektinin hansı tarixdə geri alınmasını sübut edə bilməmişdir. Cavabdeh tərəfin izahatına görə isə avtomobil 2010-cu ilin sentyabr ayında qaytarılmışdır ki, iddiaçı bu halı təkzib edə bilməmişdir. Ödənişlər nəzərə alınmaqla lizinq müqaviləsinə görə borclar 16.02.2010-cu il tarixdən həmin ilin sentyabr ayı daxil olmaqla hesablanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Qeyd olunan Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-2-ci maddəsinin tələbinə əsasən lizinq obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12, 748-1.12.4-cü maddələrinin tələblərinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra edərək, lizinq obyektini Cavabdeh1 istifadəsinə və sahibliyinə versə də, lizinq alan tərəfindən müqavilə üzrə öhdəlik lazımınca icra edilməmiş, lizinq ödənişləri müqavilə ilə müəyyənləşdirilmiş müddətdə və qaydada həyata keçirilməmişdir. Bununla da, lizinq alan üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmişdir. Beləliklə iddiaçının cavabdehlərdən öhdəliklərin icra edilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı cavabdehdən iddiaçıya olan əsas borcunun məbləği ekspert rəyi əsasında hesablanmış, həmin rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən dəlil cavabdehlər tərəfindən irəli sürülməmiş, buna dair məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehlər borcun olmamasına istinad etsələrdə, ekspert rəyində göstərilən və lizinq obyektinin qaytarılan 30.09.2015-ci il tarixə borclarının ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Belə olan halda, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, apellyatorun dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384-386, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2454/2015 saylı, 09 dekabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar