Məhkəmə qərarları › İş №2(103)-1115/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1115/2021

16.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1115/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Cavabdeh1, onun vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 18 saylı dövlət notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-5549/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 18 saylı dövlət notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilin alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 18A saylı evin, 53 saylı mənzilinə dair bağlanmış xx.xx.2013-cü il tarixli alğı-satqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2013-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi, tərəflərin əslində nəzərdə tutduqları ipoteka müqaviləsinə aid qaydaların tətbiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-5549/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı1 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 18A saylı evin, 53 saylı mənzilinə dair bağlanmış xx.xx.2013-cü il tarixli alğısatqı müqaviləsinin və həmin müqavilə əsasında Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* saylı xx.xx.2013-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi, cavabdehlər Cavabdeh1, Bakı şəhəri 18 saylı dövlət notariat kontorundan və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən 20 manat məbləğində dövlət rüsumunun iddiaçılar İddiaçı2 və İddiaçı1 xeyrinə tutulması qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, evin alğı-satqı müqaviləsi iddiaçı tərəflə öz razılığı ilə ona görə bağlanmışdır ki, dələduzluq yolu ilə ondan hissə-hissə aldığı pul vəsaitlərini evin ona verilməsi yolu ilə kompensasiya edilsin. Tərəf bərasində cinayət işi açıldığı müddətdə iddiaçı evini girov qoymuşdur və o, bunun qarşılığında tərəf barəsində heç bir şikayətinin və iddianın olunmadığını bildirmişdir. O, bu barədə razılıq verməsə idi həmin şəxsin cəzasi şərti hesab edilərək 3 il sınaq müddəti ilə yekunlaşmazdı. Zərərin ödənilməsi şəxsin cəzasının yüngülləşdirilməsi halı kimi nəzərə alınır. Şəxs yenə də dələduzluq edərək öz razılığı ilə satdığı ev barəsində yenidən məhkəmədə iddia qaldırmışdır. Evin vicdanlı mülkiyyyətçisi kimi o, tanınmalıdır. Evin mülkiyətinin ona hansı halda keçməsinin bir əhəmiyyəti yoxdur, ona görə ki özgəninkiləşdirən həmin əmlakı ona nə üçün verdiyini, satdığını, girov qoyduğunu əvvəlcədən bilir və buna razılıq verir. Şərti cəza müddəti bitdikdən sonra belə bir əməl törətməsi həm hüquq mühafizə orqanlarını, həm də məhkəmə orqanlarını aldatmaq kimi qiymətləndirilməlidir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1, onun vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, İddiaçı1 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 18A saylı evin, 53 saylı mənzilinə dair bağlanmış xx.xx.2013cü il tarixli alğı-satqı müqaviləsinin başqa əqdi pərdələmək məqsədi ilə bağlanan yalan əqd olduğunu, həmin müqavilənin əslində İddiaçı2 Cavabdeh1 borclu olduğu 80000 ABŞ dolları məbləğində pulun qaytarılmasının təmin edilməsi məqsədilə bağlandığını, tərəflərin iradə ifadəsinin mənzilin alğı-satqısı ilə əlaqəli olmamasını nəzərə alıb qanunvericiliyin qeyd edilən müddəalarına əsaslanaraq hesab edir ki, həmin alğı-satqı müqaviləsi və onun əsasında Cavabdeh1 adına verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2013-cü il tarixli çıxarış etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, İddiaçı1 Süleyraan qızı ilə Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 18A. mənzil 53-ə dair daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-192/2019 saylı qətnaməsinin surətindən göründüyü kimi, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1 İddiaçı2, Abdullayeva İlahə Əlövsət qızına, Abdullayeva Aytəkin Əlövsət qızına, Abdullayeva Ayla Əlövsət qızına, Hüseynova Məlahət Əlövsət qızına və X2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma tələbunə dair” iddiası qismən təmin edilərək cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 18A saylı evin, 53 saylı mənzilindən istifadə hüquqları itirilmiş hesab edilmiş və həmin mənzildən çıxarılmaları qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, göstərilən müqavilə əsasında həmin mənzilə dair xx.xx.2013-cü il tarixdə Cavabdeh1nın adına daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarış verilmişdir. İddiaçı2, Abdullayeva İlahə Əlövsət qızı, Abdullayeva Aytəkin Əlövsət qızı ərizə ilə notariat kontoruna müraciət edərək, İddiaçı1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 18A, 53 saylı mənzilin satılmasına etiraz etməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1031/2013 saylı, xx.xx.2013-cü il tarixli hökmü ilə İddiaçı2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası şərti hesab edilərək, 3 il sınaq müddəti təyin edilmişdir. İddiaçı2 dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2006-cı ilin aprel ayında özünü Rabitə və İnformasiya. Texnologiyaları Nazirliyinin məsul şəxsi kimi təqdim edərək Cavabdeh1 Bakı şəhəri, M.Hadi küçəsi, 63 saylı ünvanda yerləşən poçt şöbəsini satacağı adı ilə aldadaraq 2006-2008-ci illərdə bir neçə dəfəyə vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə məzənnəsi 65.750 manat olan 80.000 ABŞ dolları pul alıb ələ keçirməklə zərər çəkmişə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Zərərçəkmiş şəxs Cavabdeh1 xx.xx.2013-cii il tarixli ərizəsi ilə ibtidai istintaq orqanına, xx.xx.2013-cü il tarixli ərizəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edərək İddiaçı2 ona vurduğu 80000 ABŞ dolları maddi ziyanın tam şəkildə ödənildiyini və onun təqsirləndirilənə qarşı heç bir şikayəti və tələbinin olmamasını bildirmişdir. Həmçinin, işin apellyasiya instansiyasında araşdırılması zamanı cavabdeh tərəfindən iş üzrə iddia müddətinin tətbiq edilməsinə dair ərizə verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinin tələblərinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 347.1-ci maddəsinə əsasən, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Məhkəmə araşdırması həmçinin zamanı müəyyən edildi ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanılarkən, müqavilənin şərtləri konkret olaraq müəyyənləşdirilmiş, tərəflər öz iradələrini ifadə edərək, müqaviləni bağlamışlar, müqavilə bağlandıqdan sonra müqavilə şərtləri ilə bağlı heç bir iddia irəli sürülməmişdir. Azərbaycan Respublikası 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. X3 Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə xx xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Məhkəmə kollegiyası cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə hüquqi qiymət verərək qeyd edir ki, hazırda mübahisələndirilən alğı-satqı müqaviləsi xx xxxx 2013-cü il tarixdə bağlanmış, lakin həmin tarixdən 6 il keçdikdən sonra iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Qeyd edilən müddəaların mənasından da göründüyü kimi, qanunverici əqdin tərəfinin etibarsızlığa səbəb olan halları bildiyi və ya bilməli olduğu gündən əqdin mübahisələndirilməsi üçün 1 illik müddət müəyyən etmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-192/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsndən görünür ki, iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı1 arasında xx.xx.2013-cü il tarixli alğı-satqı müqaviləsi bağlandıqdan sonra, Cavabdeh1 zərərçəkmiş olduğu Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-1031/2013 saylı cinayət işi üzrə təqsirəndirilən şəxs İddiaçı2 tərəfindən ona vurulmuş zərərin ödənilməsini bildirmiş və ona qarşı hər-hansı tələbinin olmamasını bildirmişdir. Alğı-satqı müqaviləsi bağlanan zaman isə İddiaçı2 notariat kontoruna müraciət edərək, mübahisəli mənzilin satılmasına etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kollegiya qeyd edir ki, mübahisəli alğı-satqı müqaviləsinin mövcudluğu barədə İddiaçı1 və İddiaçı2 Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan 1(101)-1031/2013 saylı mülki işə baxılan zaman məlumatı olmuş, həmçinin müqavilə bağlanan zaman müqavilənin bağlanmasına etiraz etməmişlər. Həmin alğı-satqı müqaviləsinin bağlanması nəticəsində İddiaçı2 tərəfindən Cavabdeh1 vurulmuş ziyan tam ödənilmişdir. Göründüyü kimi iddiaçılar mübahisəli müqavilə barədə məlumatı olmalarına baxmayaraq, müqavilənin bağlanmasından 6 il keçdikdən sonra müqaviləni mübahisələndirmişlər. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddiaçılar hazırkı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiklərindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-5549/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-5549/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar