Məhkəmə qərarları › İş №2(103)-11149/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11149/2021

24.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11149/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi eyni zamanda vəkili Vəkil1, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi eyni zamanda vəkili Vəkil2, Cavabdeh4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “əmlakın qaytarılması və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(010)-3426/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı və Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi və iddia həcminin dəyişdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Vaz-21723” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili istifadə edən Cavabdeh1 3780 manat, cavabdeh X1 1400 manat, Cavabdeh3 2912 manat, Cavabdeh4 61625 manat pulun alınıb verilməsi, həmçinin mülkiyyətində olan Vaz- 21723” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh4 alınıb ona geri qaytarılması, avtomobilin geri qaytarılması mümkün olmadıqda 9700 manat pulun alınıb verilməsi, eyni zamanda ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü ildə iddiaçının tanışı X7 avtomobil almaq istədiyini bildirmişdir. Lakin o, rayon qeydiyyatında olduğu üçün alacağı avtomobilin dövlət qeydiyyat nömrəsinin Bakı şəhərinə aid olmayacağını və buna görə də o, iddiaçının adına avtomobilin alınmasını təklif etmişdir. Razılıq əsasında 25.10.2013-cü il tarixində cavabdehlə birlikdə Bakı şəhərində olan maşın bazarına gələrək “Vaz-21723” markalı avtomaşını almaq məqsədi ilə sənədlərə imza etmişdir. Bundan sonra iddiaçının avotmobildən xəbəri olmamışdır. İddiaçı “Nikoyl” İKB-nin cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki iş üzrə Qaradağ Rayon Məhkəməsinin 07 aprel 2015-ci il tarixli, 2(002)- 963/2015 saylı qətnaməsinin icrası zamanı iddiaçıya məlum olmuşdur ki, avtomobil onun olmaqla yanaşı kredit müqaviləsi üzrə borc yaranmış və hazırda həmin kredit borcunu ödəməlidir. Qeyd olunan məhkəmənin qətnaməsindən müəyyən edilir ki, 25.10.2013-cü ildə İddiaçı ilə “Nikoyl” İKB ilə arasında 25.10.2013-cü il tarixli, 17-Az-l-0- 5562-13 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin Kredit Müqaviləsinin təminatı olaraq iddiaçıya məxsus 2013-cü il buraxlışlı, “Vaz 21723” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin avtomobili kredit müqaviləsinə əsasən onun adına rəsmiləşdirilmiş və mülkiyyətinə verilməsinə dair müvafiq sənəd verilmişdir. İşin hallarında qeyd olunur ki, 25.10.2013-cü il tarixində iddiaçının tanışı X7 onu aldadaraq öz adına etibarnamə almış və sözügedən avtomobili istifadə etmişdir. O, iddiaçıya heç bir məlumat vermədən mülkiyyətində olan Vaz-21723” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan 1 ünvanında olan Cavabdeh1 faktiki olaraq satmışdır. Daha sonra 03.03.2014-cü il tarixindən ardıcıl olaraq etirbarnamə ilə həmin avtomobil Şəmkir rayonu, Çinarlı qəsəbəsi ünvanında qeydiyyatda olan X4, ünvan 4 ünvanında qeydiyyatda olan Cavabdeh3 və ünvan 5 ünvanında qeydiyyatda olan Cavabdeh4 faktiki olaraq satılmışdır. Avtomobil “Nikoyl” Bankda ipoteka ilə yüklü olduğu üçün cavabdehlər digər şəxsin adına özgəninkiləşdirə bilməmişlər. 26.10.2016-cı il tarixli ərizə əsasında 25.10.2013-cü il tarixli etibarnaməyə xitam verilmişdir. Lakin 2013-cü ilin 25 oktyabrından bugünə kimi hələ də avtomobil iddiaçıya geri qaytarılmamışdır. Mülkiyyətində olan Vaz 21723” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sorğusu ilə bağlı Baş X12 İdarəsinin 03.04.2020-ci il tarixli məktubuna əlavə edilmiş kompyuter çıxarışından müəyyən edilir ki, həmin avtomobil 29.10.2013 - 03.03.2014-ci il tarixinə kimi Cavabdeh1 126 gün, 04.03.2014 - 22.04.2014-cü il tarixinə kimi cavabdeh X2 50 gün, 23.04.2014 - 05.08.2014-cü il tarixinə kimi Cavabdeh3 104 gün istifadələrində olmuşdur. Amma Cavabdeh4 06.08.2014-cü ildən bu günə kimi avtomobili qanunsuz olaraq istifadə edir. Cavabdehlər tərəfindən avtomobili istifadə etdikləri üçün iddiaçıya heç bir pul vəsaiti ödəməmişlər. Nəticədə cavabdehlər tərəfindən iddiaçıya maddi ziyan vurulub, halbuki həmin avtomobil uzun müddət icarəyə verilsəydi külli miqdarda gəlir əldə edə bilərdi. 2013-cü ildən 05.05.2021-ci il tarixə kimi avtomobilin günlük icarə haqqı Vaz-2107” markalı avtomobillər üzrə yeni avtomobil üçün 30 manat və orta vəziyyətdə olan avtomobil üçün 30-15 manatdır. Odur ki, iddiaçının mülkiyyətində olan avtomobilin cavabdehlərin qanunsuz istifadəsində olan günlərini nəzərə alaraq, Cavabdeh1 avtomobili istifadə etdiyi üçün 3780 manat, Cavabdeh2 avtomobili istifadə etdiyi üçün 1400 manat, Cavabdeh3 avtomobili istifadə etdiyi üçün 2912 manat, Cavabdeh4 avtomobili istifadə etdiyi üçün 61625 manat məbləğində ziyan vurulmuşdur. Bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuş və ona avtomobildən istifadə nəticəsində maddi ziyan dəymişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(010)- 3426/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunması, Cavabdeh4 “VAZ- 21723” minik markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq İddiaçı qaytarılması, məhkəmə xərci - 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh4 tutularaq İddiaçı xeyrinə ödənilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin tam edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlərin qanunsuz hərəkətlərinə görə iddiaçıya ziyan dəymişdir. X11 şifahi məlumatına əsasən avtomobil faktiki olaraq Azərbaycan Respublikasının ərazisində heç bir müşahidə kameralarında qeydiyyata düşməyib və uzun müddətdir ki, avtomobilin hərəkəti qeyd olunmamışdır, belə olan halda avtomobilin hissələrə bölünüb satılması istisna edilmir. İş üzrə Cavabdeh4 öz növbəsində məhkəməyə avtomobilin hissələrə bölünməməsinə və yaxud faktiki olaraq avtomibilin kimin istifadəsində olmasına dair sübut təqdim etməli idi. Ona görə ki, mülki iş üzrə sübut etmə yükü onun üzərinə düşürdü. Lakin məhkəmə ondan bununla bağlı hər hansı bir sübutun təqdim edilməsini təklif etməmişdir. Bu baxımdan da iddia tələbində sözügedən avtomobilin Cavabdeh4 alınıb iddiaçıya geri qaytarılması, əgər avtomobilin geri qaytarılması mümükün olnıadıqda 9700 (doqquz min yeddi yüz) manat pulun alınıb verilməsi barədə məhkəmədən xahiş edilmişdir. Lakin işə baxan məhkəmə işin faktiki hallarına qiymət vermədən, cavabdehlər tərəfindən heç bir sübut məhkəməyə təqdim etmədiyi halda onların xeyrinə iş üzrə qətnamə qəbul etmişdir. Halbuki, məhkəmə iddiaçıya dəymiş real ziyan nəzərə almalı idi. Lakin məhkəmə işin hallarını və iddiaçının mülkiyyət hüququnun pozulmasını nəzərə almamışdır. Qeyd olunan qətnamədən Cavabdeh4 da apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi iddia tələbinin ona münasibətdə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən avtomobilin dəyərinin tutulması hissəsində qeyd edir ki, avtomobil faktiki olaraq mövcud olmadığı halda irəli sürülə bilər. Hazırkı halda avtomobilin faktiki olaraq mövcud olmaması ilə bağlı məhkəməyə sübut təqdim olunmamış, iddiaçı ehtimalları əsasında avtomobilin mövcud olmadığını bildirmişdir. Məhz işin mübahisəsi halı ondan ibarətdir ki, iddiaçının mübahisələndirdiyi avtomobiil mövcuddur və həmin avtomobiı sadəcə etibarnamə ilə Cavabdeh4 olduğuna görə həmin əmlaka məsuliyyətdə o daşıyır. İlk öncə qeyd edilməlidir ki, həmin avtomobil məhz sürücülk hüququ əsasında Cavabdeh4 verilmiş və birinci instansiya məhkəməsindəki ifadəsində də görsətmişdir ki, avtomobili Fərid adlı şəxsdən faktiki olaraq 2014-cü ildə sentyabr ayında 4000 min manata alsa da, səhərisi gün gəlmiş öyrənmişdir ki, avtomobil həbsdədir. Bundan sonra avtomobili qaytarmış və pulunu geri almış, həmin avtomobil barəsində hər hansı bir məlumat yoxdur. Lakin məhkəmə ifadəni təhrif etmiş və həmin avtomobili hələ 2014-cü ildə cavabdehdə olmadığı halda etibarnaməyə istinad edərək ondan olmayan əmlakı iddiaçıya verməsi anlaşılmaz və qanunsuzdur. Bundan əlavə iş materiallarından görünür ki, qeyd edilən avtomobilə dair verilmiş etibarnamələr 2016-cı ildə iddiaçı tərəfindən ləğv edildiyi halda həmin avtomobilin cavabdehdə qalması və istifadəsi də mümkünsüz olduğu halda həmin əmlakın ondan tələb edilməsi tam qanunszudur. Digər tərəfdən iş materiallarından görünür ki, həmin avtomobilə dair hələ Qaradağ rayon Məhkəməsi tərəfindən verilmiş 07.04.2015-ci il tarixli qətnamə ilə həraca çıxarılması və satılması qərara alınmışdır. Belə bir halda həmin avtomobilin icra prosesi axtarışda olub-olmaması və həmin qətnamənin icrası ilə əlaqədar kimin sahibliyində olması müəyyən edilməklə tələb edilə bilməli olduğu halda iddiaçının həmin halı tələb etmədən ehtimallar əsasında Cavabdeh4 olması qənaəti də məhkəmə tərəfindən nəzərə alınmamış və düzgün qiymətləndirilməmişdir. Bundan əlavə məhkəmə MM-nin 157.2-ci maddəsinədüzgün hüquqi qiymət verməyərək, Cavabdeh4 sahibliyindəolmayan avtomobili ondan qaytarması tamamilə qanunsuzdur. Qeyd edilən maddənin tələbindən göründüyükimi müıkiyyətçi özgəsinin qanunsuz sahibliyində olan əmlakını tələb etməsindən sözgedir. Yəni başqa sözləhəmin əmlak tələb etmək üçün 3 şərt birlikdə mövcu olmalıdır.1) əşyanın mülkiyyətçisi olmalı,2) əmlak başqasının sahibliyində olmalı 3) sahiblik qanunsuz olmalı. Hazırkı iş üzrə isə ikinci və üçüncü şərt ödənmir. Belə ki, sözügedənavtomobil Cavabdeh4 sahbliyində 2014-cü il tarixdən hazırkı tarixə kimi olmamışdır. Bundan əlavə həmin avtomobilin Cavabdeh4 olmasına dair yalnız sonuncu etibarnamənin onda olması əsası da tam qanunsuzdur. Belə ki, həmin etibarnamə sürücülk hüququ verilmiş və həmin əmlak onun sahibliyində hazırda olması anlamını vermir. Yəni həmin əmlak Cavabdeh4 sahibliyində deyil və belə bir sübut iş materialları ilə də təsdiqin tapmır. Bundan əlavə məhkəmə gəldiyi nəticədən görünür ki, həmin avtomobiı mövcuddur və həmin avtomobilin yerini və kimin sahibliyində olmasını iddiaçı müəyyən etdikdən sonra tələbetmək hüququ mövcuddur. Lakin MM-nin 163.1-ci maddəsinin tələbindən göründüyü kimi həmin əmlak özü cavabadehin sahibliyinə verilmədiyi halda yəni əmlak üzərində faktiki olaraq sahiblik və istifadəsi olmadığı halda ondan tələb etmək qanunsuzdur. Bundan başqa mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları müəyyən edilmiş və hansı əsasla Cavabdeh4 iddiaçı qarşısında mülki hüququ vəzifəsinin yaranması məlum deyildir. Bundan əlavə qeyd edilən qanunun tələblərindən göründüyü kimi əmlakın saxlanması yükü mülkiyyətçinin üzərinə düşür və həmin əmlakın qorunması, saxlanması, zədələnməsi riski məhz sürücülük hüququ verilmiş şəxsin üzərində deyildir. Bundan əlavə məhkəmə tərəfindən həmin avtomobi müəyyən edilməklə kimin sahibliyində olması tamamilə aydınlaşdırıldıqdan və müəyyənləşdirildikdən sonra qaytarıla və mülkiyyətiyə verilə bilər. Məhkəmə tərəfindən qeyd edilən avtomobilin həqiqətən Cavabdeh4 Sahibliyində və ya başqa kimin sahiblində faktiki olaraq mövcud olması kimi hallar araşdırlmamışdır. Bu hallları araşdırmadan qanunsuz olaraq etibarnaməyə istinad edərək Cavabdeh4 olması nəticəsinə gəlmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi eyni zamanda vəkili Vəkil1 tərəflərindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, Cavabdeh4 işə birinci instanisiya məhkəməsində izahatında bildirmişdir ki, avtomobili Göygül rayonunda Fərid adlı şəxsə verilmişdir. Bunun əsasında onlar Göygöl rayon polis idarəsinə və Bakı şəhəri Yol Polis idarəsinə sorğu göndərmişlər ki, avtomobilin yeri barədə məlumat verilsin. Amma işə birinci instansiya məhkəməsində baxılması zamanı onlara bununla bağlı cavab gəlməmişdir. Amma sonradan belə bir cavab daxil oldu ki, avtomobilin Respublika ərazisində hərəkəti ilə bağlı məlumat yoxdur. Belə bir məlumat olduğu təqdirdə məlumat veriləcəkdir. Cavab məktublarını məhkəməyə təqdim edir. Onlara bu cavab məktubları emaillə daxil olmuşdur. İşə birinci instansiya məhkəməsində baxılması zamanı bunu səsləndirmişlər, polisdən onlara məlumat verildi ki, maşın üzərinə həbs qoyulanda maşın ya hissələrə bölünüb satılır, ya da kiminsə qapısındadır, bilinmir. Bu maşınla bağlı icra mərhələsində problem yaranacaqdır. Onlar da tələb edir ki, əgər maşını qaytarmaq mümkün deyilsə, onun ziyanı ödənilsin. Mülkiyyətçi öz əmlakından məhrum olmaqla yanaşı ona ziyan da dəymişdir. Maşını icarəyə verəndə minimum 40-50 manata günlük icarəyə verilir. Maşın mülkiyyətçinin istifadəsində olsaydı qazanc əldə edilərdi. İddiaçı işə birinci instansiya məhkəməsində baxılarkən dedi ki, maşın Göygöldədir. Onlar da təklif etdir ki, bütün xərcləri qarşılayırlar, oraya gedən, maşının Göygöldə harada olduğunu desin. Amma tərəf bundan yayındı. Ona görə də onlar Göygöl rayon polis idarəsinə müraciət etdi. Onlar hesab edir ki, maşın Elnurdadır. Vüsal Bakı şəhəri Qaradağ rayon Məhkəməsində şahid qismində ifadə etmişdir ki, o maşını Gəncə və Şəmkir şəhərində satılmışdır. Həqiqətən də müəyyən edilir ki, maşın Gəncə və Şəmkir şəhərində satılmışdır. Onlar sonra müəyyən etdi ki, Vüsaldan sonra da maşın başqa şəxslərin istifadəsində olub, ona görə bu iddia ilə müraciət etmişlər. Maşın axtarılıb. Vətəndaşa izah olunub ki, nə qədər ki, maşın kiminsə mülkiyyətindədir, onlar tələb edə bilməzlər. Etibarnamənin ləğvindən sonra onlar iddia ilə müraciət etdilər. Ondan sonra da maşın axtarılıb. Halhazırda maşın tapılmayıb. Amma hüquqlarını müdafiə etdiyi şəxs bankla bağlı ödənişləri edir ki, onu cərimə etməsinlər. Hazırda kredit üzrə 5000-6000 manat ödəniş edilib. İcra vəziyyəti ilə bağlı məhkəməyə məlumat təqdim edə bilərlər. Hal-hazırda icra olunmadığı üçün onlar məhkəməyə müraciət etmişlər. Onlar Amillə dəfələrlə əlaqə saxlamaq istəmiş amma əlaqə saxlaya bilməmişlər. Eyni zamanda Növbəti məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi eyni zamanda vəkili Vəkil1 izahatına əlavə olaraq bildirmişdir ki, onlar Elnurla bərabər Fərid adlı şəxsin yerini müəyyən edib onunla görüşmüşlər, həmin şəxs bildirmişdir ki, o, Elnura maşın satmamış, nə də maşını o, geri götürməmişdir, bu məsələrlə məşğul olan Fazil adlı şəxs olmuş, Elnur ilkin olaraq maşının pulunu həmin şəxsə vermiş, daha sonra maşını geri qaytarmaq istəmiş, bundan sonra mübahisəli avtomobil Vüqar Qəmbərov adlı şəxsə barter yolu ilə satılmış, Elnurun maşına görə ödədiyi pulu Fazil adlı şəxs ona geri qayrtarmış, Fəridin bu məsələlərdə bilavasitə rolunun olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, Fəridin ünvanını bilmir. Fəridi Fazil vasitəsilə tanımışdır. Ona deyilmişdi ki, maşının banka borcu var. Ona görə qiyməti 4000 manat hesablamışdı. Maşın 1 gün onda olub, girovda olduğunu bilirdi, lakin maşını aldıqdan 1 gün sonra Bakı şəhərinə gəldi ki, bankla razılaşıb ödəniş üçün yeni qrafik açdırsın, lakin bankdan ona bildirildikdə ki, mübahisə artıq məhkəmə müstəvisində olduğu üçün yeni qrafik açılması mümkün deyil, bundan sonra maşının problemli olduğunu düşünüb onu qaytarıb ödədiyi pulu geri almışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi eyni zamanda vəkili Vəkil2 izahatında bildirdi ki, Cavabdeh2 bu işlə heç bir əlaqəsi yoxdur. Elvin nə Vüsalı tanıyır, nə Zahidi tanıyır. Elvin maşını Amildən alıb, 1-2 gün maşını sürüb, görüb ki, girovdadır, onu aldadıblar və maşını geri qaytarmışdır. Təsdiq üçün 1 aylıq etibarnamə verilmişdi. 1-2 gün maşın Elvində olub. Maşının bankın girovunda olduğunu bilən kimi Amilə geri qaytarmışdı. Maşını səhv etmirsə 2012-2013-cü ildə almışdı. Maşının dəqiq qiymətini danışmamışdılar. Çünki Elvin deyirdi ki, maşını sürsün və s. Çünki dəfələrlə elə olub ki, maşını danışıblar, sonra problem olub. Ona görə də bu dəfə maşının dəqiq qiyməti danışılmamışdı. 50 manat beh verilmişdi. Elvin 50 manat ziyana düşdü. Elvin istəyirdi ki, maşını sürsün yoxlasın görsün ki, maşının motorunda problem var ya yox, sonra qiymət danışsınlar. Maşın 1 gün onda olub. Girovda olmasını bilən kimi Amilə geri qaytarıb. Maşını Amildən alıb Amilə geri qaytarmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda iddiaçı apellyasiya şikayətində qətnamənin iddianın təmin edilməyən hissəsini mübahisələndirmiş, Cavabdeh4 isə iddianın ona münasibətdə təmin edilən hissəsində mübahisələndirmişdir belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Qaradağ rayon məhkəməsinin 2(002)- 963/2015 saylı, 07.04.2015-ci il tarixli qətnaməsindən görünür ki, “Nikoyl” İKB-nin cavabdehlər İddiaçı və X6 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması tələbi təmin edilmiş, İddiaçı və X3 müştərək qaydada 8800 manat əsas borc, 2129,65 manat faiz borcu və 200,14 manat dəbbə pulu, 30 manat ödənilmiş dövlət rüsumu və bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat olmaqla ümumilikdə 11169,79 manat “Nikoyl” İKB-nin xeyrinə tutulması, tutulan məbləğ İddiaçı məxsus 2013-cü il buraxılışlı, Vaz-21723” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı, ban XTA217230D02496639 olan, ******* mühərrik nömrəli, tünd göy metal rəngli minik avtomobilinə yönəldiməsi, həmin avtomobil açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına “Nikoyl” İKB-na olan borc ödənilməsi və hərracdan əldə edilən vəsaitin qalıq hissəsi İddiaçı qaytarılması qət edilmişdir İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin 03.04.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, “VAZ21723” minik markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil 25.10.2013-cü il tarixdən gömrük bəyannaməsi hesab-arayış-566293 əsasında ünvan 6 ünvanında qeydiyyatda olan xx.xx.1991- ci il təvəllüdlü İddiaçı adına qeydiyyatdadır. İş materiallarında olan 26.10.2016-cı il tarixli Bakı şəhəri 42 saylı Notariat Kontoru tərəfindən verilmiş məktubun surətindən müəyyən olunur ki, Şirvan şəhəri, ünvan 7 ünvanında qeydiyyatda olan X5 25.10.2013-cü il tarixdə verilən və 7E-9447 saylı reyestrdə rəsmiləşdirilmiş (daşınmaz əmlak istisna olmaqla) ümumi etibarnamə 26.10.2016-cı il tarixdə ləğv edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 28.07.2021-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, “VAZ-21723” minik markalı, buraxılış ili 2013-cü il olan, tünd göy metal rəngli minik avtonəqliyyat vasitəsinin 05.05.2021-ci il tarixinə bazar qiyməti 9700 manat təşkil olunur. Birinci instansiya məhkəməsi iddia tələbini Cavabdeh4a münasibətdə təmin edərkən hesab etmişdir ki, avtomobil etibarnamə əsasında sonuncu olaraq Cavabdeh4 istifadəsinə verildiyindən həmin avtomobil ondan alınaraq mülkiyyətçiyə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır və Cavabdeh4 apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı 25.10.2013-cü il tarixdə X5 daşınmaz əmlak istisna olmaqla ümumi etibarnamə vermiş və həmin etibarnamə iddiaçı tərəfindən 26.10.2016-cı il tarixdə ləğv edilmişdir. Mübahisəli avtomobil girovda olduğundan Qaradağ rayon məhkəməsinin 2(002)-963/2015 saylı, 07.04.2015-ci il tarixli qətnaməsi ilə “Nikoyl” İKB-nin cavabdehlər İddiaçı və X6 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması tələbi təmin edilmiş, həmin avtomobil sonradan etibarnamə əsasında Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 verilmişdir. Lakin avtomobilə dair sonuncu etibarnamənin məhz Cavabdeh4 verilməsi avtomobilin onda olması anlamına gəlmir. Belə ki, işin qeyd olunan hallarından göründüyü kimi mübahisəli avtomobil İddiaçı mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırki mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Qeyd olunduğu kimi mübahisəli avtomobil iddiaçının mülkiyyətində olmuşdur, lakin həqiqətən də həmin avtomobilin cavabdehin Cavabdeh4 sahibliyində olması barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Həmçinin iddiaçı tərəfin izahatından da göründüyü kimi iddiaçı da avtomobilin harada olmasından məlumatlı deyil. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı avtomobilə dair ilk olaraq 25.10.2013-cü il tarixdə X5 daşınmaz əmlak istisna olmaqla ümumi etibarnamə vermişdir ki, bundan sonra da V.Yolçuyev həmin etibarnamə ilə hərəkət edərək, avtomobil bir neçə şəxsin etibarnaməli idarəçiliyinə verilmişdir ki, iddiaçı bununla da öz mülkiyyət hüquqlarının pozulmasını iddia etmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, nə qədər ki, etibarnamə ilk olaraq V.Yolçuyevin adına verilmiş, Zahidin avtomobil almaq niyyəti olmamış, Vüsalın xahişi ilə avtomobilin onun adına keçirilməsinə razılıq vermiş, cərəyan edən hadisələrin yaranmasına, ödəniş həyata keçirilmədiyi üçün bankın Zahidə qarşı, Zahidin isə hazırki cavabdehlərə qarşı iddialarının qaldırılmasına, son nəticədə Zahidin maddi ziyana düşməsi məhz Vüsalın məsuliyyətsiz hərəkətlərinin nəticəsi olaraq baş verdiyindən sonuncuya qarşı maddi ziyanla bağlı iddianın qaldırılması daha ağlabatan olardı. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.11-ci maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır. Qeyd olunan maddənin tələblərindən də göründüyü kimi bu Məcəllədə və ya müqavilədə ayrı qayda yoxdursa mülkiyyətçi ona mənsub əmlakın saxlanması yükünü daşıyır ki, hazırki iş üzrə iddiaçının avtomobilə dair verdiyi etibarnamədə avtomobilin saxlanmasına dair hər hansı bir qayda müəyyən edilmədiyindən iddiaçı mülkiyyətçi kimi avtomobilin saxlanma yükünü daşımalı idi, lakin iddiaçı qeyd olunan maddənin tələbləri baxımından qanunla üzərinə qoyulmuş öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Göründüyü kimi işin faktiki halları ilə iddiaçının mülkiyyətində olan mübahisəli avtomobilin məhz Cavabdeh4 olmaması öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə münsibətdə qeyd edir ki, həmin dəlillər əsassız olmuşdur və birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməyən hissəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında avtomobildən istifadəyə görə hər hansı əvəzin ödənilməsi nəzərdə tutulmadığından və bu barədə müqavilə mövcud olmadığından iddia tələbi həmin hissədə təmin oluna bilməz. Göründüyü kimi iddiaçı öz adından ilk dəfə X5 etibarnamə vermiş və bundan sonra avtomobil Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 verilmişdir ki, iddiaçı qanuni əsaslarla avtomobilə dair etibarnamə vermişdir ki, avtomobilin qanunsuz olaraq özgəninkiləşdirilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur və birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə rədd edilməli, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh4 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(010)- 3426/2021 nömrəli qətnaməsi iddia tələbinin təmin edilən - Cavabdeh4 “VAZ-21723” minik markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq İddiaçı qaytarılması hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh4 qarşı Cavabdeh4 “VAZ-21723” minik markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq İddiaçı qaytarılması barədə iddiası rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddianın verilməsi və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləği tərəflərin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar