Məhkəmə qərarları › İş №2(103)-11172/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-11172/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-11172/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Səbinə Eldəniz qızı Şirinovanın katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2400/2021 saylı mülki iş üzrə qəbul etdiyi 08 oktyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı – Bakı şəhəri, Qaradağ rayonu, Qızılbaş qəsəbəsində yerləşən 15 saylı bazarın 15 saylı filialının (20x6 kv.metr sahəsi olan əsaslı tikinti və ona əlavə olaraq (çardaq formasında) 20x6 kv.metr sahəsi olan köməkçi sahə olan) özəlləşməsinə dair cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 18.08.2020-ci il tarixində keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi və hərrac nəticəsində verilmiş çıxarışın ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2400/2021 saylı 16.02.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən 15 saylı bazarın 15 saylı filialının (20x6 kv.metr sahəsi olan əsaslı tikinti və ona əlavə olaraq (çardaq formasında) 20x6 kv.metr sahəsi olan köməkçi sahə olan) üzərinə həbsin qoyulması və həmin qeyri-yaşayış sahəsinin üzərində müəyyən hərəkətlərin edilməsinin kənar şəxslərə qadağan edilməsi qərara alınmışdır. X1 iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 16.05.2021-ci il tarixli 2(103)-5431/2021 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2400/2021 saylı 16.02.2021ci il tarixli qərardadı ləğv edilərək, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən 15 saylı bazarın 15 saylı filialının (20x6 kv.metr sahəsi olan əsaslı tikinti və ona əlavə olaraq (çardaq formasında) 20x6 kv.metr sahəsi olan köməkçi sahə olan) özgəninkiləşdirilməsi qadağan edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2400/2021 saylı, 14.07.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və hərrac nəticəsində verilmiş çıxarışın ləğvi” barədə iddia tələbi üzrə icraata məhkəmədə baxılmalı olmadığından xitam verilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8922/2021 saylı, 03.09.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2400/2021 saylı, 14.07.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Mülki iş məhkəmədə baxılmalı olmaması əsasına görə xitam olunduqdan sonra üçüncü şəxs X1 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən 15 saylı bazarın 15 saylı filialının (20x6 kv.metr sahəsi olan əsaslı tikinti və ona əlavə olaraq (çardaq formasında) 20x6 kv.metr sahəsi olan köməkçi sahə olan) üzərinə həbs qoyulması barədə Xətai Rayon Məhkəməsinin 16.02.2021-ci il tarixli qərardadın ləğv edilməsini xahiş etmişdir. Sonradan üçüncü şəxs X1 ərizəni dəqiqləşdirərək, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən 15 saylı bazarın 15 saylı filialının (20x6 kv.metr sahəsi olan əsaslı tikinti və ona əlavə olaraq (çardaq formasında) 20x6 kv.metr sahəsi olan köməkçi sahə olan) özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli 2(011)-2400/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 16.05.2021-ci il tarixli, 2(103)-5431/2021 saylı qərardadı ilə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən 15 saylı bazarın 15 saylı filialının (20x6 kv.metr sahəsi olan əsaslı tikinti və ona əlavə olaraq (çardaq formasında) 20x6 kv.metr sahəsi olan köməkçi sahə olan) özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın götürülməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8922/2021 saylı qərardadı ona rəsmi qaydada verilməmiş, o həmin qərardaddan xəbərsizdir. Qərarddaddan şikayət vermək hüququnundan istifadə etməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçı teleqram göndərərək xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən göndərilmiş teleqramda xəstəliyi ilə əlaqədar heç bir sübut müəyyən sənəd əlaqə etmədiyinə görə vəsatəti əsassız hesab etmiş və Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə müvafiq olaraq şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirinin ləğv olunması məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin həmin şəxslərin gəlməməsi müvəqqəti təminat tədbirinin ləğv olunması haqqındakı məsələyə baxmağa mane olmur. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Yuxarıda qeyd olunduğu kimi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2400/2021 saylı, 14.07.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və hərrac nəticəsində verilmiş çıxarışın ləğvi” barədə iddia tələbi üzrə icraata məhkəmədə baxılmalı olmadığından xitam verilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8922/2021 saylı, 03.09.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2400/2021 saylı, 14.07.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin tarixli məhkəmə iclasında İddiaçı iştirak etmişdir. Eyni zamanda həmin qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Belə olan halda Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8922/2021 saylı, 03.09.2021-ci il tarixli qərardadı dərhal qanuni qüvvəyə minmişdir. Ona görə də iddiaçının şikayətində göstərdiyi dəlillər əsassızdır. İş üzrə icraata xitam verildiyindən, iddia təmin etmə tədbirinin görülməsinə dair zərurət aradan qalxmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi üçün əsas ola bilməz. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli 2(011)-2400/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar