Məhkəmə qərarları › İş №2(103)-11142/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11142/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11142/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Xosrov oğlunun iştirakı ilə, İddiaçı (3-cü şəxs qismində Sumqayıt şəhəri üzrə İcra İdarəsi cəlb olunmaqla) cavabdehlər "xxxx" MMC və "xxxx" KB ASC-nə qarşı “hərracın nəticələri haqqında yekun protokolun, əmlakın qiymətləndirilməsi haqqında hesabatın, hərracın nəticələrinin və onun əsasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1233/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" MMC və "xxxx" KB ASC-nə qarşı (3-cü şəxs qismində Sumqayıt şəhəri üzrə İcra İdarəsi cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin 21.01.2020-ci il tarixli hərracın nəticələri haqqında yekun protokolların (Y-02/4 və Y-02/5 nömrəli), əmlakın qiymətləndirilməsi haqqında hesabatın, hərracın nəticələrinin və onun əsasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, "xxxx" KB ASC-nin ona və digər cavabdehlərə qarşı kreditin qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 14 aprel 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, X1 "xxxx" KB ASC-nin xeyrinə 07.07.2015-ci il tarixli 18B8/15 saylı kredit müqaviləsi çərçivəsində bağlanmış 16.07.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cəmi 80664,01 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 manat məbləğində pulun tutulması, ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması, tutmanın ipoteka ilə yüklü edilmiş ona məxsus Sumqayıt şəhəri Saray bağlar massivində yerləşən 1074B saylı bağ evinə və onun yerləşdiyi 0,10 ha torpaq sahəsinə və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə yönəldilməsi, bu əmlakların hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına X2 16.07.2015ci il tarixli 18B8/15-1 saylı əlavə kredit müqaviləsi üzrə 80664,01 ABŞ dolları borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 manat məbləğində pulun "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmetləri Sumqayıt şəhəri Saray bağlar massivində yerləşən 1074B saylı bağ evinə və onun yerləşdiyi 0,10 ha torpaq sahəsinin ilki satış qiymətinin 65000 manat, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin ilkin satış qiymətinin 40000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmetləri hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən onun və digər cavabehlərin çıxarılması və həmin sahələrin boşaldılması qət edilmişdir. Cavabdeh X3 həmin qətnamədən apelyasiya şikayəti vermiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 31 iyul 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər məhkəməsinin 14 aprel 2016-cı il tarixli qətnaməsi ipoteka predmetləri olan Sumqayıt şəhəri Saray bağlar massivində yerləşən 1074B saylı bağ evi və onun yerləşdiyi 0,10 ha torpaq sahəsinin ilki satış qiymətinin 65000 manat, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 40000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmetləri olan Sumqayıt şəhəri Saray bağlar massivində yerləşən 1074B saylı bağ evi və onun yerləşdiyi 0,10 ha torpaq sahəsinin ilki satış qiymətinin 70000 manat, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin ilkin satış qiymətinin 49000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. İş üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və icra vərəqəsi üzrə icraata başlanılmışdır. Sumqayıt şəhəri üzrə icra şöbəsinin sifarişli məktubuna əsasən əmlakın qiymətləndirilməsi işini həyata keçirən “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC tərəfindən mənə məxsus Sumqayıt şəhəri Saray bağlar massivində yerləşən 1074B saylı bağ evi və onun yerləşdiyi 0,10 ha torpaq sahəsinin ilki satış qiymətinin 70000 manat, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 49000 manat məbləğində müəyyən edilməsinə baxmayaraq, həmin əmlaklar müvafiq olaraq 44625 və 31237 manata cavabdeh “Unibank" KB ASC-yə satılmışdır. Onun hərracın keçirilməsindən xəbəri olmayıb. Ona heç bir bildiriş göndərilməyib. Cavabdeh "xxxx" MMC-nin 21 yanvar 2020-ci il tarixli hərracın nəticələri haqqında yekun protokollarını (№Y02/4) və (№Y-02/5) tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, ona məxsus əmlakların qiyməti öz dəyərindən kifayət qədər aşağı qiymətə satılmışdır. Həmin qiymət əmlakların real bazar qiymətindən dəfələrlə aşağıdır. Hesabat həqiqəti əks etdirmədiyindən etibarsızdır. Hərracın nəticələri haqqında protokollardan görünür ki, iki hərrac keçirilib və hər iki hərrac baş tutmayıb. Lakin bu hərracların keçirilməsi barədə ona heç bir bildiriş göndərilməyib. O həmin hərracların keçirilməsindən xəbərsiz olmuşdur. Ona görə də hesab edir ki, cavabdeh "xxxx" MMC-nin protokolları, əmlakın qiymətləndirilməsi barədə hesabat, hərracın nəticələri və onun əsasında bağlanmış müqavilə etibarsız hesab edilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1233/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmiş, şikayət iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər və 3-cü şəxsin nümayəndələri məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iclası gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdehlər və üçüncü şəxs mübahisələndirməmiş, iddiaçı isə apellyasiya şikayəti verməklə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 31 iyul 2019-cu il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şahin Səfərovun apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt şəhər Məhkəməsinin 14 aprel 2016-cı il tarixli, 2(060)-4770/2016 saylı qətnaməsi ipoteka predmetləri olan Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 1074B saylı bağ evi və onun yerləşdiyi 0,10 ha torpaq sahəsinin ilkin satış qiymətinin 65000 manat, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 40000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmiş. İpoteka predmeti olan Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 1074B saylı bağ evi və onun yerləşdiyi 0,10 ha torpaq sahəsinin hərracda ilkin satış qiyməti 70000 manat, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 49000 manat müəyyən edilmişdir. İş materiallarında olan Y-02/5, 21.01.2020-ci il tarixli nömrəli "xxxx" hərracın nəticələri haqqında yekun protokoldan görünür ki, Sumqayıt şəhəri, Saray bağlar massivində 1074B saylı bağ evi və 0,10 ha torpaq sahəsini ipoteka saxlayan "xxxx" ASC 44625 manata almışdır. İş materiallarında olan Y-02/4 nömrəli, 21.01.2020-ci il tarixli "xxxx" hərracın nəticələri haqqında yekun protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsini ipoteka saxlayan "xxxx" ASC 31237 manata almışdır. İş materiallarında olan "xxxx" hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, 21 yanvar 2020-ci il tarixdə hərrac keçirilmiş, Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 1074B saylı bağ evi və onun yerləşdiyi 0,10 ha torpaq sahəsinin ilkin satış qiyməti 70000 manat, son qiyməti isə 44625 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5-ci maddəsinə əsasən, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İş materiallarında olan bildirişlərdən görünür ki, birinci hərracın keçirilməsi 25.12.2019-cu il tarixə, ikinci hərracın keçirilməsi 08 yanvar 2020-ci il tarixə təyin edilmiş və “Market” qəzetində müvafiq elanlar verilmişdir. İş materiallarından aydın olur ki, mübahisəsi gedən daşınmaz əmlaklarla bağlı ilkin hərrac baş tutmadığından mənzilin ilkin satış qiymətindən 15% aşağı, yəni müvafiq olaraq 59500 manat və 41650 manatdan ikinci dəfə hərraca çıxarılması və hərracın 08.01.2020ci il tarixdə keçiriləcəyi ilə bağlı müvafiq bildiriş tərtib edilərək “Market” qəzetində elan dərc edilmiş, bildiriş borcluya və tələbkara göndərilmişdir. İş materiallarında olan poçt qəbzlərindən (xəbərnamələrdən) görünür ki, hərracın keçirilməsi ilə bağlı bildirişlər iddiaçının ünvanına çatdırılmışdır. Göstərilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq hesab edir ki, əmlakın satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə ona yazılı bildirişlərin göndərilməməsi, hərracın ondan gizlin keçirilməsi barədə iddiaçının arqumentləri öz təsdiqini tapmamışdır. Kollegiya, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.12.2008-ci il tarixli Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-in 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozuntusu müəyyən edilmədiyindən iddia tələbini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından da ədalətli və qanunidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1233/2021 saylı, 08 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar